• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Rəsul Quliyev: “Onların mitinqi karikaturaya bənzəyir” – Müsahibə

  • Nida.az
  • 1 Dekabr 2014 16:38
  • 601 Baxış
Rəsul Quliyev: “Onların mitinqi karikaturaya bənzəyir” – Müsahibə

Milli Məclisin eks-spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev Publika.az-a müsahibəsində Azərbaycandakı siyasi durumu qiymətləndirib.

- Rəsul bəy, sizinlə sonuncu dəfə ötən il danışmışdıq. Bu son bir ildə Azərbaycan müxalifətinin durumunda hansı istiqamətdə dəyişiklik olub?


- Artıq 10 illərdir hər bir seçki Azərbaycanda hakimiyyətin daha da güclənməsi ilə nəticələnir. Hökumətin 1997-ci ildən apardığı müxalifət siyasəti 2013-cü il seçkilərində xüsusi vüsət aldı və nəticədə mübarizə hökumətlə “müxalifətin” mübarizəsi müstəvisindən “absolyut” “müxalifət” - “müxalifət” mübarizəsi müstəvisinə keçdi. 1998-ci ildə “hökumətə yaxın müxalifət” siyasətinə aldanıb liderlərini, başqa partiyaları satanlar 2003-cü ildən sonra hökumətə yaxın başqa müxalifətlə əvəz olundu və addımbaaddım tam iflasa doğru irəlilədi. İndi bir tərəfdə apardıqları 2013-cü il prezident seçkisi siyasəti ilə xalqın ümidini “absolyut” puça çıxarmış Milli Şura, o biri tərəfdə isə saxta başqan seçməklə qalmış cüzi hörmətini belə itirən Müsavat Partiyası arasında heç kimi maraqlandırmayan mübarizə gedir. Daha doğrusu əsas mübarizə iki qəzet arasındadır. Müxalifətin atdığı addımlar hökuməti maraqlandırmır. Son həbslərdən özünün mövcud olduğunu göstərmək üçün istifadə etmək istəyən müxalifətin karikaturaya oxşar etiraz mitinqlərinin gec başlaması və tez qurtarması deqradasiyanın göstəricisidir. Bu 23 illik müxalifətin onsuz da indiki peşələrindən əl çəkməyəcəklərini bilə-bilə yenə onlara müraciət edirəm: Cənablar və xanımlar, sizin “mübarizənizin” bu hakimiyyətin necə olacağına dəxli yoxdur. Güclənmək, yaxud zəifləmək və ya demokratiyaya keçid yalnız hökumətdən asılıdır. Allah xətrinə, xalqın gələcəyi üçün bir nəfər kimi istefa verib gedin.

- Ötən il prezident seçkilərindən sonra müxalifəti birləşdirən Milli Şura, demək olar, parçalandı. Necə düşünürsünüz, gələn il parlament seçkilərində müxalifət yenidən bir araya gələcəkmi, yoxsa hazırkı vəziyyətdə davam edəcək?


- 2015-ci ildə də birləşmələr olacaq, ancaq başqa şəkildə. Yəni məsələn Müsavat Partiyası ancaq adı olan beş- altı partiya ilə birləşib seçkiyə gedəcək.

- Rəsul bəy, son bir neçə ayda ölkədə mitinqlər keçirildi. Milli Şura iki mitinq keçirdi. Bunları necə qiymətləndirirsiniz?


- Bu mitinqlərə mən artıq münasibətimi bildirmişəm. Onları mitinq adlandırmaq mümkün deyildir. Mitinq başlayanda adamlar vaxtında toplaşa bilmir. Ona görə də mitinqi liderlər 15-20 dəqiqə gec başlayırlar. Mitinq başlayan kimi də camaat mitinqi tərk edir, ona görə də mitinq 20-30 dəqiqə tez başa çatır. Çünki o meydanda 100 nəfərdən artıq adam qalmaz. Bu mitinq deyil, karikaturadır. Ağsaqqal kişilərin nə vaxta qədər bu karikaturanın personajları olacağını deyə bilmərəm.

- Müsavat partiyası da dekabrın 14-nə mitinq təyin edib. Bu mitinqə münasibətiniz necədir?


- Müsavatın mitinqini də Milli Şuranın mitinqi kimi heç karikatura da adlandırmaq mümkün olmayacaq.

- Müsavatın mitinq qərarı diqqəti daxili gərginlikdən yayındırmaq cəhdi olaraq ehtimal olunur. Sizcə, bununla gərginlik bitə bilərmi, yoxsa Müsavat parçalanacaq?


- Sözsüz ki, Müsavatın indiki və keçmiş başqanı bu mitinqi ancaq “partiya var, partiyanın yeni başqanı qəbul olunur və biz hamımız bir yerdəyik” mesajı vermək naminə edir. Ancaq bu mitinq onlar üçün daha acınacaqlı qurtaracaq. “Başqan saxta seçilib, biz artıq yoxuq, birlik yoxdur” qənaəti yaranacaq.

- Ötən il Milli Şuradan çıxdıqdan sonra qurumun rəhbərliyi ilə, konkret Cəmil Həsənli, yaxud Rüstəm İbrahimbəyovla telefon, yaxud üzbəüz təmasınız olubmu?


- Cəmil Həsənli ilə mənim necə telefon söhbətim ola bilər?! Onunla heç vaxt, heç bir əlaqəm olmayıb. Onun Mir Cəfər Bağırovla əlaqədar yazdığı əsəri sifarişlə yazılmış saxtakarlıq hesab edirəm. Milli Şuranın namizədi olmaq və ondan sonra seçkiləri 65 faizlə uddum bəyanatlarını verməsini siyasi savadsızlıq hesab edirəm. Rüstəm müəllimə gəldikdə, biz bir-birimizi 25 ildən artıqdır tanıyırıq. Mən onun yaradıcılığını daim izləyirəm, əsərlərini oxumuşam. Sözsüz biz mütəmadi telefon əlaqəsində oluruq və imkan olanda görüşürük.

- Siyasi fəaliyyətinizlə bağlı hansı yeniliklər var, yaxud qarşıda nələrsə gözlənilirmi?


- Siyasi fəaliyyətlə əlaqədar elə bir yenilik yoxdur.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR