Müsavatdan 500 nəfər Sülhəddin Əkbərin partiyasına keçib –İDDİA
Bizi izləyin

Nida.az

Müsavatdan 500 nəfər Sülhəddin Əkbərin partiyasına keçib –İDDİA

“Müsavat Partiyasının 500 nəfərdən çox üzvü bizim qoşulmaq üçün müraciət edib”.


Bunu Publika.az-a açıqlamasında Sülhəddin Əkbərin sədrlik etdiyi Azad Demokratlar Partiyasının (AzDP) Ali Məclis sədri Tapdıq Abbas deyib.


“Müsavatdan 500 nəfər bizim partiyaya qoşulmaq üçün müraciət edib”


Onun sözlərinə görə, Müsavatın bir neçə rayon təşkilatından kollektiv şəkildə AzDP-yə qəbul olunanlar var: “Artıq Müsavat faktiki olaraq parçalanıb. Orada bizim dostlarımız hələ mübarizəni davam etdirirlər. Onlara qurultaydan narazılar deyirlər, əslində onlar narazı deyillər. Onlar pozulmuş qaydaların bərpası üçün yollar axtarırlar. Belə görünür ki, yolları ayrılacaq və yeni partiya yaranacaq. Sadəcə olaraq müsavatçı dostlarımızın mübarizəsinə xələl gəlməsin deyə partiyamıza üzv olanları elan etmirik. Elə rayon təşkilatı var ki, oradan 200 nəfər, eləsi var 70, bəzi rayonlardan 150 nəfər sıralarımıza qoşulmaq üçün ərizə veriblər. Biz də ideoloji olaraq müsavatçıyıq. Onlar hərəkatda, Müsavatda 25 illik dostlarının yanına gəlirlər”.


“O vaxt bizə “Sülhəddin Əkbərin komandası” deyirdilər”


T. Abbasın sözlərinə görə, vaxtilə onlar da indiki başqan Arif Hacılıya qarşı mübarizə aparıblar: “O vaxt bizə “Sülhəddin Əkbərin komandası” deyirdilər. 2006-cı ildə Məclis seçkilərində qalib gəldik, mən katibliyə namizədliyimi vermişdim, Sülhəddin Əkbərlə Tofiq Yaqublu Nəsib Nəsibli ilə eyni blokda idilər. Arif Hacılı isə bizə qarşı fraksiya yaratmışdı, o vaxt nə qədər mübarizə aparsalar da, bizə üstün gələ bilmədilər. Sülhəddin Əkbər 64, mənsə 63 səs toplamışdım. Sülhəddin bəyin qarşısını ala bilmədilər, mənim katib keçməməyim üçün maxinasiya etdilər. Tofiq Yaqublunu irəli verdilər. Sonra İsa Qəmbərin yanında söhbət oldu ki, məsələni açıb-ağartmayaq, saxtakarlıq ortalığa çıxsa, Müsavat biabır olacaq. Sülhəddin Əkbər artıq Məclis sədri seçilmişdi, biz məqsədimizə 80-90 faiz nail olmuşduq, mən razılaşdım. Amma İsa Qəmbər bizə verdiyi sözü tutmadı. Arif Hacılı və digərlərinin qorxusundan dediyinə əməl edə bilmədi. 5 nəfər komissiya üzvü dedi ki, Tapdıq Abbasın səsi Tofiq Yaqubluya sayılıb. 57 səs onun, 63 səs isə mənim olub. Adlar “T” hərfi ilə işarələnmişdi, hər ikimizin adı da “T” hərfi ilə başlayır, komissiyada mənim səsimi Tofiq Yaqubluya hesablamışdılar. 5 nəfərin etirazından sonra İsa Qəmbər qəbul keçirdi və dedi ki, kompromisə gedin, mən Tapdıq bəyi başqa vəzifəyə təyin edəcəyəm. Biz partiyanın adı naminə güzəştə getdik, amma 2010-cu ildə mənə qarşı şantaja başladılar. Əslində fraksiya elə o vaxtdan mövcud idi. Haqq uğrunda mübarizə aparanlar və saxtakarlar vardı. Saxtakarlara Arif Hacılı başçılıq edirdi”.


“Gecə ilə Pənah Hüseynin təşkilatçılığı ilə İcra Aparatı yaratdılar”


T. Abbas Sülhəddin Əkbərin Məclis sədri seçilməsinə etiraz olaraq Arif Hacılının istefa ərizəsi verib Zaqatalaya getdiyini xatırladıb.

“Gecə ilə Pənah Hüseynin və digərlərinin təşkilatçılığı ilə nizamnamədə nəzərdə tutulmayan İcra Aparatı yaratdılar. Müsavat nizamnaməsində belə bir anlayış yox idi. İcra Aparatı dövlətdə olur. Arifin könlünü alıb Müsavatda saxlamaq üçün onu guya ikinci adam elədilər. Nizamnamədə isə partiyada ikinci adam Məclis sədri, yəni Sülhəddin Əkbər idi. Pənah Hüseyn qeyri-rəsmi Müsavatı idarə edənlərdən biridir. Nə vaxt baxsan İsa Qəmbərin yanındadır, elə bil əkizdirlər. İcra Aparatı da onun ideyasıdır”.


“Arif Hacılı tayfabazlığa getdi”


T. Abbas Arif Hacılının Məclisin toplantısında Müsavatı naxçıvanlılara vermək olmaz dediyini bildirib: “Açıq şəkildə bölücülüyə, tayfabazlığa getdi. Sülhəddin Əkbərə mane olmağa çalışırdı. Sülhəddin bəylə 25 ildir bir yol gəlirik, hələ bir dəfə onda çaşqınlıq görməmişəm. Mən qarabağlıyam, o isə naxçıvanlı. Əslində İsa Qəmbər düz mövqedə olsa, eyni bölgədən olduğumuz üçün onu müdafiə edərəm. Amma İsa Qəmbər saxtakarları himayə elədi. 2006-cı ildə qurultayda pozğunluqlar aşkarlanmışdı. Səslərin çoxu Arif Hacılı, qardaşı Mustafa Hacıbəyli və adamlarına yazılmışdı. Təkrar səs sayılanda səslər yarıbayarı aşağı düşdü. O proseslərdə Gülağa Aslanlı, Zöhrab Məhərrəmli də iştirak edirdi. İsa Qəmbər guya qurultayın nəticələrinin araşdırılması ilə bağlı komissiya yaratdı, o komissiyanın rəyi hələ də ortalığa çıxmayıb. Belə iyrənc işlər görə-görə hamını Müsavatdan soyutdular”.


“2003-cü ildə 3 milyon manatdan çox pulu mənimləyiblər”


AzDP rəsmisi parlament seçkiləri ərəfəsində Arif Hacılı ilə mübahisə yaşadığını açıqlayıb.

“Məclisin iclasında Arif Hacılı dedi ki, Tapdıq Abbas namizədliyini verməsin, bizim başqa tələbimiz yoxdur. Mən də dedim ki, məsələni müzakirəyə qoyun, mən parlamentə gedəcəm. Onlar İsa Qəmbərin köməkliyi ilə mənim parlament seçkilərində Müsavatdan namizəd olmağımı əngəllədilər. Məclisdə mənə töhmət vermişdilər. Sonra MNTK-ya ərizə verdim və həmin töhmət ləğv edildi. Mustafa Hacıbəyli qəzetdə haqqımda böhtan danışmışdı. Onun məsələsinə MNTK-da baxıldı, Mustafanı ünvanıma səsləndirdiyi saxta ittihamlara görə partiyadan çıxarırdılar. İsa Qəmbər məsələyə qarışdı və həmin iclası pozdu, Mustafanın Müsavatda qalmasına şərait yaratdı. Həmin iclas çox gərgin keçmişdi, hətta Mustafanı əzişdirdilər. Mən bu əngəllərə rəğmən parlament seçkilərinə qatıldım, dairəmdə Arif Hacılıdan da, İsa Qəmbərdən də 3 dəfə çox səs topladım və bir daha partiyaya geri dönmədim. Bu insanların hamısı partiyaya mandat da, pul da bizim olsun demək üçün yığışıblar. 2003-cü ildə 3 milyon manatdan çox pul ortalıqda olub. Onu mənimsəyiblər, amma bunun hesabatını verən yoxdur. 2005-ci ildə tələb etdik ki, partiyanın maliyyə mənbəyini açın, bunu gizlədiblər. Biz şəffaflıq uğrunda mübarizə aparırdıq”, - deyə T. Abbas vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm