• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Partiya sədrindən sərt sözlər: “20 min azərbaycanlının ailəsinə niyə başsağlığı verilmir?” - MÜSAHİBƏ

  • Nida.az
  • 20 Noyabr 2014 14:47
  • 504 Baxış
Partiya sədrindən sərt sözlər: “20 min azərbaycanlının ailəsinə niyə başsağlığı verilmir?” - MÜSAHİBƏ

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyeva Publika.az-a müsahibəsində Azərbaycan hava məkanını pozan Ermənistan helikopterinin vurulmasına münasibət bildirib. Partiya sədri beynəlxalq təşkilatları ikili standartlara görə sərt tənqid edib.


- Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçən Ermənistan silahlı qüvvələrinə məxsus helikopter Azərbaycan Silahlı Qüvvələrinin müdafiənin ön xəttindəki mövqelərinə hücum edərkən cavab atəşi ilə vurulub. Bu hadisə böyük rezonansa səbəb olub. Sizin də partiya sədri olaraq mövqeyinizi bilmək istərdik.

- İşğalçı Ermənistan dövləti Azərbaycanın işğal olunmuş əraziləri üzərindəki hava məkanının uçuşlara bağlı elan edildiyini yaxşı bilirdi. Ona görə də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin vurulmasında günahkar elə onların özləridir. Ermənistan tərəfi özlərinə haqq qazandırmaq üçün guya vurulan helikopterin qondarma “Dağlıq Qarabağ Respublikası”na məxsus olduğunu iddia edir. Lakin Azərbaycan mövqelərinə hücuma keçməyə cəhd edərkən məhv edilən helikopter ekipajı erməni hərbçiləri olub. Bununla yanaşı, Ermənistanın hərbi təlimlər keçirdiyi ərazilər beynəlxalq hüquqda da Azərbaycan əraziləri olaraq tanınır. Azərbaycan öz ərazilərində istənilən düşmən hərəkətə anında cavab vermək hüququna malikdir. Bütün bunlar Ermənistan tərəfinin qeyri-konstruktiv mövqelərini davam etdirdiyini, işğalçılıq siyasətindən əl çəkmək istəmədiyini bir daha sübut edir. Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə, o cümlədən, qoşunların təmas xəttində hərbi təlimlər keçirirlər. Hazırda Ermənistan və erməni lobbisi informasiya təxribatına keçərək baş vermiş hadisənin məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışırlar. Ancaq hazırkı gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

- Bəzi beynəlxalq təşkilatlar erməni helikopterinin vurulmasından narahat olduqlarını bildiriblər.

- Hazırda dünya birliyində ikili standartların, siyasi riyakarlığın və ayrı-seçkiliyin mövcud olması hamıya bəllidir. Bunu Ermənistan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik etməsinə heç bir reaksiya verilməməsi də təsdiqləyir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 21 il bundan əvvəl qəbul olunmuş 4 qətnaməsi var. Bu qətnamələr bu günə qədər hələ də icra olunmamış qalır. Bundan başqa, İslam Konfransı Təşkilatı, Avropa Şurası və digər beynəlxalq qurumlar da Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul ediblər. Lakin bunların hamısı bu vaxta qədər kağız üzərində qalıb. Necə olur, BMT Təhlükəsizlik Şurası İraq, Liviya, Ukrayna və digər ölkələr haqqında qətnamə qəbul edərkən həmin qətnamələrin mürəkkəbi qurumamış icra olunur, amma Ermənistan haqqında qəbul olunmuş qətnamələr 21 ildir icra olunmur? Erməni helikopterinin vurulmasından narahat olan beynəlxalq təşkilatlar bu qətnamələri xatırlasalar və 21 ildir icra olunmamasına narahatlıqlarını bildirsələr, daha yaxşı olar. Biz bu məsələləri partiyamızın Siyasi Şurasında da müzakirə etmişik, beynəlxalq aləmdə baş verən ikili standartlara, riyakar siyasətə və ayrı-seçkiliyə ciddi narazılığımızı bildirmişik və bununla bağlı bəyanat qəbul etmişik.


- Konkret olaraq hansı beynəlxalq təşkilatları nəzərdə tutursunuz.

- Fikir verin, Avropa İttifaqı Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb. ATƏT-in Minsk qrupunun həmsədrləri də insidentlə bağlı narahatlığını bildiriblər. Həmsədrlər münaqişə tərəflərini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gətirib çıxara bilən addımlardan qaçmağa çağırıblar. Hətta, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki helikopterdə həlak olanların ailə üzvlərinə başsağlığı verərək rəsmi Vaşinqtonun insan itkisindən təəssüfləndiyini bildirib. Görəsən, Dövlət Departamentinin sözçüsü Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş 20 mindən çox azərbaycanlının ailəsinə niyə başsağlığı verməyib? Ermənilərin törətdikləri dəhşətli vandal aktları nəticəsində 2 mindən çox azərbaycanlı ömürlük şikəst olub. Dünyanı lərzəyə salan Xocalı soyqırımı haqqında bir kəlmə də olsun danışmırlar. İndi isə işğal etdikləri ərazilərdə hərbi təlimlər keçən, üstəlik Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutan helikopterin cavab atəşi ilə susdurulması niyə onlarda belə təlaş və narahatlıq yaradıb? Təəssüf doğuran budur ki, nə həmsədrlər, nə beynəlxalq təşkilatlar helikopterin Azərbaycanın işğal altındakı ərazilərində məhv edildiyinə toxunmurlar, bu faktın üstündən keçərək guya “narahat” olduqlarını bildirirlər. Halbuki Azərbaycan tərəfi işğal olunmuş ərazilər üzərində hava məkanını mülki uçuşlar da daxil olmaqla 1993-cü ildən bağlı elan edib və beynəlxalq təşkilatları da bu barədə məlumatlandırıb.


- Dəfələrlə Ermənistanın tərəfinin məqsədyönlü təxribatlarının şahidi olmuşuq. İşğalçı dövlətin mütəmadi olaraq təxribat əməlləri törətməsinin əsas səbəbini nədə görürsünüz?

- Son illər Ermənistan silahlı qüvvələri təxribat əməllərinin sayını daha da artırıblar. Onlar ermənipərəst himayədarları olan bəzi beynəlxalq təşkilatlar vasitəsilə guya atəşkəsi Azərbaycanın pozması barədə rəy formalaşdırmaq istəyirlər. Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanılması məqsədi daşıyır. Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna görə də Azərbaycanın dəfələrlə bəyan etdiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Düşmənin bütün cəhdlərinə baxmayaraq, gündən-günə mətinləşən Azərbaycanın Milli Ordusu qarşısında davam gətirə bilməyəcəklər. İşğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinə göz yuman bəzi beynəlxalq təşkilatların bütün yalanlarına, qərəzlərinə və siyasi riyakarlıqlarına baxmayaraq Azərbaycanın dünya birliyindəki mövqeləri getdikcə möhkəmlənir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR