Ankara-Bakı-Moskva yaxınlaşmasının daha bir səbəbi – Detallar açıqlanır
Bizi izləyin

Nida.az

Ankara-Bakı-Moskva yaxınlaşmasının daha bir səbəbi – Detallar açıqlanır

“Son iki onillikdə Qərb dövlətlərinin şərqli partnyorları ilə əlaqələri ikitərəfli xarakter daşıyırdı. Bir tərəfdən Qərb onları sıxışdırır, digər tərəfdən Şərqdən Qərbə doğru boru kəmərləri uzanır. Avropa şirkətləri karbohidrogen yataqların işlənməsində yer alaraq pul qazanırlar. Bu gün Rusiya, Azərbaycan və Türkiyə kimi ölkələrin Avropa ilə əməkdaşlığında məhdudiyyətlər qalmaqdadır. Lakin bu ölkələrin hər birinin malik olduğu coğrafi üstünlüklər Avropa Birliyi ilə əməkdaşlıq üçün unikal imkanlar verir”.


Publika.az xəbər verir ki, bu barədə MDU-nun dosenti, Ekspert-Analitiklər Liqasının Təşkilat Komitəsinə tanınmış eksperti İsmayıl Ağakişiyev Ankara-Bakı-Moskva yaxınlaşmasını şərh edərkən deyib.


Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-24” kanalına müsahibəsi və Ankarada Putin - Ərdoğan görüşünə diqqət çəkən ekspert bunların region ölkələri arasında əməkdaşlığın yeni istiqamətlərinin açıldığını göstərdiyini bildirib: “Bu həm də daha keyfiyyətli əməkdaşlıq mərhələsinə keçməkdir. Cəsarətli qərarları təkcə Putin vermir. Rusiya-Qərb qarşıdurmasında Ərdoğanla Əliyev də Qərblə münasibətlərini riskə ataraq cəsarətli addımlar atırlar. İqtisadi və siyasi məhdudiyyətlər Ankara, Bakı və Moskvanı öz aralarında əməkdaşlığa məcbur edir. Bu həm də Qərb ölkələri ilə əməkdaşlığın davamı üçün də lazımlıdır. Açıq qarşıdurma və Rusiyaya qarşı sanksiyalar fonunda Avropanı soyuq qışdan xilas edəcək qazı, həmçinin iqtisadiyyat üçün vacib olan nefti daşıyacaq boru kəmərləri haqda məsələ açıq qalır. Cənubi Qafqazın aparıcı ölkələri kimi Azərbaycan 1997-ci ildən öz karbohidrogen ehtiyatlarını şaxələndirilmiş formada ixrac edir, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol alır. Asiya və Avropanı birləşdirən Türkiyə “Köhnə Qitə” ilə bağlı olduğu qədər Azərbaycan və Rusiya ilə də tarixi köklərə malikdir. Ankara Qərbin hərbi-siyasi ittifaqında iştirak etməsinə baxmayaraq, “uzaqlaşdırılmış müttəfiq” rolunda qalır. Bu ölkənin Avropa Birliyi yolunda çəkdiyi əzablara hər kəs şahidlik edə bilər. Paradoksal vəziyyət yaranıb: Avropada ən güclü ordulardan birinə malik olan, hərbi-siyasi ittifaqda yer alan ölkənin Avropa Birliyinə üzv qəbul edilməsinə imkan verilmir. Avropa regionun digər ölkələri olan Azərbaycan və Rusiyaya qarşı bu illər ərzində daim ikili standartlardan çıxış edib”.


İ. Ağakişiyev daha bir mühüm detala diqqət yetirib.


“Diqqət çəkən bir məqam var. Region ölkələri nefti daha çox xammal olaraq sata bilir. Nefti emal edən şirkətlərsə daha çox Avropadadır. Rusiya bu işdə pay olmaq istəyəndə ona “kötək” göstərdilər. Azərbaycan da nefti xammal olaraq bazara çıxarır, ondan sonra mərhələlər isə Avropa şirkətlərinə aiddir. Əslində məqsəd nefti çıxaran ölkələrin yalnız bununla məhdudlaşdırılmasıdır. İndi biz regionda yeni hadisələrin şahidi oluruq. İqtisadi və siyasi sahədə öz mövqelərini gücləndirmək, Avropa ölkələrinin məhdudiyyətləri qarşısında duruş gətirmək üçün region ölkələri öz imkanlarını birləşdirirlər. Bu birləşmə artıq konkret sənədlər üzərindədir və burda Rusiya, Türkiyə, Azərbaycanla yanaşı, İran da yer alır. Bu cür iqtisadi və siyasi yaxınlaşma regionun əzab çəkən ölkələrinə, Gürcüstan və Ermənistana da xeyir gətirə bilər. Lakin bu, onların davranışları regionda aparıcı ölkələrin siyasi və iqtisadi maraqlarına uyğun gələcəksə baş tuta bilər”, - deyə ekspert vurğulayıb.


İ. Ağakişiyev qeyd edib ki, bu prosesdə yer alan üç əsas ölkə regionun inkişafına mane olan Qarabağ münaqişəsini də tezliklə həll olunmasında maraqlı olacaqlar: “İndiki halda isə Ankara, Bakı və Moskva arasında etibarın artması prosesi müşahidə olunur. Halbuki bu, indiyə qədər ikitərəfli münasibətlərin qurulmasında müəyyən maneələr yaradırdı. Etibar olmayan yerdə əməkdaşlıqdan danışmaq çətindir. Bu isə artıq formalaşır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm