Müsavatın bölünməsinə iki gün qaldı – fraksiya qərarı qalmaqal yaratdı
Bizi izləyin

Nida.az

Müsavatın bölünməsinə iki gün qaldı – fraksiya qərarı qalmaqal yaratdı

Müsavat Partiyasında yeni rəhbərliyin legitimliyini tanımayan narazılar fraksiya yaratmaq qərarını veriblər.

Fraksiya yaradılmasına iki gün qaldı

Fraksiya ideyasının müəllifi, başqanlığa keçmiş namizəd Tural Abbaslı Publika.az-a açıqlamasında ötən həftənin şənbə günü Qubad İbadoğlunun da iştirakı ilə toplantı keçirdiklərini bildirib. Onun sözlərinə görə, toplantıda bu həftənin çərşənbə gününə qədər fraksiyanın yaradılması, onun idarə forması, kollegial, yoxsa həmsədrlik institutunun olması, məqsədi və digər mexanizmlərini özündə əks etdirən sənəd hazırlanacaq: “Bu sənədi Qubad bəy hazırlayacaq və birgə müzakirə edəcəyik. Fraksiya olaraq nizamnaməni pozmadan partiyadaxili qurum olaraq fəaliyyət göstərəcəyik”.

Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu isə qərarlarını çərşənbə günü açıqlayacaqlarını bildirib.

Hikmət Hacızadə, Səxavət Əlisoy, Əlövsət Talışxanlı fraksiyada təmsil olunmayacaq.

Arif Hacılının əsas əleyhdarlarından olan, bir müddət öncə Müsavatdan çıxarılan Səxavət Əlisoy toplantıda iştirak etmədiyini bildirib: “Mən Bakıda olmamışam, ona görə müzakirələrdən xəbərsizəm. Bununla bağlı Qubad bəylə əlaqə saxlayacam”.

Qeyd edək ki, S. Əlisoy Partiyadan uzaqlaşdırıldıqdan sonra Hikmət Hacızadə, Əlövsət Talışxanlı Müsavatdan istefa verib. Fraksiyanın partiya nizamanməsinə əməl edəcəyi və daxili qurum olaraq fəaliyyətini quracağını nəzərə alsaq, partiya üzvü olmayan müsavatçıların burda təmsilçiliyi sual altında düşür.

T. Abbaslı partiyadan çıxarılan və istefa verənlərin fraksiyada təmsil olunmasının mümkünsüz olduğunu bildirib: “Fraksiya daxili qurum kimi fəaliyyət göstərəcəyi üçün partiyadan xaric olunanlar istəsələr də orda təmsil oluna bilməyəcəklər. Çünki biz partiya daxili qurum olaraq demokratikləşməyə və nizamnaməyə əməl edilməsinə çalışacağıq. Belə olan təqdirdə partiya üzvü olmayanların da orda təmsilçiliyi doğru olmaz. Lakin bu rəsmi qaydada belə olacaq. Qeyri-rəsmi olaraq o insanlar dostlarımızdır və kənardan bizə dəstək verəcəklər”.

Müsavat rəhbərliyi qarşı çıxır: “Nizamnamə işə düşəcək”

Müsavat başqanının müavini Gülağa Aslanlı fraksiya yaratmağın doğru qərar olmadığını bildirib: “Bu, nizamnamədə olmayan bir şeydir və partiyanın bütövlüyünə zərər verəcək amildir. Onlar fraksiya yaratsalar belə, bu, özlüyündə bir şey deyil. Çünki nizamnamə bunu tanımır”.

Arif Hacılının digər müavini Elman Fəttah isə fraksiyanın heç bir səlahiyyətə malik olmayacağını vurğulayıb.

“Mən bir dəfə bu haqda danışmışam. Yenə təkrar edirəm, peşəkar siyasətdə fraksiya məsələsi fərqlidir. Fraksiya yalnız ideoloji fərqlər olanda ortaya çıxa bilər. Amma narazılar Müsavat ideologiyasını qəbul etdikləri halda, fraksiya yaratmaq istəyirlər. Bu məntiqsizdir. Onların etdiyi sadəcə olaraq, uşaq cığallığıdır”, - deyə başqan müavini bildirib.

E. Fəttah fraksiyanın partiyanın bütövlüyünə zərər verəcəyini düşünür: “Biz bunun baş verməcəyinə ümid edirik. Əks təqdirdə nizamnamə işə düşəcək”.

“Elman Fəttah bunu anladığına görə sevinirəm”

T. Abbaslı isə E. Fəttahın bu yanaşmasına görə sevindiyini açıqlayıb: “Elman bəyin nəhayət nizamnamədəki fikirləri qəbul etdiyinə görə sevinirəm. Eyni insanlar zamanında fraksiyanı nizamnamə pozuntusu adlandıraraq “sizi cəzalandıracağıq, asacağıq, kəsəcəyik” deyirdilər. Biz bunun pozuntu olmadığını deyirdik. Çünki nizamnamədə qadağan olunmayan məsələlər pozuntu demək deyil. Onlar bizi heç bir statusla cəzalandıra bilməzlər. Fraksiya qeyri-formal olaraq partiyadaxili qurumdur. Nizamnamənin hansı bəndi bunu qadağan edir və onlar nəyə istinadən bizə qarşı çıxa bilərlər? Bu, bir növ İctimai Palatanın statusunda olan qurumdur. İctimai Palatanı hökumət tanımırdı. Lakin bu qurum fəaliyyət göstərirdi. Onun da fəaliyyəti Azərbaycan qanunvericiliyi ilə tənzimlənmirdi. Fraksiya da eyni tipli prosesdir. Müsavatda müəyyən bir toplum birləşərək eyni mövqedən çıxış edir, məsələlərə ümumi münasibət bildirir, partiya daxilində bir-birini hüquqi-siyasi baxımdan müdafiə edir. Bunu heç kim qadağan edə bilməz. Bu de-yure yox, de-fakto birləşmədir”.

“Özlərini demokrat adlandıranlar...”

T. Abbaslı başqan müavininin ideoloji fərqliliklə bağlı fikirlərini qəbul etmir.

“Fərqlilik təkcə ideologiyada ola bilməz. Bu idarəetmə formasında, aparılan siyasətdə, verilən qərarlarda da ola bilər. Özlərini demokrat adlandıranların bundan xəbərinin olub-olmadığını deyə bilmərəm. Amma Elman bəy bunları anladığına görə sevinirəm” , - deyə o vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm