Əli Kərimlinin eks-müavini “People in Need”-in ermənipərəst mövqeyini pislədi
Bizi izləyin

Nida.az

Əli Kərimlinin eks-müavini “People in Need”-in ermənipərəst mövqeyini pislədi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dosenti İbrahim Vəliyev Müsavat partiyası və AXCP funksionerləri arasında Batumi qalmaqalına görə gedən açıq mübarizə ilə bağlı məsələyə münasibət bildirib.

Eks cəbhəçi Publika.az-a açıqlamasında deyib ki, yaranmış qalmaqalla bağlı AXCP-də heç günah yoxdur: “Çünki AXCP hələ hərəkat dövründən bəri hər zaman Müsavata güzəştə gedib. Bir zamanlar Müsavat ilə AXCP-nin birləşməsi məsələsi gündəmdə idi. Həmin vaxtı da biz güzəştə getmişdik, hətta qərar da qəbul olunmuşdu. Ancaq sonradan onlar geri çəkildi. Yəni, AXCP hər zaman birliyin tərəfdarı olub. Bütün bunlara baxmayaraq, bir-birinə qarşı bu qədər açıq ittihamlar irəli sürmək qəbul olunmaz haldır”.

Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun Batumidə keçirilmiş iclasında yaşanan qalmaqala da toxunan İ.Vəliyev “People in Need” təşkilatının ermənipərəst mövqe sərgilməsinə qarşı olduğunu söyləyib: “Mənim Batumi hadisələrindən xəbərim yoxdur. Ancaq mətbuat Batumidə biabırçılıq olduğunu yazır. Əgər “People in Need” təşkilatı Azərbaycan və Qarabağla bağlı bu cür mövqe sərgiləyirsə, o zaman mən də bu təşkilatın əleyhinəyəm. İndi Azərbaycanda xeyli sayda kiçik saylı milli azlıqlar yaşayır. Bu təşkilatın mövqeyindən belə çıxır ki, o zaman həmin milli azlıqların da orada nümayəndəsi olmalıdır. Bəs Ermənistanda nə üçün milli azlıqların nümayəndəsi yoxdur? Bu, əsla belə ola bilməz. Həmin təşkilatın Azərbaycanla bağlı bu cür mövqeyi doğru deyil. Bu, yolverilməzdir. Mən bu cür mövqeyi əsla dəstəkləmərəm. Çünki Azərbaycan suveren dövlətdir. Azərbaycan dövlətinin ərazilərində, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər və digər xalqların nümayəndələri bizim vətəndaşlar hesab olunur. Ona görə də “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycan ərazilərindən ikinci müstəqil nümayəndə heyətinin təmsil olunması qəbuledilməzdir. Əgər buna imkan verilərsə, o zaman biz Azərbaycan ərazisində ikinci bir “müstəqil” qurumun olmasını “de fakto” tanımış olarıq”.

İ.Vəliyev deyib ki, istənilən halda bu cür məsələlər geniş ictimaiyyət qarşısında deyil, müxalifət daxilində həll olunmalıdır: “Çünki bu cür məsələlərin mətbuatda bu qədər geniş müzakirə olunması və yaranan mübahisələr, xalqın onlara olan inamını bir daha qırmış olur. Bu cür hərəkətlər müxalifətin birliyinə də zərbə vurur və şübhə yaradır. Hesab edirəm ki, bu cür milli məsələlərə görə müxalifət daxilində qətiyyən fikir ayrılığı olmamalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm