“AK” yuyulub “Kara” sərilənlər...
Bizi izləyin

Nida.az

“AK” yuyulub “Kara” sərilənlər...

Tarixdə Osmanlı Türkiyəsi ilə Rusiya arasında 12 müharibə baş verib və bu müharibənin 8-də ruslar, 2-də həmin dövrdə özlərini osmanlı adlandıran türklər qalib gəliblər. Digər 2 müharibə isə tərəflərdən heç birinə qalibiyyət bəxş etməyib.

"Kurtlar vadisi" - serial, yoxsa şantaj aləti

Elçin Mirzəbəyli

Qardaş Türkiyədə istehsal olunan və yayımlanan seriallarda, TV proqramlarında Azərbaycanın və azərbaycanlıların aşağılanması adi hala çevrilib. Elə bil hansısa gizli əl iki qardaş ölkənin vətəndaşlarını qarşı-qarşıya qoymağa, münasibətləri kəskinləşdirməyə, Azərbaycan dövlətini, Azərbaycan türklərini gözdən salmağa çalışır. Yaxud hansısa siyasi qruplar, biznes dairələri dünyanın aparıcı güclərinin qarşısındakı natamamlıq komplekslərinin acığını Azərbaycandan çıxmağa cəhd göstərirlər.
Yaxşı xatırlayıram, "Kurtlar vadisi"nin yenicə populyarlaşdığı dönəmdə serial qəhrəmanlarından birinin mənşəyi şübhəli olan "atalar sözü"nü dilə gətirməsi Azərbaycanda ciddi etiraza səbəb olmuşdu. "Türkdən qarını (xanımını), çeçendən canını, azəridən malını qoru"... Hələ həmin dövrdə ruslara aid olduğu bildirilən bu deyimin serial müəllifləri tərəfindən təhrif edildiyi qənaətinə gəlmişdim və qənaətimdə də haqlı çıxmışdım. Çünki rus Osmanlı Türkiyəsində və çağdaş Türkiyədə yaşayan türkləri döyüş meydanından başqa harda görmüşdü ki, hələ bir qarısını (xanımını) da ondan qorumaq barədə düşünsün...

Tarixdə Osmanlı Türkiyəsi ilə Rusiya arasında 12 müharibə baş verib və bu müharibənin 8-də ruslar, 2-də həmin dövrdə özlərini osmanlı adlandıran türklər qalib gəliblər. Digər 2 müharibə isə tərəflərdən heç birinə qalibiyyət bəxş etməyib.

Digər tərəfdən Azərbaycan türklərinin "azərbaycanlı" adlandırılmasının tarixi 1940-cı ildən başlayır. Daha dəqiq desək, 1936-cı il dekabrın 5-də "Stalin Konstitusiyası" qəbul olunduqdan sonra Azərbaycan tüklərinin doğum şəhadətnamələrində və pasportlarında yer alan "türk" milli kimliyi tədricən "azərbaycanlı" sözü ilə əvəz olunmağa başladı və bu proses 1940-cı ildən etibarən kütləvi hal aldı. Yəni, 1940-cı ilə kimi ruslar Azərbaycan türklərini öz adı ilə çağırırdılar, "azərbaycanlı" demirdilər, "azəri" isə heç demirdilər və bu gün də demirlər.
"Kurtlar vadisi" serialında Azərbaycan türklərinin aşağılanması niyyəti ilə istifadə olunan rus "atalar sözü"nün isə təxminən 1240-1480-ci illər arasında yarandığı ehtimal olunur. Həm də serial müəlliflərinin və ideoloqlarının interpretasiyasında təqdim olunduğu kimi yox... Monqol-tatarların işğalı altında olan ruslar öz varislərinə "canını, malını və karını (xanımını) tatardan qoru" deyiblər və buna da kifayət qədər əsasları olub.
Ruslar qonşuluqlarında, sonradan isə zülm üzərində qurduqları imperiyalarının tərkibində yaşayan türkləri, o cümlədən Azərbaycan türklərini tarix boyu "tatar" deyə çağırıblar. 1905-1917-ci ilə qədərki dövrdə isə bu deyim qismən də olsa "müsəlman türklər" deyimi ilə əvəz olunub.
"Kurtlar vadisi" adlanan siyasi-iqtisadi şantaj serialının savadsız və qərəzli ssenari müəlliflərinə isə məsləhət görərdim, tarixi yaxşı oxusunlar. Tolstoyun, Bestujev-Marlinskinin, Qriboyedovun... əsərlərinə və xatirələrinə gözucu nəzər salsınlar.


"Bizdən olmayan"lar

...Daha öncə də qeyd etdiyim kimi, Azərbaycan türklərini aşağılamaq xaricdən idarə olunan bəzi Türkiyə "siyasətçi"ləri və onların media sektorunda olan qulbeçələri üçün az qala ənənəyə çevrilib.
"Min bir gecə" serialında Azərbaycan qadını xidmətçi obrazında, "Yaxşı Cazibə"də yalançı və əxlaqsız kimi təqdim olunur... "Möhtəşəm yüz il" serialında Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri təhqir edilir. Hələ utanmadan Güney və Qüzey Azərbaycanı "əcəm diyarı" adlandırırlar. Bizdən törəyənlərin yaratdığı dövlətdə yaşayan soysuzlar bizə "əcəm" - "bizdən olmayan" deyirlər!
Vaxtilə və elə indinin özündə də İslam dinini "dədələrinin malı" sayan dar düşüncəli ərəblərin türkləri və ərəb olmayan digər müsəlmanları aşağılamaq məqsədilə yararlandıqları "əcəm" deyimi türkün türkü aşağılanması üçün istifadə olunur... Gör hardan hara gəldin, Türkiyə! Türkü öz vətənində əcəmə çevirənlər bunun hesabını mütləq verəcəklər!


Teleserial reketçiliyi


..."Kurtlar vadisi" Azərbaycanda yenicə yayımlanmağa başlayanda bu serialın siyasi sifarişlə çəkildiyini yazmışdım. Amma nədənsə bu serialın son 3 bölümündə siyasi sifariş daha qabarıq və aydın şəkildə görünməyə başlayıb. Türkiyədə baş verən son hadisələrdən sonra bəzi böyük şirkətlər öz sərmayələrini ölkədən çıxarmağa başlayıblar ki, bu da qardaş ölkənin iqtisadiyyatında olduqca neqativ təsir göstərib. Türk lirəsi dünyanın aparıcı valyutalarına nisbətdə xeyli dəyərdən düşüb.
Serialda isə baş verənlər Türkiyə iqtisadiyyatına qarşı həyata keçirilən təxribat kimi təqdim olunur. Ay oğul, ya qardaş nə təxribat? Sən vaxtilə əməkdaşlıq etdiyin, dəstək verdiyin və dəstək aldığın şantajçı bir təriqətlə apardığın savaşdan dolayı ölkənin hüquq-mühafizə sistemini darmadağın elə, xoşuna gələn və gəlməyən hər kəsi işdən çıxar, yerini dəyişdir, hədələ, təzyiq göstər, qanunlardan yüksəkdə dayandığını sərgilə..., bütün bunların qarşılığında ölkədə qanunun aliliyi qara qəpik dəyərinə düşsün və sonra da başqalarını təxribatda günahlandır... AKP-nin 100 il geriyə çəkdiyi Türkiyəni deyə bilmərəm, amma Azərbaycanda bu nağıllara kimsəni inandıra bilməzsən...
...Hansısa siyasi-iqtisadi "əl" seriallar, TV proqramları və media vasitəsilə xeyli müddətdir ki, Azərbaycanı təhdid edir. "Kurtlar vadisi"nin son bir neçə bölümündə açıq şəkildə şantaj xarakterli mesajlar verilir: "Karanı Azərbaycana göndəririk". Bir həftə keçir: "Kara Azərbaycana gedib". Və daha bir həftə sonra Karanın Azərbaycandakı ağlasığmaz məcaraları yayımlanır... Məni qınamayın, bütün bunlar Azərbaycandakı bəzi reket qəzetlərin anonslarına bənzəyir... Yəni, "maraqlarımı təmin edin, yoxsa... yazaram ha...".
Amma unudurlar ki, Azərbaycana Kara (qara) gələ bilməz...
"AK" (ağ) gələ bilər, amma onu da "AK" yuyub "Kara" sərərlər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm