İŞİD Bakıdan 5 saatlıq məsafədə - azərbaycanlı radikalların yeni ünvanı
Bizi izləyin

Nida.az

İŞİD Bakıdan 5 saatlıq məsafədə - azərbaycanlı radikalların yeni ünvanı

İŞİD təhlükəsi Azərbaycanın Şimal sərhədlərinə qədər gəlib çatdı.


Dağıstanda fəaliyyət göstərən radikal islamçı yaraqlıların lideri “əmir Süleyman"ın internetdə yayılmış videomüraciətində İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içərək “Biz Auxovski mücahidləri camaatı sizə sədaqət andı içməyi qərara aldıq” deməsi təhlükənin reallığından xəbər verir. Artıq bizim üçün “islam dövləti” təhdidi uzaq torpaqlar olan Yaxın Şərqdə deyil, bir neçə saatlıq məsafədədir...


“Bloomberg” saytı Rusiya rəsmi mənbələrinə istinadən müraciəti yayan şəxsin Dağıstan sakini Süleyman Zaynalabidov olduğunu yazıb.


“Hazırda Dağıstanda 300-dən çox şəxs İŞİD sıralarında döyüşür və onlardan 10-a yaxını geri qayıtdıqdan sonra Rusiya təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda öldürülüb”, - deyə sayt bildirib.


“Əmir Süleyman” faktorunun Şimali Qafqazda ortaya çıxması Rusiyaya qarşı ABŞ-ın “kamikadze hücumu” hazırladığı ehtimalını yüksəldir. Güman ki, bu şəxs İŞİD tərəfindən hazırlanıb və görünür, qruplaşma mübarizə məkanını dəyişmək, daha doğrusu, genişləndirmək niyyətindədir. İŞİD-in Qafqaza dairə təhdid dolu açıqlamaları artıq tendensiya halını alıb. ABŞ rəhbərliyi ilə koalisiya qüvvələrinin İŞİD qüvvələrinə qarşı hücumlar etdiyi bir vaxtda “əmir Süleymanın” Şimali Qafqazda peyda olması Rusiyanın sanksiya, insan haqları və digər metodlarla deyil, qeyri-sivil yollarla sıxışdırılması planından xəbər verə bilər. Burda Yaxın Şərq İnstitutunun prezidenti Vyaçeslav Matuzovun bir müddət öncə açıqladığı “ABŞ İŞİD-i şimal istiqamətində, Qafqaza yönəltməyə çalışır” fikirləri yada düşür.


“Onlar “İslam Dövləti”ni yaradaraq silahlandırdılar və bütün müharibə dövründə Suriya rejiminə qarşı maliyyələşdirdilər. Bu gün isə onları Qafqaza, Rusiyaya və Qara dəniz hövzəsinə doğru yönəltmək istəyirlər”, -deyə rusiyalı şərqşünas bildirmişdi.



Lakin Azərbaycan üçün ən önəmli olan İŞİD təhlükəsinin bir neçə saatlıq məsafəyə qədər gəlib çıxmasıdır. Daha dəqiq desək, Dağıstan paytaxt Bakıdan təxminən 5 saatlıq məsafədə yerləşir.

Bu artıq təsdiqlənmiş faktdır ki, ölkədə radikal qruplaşmalar Şimal bölgəsində cəmləşib. Buna səbəbsə məhz Dağıstanla bu bölgənin həmsərhəd olmasıdır. Araşdırmalar göstərir ki, radikal qruplara qarşı dövlət səviyyəsində addımlar sərtləşdikdən sonra Suriyaya “cihad” arxasınca gedənlərin sayı azalıb. Lakin bu, onların fikirlərini dəyişməsi demək deyil.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Elçin Əsgərov Publika.az-a açıqlamasında ölkədə hələ də İŞİD-i dəstəkləyənlərin olduğunu deyib.


“Ölkədə İŞİD-i gizli dəstəkləyənlər kifayət qədərdir. Suriyaya, İraqa gedənlərin sayını nəzərə alsaq, deyə bilərik ki, bu üzdə olan informasiyalardır. Amma sosial şəbəkələrə nəzər yetirin, orda belə insanları açıq şəkildə görmək mümkündür. Müxtəlif gizli profillər altında İŞİD-in təbliğatını aparırlar. Ola bilsin ki, əksəriyyəti aktiv şəkildə qoşulmaqdan, təbliğ etməkdən çəkinir. Onlar passiv təbəqədir və hər an aktivləşə bilər”, - deyə ekspert bildirib.

İŞİD-in Şimali Qafqaza gəlməsi Yaxın Şərqə qədər uzun yolu gedib cihad etmək istəməyənlərə bu arzularını bir neçə saatlıq yol gedərək reallaşdırmaq imkanı yaradır.


Bu fonda Almaniyanın “Deutsche Welle” nəşrinin ötən ay yaydığı məlumatlar diqqət çəkir. Nəşr post-sovet məkanından olan radikalların son vaxtlar Şimali Qafqaza toplaşdığını bildirib. Onlar müxtəlif səbəblərdən Suriya və İraqa gedib İŞİD-ə qoşula bilmirlər. Əvəzində cihad istəklərinin olduğu bu bölgəyə axın edirlər.

Nəşr Suriyadan geri dönənlərin də bu bölgəyə gəldiyini bildirib. Misal üçün, oktyabrın 6-da Dağıstanın Kirovaul kəndində xüsusi əməliyyat keçirilib. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, əməliyyat nəticəsində öldürülmüş Alidibir Aslundinov yaxın vaxtlarda Suriyadan qayıdıb. Bu, cihadçıların “Suriya təcrübəsini” öz vətənində tətbiq etməsinin ilk təcrübəsidir.

Azərbaycanla Dağıstan sərhədində potensial “cihad qüvvələrinin” olduğuna dair iddialar artıq özünü doğruldur. Daha çox pərakəndə şəkildə fəaliyyət göstərən bu qüvvələrin bundan sonra “əmir Süleyman"ın ətrafına toplaşacaqları ehtimalı böyükdür.


Şimal regionu üzrə İnsan Hüquqlarının Monitorinq Mərkəzinin sədri Müqəddəs Mehdiyev Publika.az-a açıqlamasında bölgədə radikal dindarların olduğunu istisna etmir. Onun sözlərinə görə, bu şəxslərin Dağıstana gedib-gəlməsi olduqca asandır: “Əslində bölgəyə radikal dindarlığın “idxalı” da məhz Şimali Qafqazdan gəlib. Bundan sonra bölgədəki radikalların Dağıstana axın etməsi ehtimalı böyükdür. Bu, sərhədlərimizdən kifayət qədər uzaq olan İŞİD terrorunun burnumuzun dibinə qədər gəlib çıxması deməkdir”.


Asif Nərimanlı




Oxumağa davam et
Reklam
Reklam

Gündəm