“Qara Tofiq” və Tural Abbaslı Qubad İbadoğluya "yox" dedi – Narazılar da bölündü
Bizi izləyin

Nida.az

“Qara Tofiq” və Tural Abbaslı Qubad İbadoğluya "yox" dedi – Narazılar da bölündü

Müsavat Partiyasının yeni rəhbərliyinin legitimliyini tanımayan narazılar Qubad İbadoğlunun rəhbərliyi altında “Azərbaycan Demokratiya və Rifah” Hərəkatı yaratdı. Hərəkatın bəyannaməsini 13 nəfər imzalasa da, əlavə qoşunların da olacağı deyilir.


Müsavatda fraksiya yaratmaq ideyasının müəllifi, başqanlığa keçmiş namizəd Tural Abbaslı isə yeni hərəkata qoşulmaq fikrində olmadığını deyib.


T. Abbaslı Publika.az-a açıqlamasında yeni hərəkatın yaradılacağı təqdirdə nə bu məsələlərin müzakirəsində iştirak edəcəklərini, nə də orda təmsil olunacaqlarını əvvəlcədən açıqladıqlarını bildirib: “Bunu İşçi Qrupunda müzakirələr zamanı bildirmişdik. Ona görə də bizi hərəkata salmayıblar. Fəaliyyətimizi ancaq partiya daxilində görürük. Kənarda hər hansı fəaliyyət göstərmək niyyətimiz yoxdur. Biz hesab edirik ki, Müsavatı böhran vəziyyətindən qurtarmaq və demokratiyanın bərqərar olması üçün fraksiya yaradılmalıdır. İşçi qrupdakı müzakirələrdə Qubad bəyin tərəfdarları deyirdilər ki, məqsədimiz təkcə fraksiya deyil, həm də ictimai hərəkatdır. Onlar söyləyirdilər ki, orada həm partiyadan çıxan insanlar, həm də hər hansı partiyada təmsil olunmayan, amma proseslərdə iştirak etmək istəyənləri özündə ehtiva edə bilən bir hərəkat yaratmaq niyyətindəyik. Bu, onların hüququdur, lakin biz bu məsələdə maraqlı olmadığımızı bildirdik. Onların özü də fraksiyadan imtina etmirlər, paralel fəaliyyətin tərəfdarlarıdır. Həm partiya daxilində fraksiyada təmsil olunmaq istəyirlər, həm də ictimai hərəkatda fəaliyyət göstərirlər. Qubad bəylə bu barədə söhbətimiz olub. Onun fikrincə, biri digərinə mane olmayacaq. Buna görə də hərəkat yaradanların fraksiyadan imtina etdiyini demək olmaz”.


T. Abbaslının sözlərinə görə, İşçi Qrupun növbəti toplantısında fraksiya strukturları müzakirə olunacaq və konkret sənəd üzrə fraksiyanın yaradılması üzrə diskussiya aparılacaq: “Görsək ki, işçi qrupda əsas enerji hərəkata yönəlir və fraksiya ikinci plana keçir, o zaman öz tərəfdarlarımızla, gənclərlə birlikdə müstəqil addım atacağıq”.


Müsavat Partiyasından istefa vermiş sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli (Qara Tofiq) də yeni hərəkatda iştirak etmək istəmədiyini açıqlayıb.


T. Hüseynli Publika.az-a bildirib ki, hərəkata qoşulmaq barədə nə ona müraciət ediblər, nə də özünün belə bir niyyəti olub.


“Mən Müsavatdan istefa vermişəm. Ona görə də bu partiya ilə bağlı məsələlərə qarışmıram”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm