Müsavatdan reaksiya: “ADR-in Müsavata aidiyyəti yoxdur”
Bizi izləyin

Nida.az

Müsavatdan reaksiya: “ADR-in Müsavata aidiyyəti yoxdur”

“Yeni hərəkatın yaranması Müsavat üçün heç bir mənfi təsirə malik deyil”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı Qubad İbadoğlunun rəhbərliyi ilə narazıların “Azərbaycan Demokratiya və Rifah” Hərəkatını yaratmasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, bu hərəkatın Müsavata heç bir aidiyyəti yoxdur: “Bunu yaradanlar da belə bir bağlılığın olmadığını deyiblər. Müsavat üzvlərinin hansısa hərəkat yaratmasına gəlincə, nizamnamə bunu qadağan etmir. Kim nə yaratmaq istəyirsə, etsin”.


Hərəkatın adının ADR seçilməsinə gəlincə, G. Aslanlı bunun hərəkat təsisçilərinin öz səlahiyyətinə aid olduğunu bildirib.


“Burda Müsavat üzvü olanlar da, olmayanlar da var. Adın seçilməsini onların öz səlahiyyətinə aiddir. Ümumi ad Demokratiya və Rifahdır. Lakin hərflərin necə düzülməsi heç nəyi dəyişdirmir. Ümumilikdə bunun Müsavata qətiyyən aidiyyəti yoxdur”, - deyə o bildirib.


Arif Hacılının digər müavini Elman Fəttah da Publika.az-a açıqlamasında hərəkatla bağlı narahatlıqlarının olmadığının bildirib: “Müsavatçıların Müsavat Partiyasından kənarda QHT yaratması və ya ictimai təsisatlar təyin etmələrinin bizim üçün xüsusi əhəmiyyəti yoxdur. Bu, ictimai təsisatdır. Müsavat üzvü olan və ya olmayan bütün vətəndaşların hansısa hərəkat yaratmaq hüququ var. Məsələn mən özüm NİDA Vətəndaş Hərəkatının üzvüyəm. Bizim yeni hərəkatla bağlı hər hansı narahatlığımız yoxdur”.


Arif Hacılının qardaşı, narazılara qarşı daim sərt açıqlamaları ilə seçilən Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli bu dəfə onlara haqq qazandırıb.


“Partiya üzvlərinin ictimai hərəkat yaratmasının partiya nizamnaməsi ilə bir araya sığmadığı barədə açıqlamaların hüquqi əsası yoxdur. Hesab edirəm ki, siyasi baxımdan da qəbul edilən qərar yaranmış vəziyyətdən məqbul çıxış yollarından biridir. Bu prosesin partiyanın rəsmən parçalanması və ya hansısa tapşırığın yerinə yetirilməsi kimi dəyərləndirilməsi isə ən azı tələsik verilən qiymətdir. Hər şey indidən sonra atılacaq addımlardan, xoş niyyətli olub-olmamasından, aparılan fəaliyyətin daxili qeyri-sağlam rəqabətə, yoxsa iqtidara qarşı yönələcəyindən çox asılıdır. Mən tam səmimiyyətlə hərəkatın yaradılması barədə bəyanatı imzalayanlara uğurlar arzulayıram və xeyirli olsun deyirəm”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm