“Hakimiyyəti söyməklə milli işə xidmət etmək olmaz” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Hakimiyyəti söyməklə milli işə xidmət etmək olmaz” – MÜSAHİBƏ

Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olmuş Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının Publika.az-a müsahibəsi:

– Gələn ay Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Partiyanız seçkilərə necə hazırlaşır?

– Bəzi siyasi partiyalardan fərqli olaraq, biz partiya kimi sənədlərimizi vermişik. Artıq partiyamızın qeydiyyatdan keçmiş bir çox namizədləri var və onlar rayonlarımız üzrə əhatə olunub. Namizədlərimiz arasında azsaylı xalqların da nümayəndələri təmsil olunur. Onların arasında qeydiyyatdan keçənlər də, keçməyənlər də var. Hazırda seçkilərə ciddi hazırlıq işləri görülür. Çalışacağıq ki, partiya kimi namizədlərimizin təbliğat prosesinə yaxından kömək göstərək. Güman edirəm ki, Vətəndaş Həmrəyliyi Partiyası əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə, bu il sayca daha çox namizədlə təmsil olunacaq. Çox təəssüf ki, ildən-ilə bələdiyyə seçkilərinə maraq azalır. Hazırda da bələdiyyə seçkilərində iştirak etmək istəyən şəxslərin sayı çox azdır. Buna səbəb də bələdiyyələrdən gözləntilərin özünü doğrultmamasıdır. Dairələrdə çalışanlar və rəsmi mövqe tutan şəxslər çox təəssüf ki, seçkilərə qeyri-ciddi yanaşırlar. Sənədləri təqdim etmək üçün gələn namizədləri yerlərdə ruhdan salırlar, onlara deyirlər ki, seçkilərdə iştirak etməyinizin heç əhəmiyyəti yoxdur və sairə. Yəni, yerlərdə bu cür təbliğatlar aparılır ki, bu da bələdiyyə seçkilərində iştirak etmək istəyən şəxsləri həvəsdən salır.

– Hər halda, Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları arasında yaranan qalmaqaldan da məlumatlısınız. Necə baxırsız bunlara?

– Bu prosesləri çox diqqətlə izləməsəm də, baş verənlərə təəssüflənirəm. Mən hər zaman məşhur bir şeirdə deyildiyi kimi, pozanın başqalarını poza-poza, sonda özünü çirkaba buladığını demişəm. Bizim müxalifət düşərgəsində də bəzi adamların özlərini böyütmək üçün, başqalarını sıradan çıxarmaq meylləri olub. “Doğru müxalifət” və ya “Konstruktiv müxalifət” kimi şüarlarla başqalarının üzərinə kölgə salmaq istəyən qüvvələr sonda gəlib üz-üzə qaldılar. İndi də bir-birlərini sıradan çıxartmaq istəyirlər. Təəssüf edirəm ki, onların arasında bizim uzun illərdən bəri yol gəldiyimiz şəxslər də var. İndi də onlar bir-birinə qarşı çevriliblər. Bütün bunları başa düşməkdə çətinlik çəkirəm. Bilirsiniz, bu ölkədə normal müxalifət olmalıdır.

– Müxalifət üçün səslənən əsas iradlardan biri o olur ki, Azərbaycanda ümumi müxalifətin vahid lideri olsun. Sizcə, bu lider kim ola bilərsiniz?

– Əgər bu onlardan asılı olan məsələ və yaxud da bir araya gəlmək imkanları olsaydı, yəqin ki, bu qədər parçalanma olmazdı. Axı onların ümumi lideri kim olacaq? Öz partiyalarının lideri ola bilməyən və partiyalarını idarə edə bilməyən adamlardan bütöv müxalifətin lideri ola bilməz. Milli Şura yaradılanda da, ondan əvvəl də müxalifətin vahid lideri məsələsinə cəhdlər oldu. Ancaq bu mümkün olmadı. İndiki halda bunu yaratmaq mümkün deyil. Bunu təbii proseslər yetişdirməlidir. Çox təəssüf ki, müxalifət partiyalarını üz-üzə qoymaq istəyən kənar qüvvələr də çoxdur. İndiki halda bütöv müxalifətin vahid namizədi yükünü üzərinə götürmək istəyən adam yoxdur. Əgər kim bu cür yükün altına girsə, bir neçə gündən sonra həmin insan partiyadakılar tərəfindən şərlənəcək və sairə.

Digər tərəfdən isə adətən, belə bir məsələ seçki ərəfəsi önə çıxır. İndi müxalifətin elə bir ciddi mübarizəsi və ya fəaliyyəti yoxdur. Ona görə də mövcud adamların arasından kimisə seçmək imkanları çox məhduddur. 1988-ci ildə millət kimə qulaq asırdısa, o adam da önə çıxırdı. O zaman biz Azərbaycan Xalq Cəbhəsinin qurultayını keçirdik və Əbülfəz Elçibəyi hərəkatın vahid lideri seçdik. İndi belə bir hərəkat yoxdur. Ona görə də kimsənin önə çıxması elə də asan məsələ deyil. Çox təəssüf ki, indi müxalifətin bütün qrupları 20 ildən çox hərəkatda bir yerdə olduqları insanları gözdən salmaq üçün fəaliyyət göstəriblər. Bunu həm müxalifət, həm də iqtidar qrupları edib. İqtidar daim çalışıb ki, özünə sərf edən müxalifət yaransın. Çox təəssüf ki, müxalifətdə də bütün qüvvələri sıradan çıxarıb, ortada tək qalmaq meyilləri güclü olub. Bu isə indiki acınacaqlı vəziyyətə gətirib çıxarıb.

– Milli Şurada təmsil olunan bir sıra şəxslər müxalifət partiyalarını qruplara ayıraraq, özlərini “doğru müxalifət”, sizi və digər bir neçə partiyanı isə “iqtidarın yaratdığı müxalifət” hesab edirlər…

– Vallah, kim nə deyirsə, desin. Kimin hansı yola olduğunu xalq və millət yaxşı görür. Biz 1992-ci ildən bəri fəaliyyət göstəririk. Mənim 1 hakimiyyətim var, o da millətimdir. Mənim bir amalım var, o da bu xalqa və millətə xidmət etməkdir. Azərbaycan hələ müstəqil olmamışdan öncə də mən bu yolda olmuşam. Yazdığım kitablarla, sürdüyün həyat tərzimlə bunu dəfələrlə sübut etmişəm. Başa düşmürəm ki, mən daha nə etməliyəm ki, bu cür söz-söhbətlərə son verilsin? Dediyim kimi, bu cür söhbətləri ortaya atanlar, doğru müxalifətçilik etmək istəyənlər və real iş görmək istəyən adamlar deyil. Onlar müəyyən sifarişlərlə ortada mövcud olan gücləri sıradan çıxarmağa xidmət edənlərdir.

Digər tərəfdən isə qeyd edim ki, mən bu hakimiyyətə düşmən mövqeyində dayanan adam deyiləm. İndiki halda bir şeyi yaxşı dərk edirəm ki, biz müharibə şəraitində yaşayırıq, torpaqlarımızın bir hissəsi işğal olunub və belə bir şəraitdə bizim bir-birimizə şər atmağa heç bir haqqımız yoxdur. Bu cür vəziyyətdə olan dövlətlərin və millətlərin bir çıxış yolu olur. Bu yolda ondan ibarətdir ki, dövlət, xalq və ordu bir yerdə olmalıdır, bir-birini yaxşı anlamalıdır, dialoqa getməlidir. Əks halda, bir-birimizə ləkə yaxmaqla nəyi əldə edəcəyik?

Bizi hakimiyyətə yaxınlıqda ittiham edən şəxslərin hansı biri, hakimiyyətlə dialoqla hakimiyyətin səhvlərini üzlərinə dediyimizi ediblər? Onlar yalnız və yalnız öz qəzetlərində jurnalistləri irəli verərək, hakimiyyəti söyməklə məşğul olurlar. Məgər bu milli işə xidmətdir? Hakimiyyəti söyməklə milli iş xidmət etmək olmaz. Milli işə xidmət milli həmrəyliyin əldə olunmasıdır, cəmiyyətdə bu cür zərərli meylləri aradan qaldırmaqdır, müxtəlif qütbləri yaxınlaşdırmaqdır və sairə. Mən milli işə xidməti bu cür görürəm.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm