Krım tatarlarının lideri danışdı: “Söyün Sadıqov əmri yerinə yetirir” – ÖZƏL
Bizi izləyin

Nida.az

Krım tatarlarının lideri danışdı: “Söyün Sadıqov əmri yerinə yetirir” – ÖZƏL

“Söyün Sadıqov adlı şəxsi yaxından tanımıram, amma onun tatarları bölməklə məşğul olduğundan xəbərimiz var”.


Bunu Publika.az-a eksklüziv açıqlamasında Ukrayna parlamentinin deputatı, Krım tatarlarının lideri Mustafa Krımoğlu (Cemilev) Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Azərbaycanda ötən prezident seçkilərində bir sıra fəaliyyətləri ilə yadda qalan Söyün Sadıqovun Moskvada ümumdünya tatarlarının qurultayını keçirmək planları haqda danışarkən deyib.


M. Krımoğlu Moskvanın tatarlara qarşı müxtəlif ssenarilərdən istifadə etdiyini açıqlayıb. Onun sözlərinə görə, tatar liderlərini Krıma buraxmayan Rusiya oradakı tatarlara qarşı təzyiq elementlərindən istifadə edir: “Bizim Krıma girişimiz qadağan olunub. Təsəvvür edin, mən öz torpaqlarıma gedə bilmirəm. Eyni təzyiq prosesləri hazırda Krımda davam etdirilir. Rusiyaya qarşı çıxanlar müxtəlif bəhanələrlə həbsə atılır. Söyün Sadıqov adlı şəxsin tatarlarının qurultayını keçirmək planları və qondarma bəyanatlar yayması da bu qəbildən olan ssenarilərin bir parçasıdır. O, Kremlin əmri ilə bunu yerinə yetirir. Lakin biz tatarların adından hər hansı addımın atılmasını tanımır, səslənən bəyanatları, verilən qərarları qəbul etmirik”.


M. Krımoğlu tatarların öz torpaqlarını heç vaxt Rusiyaya verməyəcəyini, sona qədər mübarizə aparacaqlarının bildirib.


“Bir neçə ruspərəstlə işlər bitmir. Söyün Sadıqov kimi insanların nə etməsinə baxmayaraq, biz tatarlar Rusiya ilə sona qədər varıq. Biz tatarların tarixi torpağı olan Krımın azad olunmasını, Ukraynanın ərazi bütövlüyünün bərpasını istəyirik və buna çalışırıq”, - deyə tatar lideri bildirib.


Qeyd edək ki, Söyün Sadıqovun yeni missiyası haqda informasiyalar yayılıb. Sadıqov bu dəfə Moskvanın tapşırığı ilə Krımı M. Krımoğılunun təsirindən uzaqlaşdırmağa girişib.

Sadıqov Simferopolda Moskvameylli tatar qruplarının konfransını təşkil edib. Növbəti addım kimi Moskvada ümumdünya tatar qurultayının keçirilməsinə çağırır.

“Krım birliyi” adlı tatar təşkilatının təşkil etdiyi İctimai Şuranın konfransında çıxış edən S. Sadıqov Türkiyədə və Avropa ölkələrində yaşayan tatarların Krımın Rusiya tərəfindən işğal edildiyini düşünərək yanıldığını diqqətə çatdırıb. Onun sözlərinə, xaricdə Rusiyanın Krım tatarlarını sıxışdırdığı rəyi yaradılır: “Krımda heç vaxt olmayan adamlar da bu yalana inanır. Siz, Krım tatarları həqiqəti deməlisiniz. Göstərməlisiniz ki, belə deyil”.

S.Sadıqov tatarları Moskvada ümumdünya tatar qurultayı keçirməyə çağırıb və dünyanın hər yerindən qurultay nümayəndələrinin Moskvaya səfərini şəxsən maliyyələşdirməyə hazır olduğunu deyib. Bununla bağlı, Rusiya prezidentinin Ankaraya səfəri ərəfəsində keçirilən konfransda Vladimir Putinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlər ünvanlanıb.

Buna paralel olaraq, M. Krımoğlu dünya tatarlarının qurultayını Türkiyədə keçirməyə hazırlaşır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm