Nida.az
NATO-nun Qarabağ yanaşmasının gizli pərdəarxası: Bakını nə gözləyir? – Təhlil
NATO-nun baş katibi Yens Stoltenberqin bu günlərdə Qarabağ açıqlaması geosiyasi proseslər fonunda diqqət çəkir. Çünki Şimal Alyansı belə münaqişələrlə bağlı çox nadir hallarda mövqe bildirir. Baş katibin özü NATO-nun münaqişənin həllində birbaşa rolunu istisna edib. O, sadəcə olaraq, Minsk qrupunu dəstəklədiklərini bildirib.
İki versiya: NATO nədən Qarabağa
toxundu?
Stoltenberqin Qarabağ açıqlamasının iki mənası ola bilər. Hər iki
məna bir-biri ilə paralel şəkildə özünü büruzə verir.
Birincisi, cənab Yens Şimal Alyansına yeni rəhbərlik edir və bu
üzdən də özünü bir növ bölgəyə tanıtmaq niyyəti güdür. Bu, fərdin
siyasi fəaliyyəti baxımından normaldır.
İkincisi, bu, Şimal Alyansının geosiyasi maraqlarından irəli gəlir.
Rusiya ilə qarşıdurma fonunda Moskvanın bütün təsir imkanlarının
əlində saxladığı münaqişə haqda açıqlama vermək ümumi savaş
müstəvisində daha bir gediş etmək deməkdir. NATO bununla
"diqqətimiz sizdədir" deyə münaqişə tərəflərinə yumşaq mesaj
göndərir.
“Qafqazda görünmək lazımdır və NATO Qarabağla bağlı
münasibət sərgiləyir”
Rusiyalı politoloq Vladimir Yevseyev Stoltenberqin Qarabağ
açıqlamasını Şimal Alyansının bütün dünyaya diqqət ayırdığını
göstərmək cəhdi kimi qiymətləndirir: “Əgər Antarktidada görünmək
lazımdırsa, NATO bunu edərdi. Hazırda Qafqazda görünmək lazımdır və
NATO Qarabağla bağlı münasibət sərgiləyir. Həqiqətən də Şimal
Alyansının münaqişəyə təsiri yoxdur. Baş katibin bu haqda dedikləri
doğrudur. Lakin praktiki cəhətdən NATO sülhməramlılarının Qarabağda
iştirakı mümkün olmadığı üçün alyans Minsk qrupunu dəstəklədiyini
bəyan edir. Eyni şey Baltikyanı və ya Polşada olsaydı, başqa cür
olardı”.
Politoloq NATO-nun başqa işlərlə məşğul olmasının daha vacib
olduğunu deyib. Onun sözlərinə görə, İŞİD-lə mübarizə aparmaq Şimal
Alyansına daha çox sərf edər: “Amma Qarabağ münaqişəsinin nizama
salınmasında birbaşa iştirak heç nə vəd etmir”.
“Şimal Alyansının Cənubi Qafqazda öz maraqları
var”
Siyasi şərhçi Andrey Petrov isə bu açıqlamanı NATO-nun regionda
maraqları ilə əlaqələndirib. Onun sözlərinə görə, Şimal Alyansının
Cənubi Qafqazda öz maraqları var: “Bu gün NATO-nun əsas
strategiyası Şərqə doğru genişlənməkdir. Xüsusilə Rusiya
sərhədlərinə doğru irəliləməyə cəhd edir. Post-sovet ölkələrindən
yalnız Baltikyanı ölkələr NATO-ya üzv oldular, Ukrayna və
Gürcüstanla hələlik sıx danışıqlar aparılır. Lakin NATO-nun
nizamnaməsində Cənubi Qafqaza daxil olmağa mane olan bir müddəa
var. Bu, ərazi münaqişəsi olan ölkələrin üzvlüyə qəbul
edilməməsidir. Məhz buna görə, NATO Azərbaycanı, Gürcüstanı və
Ermənistanı sıralarına daxil edə bilmir”.
Ekspertə görə, Stoltenberqin Qarabağ açıqlaması NATO-nun Qafqaza
gəlmək üçün yenidən niyyətləndiyindən xəbər verir: “Bura Rusiya ilə
birbaşa sərhədlərə malikdir. Qərbin son zamanlar Dağlıq Qarabağ
münaqişəsinin həllində göstərdiyi fəallıq da bundan irəli gəlir.
Yəni Qərb təkcə diplomatik yox, həm də hərbi-siyasi istiqamətdə
hərəkəti gücləndirib. Misal üçün, Uelsdə keçirilən NATO sammitində
Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək
təsadüfi deyildi”.
“İtirilmiş ada”: Qərb kimi qazanmaq
istəyir?
Burda diqqətçəkən xüsusi bir məqam var. Söhbət Cənubi Qafqaz
regionunda münaqişə tərəfləri olan Bakı və İrəvanın xarici siyasət
oriyentasiyasından gedir. Ermənistan Avrasiya İttifaqının üzvü
olmaqla Moskvanı seçdi. Eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) üzvü kimi hərbi istiqamətini də ortaya qoyub.
Deməli, Qərb üçün Ermənistan “itirilmiş ada” kimidir. Azərbaycansa
heç bir hərbi-siyasi ittifaqda təmsil olunmadan balans siyasətini
aparır. Lakin Qərbdə yaxşı anlayırlar ki, Bakının hansı tərəfdə
olması yalnız Qarabağ münaqişəsinin ədalətli həllindən sonra
müəyyənləşə bilər.
Rusiyalı ekspert Petrov da Qərbin Dağlıq Qarabağ münaqişəsini
beynəlxalq prinsiplər çərçivəsində həll etmək niyyətində olduğunu
düşünür. Onun sözlərinə görə, bu, Azərbaycanın xeyrinədir.
“Bu, təsadüfi deyil. Çünki Bakı tarazlaşdırılmış siyasət aparır və
heç bir hərbi-siyasi ittifaqda təmsil olunmaq niyyətində olmadığını
açıqlayıb. Yalnız münaqişə həll olunandan sonra Bakının öz tərəfini
bəlli edəcəyi gözlənilir. Beləliklə, Azərbaycanın Şimal Alyansına
daxil olması perspektivi görünür. Ermənistan isə artıq Kollektiv
Təhlükəsizlik müqaviləsi Təşkilatının üzvüdür. 2015-ci ilin ilk
ayından Avrasiya İttifaqında fəaliyyətə başlayacaq. Yəni Qərb
İrəvandan əlini üzüb. NATO isə bu “poker” oyununu oynamaqda
israrlıdır. Onsuz da Ermənistan itirilib. Buna görə də Azərbaycanı
əldən vermək istəmirlər”, - deyə rusiyalı politoloq vurğulayıb.
Şimal Alyansından Bakıya daha bir
dəstək
Bu aradan NATO Parlament Assambleyasının Niderlandın Haaqa
şəhərində keçirilən 60-cı payız sessiyasında qəbul olunan “NATO
tərəfdaşlarına təminat və dəstək” adlı qətnaməyə Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini dəstəkləyən maddənin əlavə edilməsi də
diqqətlərdən yayınmadı. Azərbaycan nümayəndə heyətinin
məlumatlarına görə, assambleyada ermənilər qətnaməyə “azlıqların öz
müqəddəratını həll etməsi” ilə bağlı maddənin əlavə edilməsinə
çalışsalar da, nəticə Bakının xeyrinə olub.
Bu, NATO-nun Uels sammitində ərazi bütövlüyünü dəstəkləyən
qətnaməsindən sonra son iki ayda ikinci belə qətnaməsidir. Deməli,
Qərb hərəkətə keçib və münaqişəni Bakının xeyrinə, daha dəqiq desək
beynəlxalq hüquq çərçivəsində həllinə çalışır.
“Qərb öz müqəddəratını təyin etmə prinsipinin səhv yol
olduğunu anlayır”
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq
Natiq Miri Publika.az-a açıqlamasında bu proseslərin Qərb-Rusiya
qarşıdurmasında baş verdiyini və Azərbaycanın dövlət maraqlarına
uyğun olduğunu deyib: “NATO PA-nın qəbul etdiyi qətnamələrdə
ermənilərin öz müqəddəratını təyin etmə prinsipini gündəmə
gətirməsinə baxmayaraq, ərazi bütövlüyünü dəstəkləməsi müsbət
haldır. Bu mövqe Ukrayna hadisələrindən sonra ortaya çıxdı. Krımda
referendum keçirildi və Rusiyaya birləşdirildi. Xalqların öz
müqəddəratını təyin etmə prinsipi və bütün post-sovet məkanında
dondurulmuş münaqişələr Rusiyanın xeyrinədir. Bunu Qərb artıq
anlayır. Bunun fonunda Şotland sindromu baş verdi. Orda keçirilən
referendum və Şotlandiyanın Böyük Britaniyadan ayrılmaması Qərbin
işi idi. Eyni proseslər İspaniyada katalonların ayrılmaq
istəklərində də baş verdi. Yəni ATƏT xalqların öz müqəddəratını
təyin etmə prinsipini dəstəkləsə də, Qərb bunun səhv yol olduğunu
anlayır və buna görə də ərazi bütövlüyü prinsipini önə çəkir”.
“Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli
prinsipi artıq qəbul edilib”
Lakin politoloq Dağlıq Qarabağ münaqişəsinin Qərbin istədiyi kimi
həll olunmasında Rusiya faktorunun maneə olduğunu bildirib. Onun
sözlərinə görə, Moskvanın orbitində olan İrəvan müstəqil siyasət
apara bilmir.
“Amma Qərb hərəkətə keçib. Fikir verin, regionda proseslər paralel
şəkildə aparılır. Bir tərəfdən, Rusiya zəiflədilir, digər tərəfdən
münaqişələrin həlli istiqamətində addımlar atılır. Azərbaycan və
Ermənistan prezidentləri Uels və Parisdə görüşdü. Bunun davamı yenə
olacaq. Buna paralel olaraq son vaxtlar Türkiyə ilə Ermənistanın
münasibətlərinin tənzimlənməsi ilə bağlı çağırışlar var. Bu
çağırışlar Ermənistanın Rusiya monopoliyasından çıxarılmasına
hesablanıb. Ermənistan da bu istəklər var. Amma İrəvan rejimi bunu
edəcəyi təqdirdə dövlət çevrilişi ilə qarşılaşacağını anlayır”, -
deyə o bildirib.
N. Miri bir məsələdən də əmin olduğunu açıqlayıb. Onun sözlərinə
görə, Qərbdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistana müəyyən
statuslar verilməklə ərazi bütövlüyü çərçivəsində həlli prinsipi
artıq qəbul edilib.
Asif Nərimanlı
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı