Müsavat-AXCP savaşı: İsa Qəmbərin mirası, yaxud kim-kimə “atıb” - Qalmaqal
Bizi izləyin

Nida.az

Müsavat-AXCP savaşı: İsa Qəmbərin mirası, yaxud kim-kimə “atıb” - Qalmaqal

Müsavat Partiyası ilə AXCP arasında “atəşkəs” yenidən pozulub.

Müsavatda qurultaydan sonrakı vəziyyətə münasibət bildirən Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı qarşı tərəfin vaxtilə onların işinə qarışdığını xatırladıb.


“2000-ci ildə AXCP-dəki vəziyyət bu gün Müsavatda baş verir. O vaxt Müsavat buna müdaxilə edirdi. Biz isə indi heç bir müdaxilə etmirik, heç bir münasibət bildirmirik. Baş verənləri də Müsavatın daxili işi hesab edirik”, - deyə o bildirib.


AXCP funksionerinin açıqlamasına münasibət bildirən Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli Publika.az-a açıqlamasında bununla razılaşmayıb. Onun sözlərinə görə, Müsavatın vəziyyətini AXCP ilə eyniləşdirmək mümkün deyil: “Çünki Müsavat heç vaxt parçalanmaq vəziyyətinə düşməyib. Hansısa qərardan, yaxud nəticədən razı qalmayanlar ola bilər. Amma bu da sivil formada həll olunur. Getmək istəyənlər gedir, qalmaq istəyənlərsə fəaliyyətini davam etdirir. Bu gün Müsavatın formalaşmış strukturları var. Amma 2000-ci ildə Əbülfəz Elçibəyin vəfatından sonra AXCP uçurumun dibinə yuvarlanmışdı və parçalanmalar qaçılmaz oldu. AXCP-dən ayrılanlar bu gün özlərinə müxtəlif partiyalar yaradıb. Hətta parlamentdə təmsil olunanları da var. Müsavat isə heç vaxt bu hallarla qarşılaşmayıb”.


AXCP sözçüsü Natiq Ədilov isə Müsavatdakı gərginliyi İsa Qəmbərin mirası adlandırıb.


“Arif bəyə çoxlu tənqidimiz ola bilər. Lakin bugünkü durum onun yox, hörmətli İsa Qəmbərin mirasıdır. Arif bəyə indi xələfinin sözü ilə desək, az qala yoxdan bir partiyanı var etmək kimi bir ağır miras qalıb. İsa bəy 2010-cu ildə AXCP və Müsavatın birləşmə təklifini verdi. Bu təklif AXCP tərəfindən layiqincə qarşılandı və qurultay səviyyəsində qərar heç bir şərt irəli sürülmədən “Bəli” deyildi. Müsavat bundan sonra siyasətin dəyişdi, sonda elə demədiklərini bildirdilər. Sual yaranır. O zaman İsa bəy ortaya atdığı bu ideyaya sonacan sədaqət göstərsəydi, indi fərd olaraq onun özünün, Müsavatın və milli müxalif düşərgənin vəziyyəti, sözünün kəsəri indikindən pis olacaqdı? Bu birləşmə olsaydı, Müsavat da labüd parçalanmadan sığıortalanmayacaqdımı? Müsavat partiyasının qan itirmə prosesi məhz İsa bəyin o ziqzaqvari addımlarından sonra başladı və proses bu gün şiddətli dövrünə yetişməkdədir”, - deyə Əli Kərimlinin sözçüsü bildirib.


Müsavat başqanının müavini Gülağa Aslanlı isə deyilənlərin heç bir əsasının olmadığının bildirib.


“Mən bu haqda geniş danışmaq istəmirəm. Amma deyilənlərin heç bir əsası yoxdur. Müsavat Partiyası parçalana ilə üz-üzə qalmayıb. Bunu yalnız bizi istəməyənlər uydura bilərlər. Narazılar var, amma bu Müsavatın dağılması demək deyil” , - deyə o qeyd edib.


M. Hacıbəyli isə AXCP-nin Müsavata qarşı kampaniyalarına vərdiş etdiklərini bildirib. Onun sözlərinə görə, zaman-zaman cəbhəçilər bu mövqedən çıxış edib: “Müsavat isə daim barışdırıcı mövqedən çıxış edib. Bu gün də belədir. Biz ümummilli müxalifətin maraqları üçün bu partiya ilə münasibətləri normallaşdırmağın tərəfdarıyıq. Müsavat başqanı Arif Hacılı da bununla bağlı fikirlərini bölüşüb. Təkliflər həm mətbuat vasitəsilə səsləndirilib, həm də rəsmən bu partiyanın rəhbərliyinə təqdim olunub. Hələlik heç bir cavab yoxdur. Biz AXCP-nin müxalifətin ümumi maraqlarını nəzərə alaraq konstruktiv mövqe tutacağına ümid edirik”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm