Səkkizinci səfir. O kimdir?
Bizi izləyin

Nida.az

Səkkizinci səfir. O kimdir?

İyunun 19-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatını təsdiqləyib. Prosedura uyğun olaraq Riçard Morninqstar Senatın ümumi təsdiqindən də keçməlidir.

Riçard Morninqstar 1945-ci ildə ABŞ-ın Massaçestus ştatında anadan olub. Bakalavr təhsilini Harvard Universitetində, hüquq magistri dərəcəsini isə 1970-ci ildə Stenford Hüquq Məktəbində alıb. O, Feyt Pirs Morninqstarla ailə qurub, 2 oğlu, 2 qızı var.

1995-ci ilin aprelindən 1998-ci ilin iyulunadək ABŞ prezidenti və dövlət katibinin keçmiş Sovet İttifaqının yeni müstəqil dövlətləri üzrə xüsusi müşaviri işləyib. ABŞ-ın həmin ölkələrdə ikitərəfli yardım və ticarət investisiyasına nəzarət edib. 1993-cü ildən 1995-ci ilədək Overseas Private Investment Corporation-da (OPİC) baş vitse-prezident işləyib.

Bundan əvvəl müxtəlif vəzifələrdə çalışmış Morninqstar həmçinin Xarici Əlaqələr Şurasının üzvüdür.

1999-cu ilin iyunundan 2001-ci ilin sentyabrınadək Morninqstar Birləşmiş Ştatların Avropa Birliyində səfiri olub. Bundan əvvəl isə Bill Klinton administrasiyasında prezident və dövlət katibinin Xəzər Hövzəsi Enerji Diplomatiyası üzrə xüsusi müşaviri işləyib.

Birləşmiş Ştatların Xəzər Hövzəsində enerji hasilatı və nəqliyyatı üzrə beynəlxalq təşkilatlarla maksimum əməkdaşlıq məsələlərinə məsul olub. Bakı-Tiflis-Ceyhan boru kəməri və Azərbaycanla Qərb şirkətləri arasında bağlanan neft müqavilələrinə dair danışıqlarda aparıcı fiqur kimi yer alıb.

Səfir Morninqstar xarici siyasətə dair müxtəlif məqalələr müəllifidir. Həmin məqalələrdən biri "Bakı-Tbilisi-Ceyhan kəməri: keçmişə və gələcəyə baxış" adlanır.

Morninqstar 1999-2001-ci illərdə ABŞ-ın Avropa Birliyində səfiri olub.

ABŞ Dövlət Departamentinin Avrasiya Enerji Məsələləri üzrə xüsusi səfiridir. O, bu vəzifəyə 2009-cu il aprelin 6-da dövlət katibi Hillari Klinton tərəfindən təyin olunub. Bu təyinatdan əvvəl Morninqstar Harvardda Kennedi İdarəçilik Məktəbində və Stanford Hüquq Məktəbində mühazirələr oxuyub.

2001-ci ilin oktyabrından o, "Stonebridge International LLC" beynəlxalq strategiya firmasının baş direktorudur.

Amerika azərbaycanlıları da Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə təyin olunmasına xüsusi dəstək veriblər. ABŞ azərbaycanlıların şəbəkəsi USAN Morninqstarın namizədliyinin dəstəklənməsi üçün senatorlara məktub ünvanlayıb.

Məktubda Riçard Morninqstarın region üzrə ekspert olduğu və ABŞ Dövlət Departamentində yüksək vəzifələr tutduğu qeyd edilir. Senatorlara ünvanlanan məktubda deyilir ki, Amerikada yaşayan azərbaycanlılar strateji tərəfdaş olan iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verir və hesab edir ki, bu münasibətlərin çiçəklənməsi və dərinləşməsi fəal və regionu yaxşı tanıyan bir səfir olmadan mümkün deyil.

Keçmiş səfir Metyu Brayza isə hesab edir ki, prezident Obama çox parlaq seçim edib: "Bu seçim həm də onu göstərir ki, Obama Azərbaycan və ABŞ münasibətlərinə nə qədər böyük önəm verir, bu münasibətlər onun üçün nə qədər əhəmiyyətlidir.

Riçard Morninqstarın təyinatı əla seçimdir. O, çox təcrübəlidir. Nəinki enerji sahəsində, o həm də diplomatdır. Eyni zamanda çox savadlı professordur. Neçə-neçə elmi əsərləri var. Siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahəsində sonsuz sahədə təcrübəyə malikdir. Bu həm də Azərbaycanın bizim üçün Avropa ilə əlaqələrimizdə önəmli yerdə olmasının bir göstəricisidir".

Metyu Brayza Riçard Morninqstarı yaxından tanıdığını və hətta bir çox layihələrdə birgə işlədiklərini də bildirib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi müzakirələr zamanı səfir postuna namizəd energetika ilə bağlı sualları da cavablandırıb. "Cənub dəhlizi" və TANAP layihələrinin reallaşmasının vacibliyini vurğulayan Morninqstar bildirib ki, "Şahdəniz" konsorsiumu layihəsinin taleyini 2013-cü ilin ortalarına kimi müəyyənləşdirəcək:

"Hər şeydən əvvəl enerji resurslarını Avropaya çatdıracaq "Cənub dəhlizi" layihəsini inkişaf etdirmək lazımdır. Çünki bu məsələdə tələsməsək, Azərbaycan başqa yollar tapa bilər"

İndi isə Azərbaycana fəaliyyət göstərən ABŞ səfirlərinin adlarını və xidməti illərini xatırladaq:

- ABŞ-ın Azərbaycandakı ilk səfiri Riçard Mayls olub. 1967-ci ildən xarici siyasət sahəsində fəaliyyətə başlayan Riçard Mayls ABŞ-ın Oslo, Moskva və Belqraddakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. 1992-1993-cü illərdə ABŞ-ın Azərbaycanda səfiri olub.

- Riçard Kozlariç ABŞ prezidentinin MDB üzrə xüsusi nümayəndəsi, eyni zamanda Qafqazdakı münaqişələrin həlli üzrə məsul şəxs olub. 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri vəzifəsində çalışıb.

- Stenli Eskudero 1942-ci ildə Florida ştatında doğulub. 1997-2000-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olub. 2000-ci ildə təqaüdə göndərilib. Həmin ildən Azərbaycanda şəxsi biznesini qurub və hazırda Bakıda yaşayır.

- Ross Uilson 2000-2003-cü illərdə ABŞ-ın Azərbaycandakı səfiri olub.

- Rino Harniş 2003-2006-cı illərdə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

- Enn Dörsi 2006-2009-cu illərdə ABŞ-ın Azərbaycandakı səfiri kimi də xidmət göstərir.

- ABŞ prezidenti Barak Obama Metyu Brayzanı Azərbaycana səfir postuna 2010-cu il dekabrın 29-da təyin edib. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm