Türkiyəli politoloqdan sərhəd açıqlaması: “Türk xalqı Azərbaycanın yanındadır” – Özəl
Bizi izləyin

Nida.az

Türkiyəli politoloqdan sərhəd açıqlaması: “Türk xalqı Azərbaycanın yanındadır” – Özəl

“Türkiyə-Ermənistan sərhədlərinin açılması Cənubi Qafqazda vəziyyəti normallaşdırmayacaq. Bölgədə vəziyyətin müsbət olması üçün Ermənistanın ilk növbədə işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi lazımdır”.


Bu barədə Publika.az-a açıqlamasında Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin direktoru, türkiyəli politoloq Hasan Kanpolat iki gün öncə Ankara Universitetində Hrant Dink Vəqfinin təşkilatçılığı ilə “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda beynəlxalq konfransın keçirilməsinə münasibət bildirərkən deyib.


Türkiyəli politoloq işğal altındakı torpaqları azad ediləcəyi təqdirdə hər şeyin özlüyündə müsbət formada həll ediləcəyini düşünür: “Yoxsa, möhürlü qapıların açılıb-açılmaması bölgəyə heç bir müsbət təsir verməyəcək. Bu baxımdan, Hrant Dink məsələsini erməni millətçiliyi üçün istifadə etmək qəbuledilməzdir. Hrant Dink bir jurnalistdir, onun öldürülməsini biz də qəbul etmirik. Lakin bunun üzərində erməni millətçiliyini irəli sürmək, türklərə, eləcə də Azərbaycana qarşı hərəkətə keçmək doğru deyil. Təəssüf ki, burda biz bunu görürük. Bu konfransla erməni millətçiliyi önə çəkilir və məzlum xalq görüntüsü yaradılır”.


H. Kanpolat bu konfransın noyabrın 12-də Azərbaycan hava məkanını pozan Ermənistan helikopterinin vurulması məsələsi ilə ümumi bağlarının olduğunu deyib. Onun sözlərinə görə, ermənilər və erməni lobbiləri bu hadisədən sonra hərəkətə keçiblər: “Halbuki, burda haqlı olan və işğala məruz qalan Azərbaycandır. Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın torpaqlarıdır. Öz hava məkanında hərbi helikopteri vuran Azərbaycanı təcavüzkar dövlət kimi göstərməyə çalışanlar olsa da, bu mümkün deyil. Bu Ermənistanın növbəti təxribatı idi. Çünki münaqişənin həlli ilə bağlı nə vaxt danışıqlar sürətləndirilsə, həll yolları görünsə, İrəvan dərhal təxribata əl atır. Bu baxımdan, helikopter olayı ilə sərhəd məsələsində paralelik var”.


H. Kanpolat rəsmi Ankaranın heç vaxt belə bir addım atmayacağını bildirib.


“Azərbaycanın çətin vəziyyətində Türkiyədən bunu gözləmək doğru deyil. Çünki bu məsələ təkcə hökumətin, nazirlərin, yaxud dövlət başçılarının məsələsi deyil. Bu, xalqın məsələsidir. Azərbaycan xalqı Türkiyənin yanında olduğu kimi, türk xalqı da hər zaman Azərbaycanın yanındadır. Belə olduğu təqdirdə Ankaradan sərhədlərin açılmasının tələb etmək də mənasız addımlardır. Bu konfransın və qoyulan məsələnin dedi-qodudan başqa bir şey olmadığını düşünürəm”, - deyə türkiyəli politoloq vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm