Qubad İbadoğlu ADR hərəkatının yaradıldığını bəyan etdi
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu ADR hərəkatının yaradıldığını bəyan etdi

Müsavat Partiyasının üzvü, başqanlığa sabiq namizəd Qubad İbadoğlu yeni hərəkatın yaradıldığı barədə bəyannamə yayıb. Publika.az-ın “müsavat.com”a istinadən məlumatına görə, yeni hərəkat “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatı adlanacaq.

“Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının yaradılması haqda

BƏYANNAMƏ

Bakı şəhəri, 03 dekabr 2014-cü il

Bir əsrdə 2 dəfə müstəqillik qazanmış Azərbaycan birinci cəhddə özündən asılı olmayan səbəblər ucbatından müasirləşməyə, mütərəqqi Avropa və İslam dəyərlərinə əsaslanan uzun inkişaf yolunda davam edə bilmədi, demokratik və azad bir ölkə kimi dünyaya inteqrasiya prosesi yarımçıq qaldı. İkinci müstəqillik dövründə cümhuriyyətçilərin edə bilmədiklərini reallaşdırmaq üçün mühüm addımlar atan demokratik hakimiyyətə daxili və xarici anti-Azərbaycan qüvvələrinin dəstəklədiyi silahlı qiyam imkan vermədi. Mövcud rejim isə Azərbaycanda demokratik və açıq cəmiyyət quruculuğuna, avro-atlantika məkanına inteqrasiyaya, neft gəlirlərinin ədalətli bölüşdürulməsinə, azad sahibkarlığın inkişafına və milli iqtisadiyyatın şaxələndirilməsinə əngəlləyici təsirlərini göstərməkdədir. Demokratik institutların zəiflədilməsi, xüsusilə də müstəqil vətəndaş cəmiyyətinin və azad mətbuatın sıradan çıxarılması məqsədilə hakimiyyət tərəfindən aparılan ardıcıl və sistemli siyasətin nəticəsi olaraq insanlarda gələcəyə ümid azalıb, biganəlik və inamsızlıq geniş vüsət alıb. Odur ki, biz aşağıda adları qeyd olunan təşəbbüskarlar sələflərimizin qoyduqları hədəflərə çatmaq, ərazilərinə tam nəzarət edən suveren, demokratik dövlət qurmaq, fundamental azadlıqlara əsaslanan mülki cəmiyyət formalaşdırmaq, yüksək rifahı təmin edən azad iqtisadiyyata nail olmaq, Avropa ailəsinin bərabərhüquqlu üzvü olmaq kimi taleyüklü proseslərin aparıcı qüvvəsinə çevrilmək məqsədi ilə “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının yarandığını elan edirik.

Hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir. Bu məqsədlə ölkənin ictimai həyatında daha yaxından iştirak etmək, demokratik prosesləri gücləndirmək üçün Hərəkat qarşısına aşağıdakı vəzifələri qoyur:

§ Ölkənin siyasi, iqtisadi və ictimai həyatının müxtəlif sahələrində liberal islahatların aparılmasını özündə təcəssüm edən proqram və konsepsiyalar işləmək;

§ Siyasi motivlərlə həbs olunmuş məhbusların azad edilməsi, siyasi, ictimai fəaliyyətə görə təqiblərə birdəfəlik son qoyulması, vətəndaşların sosial, iqtisadi, mülki və siyasi hüquqlarının Avropa standartlarına uyğun şəkildə bərqərar olması uğrunda fəaliyyət göstərmək;

* Ölkədə vətəndaş sülhünün və ictimai həmrəyliyin yaradılmasına, dialoqun təşkilinə yardım etmək;

* Qarabağın və işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasına, eləcə də cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışmaq;

* Vətəndaş cəmiyyətinin əsas elementi olan qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün normal şərait yaradılmasına çalışmaq;

* İqtisadiyyatın liberallaşdırılması, azad sahibkarlığın inkişafı, neft gəlirlərinin ədalətli bölüşdürülməsi və səmərəli idarəedilməsi yolu ilə ölkə vətəndaşlarının layiqli və təminatlı sosial müdafiəsinə nail olmaq və rifahını yüksəltmək .

Siyasi, etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşı ADR Hərəkatının üzvü ola bilər. ADR-in idarəetmə orqanları yaxın zamanlarda üzvlərin iştirakı ilə keçirilməsi planlaşdırılan təsis yığıncağında formalaşdırılacaq.

1. Qubad İbadoğlu

2. Vurğun Əyyub

3. Adil Qeybulla

4. İbrahim İbrahimli

5. Ellada Məmmədli

6. Səxavət Əlisoy

7. Məlahət Mürşüdlü

8. Ədalət Yusifov

9. Əhliman Abbas

10. Taleh Əliyev

11. Rafiq Abdullalı

12. İsmayıl Yusifov

13. Əlövsət Talışxanlı

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm