İran urana sarı... - ANALİZ
Bizi izləyin

Nida.az

İran urana sarı... - ANALİZ

İran və "altılıq" ölkələri arasında Moskvada keçirilən iki günlük nüvə danışıqları başa çatıb.

İyunun 18-də başlayan görüşdə İran tərəfinə uranın zənginləşdirilməsinin minimum dörd dəfəyə qədər azaldılması təklif olunub. Əks təqdirdə ABŞ-ın yeni danışıqlardan imtina edəcəyi və Tehrana yeni sanksiyaların tətbiq edilməsinin qaçılmaz olacağı bildirilib.

Publika.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, görüşdə İranın təqdim etdiyi dəlillərdə məntiqi, hüquqi əsasların olduğunu "altılıq" ölkələri də qəbul edib. Politoloq hesab edir ki, hər iki tərəf hərbi variantdan qaçdığı üçün danışıqların davam etdirilməsində maraqlıdır.

İndiyə kimi keçirilən görüşlərdə İrandan uranın zənginləşdirməsini dayandırmağı tələb edən "altılıq" Moskva görüşündə İran tərəfinə uranın zənginləşdirilməsinin minimum dörd dəfəyə qədər azaldılmasını təklif edib. Müasir İranı Öyrənən Mərkəzin baş direktoru, politoloq Rəcəb Səfərov bu məqamı İranın uğuru adlandırıb.

Zərdüşt Əlizadə isə Qərbin geri çəkildiyi iddiası ilə razı deyil: "Qərbin İrana güzəştə gedəcəyi inandırıcı görünmür. Qərb İrana 20 faizə qədər zənginləşdirilmiş uranı verməyə hazırdır. İran isə ümumiyyətlə ona lazım olan uranın xaricdə zənginləşdirilməsinin əleyhinədir. İranın deyir ki, İsrailin 200 nüvə silahına heç bir söz deyilmədiyi halda, elmi,səhiyyə və təbabət məqsədləri üçün istifadə ediləcək uranın zənginləşdirilməsi ona qadağan edilir".

İran tərəfi atom enerjisindən sülh məqsədləri ilə istifadə edəcəklərinə dair İran dini liderinin fətva verdiyini söyləyib. Ekspertlər bunu İran tərəfinin nüvə enerjisindən sülh məqsədləri ilə istifadə edəcəklərinə dair siyasi qarantiya hesab edirlər. Zərdüşt Əlizadə isə söyləyib ki, bu fətvalar İran üçün mühüm sayılsa da Qərbə heç bir təsir gücü yoxdur:

"Qərb üçün İran dini liderinin fətvası heç bir halda Qərb üçün siyasi qarantiya hesab oluna bilməz. Qərbə təsir edən ya gücdür, ya da iqtisadi və siyasi maraqlardır".

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərinin Fərdodakı zavodda yoxlamalar aparılması təklifini də toxunan politoloq bunda qeyri-adi heç nə olmadığını bildirib: "İran əmindir ki, həmin qurum təhlükəli bir şey tapmayacaq. İndiyə kimi yüz dəfə baxıblar. İndiki halda nə dəyişəcək? Məgər Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İraqda kütləvi qırğın silahlarının olmadığını deməmişdimi? Bu bəyanat ABŞ-ın fikrini dəyişdimi? Təssüf ki, iri ölkələrin maraqları beynəlxalq hüquqa, əxlaqa üstünlük gəlir".

Moskva görüşündən sonra yayılan məlumata görə, "Eyzenhauer" atom aviadışyanının başçılıq etdiyi ABŞ hərbi-dəniz donanmasının aviadaşıyıcı zərbə qüvvəsi Fars körfəzinə yola düşüb. Qrupa aviadaşıyandan əlavə raket kreyseri və 3 eskadra gəmisi daxildir.

Zərdüşt Əlizadə hesab edir ki, burada yeni nəsə axtarmağa dəyməz:

"ABŞ həmişə Fars körfəzindədirlər. Qüvvələri bəzən azaldırlar, bəzən də çoxaldırlar. Ümumilkdə regionu nəzarət altında saxlamağa çalışırlar. Son hərbi yerdəyişməni də Moskva danışıqları ilə əlaqələndirmək olmaz".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm