Fəzail Ağamalı: “Nikbinliyə əsas yoxdur” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı: “Nikbinliyə əsas yoxdur” – MÜSAHİBƏ

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının Publika.az-a müsahibəsi:

– Bu il Qarabağla bağlı aparılan danışıqları uğurlu hesab etmək olarmı?

– Təəssüflər olsun ki, bu ili də Qarabağsız yola salmaqdayıq. Azərbaycan prezidentinin və dövlətinin apardığı çox ciddi səylərə baxmayaraq, işğal olunmuş torpaqlarımızın azad olunması üçün aparılan cəhdlər Azərbaycan dövlətindən və iqtidardan asılı olmayan səbəblərə görə hələ də reallaşmadı. Bu il Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində Soçidə və Parisdə iki görüş keçirildi. Lakin bu görüşlərin heç biri konkret nəticələrlə diqqəti cəlb etmədi. Soçi görüşü daha çox dekorativ xarakter daşıdı. Paris görüşündə isə Böyük Sülh Sazişinin imzalanması ilə bağlı çağırışlar olmasına, Azərbaycan tərəfi bunun hazır olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistan tərəfi bir daha qeyri-konstruktiv mövqe nümayiş etdirdi. Ermənistan tərəfi Soçi görüşü ərəfəsində təxribatlar yaratdığı kimi, Paris görüşü ərəfəsində və bundan dərhal sonra da öz təxribatlarından əl çəkmədi, işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirməyə başladı və sonda hərbi helikopterinin vurulması ilə nəticələndi. Bütün bunlar onu göstərir ki, Ermənistan dünya birliyinin sülhlə bağlı çağırışlarına zərrə qədər əhəmiyyət vermir və status-kvonu qorumağa çalışır. Əslində, Ermənistan bununla birmənalı olaraq işğal etdiyi Azərbaycan ərazilərini azad etməməkdə israrlı olduğunu nümayiş etdirir. Çox təəssüf ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu Ermənistana qarşı təzyiqləri ortaya qoymur, əksinə, Ermənistana göstərilən isti münasibət işğalçı ölkənin status-kvonu qoruyub saxlamasına şərait yaradır. Nəticə etibarı ilə isə Ermənistan bu himayənin çətiri altında Azərbaycana qarşı təcavüzkar siyasətini hələ də davam etdirir. Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün mümkün olan addımları atır. Ancaq bu, Ermənistan tərəfindən görünmür.

– Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti il üçün nə gözlənilir?

– Çox təəssüf ki, mən bu suala da nikbin cavab verə bilmirəm. Nə Putinin Türkiyəyə səfəri, nə dünyanın bu gün Rusiyaya qarşı tətbiq etdiyi təzyiqlər, nə də Ukraynada baş verən hadisələr Kreml hakimiyyətinin Ermənistana qarşı təzyiqləri artıracağına və bununla da torpaqlarımızın işğaldan azad olunacağı barədə nəticəyə gələ bilmirəm. Çünki əgər bütün təzyiqlərə baxmayaraq, Kreml Qərbə qarşı tab gətirirsə, öz strateji məqsədlərindən və xarici siyasətindən geri çəkilmirsə, o zaman belə vəziyyətdə onun himayə etdiyi Ermənistan heç bir halda Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət addımlar atmayacaq. Rusiya da bu məsələdə maraqlı görünmür. İndi Rusiya bir tərəfdən Çinlə münasibətləri dərinləşdirir, digər tərəfdən isə NATO ölkəsi olan Türkiyə ilə münasibətlər yaratmağa cəhdlər edir. Bütün bunlar nəticə etibarı ilə Rusiyanın güclü dövlət olaraq qalmasına və daha da güclənməsinə xidmət edən addımlardır. Güclü Rusiya olan şəraitdə isə Dağlıq Qarabağ münaqişəsi heç zaman həllini tapmayacaq. Çünki Rusiyanın Qafqazda xüsusi maraqları var və işğalçı Ermənistanı birbaşa himayə edir. Buna görə də nə ABŞ, nə də Qərbi Avropa dövlətləri Qarabağa görə Rusiya ilə münasibətləri daha da kəskinləşdirmək niyyətində deyil. Baxın, Qərb Ukrayna məsələsi ilə bağlı hələ də Rusiya ilə dil tapa bilmir. Belə olan halda Qərbin Qarabağla bağlı bizim yanımızda olması düşüncəsi doğru deyil. Ancaq Türkiyə hər zaman bizim yanımızda olub və bu gün də bizim yanımızdadır. Mən tam əminəm ki, Türkiyə gələcəkdə də bizim yanımızda olacaq. Ona da əminəm ki, Ərdoğan və Putin arasında aparılacaq danışıqlarda da Qarabağ məsələsi ciddi müzakirə mövzusu olacaq. Bundan savayı, mən nikbin fikir söyləyə bilmərəm.

– Son vaxtlar bir sıra xarici təşkilatlar və ABŞ Dövlət Departamenti Leyla Yunusun həbsini pisləyən bəyanatlar yayırlar. Ancaq Qarabağ münaqişəsi ilə bağlı məsələ nədənsə bu təşkilatların yadına düşmür...

– Bütün bunlar Azərbaycana qarşı Qərbin ikili siyasətinin bir elementidir. Onlar ən müxtəlif üsullar və formalarla Azərbaycana qarşı təzyiqlərini davam etdirir. Bu cür təzyiqlərin arxasında da erməni lobbisi dayanır. Dünyanın ayrı-ayrı yerlərində müəyyən söz sahibi olan, tanınan və erməniləri müdafiə edən beynəlxalq təşkilatlar və siyasətçilər tərəfindən Azərbaycana qarşı təzyiqlər davam etdirilir. Leyla Yunus Azərbaycan dövlətinə xəyanət edən bir insandır. Mən dəfələrlə bu sualı həmin beynəlxalq təşkilatın nümayəndələrinə, hətta Avropa Şurasının prezidenti Bakıda olarkən, onun özünə də ünvanladım və o da bu suala cavab verməkdən yayındı. Dünyanın istənilən özünə hörmət edən dövlətinə, onun hər hansı vətəndaşı xəyanət edirsə, onun milli və dövlət maraqlarını başqa bir dövlətə satırsa, o həmin dövlət tərəfindən heç zaman bağışlanılmır və müvafiq qanunlar çərçivəsində cəzasını alır. Bu yaxınlarda ABŞ-ın xüsusi xidmət orqanlarında çalışan bir nəfər bu ölkənin məxfi məlumatlarını və bəzi dövlət sirlərini Rusiyaya ötürdüyü üçün onun tutulması ilə bağlı çox ciddi tədbirlər görüldü. Hətta ABŞ o adamı Rusiyadan da istədi. Ancaq Rusiya onu vermədi. Azərbaycana bu cür münasibət ifadə edən Leyla Yunus da eyni aqibəti yaşamalıdır. Yəni, Leyla Yunus da törətdiyi əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verməlidir. Leyla Yunusu müdafiə edənlər, Ermənistanı müdafiə edən şəxslərdir. Əgər ABŞ Dövlət Departamenti və digər beynəlxalq təşkilatlar tərəfindən Leyla Yunus müdafiə olunursa, bu, birbaşa Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə xidmət etməkdir, Azərbaycana qarşı təzyiq və təhdiddir. Bunun ayrı adı yoxdur.

– Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyası funksionerləri ilə “Yeni Müsavat” qəzeti arasında baş verən qalmaqalla bağlı münasibətiniz necədir?

– Mən dəfələrə söyləmişəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat arasında münasibətlər hər zaman gərgin olub və bu gün də bu davam etməkdədir. Bəzən bu gərginlik və mübarizə açıq müstəviyə də keçib. Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat arasında gedən mübarizə heç zaman səngiməyib. Çox təəssüf edirəm ki, son dövrlərdə istər müxalifət, istər iqtidar, istərsə də neytral mövqedə dayanan insanlar tərəfindən Azərbaycanın milli maraqları ilə bağlı müsbət fikirlər söyləniləndə, Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun ruporu olan “Azadlıq” qəzeti həmin insanları dərhal hədəfə alır və ondan “düşmən” obrazı yaratmağa çalışır. Bu gün də “Azadlıq” qəzeti həmin missiyanı həyata keçirməkdə davam edir. Rauf Arifoğlu bu yaxınlarda Gürcüstanda səfərdə olarkən orada keçirilən tədbirdə Azərbaycanla bağlı nümayiş etdirilən stendlə bağlı araşdırma aparıb. Sonra isə Vüqar Bayramov da bəyan edib ki, həmin təşkilat erməni təşkilatıdır və əsl məqsədləri Qarabağı müstəqil qurum kimi dünyaya tanıtmaqdır və sairə. İndi Rauf Arifoğlu da bunları yazır və deyir. Dünyaya baxışlarının başqa olmasına və müxalifətçiliyinə baxmayaraq, əgər Rauf Arifoğlu milli maraqlar baxımından çıxış edirsə, o ancaq alqşlanmalıdır. İndi Rauf Arifoğlu qəzetçi olaraq həqiqətə uyğun və milli maraqlara xidmət edən çıxışlar edirsə, o zaman o top-tüfəngə tutulmalı deyil. Mən buna görə sizin vasitənizlə Rauf Arifoğluna da təşəkkürümü bildirirəm. Sağ olsun, o düzgün vətəndaş mövqeyi nümayiş etdirib. Əgər kimsə bu vətəndaş mövqeyinin yanında deyilsə, artıq o ermənin yanındadır. Bunun ayrı adı yoxdur. Çox təəssüf ki, indi “Azadlıq” qəzeti Leyla Yunusun müdafiəsində ermənilərdən daha çox canfəşanlıq göstərir. Sual olunur: Leyla Yunus birmənalı olaraq Ermənistan xüsusi xidmət orqanlarına xidmət edirsə, Azərbaycan xalqını açıq şəkildə təhqir etməkdən belə çəkinmirsə, o zaman bu adam nə üçün “Azadlıq” qəzetinin çətiri altında müdafiə olunmalıdır? Həmin “Azadlıq” qəzetinin ərsəyə gəlməsində bizim hər birimizin rolu olub. “Azadlıq” qəzetinin formalaşmasında və yaşamasında bütün Azərbaycan xalqının rolu olub. Axı nə üçün bunlar indi bunları unudurlar? Mən Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat arasında münasibətlərin düzələcəyinə nikbin yanaşmıram. Çünki onlar arasında olmuş münasibətlərin bütün körpüləri yandırılıb. Yenidən bu körpülərin bərpa olunacağına nikbin yanaşmaq mümkün deyil.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm