“CNN Türk”ün helikopter xəbərində Amerika barmağı - Türkiyədən AÇIQLAMA
Bizi izləyin

Nida.az

“CNN Türk”ün helikopter xəbərində Amerika barmağı - Türkiyədən AÇIQLAMA

Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədr müavini Onur Öymən ötən həftə təmas xəttini pozan Ermənistana məxsus “Mİ-24” tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məsələyə münasibət bildirib.

Tanınmış siyasətçi O.Öymən Publika.az-a açıqlamasında deyib ki, hazırda Ermənistanın Azərbaycandan şikayət etməyə halı yoxdur.

Onun sözlərinə görə, Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistanın dünyaya sülh və sabitlik barədə çağırış etməsi gülünc doğurur: “Əgər Ermənistan sülh istəyirsə, o zaman sülhə gəlsin və işğal etdiyi torpaqlardan geri çəkilsin. Ona görə də Ermənistanın hərbi helikopterinin vurulması barədə dünyaya birliyinə şikayət etməsi heç bir əhəmiyyət kəsb etmir”.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviközün Ermənistan sərhədlərinin açılması təklifi ilə çıxış etməsinə də toxunan O.Öymən deyib ki, indiki vəziyyətdə bu məsələ müzakirə mövzusu belə ola bilməz: “Türkiyənin bu məsələ ilə bağlı 20 ildən çoxdur ki, bir siyasəti var. Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməyənədək, Türkiyə ilə sərhədlər açıla bilməz. Bu bizim ümumi siyasətimizdir. Bu barədə Türkiyənin baş naziri də bəyanat verib. O ki qaldı sərhədlərin açılması təklifi ilə çıxış edən digər dairələrə, onlara da əhəmiyyət vermək lazım deyil. Çünki onlar bunu dəfələrlə söyləyiblər”.

O.Öymən erməni hərbi helikopterinin vurulması ilə bağlı “CNN Türk” televiziya kanalında təhrif olunmuş materialın efirdə yayımlanması məsələsini də şərh edib: “Adətən, bu cür vəziyyətlərdə “CNN Türk” özbaşına material hazırlamır. Bu cür məqamlarda onlar Pentaqonun göstərişi ilə hərəkət edərlər. Türkiyədə “CNN Türk”ün mövqeyi hər kəsə məlumdur. “CNN” adından da məlumdur ki, bunun Türkiyə xalqı ilə milli bağlılığı yoxdur. Türkiyədə yayımlanan “CNN Türk” telekanalı “CNN” şirkətinə bağlıdır. Bu şirkətin də siyasəti necədirsə, “CNN Türk” də onu söyləyir. “CNN Türk”ün rəhbəri Aydın Doğan adlı iş adamıdır. O, zamanında “CNN Türk” kanalının açılması barədə Amerika ilə razılaşma imzalayıb. Ona görə də Azərbaycan dövləti və xalqı qəti narahat olmasın, bütün Türkiyə xalqı Azərbaycanın yanındadır. Heç kəs Azərbaycanın haqqını tapdalaya bilməz. Siz narahat olmayın, əgər biz iqtidara gəlsək, Qarabağla bağlı görün nələr edəcəyik. Biz iqtidara gəlsək, bu münaqişə tezliklə həll oluna bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm