“Nabucco” və “Cənub axını”nın eyni taleyi: Ankara ilə Bakı hansı hiyləni anladı? – TƏHLİL
Bizi izləyin

Nida.az

“Nabucco” və “Cənub axını”nın eyni taleyi: Ankara ilə Bakı hansı hiyləni anladı? – TƏHLİL

Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri tarixi qərarla yadda qaldı. Moskva “Cənub axını”ndan imtina etdi. Halbuki bu layihə ilə Avropaya 63 milyard kubmetr qazın çıxarılacağı planlaşdırılırdı.

Kreml bu addımını Avropanın yaratdığı maneələrlə izah edir. Təbii ki, Qərb Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı geniş siyasi və iqtisadi hücuma başlamışdı və bunun nəticəsi gözlənilən idi.


İqtisadi baxımdan burda ən böyük qazancı Türkiyə götürür. Belə ki, Rusiya Türkiyəyə satdığı qazı 6 faiz ucuzlaşdırdı. Buna paralel olaraq, “Cənub axını”ndan imtina Rusiya qazının tranzit yolunu da dəyişdi. Beləliklə, “Cənub axını”na alternativ olaraq Rusiyadan Türkiyəyə əlavə boru kəməri çəkiləcək və rus qazı Bolqarıstan yox, məhz türk torpaqlarından keçərək Avropaya çıxacaq.


“Nabucco” və “Cənub axını”nın eyni taleyi: Ankara və Bakı hansı hiyləni anladı?


“Cənub axını” layihəsi Moskvanın böyük uğuru hesab olunurdu. Bu, Azərbaycanın əsas rol aldığı Qərbin “Nabucco” layihəsinə qarşı idi. Lakin Bakı və Ankara bu məsələdə eyni hədəfə vurdular. “Nabucco” böyük maliyyə tələb edən bahalı layihə olmaqla yanaşı, burda siyasi motivlər də sərfəli deyildi. Qərbin layihəsində yer almaq Bakı üçün Moskva ilə qarşı-qarşıya çıxmaq demək idi. Qonşuluqdakı böyük Rusiya ilə toqquşmaq Bakının marağında deyildi. Digər tərəfdən, Ankara da sona qədər buna qol qoymaq istəmirdi. Çünki nə qədər bəsit görünsə də, “Nabucco” adı özlüyündə bəzi məqamları gizlədirdi. Belə ki, İtaliya operası olan “Nabucco” adını qədim Babil hökmdarı “Nabukadnezar”ın adından götürmüşdü. Babil torpaqları Şimali İraq ərazisini əhatə edirdi. Bu isə həmin coğrafiyada Kürdüstan dövləti yaratmaq istəyən kürdlərin gələcəkdə iqtisadi müstəqilliyinə zəmin yarada bilərdi. Yəni bu, Qərbin incə gedişi idi və Ankara vaxtında bu gedişi anlamışdı.


Enerji oyununda kimlər qalibdir?


Artıq “Nabucco” arxivə göndərilib. Ona alternativ olan “Cənub axını” da eyni taleyi yaşadı. Burda ön plana Bakı və Ankaranın “Nabucco hiyləsindən” çıxış yolu kimi TANAP və TAP layihələrini özündə birləşdirən “Cənub qaz dəhlizi” çıxır.

“Cənub axını”ndan imtina Avropanın enerji təhlükəsizliyində oynanılacaq “poker”də gücləri parçaladı və ümumi mənzərədə bu oyunun qaliblərinin Bakı və Ankara olduğu görünür.


Azərbaycan qazının əhəmiyyəti artır, TANAP-a əlavə mənbələr qoşula bilər


Bu il Bakı Avropanın enerji təhlükəsizliyində aldığı roldan çıxış edərək, “Cənub qaz dəhlizi”ni imzaladı. Bu layihələyə görə Azərbaycan qazı TANAP vasitəsilə Gürcüstana, oradan da Türkiyəyə çıxarılacaq. Layihənin digər hissəsi olan TAP isə bu qazı Avropanın cənubuna qədər daşıyacaq. Azərbaycan ilkin mərhələdə cəmi 16 milyard kubmetr qaz ixrac edə bilir. Bunun 6 milyardı Türkiyə, yerdə qalan hissəsi isə Avropa ölkələrinin payına düşür. Lakin bu, Avropanın problemini həll etmir. Buna görə də mütləq şəkildə TANAP-a alternativ mənbə lazımdır.

Ortada iki mənbə var. Biri İran, digəri Türkmənistan. İran qazının Avropaya daşınması aktual məsələdir. Lakin bunun üçün sanksiyaların aradan qaldırılması və Qərblə münasibətlərin tamamilə yoluna qoyulması lazımdır. Bu istiqamətdə iş gedir. Tehran üçün də ən yaxşı variant qazın Azərbaycan üzərindən çıxarılmasıdır. Çünki bunun üçün hazır infrastruktur var. Ermənistan bu prosesdə tranzit roluna iddialı olsa da, proseslər Bakının üstünlüyünü göstərir.

İkinci variant türkmən qazıdır. Rəsmi Aşqabad öz qazının satışını şaxələndirsə də, avropalılar üçün ilkin mərhələdə 10 milyard kubmetr ehtiyat olaraq saxlayır. Türkmən qazının Bakıya çatdırılması da iki variantla baş tuta bilər. Birincisi, sıxlaşdırılmış qazın tankerlər vasitəsilə gətirilməsidir. Bu davamlılıq və sərfəlilik baxımından uzunmüddətli perspektiv üçün yaramır. İkinci və yararlı tranzit variantı Xəzərin dibi ilə boru kəmərinin çəkilməsidir. Bu marşrut ilə türkmən qazı Rusiyadan yan keçərək dənizin dibi ilə Bakıya, burdan da “Cənub qaz dəhlizi” ilə Türkiyə, Yunanıstan və İtaliya olmaqla Avropaya çıxarıla bilər. Bu günə qədər Rusiya buna qarşı çıxırdı. Lakin Moskvanın “Cənub axını”ndan imtina edərək bir addım geri çəkilməsi müəyyən ehtimallar yaradır. Uzun müddətdir türkmən qazının Avropaya çıxarılmasına çalışan Qərb bunun üçün də Rusiyaya təzyiqini artıra və istənilən nəticəni ala bilər. Ankara və Moskva liderlərinin görüşü fonunda bunu ehtimal etmək mümkündür.


Ankara - Moskva - Bakı üçlüyü: enerji xəritəsində yeni faktor


Digər variant Ankara - Moskva - Bakı üçlüyünün Avropanı qazla təmin etməsi ehtimalıdır. Qərbin sanksiyalarından ciddi itkilərlə üzləşən Moskva üçün ən yaxşı partnyorlar Bakı və Ankara ola bilər. Türkiyənin NATO üzvü kimi Rusiya ilə sıx təmaslı əməkdaşlıq etməsi çətin görünür. Bakı məhz bu prosesdə iki tərəf arasında körpü ola bilər.

Ankarada rus qazının əhəmiyyətli hissəsinin Türkiyə vasitəsilə Avropaya çıxarılası məsələsində gəlinən razılıq “Cənub qaz dəhlizi”nin əhəmiyyətini yüksəldir. Moskva bunun üçün əlavə boru kəmərini çəkmək istəyir. Lakin perspektivdə Türkiyə ərazisindən Azərbaycan qazının Avropaya aparan TAP-a rus qazı da birləşə bilər. Düzdür, bu kəmər Avropanın bir neçə ölkəsini qazla təmin edir. Amma lazım olan mənbələr tapılsa, kəmərin şaxələndirilməsi avropalılar üçün də sərfəlidir.


Asif Nərimanlı






Oxumağa davam et
Reklam
Reklam

Gündəm