• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sərdar Cəlaloğlu: “Əli Kərimli iqtidara iki dəfə yarınıb” – Müsahibə

  • Nida.az
  • 1 Dekabr 2014 10:54
  • 586 Baxış
Sərdar Cəlaloğlu: “Əli Kərimli iqtidara iki dəfə yarınıb” – Müsahibə

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.az-a müsahibəsində AXCP rəhbərliyi ilə qarşıdurmasına aydınlıq gətirib.


- Sərdar bəy, siz Əli Kərimlini “primadonna” adlandırandan sonra AXCP rəhbərliyi sizi iqtidara işləməkdə ittiham etdi. Onların iddiasına görə, siz Əli Kərimliyə qarşı çıxmaqla qarşıdan gələn parlament seçkilərində mandat əldə etmək istəyirsiniz.


- Yarınmaqla deputat olmaq mümkün olsaydı, onda Əli Kərimli iqtidara iki dəfə yarınıb. O indiyə qədər iki dəfə deputat olub, mən heç bir dəfə də olmamışam.


- Sizcə, Əli Kərimlinin digər müxalifət partiyalarının hər birini satqınlıqda, xəyanətdə ittiham etməsi nədən irəli gəlir?


- O, müxalifətdə təşəbbüsü ələ alıb diqqətini özünə cəlb etmək istəyir. Beləliklə, müxalifətə hər hansı maddi, mənəvi dəstək olacaqsa, bunu özü almağa çalışır. Yoxsa, onun addımlarının milli maraqlar, yaxud insan haqları məsələsi durmur. Misal üçün, onların məhbuslarla bağlı mitinqlərində Müsavat iştirak etdi. Amma onlar Müsavatın mitinqində iştirak etməmək qərarını veriblər. Bu nə deməkdir? Necə olur, insan haqlarını müdafiə etdiyini deyirsən, amma başqası müdafiə edəndə onun əleyhinə qərar verirsən. Bu, onların hər bir məsələ arxasında qrup maraqlarının olduğunu göstərir.


- Əli Kərimli xaricdən gələn dəstəyi mənimsəmək istəyir?


- Mən bunun konkret belə olduğunu demirəm, sadəcə olaraq, niyyət budur. Xaricdən maliyyə gəldiyi haqda dəqiq məlumatım yoxdur. Biz özümüz xaricdən heç bir dəstək almamışıq. Amma onların davranışlarının ağıllı izahını tapa bilmirəm. Nə üçün ciddi-cəhdlə hamını ləkələyərək yalnız özünü müxalifət hesab edir? Bunun yeganə izahı başqalarından seçilmək və yuxarıda dediyim məsələdir.
Burdan da görünür ki, bütün məqsəd həbslərə görə xaricdən ayrılacaq yardımları almaqdır. Bu günə qədər müxalifətə ayrılan hər cür yardımı alıb təyinatı üzrə xərcləməyiblər, indi də bunu istəyirlər. Yəni məqsəd müdafiə etmək yox, müdafiə adı altında divident qazanmaqdır. Ona görə də başqalarının müdafiəsinə belə qısqanclıqla yanaşırlar.


- Sosial şəbəkələrdə cəbhəçilər sizə qarşı sərt ittihamlar, təhqirlər yağdırır.


- Onlar zavallı qaraguruh təbəqədir. Ağıl, şüur cəhətdən inkişaf etməyiblər. Onlarda siyasi mədəniyyət deyilən şey yoxdur. Əllərindən söyüş söyməkdən başqa heç nə gəlmir. İnsanın arqumentləri qurtaranda dərhal söyüşə keçir. Əli Kərimlinin istefa vermiş müavinlərindən biri şəxsən mənə demişdi ki, Əli bəyin tapşırığı ilə sosial şəbəkələrdə 20-30 nəfərlik qrup düzəldiblər. Onların işi ancaq şəbəkədə oturub virtual aləmdə AXCP-ni, Əli Kərimlini müdafiə etmək və başqalarına qarşı təhqir kampaniyası aparmaqdır. Bunu dəqiq bilirəm.


- Sizcə, niyə belə hərəkət edirlər?


- Onlar “kim bizim kimi düşünmür, yanımızda deyil, deməli, düşməndir” yanaşması ilə yaşayırlar. Vaxtilə ictimai Palatada Müsavatla bir yerdə idi, onda müsavatçılara dost deyirdilər. Ayrılan kimi onları düşmən elan etdilər. Sonra Milli Şurada bir araya gəldilər, yenə dost dedilər. Müsavat çıxan kimi xain elan etdilər. Bu adamın psixologiyası belədir. Hər şeyi öz yanaşması ilə ölçür. Ona kim yaxındır, deməli, doğrudur, ona qarşı olanlar xaindirlər.


- Maraqlıdır, jurnalist Xədicə İsmayıl da sizə və Müsavata qarşı kampaniyada cəbhəçilərin yanında yer alıb.


- Xədicə İsmayıl Əli Kərimlini müdafiə etdiyini özü də təkzib etmir. O, AXCP-nin ən yaxın təbliğatçılarından biridir. Ümumiyyətlə “Azadlıq radiosu”nun böyük əksəriyyəti AXCP-dən yaxud “Azadlıq” qəzetindən çıxanlardır, yaxud Əli Kərimliyə yaxın olanlardır. Vaxtilə Bakı bürosunun sədri olmuş biri də “Azadlıq” qəzetinin əməkdaşı olmuşdu. Xədicə İsmayıl jurnalistdən çox xəfiyyə kimi davranır. O, həmişə AXCP-ni ən demokrat, ən real müxalifət kimi təqdim edir. Digərlərini isə gözdən salır. İsa Qəmbər, mən və digərləri “Azadlıq radiosu”na gedəndə Xədicə İsmayıl bizi asıb-kəsir, siyasi tərəf kimi çıxış edir, amma AXCP üzvləri ora gedəndə hər şey çox normal olur.

Qərbin Azərbaycan müxalifətinə dəstək verməməsinin əsas səbəblərindən biri AXCP-nin, eləcə də Xədicə İsmayıl kimi jurnalistlərin donos verməyidir. Onlar müxalifəti gözdən salma kampaniyası aparırlar. Halbuki, bu ən aşağı səviyyəli işdir. Ümumiyyətlə iqtidara qarşı donos verməyə də mənfi baxıram. Biz iqtidarın siyasətini qəbul etmirik və buna qarşı alternativlərimizi qoyuruq. Lakin hansısa avropalı siyasətçiyə iqtidardan donos vermək, yaxud hansısa müxalifət lideri haqda yanlış məlumatlar ötürmək, piar kampaniyası aparmaq çox axmaq yanaşmadır.


- Sərdar bəy, AXCP, sizcə, qərbyönümlü partiyadır?


- Xeyr. Onlar üçün qərbyönümlü, rusiyayönümlü, yaxud iranyönümlü olmaq məsələsi yoxdur. Hakimiyyətə gəlməkdə kim onlara dəstək versə, deməli, onun yanındadırlar.


- Bunu ona görə soruşdum ki, ötən il prezident seçkilərindən öncə Əli Kərimlinin müavinlərindən biri Milli Şurada “Rusiyanı çağıraq, bu hakimiyyəti devirsin” demişdi.


- Bu aydın məsələdir. Onların maraqları harada təmin olunursa, ordadırlar. İqtidarla əməkdaşlıq maraqlarını təmin edirsə, hakimiyyətin yanına gəlir, başqa cür olanda, fərqli hərəkət edirlər.


- Cəmil Həsənli niyə Əli Kərimlinin yanındadır?


- Cəmil Həsənli Əli Kərimlinin adamıdır. Bu əvvəldən belə olub. Əli Kərimli nə deyirsə, Cəmil Həsənli onu təkrarlayır. Onların hər iki də siyasəti şəxsi münasibətlə qarışdırıb, hər kəsə şəxsi prizmadan baxırlar.


- Maraqlıdır, ötən il Avropaya mühacirət edən ekspert Yaşar Cəfərli bir il sonra Əli Kərimliyə müraciət edərək AXCP-yə üzv olmaq istədiyini bildirdi. Onun kimi bir çox mühacirət edənlər eyni addımı atmışdı. Məlumatlara görə, Əli Kərimli onların mühacir statusu almasına yardım edir.


- Birincisi, “Siyasi partiyalar haqqında” qanun xarici ölkə vətəndaşlarını Azərbaycanda partiya üzvü olmasını qadağan edir. İkincisi, bu cür adamları AXCP sıralarına cəlb etməklə Əli Kərimli Avropaya tərəfdarlarının təzyiq altında olduğunu göstərmək istəyir. Hətta başqa səbəblərdən mühacirət edənləri də öz partiyasına daxil edir və bununla xaricdə imic yaradır, eləcə də müxtəlif dividentlər əldə edir.


- İqtidarla dialoq məsələsi nə yerdədir?


- Əli Həsənov şifahi olaraq buna müsbət cavab verib. Hələlik, konkret addımlar atılmayıb. Dörd partiya olaraq bu təşəbbüsü irəli sürmüşük. əgər baş tutacaqsa, qoşulmaq istəyən digər partiyaların işinə də baxa bilərik.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR