Narazıların hərəkatı kimin layihəsidir – CİA, MOSSAD, yoxsa ETALAAT? - QALMAQAL
Bizi izləyin

Nida.az

Narazıların hərəkatı kimin layihəsidir – CİA, MOSSAD, yoxsa ETALAAT? - QALMAQAL

Müsavat Partiyasının qurultayından narazı olan kəsim Qubad İbadoğlunun rəhbərliyi altında yeni hərəkat yaratdı.


“Azərbaycan Demokratiya və Rifah” adlanan hərəkatın bəyannaməsində ümumilikdə Azərbaycanda problemləri həll edilməsi məsələləri əksini tapıb. Lakin bunun Müsavatın hazırki rəhbərliyinə alternativ olduğu bəllidir.

Publika.az yeni hərəkatla bağlı bir sıra məqamları araşdırıb. İlk diqqət çəkən məqam, hərəkatın qısaldılmış adının ADR olmasıdır.


Hərəkatda təmsil olunan Müsavat Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədli bunun 1918-ci ildə Müsavatın banisi Məmməd Əmin Rəsulzadənin qurduğu ilk respublika ilə bağlı olduğunu deyib: “Təbii ki, bu adın seçilməsində məqsəd XX əsrin əvvəllərindəki demorkatik respublikaya bağlı olmaqdır. Lakin əsas məqsəd əhalinin rifahı və demokratiyanın inkişafıdır”.


E. Məmmədli yeni hərəkatla Müsavatdakı daxili vəziyyəti dəyişəcəklərinə də ümid etdiklərini açıqlayıb: “Əsas məqsədlərdən biri də partiya daxili demokratiyanın bərqərar olmasıdır”.


Bəyannaməyə imza atan Müsavat üzvü, professor Adil Qeybulla hərəkatın partiyadakı vəziyyəti yoluna qoymaq məqsədilə yaradıldığını bildirib.

“Müsavatdakı vəziyyəti hər kəs bilir. Burda bir kəsim idarəçiliyi əlinə alıb, yerdə qalan böyük bir kəsim isə kənarlaşdırılıb. Bəziləri istefa verib, bəziləri partiyadan çıxarılıb. Bir çoxu isə hazırda partiya daxilində fraksiya olaraq mübarizə aparırlar. Hərəkatın yaradılması da bütün bu proseslərin eyni mərkəzə toplanmasına hesablanıb. Çünki insanlar gəldikləri 20 illik bu yolda öz enerjilərini normal istiqamətdə sərf etməlidirlər. Bu, demokratik hərəkatdır və cəmiyyətdəki bir sıra problemlərin həllinə də çalışacaq. Bununla bağlı təkliflər paketi hazırlanacaq və çıxış yolları təqdim ediləcək.


ADR bəyannaməsinə cəmi 13 nəfər tərəfindən imza atılması da suallar yaradır. Çünki qurultayda Qubad İbadoğlu yeni başqan Arif Hacılıya cəmi üç səslə uduzsa da, partiyanın böyük bir kəsiminin dəstəyini qazana bilmişdi.

Hərəkatda təmsil olunan, bir müddət öncə Müsavatdan çıxarılmış Səxavət Əlisoy isə imzaları 1000-ə qədər artıra biləcəklərini deyib.

“İmzaların sayının 50, 100, hətta 1000-ə qədər də artırmaq mümkün idi. Lakin məsləhətləşmələrdən sonra bu üsul seçildi. Bu hərəkatda təkcə müsavatçılar, yaxud partiyadan istefa verən və çıxarılanlar yox, cəmiyyətin bir çox tanınmış şəxsi təmsil olunacaq. Eləcə də digər partiyalarda olanlar da qoşulacaq. Həmçinin, intellektual gəncliyə üstünlük verəcəyik. Qaraguruh gəncliyi yaxına buraxmayacağıq. Zaman-zaman mətbuata açıq olacağıq, fəaliyyətimizdə saxtakarlığa yox, şəffaflığa üstünlük verəcəyik. Cəmiyyətdən heç nəyi gizlətməyəcəyik”, - deyə o bildirib.


E. Məmmədli isə hərəkata qoşulanların sayının olduqca çox olacağını deyib: “Hələlik təşəbbüs qrupuna 13 nəfər öz istəyi ilə qoşulub. Lakin Müsavatda, eləcə də cəmiyyətdə tanınmış ziyalılar burda təmsil olunacaqlar”.


Artıq yeni hərəkata hazırki rəhbərlikdən Arif Hacılının müavini Nüşabə Sadıqlı reaksiya verib. Onun reaksiyası kifayət qədər qalmaqallı məqamlarla yadda qalır.

N. Sadıqlı Publika.az-a açıqlamasında yeni hərəkatın kənar tapşırıqla yaradıldığını iddia edib: “Hərəkatın ADR olaraq seçilməsi diqqət çəkir. Görünür, bu kənardan tapşırıq əsasında hazırlanıb. Nizamnamə Müsavat daxilində hansısa hərəkatın, yaxud qurumun yaradılmasını tanımır. Lakin onlar israrla dediklərini edirlər. Bu israrın arxasında başqa mətləblərin olduğu hiss olunur. Bu haqda İsa bəy də, Arif bəy də danışıb. Mən bu hərəkatın sona qədər davam gətirəcəyinə inanmıram. Çünki təcrübə Müsavatda bu cür hallara yer olmadığını göstərir”.


Hərəkat üzvləri Arif Hacılının müavininin bu iddiasını sərt reaksiya ilə qarşılayıblar. Ellada Məmmədli N. Sadıqlının yanıldığını və əsassız ittihamlara yer verdiyini deyib.


“Bu, bizim öz istəyimizdir və uzun müddətdir davam edən proseslər belə bir şeyin baş verəcəyini göstərirdi. Bunu bilmək üçün çox da ağıllı olmağa ehtiyac yoxdur”, - deyə MQB sədri vurğulayıb.


Adil Qeybulla rəhbərliyin yanaşmasının ənənəvi müxalifət ritorikası adlandırıb. Onun sözlərinə görə, ümumi müxalifətin bünövrəsi qoyulandan bu cür ittihamlar səsləndirilib: “Ona görə də bugünkü acınacaqlı vəziyyətə düşüblər. Kənar sifariş deyəndə hakimiyyətə nəzərdə tuturlar. Amma hakimiyyət üçün Müsavatda baş verənlərin heç bir önəmi yoxdur. Çünki bir partiya ictimai-siyasi proseslərə təsir edə bilmirsə, iqtidar özünə əziyyət verib ona qarşı niyə planlar hazırlamalıdır?! Bu, sadəcə olaraq siyasi demaqogiyadır. Hazırkı rəhbərlik onların iradəsindən kənarda baş verənləri, onlar kimi düşünməyənləri bu cür yarlıqlarla ləkələməyə cəhd edir”.


Səxavət Əlisoy isə Müsavat rəhbərliyindən hərəkatın kimin sifarişi olduğunu açıqlamalarının tələb edib.


“Kimin sifarişi olduğunu açıqlasınlar. Kənardan sifariş deyəndə bir çox tərəflər nəzərdə tutula bilər. İqtidar, ABŞ kəşfiyyatı, CİA, MOSSAD, ETALLAT, yaxud qonşu Rusiya, İran. Onları axı kimi deyirlər? Bəlkə, bütün bunların birgə layihəsidir? Hələ yaxşı ki, bizi Ermənistanla bağlamayıblar. Görünür, zehniyyətləri o qədər pozulmayıb. Bu cür populist ittihamlar onların öz saxtakarlıqlarını və bunun sonunun nə ilə nəticələnəcəyini anlamağa başladığını göstərir”, - deyə bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm