Fəzail Ağamalı: “Türkmənistanın davranışlarında Rusiya izi var” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı: “Türkmənistanın davranışlarında Rusiya izi var” - MÜSAHİBƏ

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Publika.Az-ın suallarını cavablandırıb.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini necə dəyərləndirirsiniz?

- Nə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü, nə də həmsədr ölkələrinin verdikləri bəyanatında müsbət dəyərləndiriləcək bir məqam yoxdur. Son görüşdən sonra da eyni bəyanat verildi və status-kvonun dəyişməsinin vacibliyi qeyd olundu. Nəticə nə oldu? Ermənistanın işğalçılıq siyasəti davam etdirildi, işğalçı ilə işğala məruz qalan tərəflərə eyni münasibət sərgiləndi.

Xarici işlər nazirlərinin görüşü, həmçinin sözügedən bəyanatlar prosesə dekorativ yanaşmadan başqa bir şey deyil. Nə qədər ki, Ermənistanın adı Minsk Qrupu tərəfindən işğalçı olaraq çəkilmir, ona sanksiyalar tətbiq olunmayıb, münaqişənin dinc yolla həlli çətindir. Son görüş də tərəfləri danışıqlar masasına əyləşdirmək niyyətindən başqa bir şey deyil.

- Bir çox ekspertlər uzun müddətdən sonra ABŞ-ın prosesdə ilk dəfə fəallaşdığını vurğulayırlar...

- Cənubi Qafqazda ABŞ-ın strateji maraqları var. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması Xəzər hövzəsi karbohidrogen ehtiyatlarının Qərbə daşınmasında mühüm əhəmiyyətə malikdir. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, Gürcüstanın ərazi bütövlüyü təmin edilməyib risklər mövcuddur.

Bununla belə ABŞ Cənubi Qafqazı öz maraq dairəsi hesab edən Rusiyaya ciddi təzyiq göstərə bilmir, bu ölkə ilə açıq-aşkar mübarizəyə girməkdən çəkinir. ABŞ nə qədər fəallaşsa da, problemin həlli Rusiyadan asılıdır.

- ABŞ dövlət katibi Hillari Klinton Azərbaycana səfərində yeni yanaşmaların, təkliflərin olacağını bildirmişdi. Bəzi ekspertlər də hesab edir ki, əslində ortada heç bir təklif yoxdur, indiyə kimi nə qədər təklif mümkün olubsa, hamısı verilib...

- Münaqişənin həlli prosesinin tarixinə nəzər saldıqda görürük ki, Praqa prosesindən başlayaraq Madrid prinsiplərinə qədər əlverişli və regiona sülh gətirə bilən təkliflər işlənilib hazırlanıb, tərəflərə təqdim olunub. Azərbaycan bu təkliflərin bir çoxu ilə razılaşıb. Bəzi xırda korrektələr nəzərə alınmaqla.

Ermənistan isə Minsk Qrupu həmsədrlərinin hazırladığı Yenilənmiş Madrid Prinsiplərinə bu günə qədər cavab verməyib. Ermənistan və onun havadarı Rusiya mövqeyində qaldığı müddətdə ən yaxşı təkliflər ortalığa qoyulsa belə, onlar yenə reallaşmayacaq.

Ermənistan Rusiya tərəfindən idarə olunur. Ermənistan maliyyə donorları baxımından ABŞ-dan, hərbi, idarəçilik baxımından Rusiyadan asılıdır. Məsələ heç də təkliflərin nə qədər yaxşı olub-olmamasına bağlı deyil.

- Son günlər Xəzər dənizindəki “Kəpəz” yatağı üstündə Azərbaycan və Türkmənistan arasında diplomatik gərginlik yaranıb. Prosesin inkişafını necə dəyərləndirirsiniz?

- Sovet dönəmində həmin yataq Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Həmin vaxt “Kəpəz” Azərbaycanın yatağı kimi təqdim edilib. Türkmənistanın birinci prezidenti inadkarlıq göstərməsinə, hədə-qorxu gəlməsinə baxmayaraq heç nəyə nail ola bilmədi.

İndiki prezidentdə də sələfinin yolu ilə gedəcəksə, düşünürəm ki, heç nəyə nail ola bilməyəcək. Çünki Azərbaycan həm hüquqi, həm faktiki baxımından “Kəpəz” yatağı üzərində səlahiyyətlərə malikdir. Türkmənistanın davranışları da prosesə heç bir təsir göstərə bilməyəcək.

- Türkmənistanın davranışlarında son vaxtlar Azərbaycanla münasibətləri yaxşı olmayan Rusiyanın izi axtarmaq mümkündürmü?

- Əlbəttə ki, bu versiya da mümkündür. Niyə də olmasın? Rusiyanın Türkmənistan üzərində təsiri kifayət qədər güclüdür.

- Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müsahibəsində iqtidar-müxalifət dialoquna toxunub. Müxalifətin özü də bunun vacibliyin zaman-zaman gündəmə gətirib. İndiki məqamda bu mümkündürmü?

- İqtidar tərəfindən dəfələrlə müxalifətlə istənilən mövzu ətrafında dialoqun aparılması təklifi səsləndirilib. Lakin müxalifətin radikal qanadı ən müxtəlif bəhanələrlə bu təkliflərə müsbət yanaşmayıb.

Azərbaycanda müxalifəti çoxqütblüdür. Müxalifətin digər qanadı iqtidarla, Yeni Azərbaycan Partiyası ilə geniş əməkdaşlığa malikdir və dəfələrlə dəyirmi masalar keçirilib, bir sıra məsələlərlə bağlı bəyanatlara imzalar atılıb. Bizim üçün bu sahədə problem yoxdur. Radikal müxalifət isə iqtidar-müxalifət dialoqu mövzusundan gündəmdə qalmaq vasitəsi kimi istifadə edir.

Bu kimi üsullardan özünün cəmiyyətdə mövcud olmasını göstərmək üçün istifadə olunur. Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dialoq üçün müraciət etdi. Niyə gəlmədilər? Onların niyyətində dialoq istəyi varsa, müraciətə normal yanaşmalı, dialoqun reallaşması üçün özlərindən asılı olan addımı atmalı idilər.

- İctimai Palata yeni bir “Yol Xəritəsi” hazırlayır. Orada prezidentin istefa tələbinin də əksini tapacağı deyilir...

- Hansı bir sənədin ortaya gəlməsindən asılı olmayaraq, çəkisi və reallaşması mümkün olmayan xülyalardır. Prezidentin istefasını tələb etmək lazım deyil, çünki bir ildən sonra prezident seçkiləridir. Özlərində güc tapa bilirlərsə, namizədliyini irəli sürsünlər və Azərbaycan xalqının səsini qazansınlar.

İctimai Palatada təmsil olunan Müsavat və AXCP mehriban düşmən rolunu oynayırlar, hər an bir-birini məhv etməyə hazırdırlar. 2013-cü ildə bu qurumda vahid namizəd məsələsi həll olunacaqmı? 2003-cü ildə Əli Kərimli İsa Qəmbərlə bir ittifaqda təmsil olunmasına baxmayaraq, onu yox, Etibar Məmmədovu dəstəklədi. Reallaşması mümkün olmayan fikirləri söyləməkdənsə, qüvvələrini səfərbər etsinlər və prezident seçkilərində qüvvələrini ortaya qoysunlar. Radikal müxalifət seçkilərdə məğlub olacağını anladıqları üçün indidən istefa, boykot kimi çağırışları ortaya qoyurlar.

- Həmkarınız Fazil Mustafa mətbuata açıqlamasında bildirib ki, hakimiyyət islahatlar aparmalıdır. Siz necə düşünürsünüz?

- Ölkə prezidenti, iqtidar ardıcıl olaraq ölkədə islahatlar aparır. İstər kadr, istərsə də hüquqi islahatlar. Milli Məclisdə qanunlara etdiyimiz əlavə və dəyişikliklər də islahatların vacib elementlərindən biridir. Ölkə prezidentinin apardığı siyasətin başlıca prioriteti ölkəni islahatlarla, cəmiyyəti bəşəri dəyərlərə daha da yaxınlaşdırmaqla idarə etməkdir.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm