Sahib Məmmədov: “İndi bu adamlar özlərini “qəhrəman” hesab edirlər”
Bizi izləyin

Nida.az

Sahib Məmmədov: “İndi bu adamlar özlərini “qəhrəman” hesab edirlər”

Xəbər verdiyimiz kimi, noyabrın 20-də Gürcüstanın Batumi şəhərində Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal yaşanıb. Belə ki, Çexiyanın “People in Need” təşkilatı foyedəki stendə Azərbaycana dair tənqidi plakatlar asıb. Həmin stendlərdə insan haqları ilə bağlı vəziyyəti tənqid edən fotolar və şüarlar yer alırdı. Plakatlardan birində isə Azərbaycan prezidenti təhqir edilib.

Azərbaycandan gedən nümayəndə heyətinin əksər üzvləri bunu ölkələrinə qarşı diskriminasiya kimi qiymətləndirərək, buna etiraz edərək, foruma qatılmaqdan imtina edib. Onlar bildiriblər ki, insan haqlarının pozulmasına dair hallar, başqa ölkələrdə, məsələn, Belorusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir? İştirakçılardan biri - Səlim Babayev isə üzərində Azərbaycan prezidentinin fotosu olan plakatı qopararaq, "müsadirə" edib. Çexlər polisə müraciət ediblər.

Məsələ ilə bağlı fikir bildirən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Publika.az-a açıqlamasında “People in Need” təşkilatı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Onun sözlərinə görə, artıq bir neçə ildir ki, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının təşkilatçılığı ilə Vətəndaş Cəmiyyəti Forumu keçirilir: “Həmin forumda 6 ölkənin (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan) vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir. Hər il vətəndaş cəmiyyətinin üzvləri bu foruma seçki yolu ilə üzv seçilirlər və 5 işçi qrupunda fəaliyyət göstərirlər. Artıq bir neçə ildir ki, Ermənistan nümayəndələri bu forumun İdarə Heyətində fəal təsir qüvvəsinə malikdir. Belə ki, “İrəvan Press-Klubu”nun rəhbəri Boris Navasardyan dəfələrlə bu forumda Dağlıq Qarabağın da müstəqil subyek kimi təmsil olunması məsələsini qaldırıb. Hətta, Navasardyan işğal olunmuş Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağın “tanınmayan müstəqil subyekt” olduğunu dilə gətirib.

Ancaq Azərbaycan tərəfinin də mövqeyi hər zaman ondan ibarət olub ki, əgər işğal olunmuş ərazilərimizin vətəndaş cəmiyyətləri də bu forumda təmsil olunmaq istəyirsə, o zaman onlar da Azərbaycan Milli Platformasının tərkibində iştirak edə bilər. Hətta, Azərbaycan Milli Platforması onlara kvota ayırmağa hazır olmasını da dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, əslində onların məqsədi “Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını” bu təşkilatda dalğalandırmaqdır. Ermənilər neçə illərdir ki, bunun üçün çalışırlar. Bu dəfə də Batumidə sözügedən məsələni qaldırıblar. Bu, zaman orada təmsil olunan bəzi azərbaycanlı nümayəndələr buna loyal münasibət göstəriblər”.

S.Məmmədov qeyd edib ki, ötən il Azərbaycan Milli Platforması oxşar hadisə ilə üzləşib: “Həmin vaxtı biz buna etiraz olaraq bəyanat verdik və onu imzaladıq. Çox təəssüf ki, həmin vaxtı bu bəyanata bəzi üzvlərimiz qoşulmadı. Ancaq bu adamlar indi özlərini “qəhrəman” hesab edirlər. Bu məsələdə Azərbaycan tərəfindən hər zaman fəallıq göstərən adamlardan biri Vüqar Bayramov olub. Ötən il də Vüqar Bayramovla birgə imkan vermədik ki, ermənilər istəklərinə nail olsunlar. İndi ermənilər bu dəfə də eyni məsələni qaldırıblar. Bununla bağlı cəhdi də həmin forumda təmsil olunan “People in Need” təşkilatı edib. Çünki ermənilərin bu forumda kifayət qədər səsi olmadığı üçün, onlara “People in Need” təşkilatı lobbiçilik edir. “People in Need” təşkilatı özünü müstəqil və obyektiv qurum hesab etsə də, əslində bu təşkilatın yaranışı belə Ermənistanla əlaqəlidir. Çünki “People in Need” təşkilatı vaxtilə Ermənistanda baş vermiş zəlzələdən əziyyət çəkən insanlara humanitar yardım etmək məqsədilə yaradılıb. İndi də bu təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri də Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə dəstək verməkdir. Nədənsə bu təşkilatın siyasi fəaliyyətini yalnız Azərbaycanda aparır. Ancaq digər ölkələrdə yalnız humanitar fəaliyyətlə məşğul olur. “People in Need” təşkilatı beynəlxalq hüququn prinsiplərini pozaraq, yalnız bir tərəfə, yəni Ermənistana humanitar yardımlar edir. Azərbaycana isə heç bir humanitar yardım etmir. Əksinə, Azərbaycanda bu təşkilat siyasi fəaliyyət göstərməyə çalışır. Bu isə beynəlxalq hüququn prinsiplərinə tam ziddir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm