Narazılara “menşevik” bənzətməsi: “Onlar ciddi cəzalandırılacaq”
Bizi izləyin

Nida.az

Narazılara “menşevik” bənzətməsi: “Onlar ciddi cəzalandırılacaq”

Müsavat Partiyasinin başqan müavini Elman Fəttah sabiq müsavatçı Əlövsət Talışxanlının “nizamnamə dərsi”nə cavab verib.


“Müsavat daxilində fraksiya məsələsi aktual ola bilməz”


Başqan müavini Publika.az-a açıqlamasında təkcə nizamnamədən çıxış edərək fraksiya yaradılmasına qarşı çıxmadığını bildirib. Onun sözlərinə görə, fraksiya mahiyyət etibarilə hər hansı partiyanın bütövlüyünə və inkişafına zərər verən məsələ olmamalıdır: “Siyasətlə peşəkar məşğul olmaq lazımdır. Fraksiya geniş yayılmış məsələ deyil. Bu məsələ yalnız ideoloji siyasi xəttində fikir ayrılığı olan partiyalarda meydana çıxır. Lakin narazılar Müsavatın vahid siyasi xətti ilə problemlərinin olduğunu iddia etmirlər. O zaman fraksiya yaradılması məntiqə uyğun deyil. Çünki fraksiya ilk növbədə ideoloji xəttə zidd olan məsələdir. Narazılar kifayət qədər yaşlı insanlardır. Yəqin ki, məktəbdə Kommunist Partiyasının tarixini oxuyublar. Kommunist Partiyasında menşeviklərlə bolşeviklər vahid siyasi xəttə fikir ayrılığı olduğuna görə ayrıldılar. Marks kommunizmi bütün dünya üçün nəzərdə tutmuşdu. Bolşeviklərsə bunu dəyişdirərək bir ölkədə inqilab etməklə sosializmi tətbiq etdilər. Yəni bolşeviklərlə menşeviklər siyasi xəttə görə parçalandılar. Müsavatda isə belə bir situasiya yoxdur. Heç bir narazı siyasi xəttin doğru olmadığını bildirmir, yaxud buna əks təklif irəli sürmür. Buna görə də Müsavat daxilində fraksiya məsələsi aktual ola bilməz. Xüsusilə nizamnamədə olmayan bir qurumun yaradılması ilə onlar heç bir səlahiyyət əldə edə bilməyəcək. Səlahiyyəti olmayan qurum proseslərdə necə iştirak edə bilər? Əksinə, üzv olmasalar belə Məclisdə, komissiyalarda iştirak etsələr daha yaxşı olar. Amma bunu istəmirlər. Onların etdikləri cığallıqdan başqa bir şey deyil. Buna görə də fraksiya məsələsinə yaxşı baxmırıq”.


“Bu, Əlövsət bəy kimi artıq Müsavatın üzvü olmayanlara da şamil edilir”


E.Fəttah Ə.Talışxanlının onun haqqında “böyüdükcə Hikmət Hacızadə olmaq şansını Zöhrab Məhərrəmli olmağa qurban verib” açıqlamasına münasibət bildirmək istəmədiyini deyib.


“Mən başqan müavini olanda şəxsimlə bağlı heç bir ittihama, hətta təhqirə belə cavab verməyəcəyimi elan etmişəm. Bu, Əlövsət bəy kimi artıq Müsavatın üzvü olmayanlara da şamil edilir. Çünki Divan üzvü və başqan müavini olmaq siyasi statusdur. Mən Müsavatda demokratik xətti təbliğ edən şəxs olmaq istəyirəm. Bütün siyasi fəaliyyətim də ölkədə demokratiyanın bərqərar olmasına yönəlib”, - deyə başqan müavini qeyd edib.


Müsavatda 89 il öncəki proseslər yaşanır?


Onun fikrincə, baş verən proseslər Müsavatda parçalanmaya səbəb olmayacaq: “Müsavat 100 ildə parçalanmayıb. Partiya yaranandan bəri bir dəfə Hümmət partiyası ilə birləşib. Ondan sonra bir çox problemli dövrlər olub. 1925-ci ildə indiki narazılıqlarla üst-üstə düşən proseslər yaşanıb, 1936-cı ildə proqram və sənədlərin qəbulunda fikir ayrılığı olub. Heç bir parçalanma baş verməyib. Hətta Rəsulzadənin ölümündən sonra da Müsavat bütövlüyünü saxlaya bilib. 1993-cü ildə hakimiyyətdən gedəndə də heç bir bölünmə yaşanmadı. 1997-ci ildə ideoloji problemlər yaşandı, 2006-cı ildə Avropa Liberal fraksiyasına qoşulanda da ciddi fikir ayrılığı baş verdi. Amma yenə də Müsavat parçalanmadı. Müsavatın tarixi daxili demokratik müzakirələrdən, hətta bəzən kəskin mübahisələrdən kasad olmayıb. Lakin bütövlük həmişə qorunub. İndi də parçalanmaya əsasları yoxdur. Baxmayaraq, kənar qüvvələr, eləcə də iqtidar bunun üçün addımlar atıb”.


“Siyasi xəttə zidd hərəkət edənlər ciddi cəzalandırılacaq”


E. Fəttah ciddi nizamnamə pozuntuları və ümumi siyasi xəttə zidd hərəkətlərə yol verənlərin bundan sonra da cəzalandırılacağını istisna etməyib. Onun sözlərinə görə, Müsavatda prinsipial məsələlər ümumi siyasi xətlə bağlıdır: “Siyasi prinsipiallığa xüsusi diqqət yetirilir. Partiyanın nizamnaməsi daxili idarəetmədə ciddi sənəddir. Nizamnamə pozuntuları dəfələrlə baş verib və buna görə xəbərdarlıqlar, töhmətlərlə yanaşı, partiyadan uzaqlaşdırmalar da olub. Səxavət Əlisoyun partiyadan çıxarılması isə birbaşa prinsipial siyasi xəttə zidd hərəkətə görə idi. Vaxtilə belə bir səhvə görə Vaqif Səmədoğlu, Şirzad Əyyub kimi insanlar partiyadan uzaqlaşdırılıb. Bundan sonra da nüfuzundan, siyasi statusundan asılı olmayaraq, Müsavatın prinsipial siyasi xəttinə sistemli şəkildə zidd hərəkət edənlər cəzalandırılacaq. Belə hallara qarşı nizamnamə həmişə işə düşəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm