Dünyanın helikopter olayında ədalətsiz mövqeyinin əsas sirri
Bizi izləyin

Nida.az

Dünyanın helikopter olayında ədalətsiz mövqeyinin əsas sirri

Noyabrın 12-də Azərbaycan hava məkanını pozan Ermənistan helikopterinin vurulması beynəlxalq ictimaiyyətin ikili yanaşma mövqeyini bir daha ortaya qoydu. ATƏT-in Minsk qrupu, beynəlxalq güclər hadisədən narahat olduqlarını dilə gətirdilər. Lakin heç kim Ermənistanın hərbi təlimləri 20 ildən artıq bir müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində keçirdiyini dilə gətirmədi.


Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında çıxışı zamanı bu məsələyə toxunub.


Dünyada hər kəs vəzifəsini vicdanla həyata keçirsəydi, belə gərgin vəziyyət yaranmazdı. Qərb ikiqütblü dünya dağılandan sonra bütün proseslərə geosiyasi yanaşma ortaya qoydu, maraqlar əsas götürüldü, nəticədə dünyada belə gərgin vəziyyət yarandı. Azərbaycana qarşı atılan addımlar barədə isə bir saat yox, günlərlə danışmaq olar. Məsələn, 5 gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində hərbi təlim keçirildi. Bir ay əvvəl Rusiya Ukrayna sərhədindən 150 km uzaqda hərbi təlim keçirirdi. Qərbdə bu təlimin məqsədi, kimə təhdid yaratması ilə bağlı həyəcanlı bəyanatlar səsləndi, müzakirələr aparıldı. Bəs niyə Azərbaycanın işğal olunmuş ərazisində aparılan təlimlərlə bağlı belə münasibət ortaya qoyulmadı? Azərbaycan həmin ərazilərdə 1994-cü ildən uçuşlara qadağa qoyub, bunu yada salan yoxdur. Niyə beynəlxalq QHT-lər münasibət ortaya qoymadı? Hətta bu gün də Qərb mediasında baş verən hadisə təhrif olunmuş formada çatdırılır”, - deyə PA rəsmisi vurğulayıb.


Ortada ikili yanaşma var və bu, Bakı üçün qarşılaşdığı ilk hadisə deyil. Qərbin ikili yanaşmasını təkcə Bakı yox, bir sıra xarici ekspertlər də dilə gətirirlər.


Publika.az xəbər verir ki, Rusiya Federasiyası İctimai Palatasının Beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya komissiyasının rəhbəri, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Qərbin Azərbaycanın işğal edilmiş torpaqlarında fitnəkar təlimləri dilə gətirməməsini Bakı-Moskva münasibətlərinin son dövrlər istiləşməsi ilə əlaqələndirib: “İndi böyük neft ehtiyatlarına malik olan ölkələr üzərində hakim olmaq istəyən güclər peyda olub. Onlar İran, Rusiya, Azərbaycan, Venesuela kimi ölkələrə hücuma keçib. Beynəlxalq hüquqi yanaşmaya gəlincə, Qərb istənilən hərbi təlimi qınamalı idi. Çünki bu təlimlər münaqişə ocağında keçirilir və hər an müharibə fitilini çəkə bilər. Fikrimcə, Qərb təşkilatlarının ikili standartları haqda danışmaq gecdir. Onlar əvvəl belə edirdilər. İndi isə birbaşa hansısa siyasi sifarişi yerinə yetirir, bunun üçün yalan danışırlar. Təsadüfi deyil ki, artıq daha çox ölkə Qərbin yalan danışan QHT-lərinin fəaliyyətindən imtina edir”.


Rusiyalı politoloq diqqəti maraqlı bir fakta yönəldib.


“Bu gün beynəlxalq QHT-lərin əhəmiyyəti heç vaxt olmayan dərəcədə böyüyüb. Çünki onlar önəmli silahlardır. XIX əsrdə hakimiyyətləri ordunun gücü ilə işğal edirdilər. XX əsrdə bunun üçün əsas faktor siyasi partiyalar oldu. XXI əsrdə isə vəziyyət dəyişdi. İndi əsas siyasi güc bu QHT-lərdir. Son vaxtlar hakimiyyətə gələn yeni liderlərə diqqət yetirin. Onların əksəriyyəti beynəlxalq QHT-lərin dəstəyi ilə bu posta yiyələnib”, - deyə S. Markov qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm