• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Əli düşünür, Cəmil tələsmir... Gecikmiş addım və diqqət mərkəzə” - Mitinq öncəsi durum

  • Nida.az
  • 26 Noyabr 2014 16:53
  • 698 Baxış
“Əli düşünür, Cəmil tələsmir... Gecikmiş addım və diqqət mərkəzə” - Mitinq öncəsi durum

Milli Şuranın iki dişsiz mitinqindən sonra müxalifət düşərgəsinin əsas partiyalarından hesab olunan Müsavat da mitinq təyin etdi. Məkan eynidir: Yasamal rayonu, “Məhsul” stadionu. Mitinqlə bağlı partiya meriyaya da rəsmi müraciət edib. Müsbət cavab verilsə Müsavat dekabrın 14-də insan haqları gününə həsr olunmuş mitinq keçirdəcək. Lakin mitinq qərarının arxasında diqqətçəkən iki məqam var.


Müsavatın gecikmiş addımı


Birincisi, mitinqin keçiriləcəyi gündür. Yəni Müsavat ölkədə insan haqlarının durumuna toxunacaq. Eyni hal Milli Şuranın da mitinqlərinin əsas şüarı idi. Halbuki Müsavat hələ qurultaydan öncə həbs olunan QHT rəhbərlərinin müdafiəsi məqsədilə mitinq keçirmək niyyətində idi. Lakin qurultay məsələsi ortaya düşdüyündən, mitinq təxirə salındı. Milli Şura isə Müsavatı qabaqlamış oldu. İsa Qəmbərin təşəbbüsü ilə yaradılmış Birləşmiş Müdafiə Komitəsində təmsil olunan ADP sədri Sərdar Cəlaloğlunun həmin ərəfədə verdiyi açıqlama ilginc idi. O, Əli Kərimlini mitinq keçirməklə əslində Avropadan ayrılacaq pulları mənimsəməkdə ittiham edirdi.

Eyni ittihamla Müsavatın yeni başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli də çıxış etmişdi.


“AXCP sədri Əli Kərimlini məhbusların azadlığı yox, şəxsi ambisiyaları düşündürür. Aksiya Məhbusların Müdafiə Mərkəzi tərəfindən və bu qurumun təşkilatçılığı ilə həyata keçirilməli idi. Biz bunu təklif etmişdik. Amma görünür Əli Kərimlini müxalifətin birliyi deyil, heç məhbusların azadlığa çıxması uğrunda sanballı mitinq təşkil etməkdə deyil, Milli Şuranın yeganə qüvvə olduğunu sübut etməkdir. Yəni onu şəxsi ambissiyaları maraqlandırır. Bizim də münasibətimiz adekvat olmalı, sonra özümüz təşəbbüsü ələ alaraq aksiya təşkil etməliyik”, - deyə o bildirmişdi.


Görünür, Müsavat gec də olsa niyyətini yerinə yetirmək istəyir.


Diqqət daxili qarşıdurmadan yayındırılır


İkinci məqam Müsavatın daxili vəziyyəti ilə bağlıdır. VIII qurultaydan sonra partiya de-fakto olaraq ikiyə bölünüb. Qubad İbadoğlunun tərəfdarları Arif Hacılının başqanlığını tanımır, tanınmış müsavatçılar yeni rəhbərliyə qarşı çıxırlar. Yəni Müsavatı bu gün daha çox öz daxili vəziyyəti düşündürməlidir, nəinki hansısa mitinq. Bəs nə üçün mitinq qərarı verilir?


Bu sualın cavabını Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Publika.az-a açıqlamasında verib (http://publika.az/p/52998).

“Müsavat daxilində güclü qarşıdurma var. Belə bir vaxtda mitinqin təyin edilməsi suallar yaradır. Görünür, yeni rəhbərlik yaranmış gərginliyi aradan qaldırmaq, yaxud ən azından diqqəti daxili vəziyyətdən yayındırmaq üçün belə bir addım atır. Mitinq üçün hava şəraitinin də məqbul olmadığını nəzərə alsaq, bu ehtimal təsdiqini tapır. Amma Müsavat öz daxili problemini həll etməyə çalışsa, daha yaxşı olar”, - deyə YAP
rəsmisi qeyd edib.


Milli Şura “bir salama dəyəcəkmi?”


Müsavatın mitinqinə Milli Şuranın dəvət olunması məsələsi də gündəmdədir. Çünki Əli Kərimlinin de-fakto rəhbərlik etdiyi qurumun iki mitinqində İsa Qəmbər də daxil olmaqla Müsavat rəhbərliyində təmsil olunanlar, eləcə də yeni rəhbərliyi qəbul etməyən tanınmışlar iştirak etmişdi. Lakin heç birinə nə söz verilmişdi, nə də tribunaya dəvət olunmuşdular. Hətta salam belə verilməmişdi.


Müsavat funksioneri Mustafa Hacıbəyli bununla bağlı suala cavabında əməkdaşlığın önəmini önə çəkir. O, salam vermək, yaxud tribunaya dəvət etmək məsələsindən danışmaq istəmədiyini bildirib. Əvəzində bütün siyasi təşkilatları, partiyaları mitinqə dəvət edib.

M. Hacıbəyli ümumi mənada söz demək istəyənlərə tribuna verilməyin tərəfdarı olduğunu bildirib.

Əli Kərimli düşünür, Cəmil Həsənli tələsmir...


Mitinqə kimlərin qatılmaq fikrində olduğuna gəlincə, ilk diqqət AXCP-yə yönəlir. Bu, iki partiya arşındakı “soyuq savaş”dan doğan məsələdir.


Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı bununla bağlı məsələnin partiyada müzakirə olunmadığını bildirib.

Milli Şura rəhbəri Cəmil Həsənli isə mitinqə qatılıb-qatılmayacağını hələ müəyyənləşdirməyib. O, bu barədə danışmağın hələ tez olduğunu bildirib.


Müxalifət partiyalarından KXCP Müsavatın mitinqini dəstəkləyir. Lakin KXCP sədrinin müavini Xəzər Teyyublu partiya olaraq mitinqə getmək niyyətində olmadıqlaqrını bildirib. Onun sözlərinə görə, üzvləri sərbəst şəkildə mitinqə qatıla bilərlər.


Sərdar Cəlaloğlu dəvət gözləyir: “Mitinqi oyuncağa çevirməyin”


ADP sədri Sərdar Cəlaloğlu mitinqdə iştirak üçün rəsmi dəvət gözləyir. O dəvət olunacağı təqdirdə gedəcəyini bildirib.


Lakin S. Cəlaloğlu demokratik prosesin tərkib hissəsi olan mitinq faktorunu oyuncağa çevirməyin əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, mitinq xalqın da, iqtidarın da müəyyən fikrə gələ bilməsi üçün lazımdır: “Mitinqləri oyuncağa çevirməklə, onu ikinci dərəcəli məqsədlərə xidmət etdirməklə ciddi demokratik prosedurun əhəmiyyətini azaldırıq. Demokratik prosedurlara qeyri-ciddi yanaşmaq olmaz”.


“Bütün müxalifət “Məhsul” stadionuna yerləşəcək qədər az tərəfdara malikdir”


Milli Məclisin üzvü Zahid Oruc Müsavatın mitinq qərarını şərh edərkən müxalifətin ümumi duruma diqqət çəkib: “Azərbaycanda müxalif qüvvələr orta təbəqədən, cəmiyyətin aparıcı sahibkarlar ordusundan tamamilə kənarda fəaliyyət göstərir. Yəni, hər hansı bir imkana malik insanların onların təşkil etdiyi tədbirlərdə zaman itirdiklərini görməmək mümkün deyil. Hətta aksiyanın keçirildiyi məkanın yanından addımlayıb keçən insanlar da bir dalğa effekti kimi həmin tədbiri digər küçələrə ötürməkdə maraqlı deyillər. Müxalifətin hazırkı tədbirləri daha çox bu cəbhədəki münasibətləri aydınlaşdırmağa və “o cinahda kimdir öndə olan qüvvə” sualına cavab tapmağa xidmət edir. Müxalif elita çox amansız seyrəlmələrə məruz qalıb. Elektoral baza yoxdur. Hətta onların dediyi kimi yeddi minlik bir aksiyadırsa, bu 4 milyona qədər əhalinin məskunlaşdığı Bakı şəhərində, aktiv bir kəsimdə 7 min rəqəmi bir bələdiyyə üzvünün seçilməsinə belə yetməyəcək qədər kiçik bir qüvvə deməkdir. Bununla hakimiyyətə güc göstərmək, özünü cəmiyyət proseslərində hiss etdirmək, beynəlxalq aləmə mesaj vermək qeyri-mümkündür. Bu müxalifətin 2015-ci il seçkilərinə qədərki dövrdə özünə aksiyalarla tərəfdar toplamaq planıdırsa, əks effekt doğurur. Hakimiyyət açıq şəkildə dünyaya göstərəcək ki, kim sərbəst toplaşmaq hüququnu reallaşdırmaq istəyirsə, ona meydan tanınır”.


Millət vəkili bütün müxalifət qüvvələrinin bir “Məhsul” stadionuna yerləşəcək qədər az tərəfdara malik olduğunu qeyd edib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR