Bakının siyasəti, Tiflisin susqunluğu və Soçi müqaviləsi: proseslər hara aparır?
Bizi izləyin

Nida.az

Bakının siyasəti, Tiflisin susqunluğu və Soçi müqaviləsi: proseslər hara aparır?

Təxminən 20 gün öncə Gürcüstandan Bakının narahatlığına səbəb olacaq iddia səsləndi: Tiflis hökuməti İrəvanla Abxaziya dəmiryolunun açılmasına dair gizli danışıqlar aparıb.


Bu iddia ilə Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyası fraksiyasının azərbaycanlı deputatı Azər Süleymanov çıxış etmişdi.
Azərbaycanlı deputat Publika.az-a açıqlamasında danışıqların Ermənistan baş nazirinin müavini ilə Tiflis hökuməti arasında aparıldığını bildirmişdi.


“Gizli şəkildə aparılan danışıqlarda dəmir yolunun açılması məsələsi razılaşdırılıb. Danışıqların detalları tam məlum deyil. Amma Gürcüstan mediası da bu haqda xəbər verib”, - deyə azərbaycanlı deputat qeyd etmişdi.


Söhbət Ermənistanı Bakının blokada siyasətindən xilasından gedir. Avrasiya İttifaqına daxil olan İrəvan üçün Rusiyaya çıxış demək olar ki, qapanıb. Çıxış yolu iki cürdür. Biri İran üzərindədir, lakin Tehranın İrəvanla münasibətlərinin nə qədər yaxşı olmasına baxmayaraq, son dövrlər Qərblə münasibətlərinin düzəlməsi bu marşrutu sual altına qoyur.
İkinci marşrut İrəvanın daha çox ümid etdiyi Gürcüstan vasitəsilədir. Abxaziya dəmiryolunun açılmasına Ermənistanı Rusiyaya birləşdirəcək əsas yol kimi baxılır.


Ermənistanı məyus edən müqavilə


Lakin noyabrın 24-də Soçidə Rusiya və Abxaziyanın separatçı rejimi arasında imzalanmış müqavilə vəziyyəti dəyişdirir. Bu müqavilə ilə Abxaziya bütünlüklə Moskvanın nəzarətinə keçdi. Müqavilədə iki ölkənin birlikdə təşkil edəcəyi birləşmiş qoşun hissələrinin Abxaziya ərazisində yerləşdiriləcəyi təsbit edilir. Birləşmiş qoşun hissələri müqavilənin qüvvəyə mindiyi gündən bir il müddətində yaradılmalıdır. Bəzi məlumatlara görə, Abxaziya gənclərinə Rusiya silahlı qüvvələrində xidmət etmək hüququ verilir, onlar “birgə qoşunlarda”, yoxsa birbaşa Rusiya ordusunda əsgərlik keçməyi özləri seçə biləcəklər. Müqaviləyə əsasən, Abxaziya-Rusiya hərbi qüvvələrə birləşmiş komandanlıq rəhbərlik etsə də, ali baş komandan Rusiyadan olacaq.

Bununla yanaşı, Rusiya Abxaziyanın iqtisadi dirçəlişinə külli miqdarda maliyyə ayıracaq, humanitar, mədəni səviyyədə əməkdaşlıq ediləcək.

Bu Rusiyanın Abxaziyanı tamamilə ilhaqı kimi qiymətləndirilir və son zamanlar ehtimal olunan Tiflis-Moskva münasibətlərindəki buzların əriməsi prosesini dayandırır. Rəsmi Tiflisin verdiyi bəyanatda da sözügedən müqavilənin Gürcüstanın tərkib hissəsi olan Abxaziyanın Rusiya tərəfindən ilhaqı kimi qiymətləndiriləcəyi bildirilir. Gürcüstanın Xarici İşlər Nazirliyi müqaviləni öz ərazilərinin de-fakto anneksiyası adlandırıb. Tbilisidə müqaviləyə etiraz olaraq 30 minlik mitinq keçirilib.
Beləliklə, Tiflisin Moskva ilə əlaqələrini tamamilə kəsəcəyi təqdirdə Abxaziya dəmiryolunun açılması reallaşmayacaq və İrəvanın blokadası davam edəcək.

“Tiflis Bakının qəzəbinə tuş gələcək”


Lakin Rusiyanın “Nezavisimaya qazeta” nəşri son dövrlərə qədər rəsmi Tiflisin Abxaziya dəmiryolunun açılışına etiraz etmədiyini xatırladır.

“Bu layihə reallaşacağı təqdirdə, Ermənistan Azərbaycan və Türkiyənin blokadasından çıxacaq və regionda güc balansına təsir edəcək. Xüsusilə Tiflislə Bakı arasında gərginliyin yaşanacağını da gözləmək olar. Çünki Ermənistanın blokadan çıxmasına yardım etmək dolayısı ilə Azərbaycan torpaqlarının işğalda qalmasına dəstək verməkdir. Əgər Tiflis buna razılıq versə, ona müxtəlif sahələrdə kömək edən Bakının qəzəbinə tuş gələcək”, - deyə nəşr vurğulayıb.


Rəsmi Tiflis susur – bu, razılıq əlamətidir?


Vahid Milli Hərəkat Partiyasının üzvü, Marnueli merliyinə keçmiş namizəd Əhməd İmamquliyev Publika.az-a açıqlamasında Rusiyanın Abxaziya dəmiryolunun açılmasına xüsusi önəm verdiyini deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı rəsmi Tiflisin susması diqqət çəkir: “Ruslar demişkən, “susmaq razılıq əlamətidir”. Bu dəmiryolunun açılması yalnız və yalnız Rusiyanın regionda hegemonluğuna və Qafqazda yerini möhkəmləndirməsinə hesablanıb. Burda blokadada olan Ermənistanın da maraqları böyükdür. Bu dəmiryolu onlar üçün bir şansdır. Halbuki, dəmiryolunun açılması Gürcüstanın ərazi bütövlüyünə ziddir. Azərbaycanınsa dövlət maraqlarına xeyir vermir. Çünki Abxaziya dəmiryolundan sonra Rusiyanın planında Dağıstan, Azərbaycan, Gürcüstan və Osetiya maşın yolunun açılması var. Bu layihələr hər iki dövlətin suverenliyinə və demokratik inkişafına zərər verəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm