Qubad İbadoğlu təkzib etdi: “Partiya yaratmaq fikrim yoxdur”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu təkzib etdi: “Partiya yaratmaq fikrim yoxdur”

“Mənim hansısa təşkilat, yaxud ayrıca partiya yaratmaq fikrim yoxdur”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu narazıların “Demokratik Müsavat Partiyası” haqda deyilənlərə münasibət bildirərkən söyləyib.


Qeyd edək ki, Almaniyada yaşayan İsa Qəmbərin qardaşı Rövşən Qəmbər müsahibəsində “Demokratik Müsavat Partiyası” yaratmaq niyyətində olduqlarını açıqlayıb.


“Aprel ayında Qubad İbadoğlunun tərəfdarları ilə yeni partiya yaradacağıq”, - deyə o bildirib.


Q. İbadoğlu isə bu haqda məlumatları mediadan oxuduğunu deyib. Lakin belə bir niyyətinin olmadığını bildirib: “Mən hazırda Müsavatda fəaliyyətimi davam etdirərəm. Bundan sonra da davam etdirmək niyyətindəyəm. Hansısa siyasi təşkilat, yaxud Müsavatın bölünməsinə səbəb olacaq partiya yaratmaq kimi məqsədlərim yoxdur”.


Başqanlığa keçmiş namizəd Müsavat partiyasına tövsiyələr paketi hazırladığını bəyan edib.


“Müsavatın güclənməsi, hazırda davam edən daxili gərginliyin aradan qaldırılması üçün barışığa çalışıram. Eləcə də partiyanın işinin yenidən qurulması və problemlərin həlli istiqamətində tövsiyələr paketi hazırlamışam. Bu tövsiyələr müzakirə edilərsə, mən də orda iştirak edərək Müsavatın güclənməsinə çalışacam”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm