Aydın Hüseynov: “YAP iqtidara xalqın gücü ilə gəlib” - FOTOLAR
Bizi izləyin

Nida.az

Aydın Hüseynov: “YAP iqtidara xalqın gücü ilə gəlib” - FOTOLAR

“Yeni Azərbaycan Partiyası Azərbaycanda digər siyasi təşkilatlardan fərqli olaraq, iqtidara xalqın gücü və dəstəyi ilə gəlib. Yəni YAP AXC-Müsavat kimi hakimiyyəti zəbt etməmişdi”.

Bu sözləri Publika.az-a müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyanın yaranmasının 22 illiyi ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, o dövrdə Ayaz Mütəllibov və AXC-Müsavat hakimiyyətləri arasında ciddi mübarizə gedirdi: “Gündə bir iqtidar dəyişirdi. Bir-birlərini devirməklə hakimiyyətə gəlirdilər. Ancaq Yeni Azərbaycan partiyası fərqli yol tutmuşdu. Partiyamız yeganə dəstəyi xalqda görürdü. Digər partiyalardan fərqli olaraq, Yeni Azərbaycan Partiyasına mənfur xarici qüvvələrin də dəstəyi yox idi. Yəni YAP hakimiyyətə xarici qüvvələrin dəstəyi ilə deyil, xalqın dəstəyi ilə gəlib. Çünki o dövrdə yeganə dəstəyimiz xalq idi və xalq da ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi”.

A.Hüseynov deyib ki, Azərbaycan xalqı özünün yeganə çıxış yolunu görərərək, ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirib: “Bununla da Azərbaycanı inkişafa aparan yeni və müstəqil era başladı. Ötən 22 ildə Azərbaycan çox böyük inkişaf və nailiyyətlər əldə edib. Ulu öndərin qurduğu müstəqil Azərbaycan dövləti bu gün də öz inkişafını uğurla davam etdirir. Ötən 22 ildə Yeni Azərbaycan Partiyası Azərbaycan xalqı və vətəndaşları üçün çox böyük işlər görüb. Bu partiya Heydər Əliyevin zəkasından, onun rəhbərliyi ilə yaranıb. YAP yaranan ilk gündə müstəqil Azərbaycan dövlətinin məhvinin qarşısını almaqla tarixə düşdü. Yeni Azərbaycan Partiyasının əsas şüarı “yeni müstəqil Azərbaycan uğrunda” adlanırdı. Yeni Azərbaycan Partiyası böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirir. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi.

Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan qüdrətli ölkəyə çevrilir. Bütün bunları edən xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olub.

Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də yaranıb. Bu, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olub. YAP-ın yaradılması Azərbaycanın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi hesab olunur. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil olmaqla, Azərbaycanın tarixində yeni dövr başladı.

Yeni Azərbaycan Partiyasının 22 illik yaranma və inkişaf tarixi göstərdi ki, YAP-ı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətt təşkil edir”.

A.Hüseynov qeyd edib ki, indi Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının dayaqları üzərində inkişaf edərək, yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırıb: “Partiyamızın niyyəti və strateji xətti cəmiyyətə açıqdır. Partiyanın Milli Fəaliyyət Planı, ideya-məzmun konsepsiyasının əsası, trendləri Azərbaycanın yüksək inkişafının təmin olunmasından, zənginləşməsindən, dünyada ən qüdrətli dövlətə çevrilməsindən ibarətdir. Partiyanın təqdim etdiyi proqramlar sadəcə vədlər deyil. Birgə səylər nəticəsində hər bir vəd konkret əməli işlə təsdiqlənir. Bu isə YAP-ın cəmiyyətdə nüfuzunun, siyasi çəkisinin daha da artmasına stimul verir".

YAP rəsmisi bildirib ki, indi Yeni Azərbaycan Partiyasının regionun ən böyük və güclü siyasi təşkilatıdır: “Bu gün YAP-a üzv olanların sayı 600 mini ötüb. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyası ümumrespublika partiyasıdır. Azərbaycanın bütün təbəqəsinin nümayəndələri bu partiyada təmsil olunur. Son illər YAP-da gənclərin sayı artmaqdadır. Əlbəttə ki, bu, bizi çox sevindirir. Çünki sağlam Azərbaycan gəncliyi bu dövlətin gələcəyidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm