Ayaz Mütəllibov: “Əgər hər hansı iş təklifi gəlsə, dəyərləndirərəm”
Bizi izləyin

Nida.az

Ayaz Mütəllibov: “Əgər hər hansı iş təklifi gəlsə, dəyərləndirərəm”

Artıq iki ildən çoxdur Vətəndə yaşayan eks-prezidentin hazırda nə işlə məşğul olmasını araşdırmaq, habelə digər məsələlər ətrafında söhbətləşmək üçün onunla əlaqə saxladıq. Beləliklə, müsahibimiz eks-prezident Ayaz Mütəllibovdur:

“Yeni kitabımın üzərində işləyirəm”

Ayaz müəllim necəsiniz?

Yaxşıyam. Çox sağ olun. Dincəlirəm.

Bildiyimə görə, memuar yazırsınız.

- Bəli, hazırda yeni kitabımın üzərində işləyirəm.

Neçə cilddə olacaq?

Hələlik bu barədə konkret bir söz deyə bilmərəm. Hal-hazırda kitabın üzərində işləyirəm. İri mətnli olacaq.

Səhv etmirəmsə, kitabda xatirələriniz yer alacaq.

Bəli.

Hansı dövrlə bağlı memuarlardır?

Xatirələr uşaqlıq vaxtından tutmuş, katib, habelə digər vəzifələrdə çalışdığım dövrləri əhatə edəcək. Kitab təxminən 30 səhifədən ibarət giriş hissəsindən ibarət olacaq. Nəşrin birinci hissəsində əsasən uşaqlıq dövrümlə bağlı xatirələri bölüşəcəyəm. Eyni zamanda, ayrı-ayrı vəzifələrdə, idarələrdə çalışdığım dövrlərdə kimlərlə görüşmüşəmsə, hansı söhbətləri aparmışamsa, bu məsələlərin hamısı həmin kitabda yer alacaq. Habelə mənə kimlər kömək edib, əleyhimə çıxıb – həmin xatirələr də yeni kitabda yer alacaq. Belə də, maraqlı...

Bəs kitabın nəşri nə vaxta planlaşdırılır?

Bununla bağlı konkret bir söz deyə bilmərəm. Hələ ki, kitabın yekunlaşma mərhələsi başlamayıb deyə, indi bu barədə danışmaq bir qədər çətindir. İndi xatirələrimin yeni hissəsini qələmə alıram. Baxaq görək də.

Yəqin ki, gələn il hazır olar.

Bəli, düşünürəm, inşallah, gələn ilə hazır olacaq.

Adətən, kitablarla bağlı əsas problem maliyyə məsələləri zamanı ortaya çıxır.

Yəqin ki, yeni nəşrimin işıq üzü görməsində maliyyə çətinlikləri ortaya çıxmayacaq.

Ayaz müəllim, siz bundan da əvvəl keçmiş imperiya ilə bağlı kitab yazmışdınız. Növbəti kitabınızda hansı fərqlər olacaq?

Düzdür, bundan əvvəl də SSRİ-nin süquta uğraması, onun səbəbləri ilə bağlı kitab yazmışdım. Həmin nəşr obyektiv idi. İndi bir məsələ var ki, kim ona hansı gözlə baxır. Kim Moskvada hansı oyunları oynayıb, Mixal Qorbaçov və onun ətrafı, habelə digər məsələləri – millətlərarası münaqişələri işıqlandırmışam. İndi baş verən hadisələri götür-qoy etdikdə həmin proseslərin üst-üstə düşdüyünü görürəm. Götürək elə Ukraynada baş verənləri. Tarix təkrarlanır. 90-cı illərin əvvəllərində həmin dövrdə baş verənləri indiki hadisələrlə müqayisə etdikdə bu qənaətə gəlirəm.

“Qarabağ münaqişəsini başqa yolla da həll etmək imkanımız var”

90-cı illərin əvvəllərində baş verən söhbətlərdən söz düşmüşkən... Bir neçə gün bundan əvvəl keçmiş o zamankı komandanızın bəzi əsas üzvlərinin – İsmət Qayıbovun, Məhəmməd Əsədovun və digərlərinin olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında vurulmasının 23-cü ildönümü tamam oldu. Necə düşünürsünüz, Qarabağ probleminin həlli ilə bağlı sülh müqaviləsi imzalansa, erməni hərbi cinayətkarları cəzasız qalmayacaqlar ki?

Yox, onların qanı yerdə qalmayacaq, batmayacaq. Həmin tarixi şəxsiyyətlər Azərbaycan xalqının qəhrəmanlarıdır. Hər xalqın öz qəhrəmanları olduğu kimi, Azərbaycan xalqının da belə qəhrəman övladları var, olub və olacaq. Tarix boyu həmişə belə olub. Düzdür, heyfsilənirik. Heyfsilənmək lazımdır. Ancaq xalqın milli ruhunu qaldıran vətənpərvərlərin itkisi hər zaman olub. Azadlıq qurbanlar tələb edir. Düşünürəm ki, əzmkar olmalı və sona qədər müzakirə aparmalıyıq.

Faciənin növbəti idönümündən 8 gün əvvəl düşmənin hava məkanımızı pozan təyyarəsinin hərbçilərimiz tərəfindən vurulması hələ də müzakirə mövzusudur.

Düşmən kobudcasına ölkəmizin hava ərazisini pozub və layiqli cəzasını alıb. Beynəlxalq və yerli qanunlara əsasən Azərbaycan tərəfi də müvafiq addımları atıb. Bununla bağlı əmr də yerinə düşdü. Belə də lazım idi. Çünki əgər bu addım atılmasaydı, düşmən öz qanunsuz addımlarını yenə davam etdirəcək, belə əməliyyatları təkrarlayacaqdı. Ümumiyyətlə Azərbaycan bu problemin dinc, siyasi yolla həllinə tərəfdardır. Amma münaqişəni başqa yolla da həll etmək imkanımız var.

Tərəflər arasındakı münasibətlərin gərginləşdiyi zamanda Qarabağ münaqişəsinin həll ediləcəyi ilə bağlı hər hansı proqnozunuz varmı?

Bilirsinizmi, bu, sadə, asan məsələ deyil. Bəziləri vaxtilə münaqişəyə sadəlövhlüklə yanaşdılar. Amma bu, böyük, beynəlxalq miqyasda müzakirə olunan, ayrı-ayrı dövlətlərin maraq dairəsində olan məsələdir. Dünyanın supergüc dövlətləri, onların rəhbərləri münaqişənin həllinə öz maraqları çərçivəsində, fərqli yanaşırlar. Təəssüflər olsun ki, bu yanaşmalar ədalətsizliklərə yol açır. Özü də indiki dönəmdə bu, daha çoxdur.

Bəs siz vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

Biz Qarabağla bağlı bütün həssas məsələlərdə gözüaçıq olmalı, heç kimə bel bağlamamalıyıq. Kiməsə belə bağlasaq, bunun nəticələri ağır ola bilər. Düşmənin bununla bağlı həyata keçirdiyi xarici siyasət ifşa edilir. Azərbaycan iqtidarının həmin məsələdəki siyasi kursu təqdir olunur. Ölkəmiz iqtisadi qüdrətini, potensialını, gücünü daha da artırmalıdır.

Ayaz müəllim, bu yaxınlarda “Sosialist İnternasionalı”nın baş katibi Luis Ayala Azərbaycana səfər edəcək. Onunla həmin mövzuda hər hansı müzakirələriniz, görüşləriniz nəzərdə tutulubmu?

Bu, Araz Əlizadənin təşəbbüsü ilə baş tutacaq. Yəqin ki, xəbər verər. Ümumiyyətlə beynəlxalq təşkilat rəhbəri kimi onun Azərbaycana münasibəti çox yaxşıdır. Və biz bu beynəlxalq təşkilatın beynəlxalq münasibətlərdəki nüfuzundan maksimum istifadə etməliyik. Bizim Luis Ayala ilə dost münasibətlərimiz var. Bu görüş baş tutsa, çox yaxşı olar.

Azərbaycanın eks-prezidenti asudə vaxtlarında nə işlə məşğul olur?

İnternetdən istifadə edir, xəbərlərlə, məlumatlarla tanış oluram.

Mütaliə edirsinizmi?

Bəli, amma qeyd edim ki, interneti izləmək insanın məlumatlanması üçün çox vacibdir. Söhbət sizin nəzərdə tutduğunuz klassik istirahətdən gedirsə, Şekspirin əsərıərini, o cümlədən “Maqbet” əsərini oxuyuram. Təəccüblənirəm ki, onun yazdığı əsərlər mahiyyətcə nə qədər indiki zamana, habelə insanlara bənzəyir. Əsrlər ötsə də həmin əsərlər öz əhəmiyyətini, aktuallığını itirmir.

İnternetdən istifadə etdiyinizi dediniz. Ölkə mətbuatında dərc olunan hansı xəbərləri oxuyursunuz?

Diqqətimi cəlb edən mövzularla bağlı bütün informasiyaları, analitik yazıları və digər materialları izləyirəm. Söhbət Azərbaycana aid olan xəbərlərdən, materiallardan gedirsə, bu məqalələri gözdən keçirirəm. Eləcə də dünyada baş verən hadisələrlə bağlı xəbərləri izləyirəm. Yeri gəlmişkən, mən son vaxtlar mətbuata müsahibələr vermirəm (Gülür). Siz bu müsahibəni dərc etdikdən sonra həmkarlarınız zəng edib incikliklərini bildirəcəklər.

“Vətəndə olmağın, yaşamağın özü də böyük işdir”

Siz 33 ildən artıq ayrı-ayrı vəzifələrdə, mühüm postlarda çalışmışınız. İndi heç bir işlə məşğul olmaq darıxdırıcı deyil ki?

Açığını deyim ki, belə fikirləri mən də bölüşürəm. Çünki uzun illər müxtəlif vəzifələrdə çalışaraq müəyyən təcrübələr toplamışam. Bu təcrübəmin Vətənimizə, dövlətimizə böyük faydası, xeyri ola bilər. Şübhəsiz ki, həmin məsələ məndən asılı deyil. Amma əgər iş təklifi gəlsə, dəyərləndirirəm. Əlbəttə, asudə vaxtların olması insanın səhhəti üçün müəyyən mənada yaxşıdır. Lakin bu, uzun müddətli, həmişəlik olmamalıdır. Mən fikirlərimi ələlxüsus ən çox uzun müddət dövlət işində çalışan insanlara aid edirəm.

Bu günə qədər hər hansı işdə çalışmaq, vəzifədə təmsil olunmaqla əlaqəli təklif edilibmi?

Yox, hələ ki, hər hansı işlə bağlı təklif almamışam. Belə təşəbbüs olmayıb. Amma düşünürəm ki, iş təklifi ola bilər. Mən etikanı gözləyən adam olmuşam. Ona görə də iş təklifi olsa, məmnuniyyətlə qəbul edərəm. İş olmasa da, min şükür edirəm. Vətəndə olmağın, yaşamağın özü də böyük işdir. Zarafat deyil, 20 il Vətəndən qürbətdə yaşayan insanın sonradan öz ölkəsinə qayıtması, ailəsinə dönməsi də böyük nailiyyətdir. Şükür olsun ki, Vətənə qayıtdım.

Siyasilər arasında kimlərlə ünsiyyətdəsiniz? Məsələn sonuncu dəfə kiminlə görüşmüsünüz?

Yox, siyasilərlə görüşmürəm, sıx ünsiyyətdə deyiləm. Ancaq istisnalar var. Rusiya Dövlət Dumasının üzvü, Moskvada dostluq münasibətlərinə malik olduğumuz şəxslərdən biri Bakıya, tədbirlərdən birində iştirak etməyə gəlmişdi. O, mənim taleyimdə böyük rol oynayan şəxslərdən olub. Həmin şəxslə görüşüb söhbət etdim. Həmin şəxs çox dəyərli insan olmaqla yanaşı Azərbaycana münasibəti olduqca yaxşıdır.

Ailə üzvləriniz, nəvələriniz necədir?

Şükür Allaha. Çox yaxşıdırlar.

Bir yerdə yaşayırsınız?

Yox, mən xanımımla ayrı yaşayıram. Onlar bizə gəlib-gedir, baş çəkirlər. Özlərinin hər cür şəraitləri var.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm