“Tezliklə Etibar Məmmədov aktiv siyasətlə məşğul olacaq“- MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Tezliklə Etibar Məmmədov aktiv siyasətlə məşğul olacaq“- MÜSAHİBƏ

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə müxalifət daxilində baş verən proseslər, mənsub olduğu partiyanın birlik təşəbbüsü və prezident seçkilərinə hazırlıqla bağlı suallarıı cavablandırıb.

- Arzuxan bəy, partiyanızın sədri Yusif Bağırzadə Avropaya səfər edib. Bu, rəsmi səfərdir?

- Xeyr. Bu səfər şəxsi məsələlərlə bağlıdır. Amma səfər çərçivəsində rəsmi şəxslərlə görüş də istisna deyil. Partiya sədri səfərdən qayitdıqdan sonra yəqin ki, bu barədə özü açıqlama verəcək.

- AMİP bir müddət əvvək "beşlər"in görüşünü təşkil etdi. Ancaq deyəsən, başqa birlik cəhdləri kimi bu təşəbbüs də yarımçıq qaldı.

- Mən "yarımçıq qaldı" deməzdim. Sadəcə olaraq, müxtəlif səbəblərdən növbəti görüşün vaxtı dəyişib. Bilirsiz ki, Musavat rəhbərliyi hal-hazırda ölkədə deyil. Ondan əvvəl Arif Hacılının anasının hüzr mərasimi ilə əlaqədar olaraq həmin günə təyin olunmuş görüş təxirə salındı. Eləcə də digər partiya sədrlərinin müxtəlif tədbirlərdə iştirakı, xarici ölkələrə səfərə çıxmaları səbəbindən bu görüş baş tutmayıb. Amma istənilən halda, partiya sədrləri bu görüşlərin davamlı olacağı ilə bağlı qərar veriblər və mütəmadi olaraq toplaşırlar. Hesab edirəm ki, növbəti toplantının baş tutmamasına ciddi bir səbəb yoxdur.

- Bu görüşlər fikir mübadiləsi aparmaq üçün təşkil edilir, yoxsa hansısa konkret hədəflər var?

- Hələ 2010-cu il parlament seçkilərindən dərhal sonra AMİP ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların birgə fəaliyyət göstərməsi ilə bağlı təşəbbüslə çıxış etdi. O vaxt İctimai Palatanın yaranmasında da AMİP xüsusi fəallıq göstərdi. Palatanın təsisçilərindən biri olaraq çıxış etdi. İctimai Palata yarananda bizim əsas məqsədimiz ondan ibarət idi ki, həmin formatda əsas müxalifət partiyalarını bir araya gətirək və birgə mübarizə istiqamətində fəaliyyət göstərək. Təəssüf ki, biz orada buna nail ola bilmədik. Ancaq bu ideya özü-özlüyündə qalır və düşünürük ki, məqsədimizə çatmaq üçün "beşlər" formatından istifadə etmək olar. Bu gün ölkədə fəaliyyət göstərən 5 aparıcı siyasi partiyanın rəhbəri bur araya gəlir, müxtəlif məsələlərlə bağlı eyni mövqe ortaya qoya bilirsə, hesab edirəm ki, bu, müsbət haldır. Biz fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyik. Hesab edirəm ki, "beşlər" formatının bir qədər də genişlənəcəyi istisna deyil.

- ACP də bu danışıqlara qatılacaqmı?

- Həm ACP, həm də digər siyasi partiyaların gələcəkdə bu müzakirələrdə iştirakına ciddi maneələr yoxdur. Qarşıdan prezident seçkiləri gəlir. Bu seçkilər öncəsi siyasi partiyaların müxtəlif məsələlərlə bağlı birgə müzakirələri təbiidir. Bu, cəmiyyət tərəfindən də arzulanandır. Siyasi partiyalar da bu məsələdə aktivlik göstərməlidirlər ki, birgə mübarizəyə, ölkədə demokratik seçkilərin keçirilməsi üçün normal şərait yaradılmasına nail ola bilsinlər.

- "Beşlər" formatda birlik yaratmaq istiqamətində təşəbbüsünüz xeyli vaxtdır gündəmdə olsa da, ortada hansısa nəticə yoxdur. Artıq bu birliyin baş tutmayacağı şübhə doğurmur. Siz necə düçünürsüz?

- Mən hesab etmirəm ki, bu təşəbbüs nəticəsizdir. Sadəcə olaraq, bu gün müxalifət partiyalarının müxtəlif formatlarda fəaliyyəti göz qabağındadır. İctimai Palata, Müqavimət Hərəkatı var, "Qarabağ" bloku var. Zaman-zaman müxtəlıif birlik və bloklarda fəaliyyət göstərən partiyalar arasında görüşlər də keçirilir. Əsas hədəf qarşıdan gələn prezident seçkiləridir. Geniş birliyin alınıb-alınmayacağını da biz prezident seçkiləri ərəfəsində deyə bilərik. Yalnız seçkilərin nəticələrinə əsasən, biz deyə bilərik ki, ölkədə hansı siyasi qüvvənin nə qədər gücü, elektoratı var. Bu mənada danışıqların davam etməsı, uzunmüddətli olması və kənardan nəticəsiz görünməsi təbiidir.

- Yeri gəlmişkən, Sərdar Cəlaloğlu bildirib ki, müxalifətin durumu olduqca pisdir və birliyə ən az meyl göstərənlər İctimai Palatada olan siyasi partiyalardır. Siz necə hesab edirsiz, birlik niyə baş tutmur?

- Mən Sərdar bəyin fikirlərinə şərh vermək istəmirəm. Hər kəs öz fikirlərində azaddır. Amma hesab edirəm ki, Sərdar bəyin dediyində müəyyən həqiqətlər var. O mənada ki, ölkədə fəaliyyət göstərən partiyaların geniş anlamda bir araya gəlməməsinə müxtəlif maneələr var. Mən indi o maneələri sadalamaq istəmirəm. Ona görə ki, biz bu partiyaların birgə fıəaliyyətinin tərəfdarıyıq və bununla bağlı təşəbbüslə çıxış edirik. Hesab edirəm ki, bir qədər optimist notlarla çıxış etmək daha düzgün olar. Mən ümid edirəm ki, seçki ərəfəsində əsas partiyaların bir araya gəlməsinə nail olacağıq.

- Ancaq çoxları bu fikirdədir ki, sizin dediyiniz optimizm əslində özünü aldatmaqdır.

- Optimizm olmadan bir nəticə də əldə etmək mümkün deyil. Amma bir məsələ ilə razıyam ki, hər dəfə istər parlament, istərsə də prezident seçkiləri ərəfəsində birgə fəaliyyətlə bağlı çox ciddi bəyanatlar verilir. Lakin uzun müddətdir ki, Azərbaycan cəmiyyəti həmin vədlərin real nəticəsini görmür. Buna baxmayaraq biz israrlıyıq ki, müsbət nəticə əldə edək. Bunun da ana xətti başladığımız işə inamdan keçir.

- Bəs İctimai Palata ilə bağlı AMİP-in hazırkı mövqeyi necədir?

- AMİP-in İctimai Palata ilə bağlı iki dəfə rəsmi mövqeyi olub. Birinci dəfə ötən il aprelin 18-də, bir də bu il yanvar ayında. AMİP-in İctimai Palatada fəaliyəti ilə bağlı partiyanın Siyasi Şurasının rəsmi mövqeyi oldu. Bu qərar İctimai Palatadan kənarda fəaliyyət göstərməklə bağlı idi. Eyni zamanda Koordinasiya Şurasında təmsil olunmamaqla bağlı rəsmi mövqeyimizi ortaya qoymuşuq. Bu gün İctimai Palatada təmsil olunan partiyaların bu qurumdan kənarda qalan partiyalarla əməkdaşlıq etməsi, partiya rəhbərliyi səviyyəsinə görüşlər keçirməsi, hətta hansı partiyadan hansı namizədin dəstəklənəcəyi ilə bağlı müzakirələrin keçirilməsi təbiidir. İctimai Palatada təmsil olunan partiyaların rəhbərləri ilə AMİP rəhbərliyinin də bir neçə dəfə görüşləri olub. Bu görüşlər davam etdiriləcək. Bütün bunlar yeni situasiyaya hazırlaşmağa yönəlib.

- İctimai Palatanın prezident seçkilərinin astanasında ötən parlament seçkiləri ilə bağlı yeni "Yol xəritəsi" hazırlamasına münasibətiniz necədir?

- Hesab edirəm ki, parlament seçkilərindən sonra onun nəticələrinin ləğv olunması ilə bağlı mübarizədə taktiki səhvlərə yol verdik. Əslində AMİP-in İctimai Palatada fəaliyyətini dayandırmasının kökündə də o amil dayanırdı. Bu müddət artıq qaçırılıb. Mən də o fikirdəyəm ki, irəliyə baxmaq lazımdır. Qarşıdan prezident seçkiləri gəlir. Prezident seçkilərinə köklənmək lazımdır. Parlament seçkiləri artlıq arxada qalıb və çox təəssüflər olsun ki, ümumilikdə müxalifət parlament seçkilərinin nəticələrinə təsir etmək gücündə olmadı. Parlament seçkilərinin nəticələrinin ləğv olunması istiqamətində də mübarizəni düzgün qura bilmədik.

- Sizcə bu mübarizə necə qurulmalı idi?

- Mən bu məsələlərin mətbuatda müzakirəsinin tərəfdarı deyiləm. Ola bilər ki, hansısa fikirlər müxtəlif cür anlaşıla bilər.Bir daha qeyd edirəm ki, biz İctimai Palatada fəaliyyətimizi dayandıran zaman kifayət qədər ciddi səbəblər göstərmişdik. Əsas səbəblərdən biri də o idi ki, müxalifət partiyalarının təşkilatlanmadan hansısa addım atmaları düzgün deyildi. Yəni o vaxt təəssüf ki, İctimai Palatada təşkilatlanma getmədən kütləvi tədbirlərə start verildi və nəticə göz qabağındadır. Sonrakı ərəfədə - aprelin 2-də və 17-dəki həbslərdən sonra İctimai Palata əslində əsas diqqəti yeni parlament seçkilərinin keçirilməsinə deyil, həmin icazəsiz mitinqlərdə həbs olunmuş insanların azadlığa buraxılmasına yönəltdi. Hesab edirəm ki, bununla da hədəfdən yayındılar. Bu, çox ciddi səhvlərdən biri idi. Digər səhvlər də oldu. Bütün bu səhvlərin kökündə bizim bir araya gəlib vahid mövqedən çıxış etməməyimiz dururdu.

- AMİP hazırda müxalifətin prezident seçkilərinə hazırlammasını vacib sayır. Ancaq İctimai Palatada prezident seçkiləri aktual deyil.

- Hesab edirəm ki, heç bir müxalifət partiyası təkbaşına ölkədə dəyişikliklərə nail ola bilməz. Əgər doğrudan da ölkədə ciddi dəyişikliklər, doğrudan da normal, demokratik seçki mühiti formalaşmasını istəyiriksə, müxalifət partiyaları vahid güc mərkəzində birləşməli, liderlər də bu məsələnin məsuliyyətinin dərk edərək birgə fəaliyyətə üstünlük verməlidirlər. Təkbaşına fəaliyyət uzun illərdir ki, nəticəsizdir.

- Əgər "beşlər" bir araya gəlsə, Etibar Məmmədov da yaradılacaq bu qurumun işində iştirak edəcəkmi?

- Bu, gələcəyin işidir. Prosesdə iştirakı ilə bağlı qərarı da Etibar bəy özü verəcək. Amma istənilən halda Etibar bəy Azərbaycan siyasətinə təsir etmək gücündə olan liderlərdəndir. Bu baxımdan onun bu prosesdə iştirakı arzulanandır.

- Amma bu gün faktiki olaraq onun siyasi proseslərə heç bir təsiri yoxdur.

- Bu gün təsiri yoxdur. Ona görə ki, Etibar bəy özü proseslərdənbir qədər kənarda qalıb. Amma prosesə qoşulacağı təqdirdə ona təsir etmək imkanları kifayət qədər yüksəkdir.

- Bəlkə Etibar bəy birdəfəlik siyasətdən gedib?

- Yox. Etibar bəy ölkədə fəaliyyət göstərən kifayət qədər ciddi siyasi partiyanın lideridir. Bu mənada onun siyasətdən tamamilə kənara çəkildiyini demək doğru olmazdı. Sadəcə olaraq bu gün siyasi proseslərdə aktiv iştirak etmir. Bu da yəqin ki, müvəqqətidir. Yəqin ki, tezliklə onun aktiv siyasətlə məşğul olmasının şahidi olacaqsız.

- Demək istəyirsiz ki, Etibar bəy prezident seçkilərinə qatılacaq?

- Bəli.

"Gündəlik Teleqraf"

Zahid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm