Narazılar Müsavatın mitinqinə gələcəkmi? - Sorğu
Bizi izləyin

Nida.az

Narazılar Müsavatın mitinqinə gələcəkmi? - Sorğu

VIII qurultaydan yarımcan çıxan Müsavat dekabr ayının 14-nə mitinq təyin edib. İddialara görə, partiya bunu diqqətləri daxili qarşıdumadan yayındırmaq məqsədilə edir. Çünki qurultayın nəticələrindən narazı qalanlar hazırkı başqan Arif Hacılının legitimliyini tanımır və hər keçən gün qarşıdurma daha kritik vəziyyət alır. Belə bir situasiyada narazıların mitinqdə iştirakı sual altındadır.


Publika.az Arif Hacılının başqanlığını tanımayan müsavatçılardan mitinqdə iştirak edib-etməyəcəklərini öyrənib.


“Bu, bütöv Müsavatın qərarı deyil”


Müsavat üzvü, professor Adil Qeybulla mitinqdə iştirak etməyəcəyini açıqlayıb.


“Bu, Müsavatın bütövlükdə deyil, bizim tanımadığımız hazırkı rəhbərliyin verdiyi qərardır. Yəni bunu Müsavatın qərarı hesab etmədiyim üçün mitinqdə iştirak etməyəcəm”, - deyə o, fikrini belə əsaslandırıb.


“Seçkili orqanda təmsil olunan şəxs kimi iştirak edəcəm”


Qubad İbadoğlunun tərəfdarı olan Müsavat Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədli isə mitinqdə iştirak edəcəyini bildirib: “Bu mitinq məhbuslarla bağlıdır. Mən seçkili orqanda təmsil olunan şəxs kimi mitinqdə iştirakı vacib sayıram”.


“Məlumatsızam... Bakıda olmayacam”


Müsavat üzvü, keçmiş başqan müşaviri Hüseyn Məlik mitinqdə iştirak edib-etməməklə bağlı qərar vermədiyini açıqlayıb. O, mitinq qərarından məlumatsız olduğunu bildirib: “Məlumatım yoxdur. Ona görə də konkret cavab verə bilməyəcəm”.


Arif Hacılının tənqid etdiyi üçün Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy mitinqdə iştirak etmək fikrində olmadığını bildirib. O, həmin ərəfədə Bakıda olmayacağını deyib.


“Arif Hacılı mitinqi məhbusları müdafiə etmək üçün yox, daxili narazılığı gizlətmək üçün keçirir”


Lakin başqanlığa keçmiş namizəd mitinqləri mənasız addım hesab edir. Onun fikrincə, mitinq qərarı yeni rəhbərliyin diqqəti daxili qarşıdurmadan yayındırmaq, cəmiyyətə “mən də varam” mesajını verməkdir.


“İnsan haqları kimi müxtəlif adlar altında mitinqlər keçirməyin əsas məqsədi başqadır. Əgər kimsə bu addımın gərəksiz olduğunu desə, qaraguruh dəstəsi bunun məhbuslara aid olduğunu əsas gətirərək növbəti böhtan kampaniyasına başlayacaq. Digər tərəfdən, onlar kiminlə mitinq edirlər? Bundan əvvəl Milli Şura iki mitinq keçirdi. Olduqca azsaylı insanın iştirak etdiyi həmin mitinqlər əslində təşkilatçıların əleyhinə işləyən haldır. Mitinqlərin yalnız sosial sifarişlər olduğu vaxt keçirilməsi doğru olar. Belə bir sifariş olmadığı halda min, yaxud iki min adam çıxartmaqla nəyə nail olmaq olar? Bu mitinq qərarı daha çox qonşudan geri qalma prinsipi ilə hərəkət etməkdir. Deməli, Milli Şura mitinq keçirdibsə, Müsavat da mütləq keçirməlidir”, - deyə o bildirib.


S. Əlisoy Müsavatın yeni rəhbərliyinin mitinq qərarının məhbuslara məhəbbətdən irəlin gəlmədiyini deyib: “Arif Hacılı bununla insan haqlarına, yaxud həbs olunanlara dəstəyini nümayiş etdirmir. O, diqqətləri qurultaydan sonra partiya daxilində yaranmış qarşıdurmadan yayındırmaq istəyir. Yəni cəmiyyətə Müsavatda heç bir qarşıdurmanın, narazılığın olmadığını göstərməyə çalışır. Adını məhbuslarla bağlayaraq əsl məqsədi bunun altında gizlədir. Bu da yalnız Arif Hacılı zehniyyətindən irəli gələ bilər. Lakin o özü də bununla heç nəyə nail olmayacağını dəqiq bilir. Bu addım onun işğal etdiyi Müsavata heç bir divident gətirməyəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm