Arif Hacılıya “nizamnamə dərsi”: “Divanın şilləvuranı...” – Şok açıqlamalar
Bizi izləyin

Nida.az

Arif Hacılıya “nizamnamə dərsi”: “Divanın şilləvuranı...” – Şok açıqlamalar

“Son zamanlar Müsavat Partiyasında bas verənlərlə bağlı partiyanın legitim olmayan rəhbərlərinin açıqlamaları verilir. Çox təəssüf ki, nizamnamədən xəbəri olan da, olmayan da açıq-aydın görünən pozuntuları ya malalamaq, ya da öz maraqlarına uyğun yozmaqla müsavatçılarda yanlış fikir formalaşdırırlar. Bir-birinə tam oxşar iki hadisəyə tamamilə fərqli yanaşma sərgilənir”.


Bu barədə Publika.az-a açıqlamasında saxtakarlığa və baş verən repressiyalara etiraz olaraq Müsavat Partiyasından istefa verən Əlövsət Talışxanlı dünən partiya qərargahında İsa Qəmbərin iştirakı ilə yeni rəhbərlik və narazıların birgə keçirdiyi toplantıda səslənən fikirlərə, eləcə də son proseslərə münasibət bildirərkən deyib.


Keçmiş müsavatçıdan yeni rəhbərliyə “Nizamnamə dərsi”


Onun sözlərinə görə, başqan müavini Gülağa Aslanlı Ağsu Rayon Təşkilatının üzvləri olan Yolçuyevlərin təşkilat şöbəsinin müdiri Z. Məhərrəmovla telefon söhbətində istefa verdikləri barədə fikirlərini əsas götürərək onların adlarını qurultay nümayəndələrinin siyahısından çıxarılmasını Nizamnaməyə uyğun hesab edib: “Lakin gənclər təşkilatının sədri Əhliman Abbaslının öz “facebook” səhifəsində partiyadan istefa verdiyi barədə bəyanatını şərh edərkən, partiyadan çıxmaq üçün rəsmi müraciət olunmasının vacibliyini bildirir. MNTK-nın sədri S. Hüseynova rayon (şəhər) təşkilatlarının seçkili orqanlarının Nizamnaməni pozduqları halda MNTK-nın təqdimatı ilə buraxıla bilinəcəyini qeyd edir. Digər hallar barədə isə heç nə göstərilmədiyindən Məclis istədiyi qərarı verə bilər. Görəsən, Nizamnamə pozulmayıbsa, təşkilat niyə buraxılmalıdır?! Fraksiya yaradılması barədə səslənən təkliflərlə bağlı isə bu barədə Nizamnamədə heç nə yazılmadığını deyirlər. Yeri gəlmışkən, son vaxtlar bir çox müzakirələrə səbəb olan fraksiya məsələsi barədə bugünkü naşı funksionerlərin açıqlamalarına bəlkə də fikir verməmək olardı. Amma Nizamnaməni yaxşı bilən, ləyaqətli mübarizə yolu keçmiş Mirbaba bəyin bu məsələ barəsində birtərəfli rəyi məni bu mövzuya geniş toxunmağa vadar etdi. Bəli, Mirbaba bəy Nizamnamədə partiyada fraksiya yaradılması ilə bağlı heç bir maddənin olmadığını düz deyir. Amma Nizamnamə fraksiya yaradılmasını qadağan da etmir”.


“Böyüdükcə Hikmət Hacızadə olmaq şansını Zöhrab Məhərrəmli olmağa qurban vermiş...”


Ə. Talışxanlı qadağan olunmayan şeyə icazə verildiyini, bunun hələ qədim Romadan başlayaraq bu günə qədər hüququn qızıl prinsiplərindən biri olduğunu qeyd edib. O, Mirbaba Babayevin "fraksiya yaradılsa da, onun səlahiyyəti olmayacaq" fikri ilə razı olmadığı bildirib.


“Mərkəzi İcra Aparatının yaradılması başqanın səlahiyyətinə aiddir" fikrilə razıyam. MİA-nı başqan yaradıb, Məclisin qəbul etdiyi təlimatla da fəaliyyət göstərir. Fraksiya da Məclisdə yaranar, təlimatla fəaliyyət göstərər. Narahatlığa əsas yoxdur, çünki Məclis bu qərarı qəbul etsə, yuxarıda dediyim səbəblərə görə Nizamnamə pozuntusuna yol verməyəcək. Sadəcə olaraq, vəziyyəti qəlizləşdirən başqa məsələ – Məclisin (eləcə də MNTK-nın və Divanın) qeyri-legitimliyi məsələsi var. Əvvəlki yazılarımda da bu barədə geniş yazmışdım. Amma bu boyda ciddi fakta heç bir reaksiya verilmədi. Xatırladıram ki, bu səhv düzəldilməsə, partiya nə vaxtsa ciddi problemlər yaşaya bilər”, - deyə o bildirib.


Keçmiş müsavatçının fikrincə, böyüdükcə Hikmət Hacızadə olmaq şansını Zöhrab Məhərrəmli olmağa qurban vermiş Elman Fəttah Nizamnaməyə görə hansı hallarda növbədənkənar qurultayın çağırıla biləcəyini şərh etmək istəyərkən lap Gülağa Aslanlı sayaq açıqlama verir: “O, “növbədənkənar qurultay tələb edənlər tələblərini əsaslandıra bilsələr, onda qurultay çağırıla bilər” deyir. Cənablar, Nizamnaməyə görə növbədənkənar qurultay çağırılmasını əsaslandırmağa ehtiyac yoxdur. Müraciətdəki imzaların sayının tələb olunan qədər olması kifayət edər”.


“Divanın şilləvuranı... Arif Arifə səs verdiyi üçün...”


Ə. Talışxanlı MNTK-nın bir-birini təhqir etdiyinə görə iki müsavatçı haqda verdiyi qərara da toxunub.


“Bu yaxınlarda qeyri-legitim MNTK bir-birini oxşar ifadələrlə söymüş iki nəfərin (ümumiyyətlə, bu mübahisə şəxsi yazışmalar zəminində olduğuna görə heç MNTK-nın baxış predmeti ola bilməzdi) məsələsinə baxaraq,
söyüşü birinci söyən Könül Turan Türkə xəbərdarlıq edib, ona həmin üslubda cavab verən Kamil Xəlilbəylini isə partiyadan çıxarıb. Bundan sonra həqiqətin tam üzə çıxması naminə bu söyüşlərin hansı ardıcıllıqla
söyülməsini və “şifrəsini” açmaq zərurəti yarananda isə “ay zalım və müstəbid Şərq”, “ah məzlum və məsum qadın” deyə feminist ah-nalələr sosial şəbəkələri bürüdü.

Amma heç kim demədi ki, bütün bu zəruri açıqlamaların baiskarı məhz səlahiyyətləri çərçivəsində hərəkət etməyən, üstəlik, qeyri-adekvat qərar qəbul edən MNTK oldu. Partiyada söyüş marafonu isə yüksələn xətlə gedir. Bu dəfə Divan üzvü Nemət Kərimli Binəqədi müsavatçısı Arif Əzizzadəni nalayiq söyüşlərlə söyüb. Söyüşlər o qədər nalayiq olub ki, hətta qadınlar zaldan çıxmağa məcbur olub. Ah, qoca Şərq, sən alicənab kişilərdən də xali deyilsənmiş. İndi Arif bəy MNTK-ya müraciət edib. MNTK, çox güman, bu məsələyə baxmayacaq, baxsa da, daha çox günahı olana daha yüngül cəza prinsipinə sadiq qalaraq Nemət Kərimliyə təşəkkür - axı o, birinci söyüb, həm də Könül xanımdan fərqli olaraq elə söyüb ki, rəqib heç cavab da verə bilməyib - Arif bəyə isə xəbərdarlıq elan edəcək. Amma bunu da bilmək olmaz. Arif bəy Arif Hacılıya səs verdiyi üçün ola bilsin ki, onun və Divanın şilləvuranı funksiyasını yerinə yetirən MNTK bu dəfə zərərçəkəni bağışlasın”, - deyə keçmiş Müsavatçı vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm