Bahar Muradova: “Azərbaycan ABŞ-a qəti şəkildə etiraz edir”
Bizi izləyin

Nida.az

Bahar Muradova: “Azərbaycan ABŞ-a qəti şəkildə etiraz edir”

ABŞ-ın Dağlıq Qarabağın separatçı rejiminə qucaq açması beynəlxalq hüququn prinsiplərini pozaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş cəhdlərə dəstək kimi qəbul olunur. Bu, Dağlıq Qarabağ probleminin içində olan və onun həllinə cəlb olunmuş ölkə kimi ABŞ-ın bitərəf mövqe tutacağına inamı heçə endirir. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Qeyd edək ki, hətta Ermənistanın özü tərəfindən tanınmamış qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament sədri” Vaşinqtonda, ABŞ Konqresində bir neçə konqresmenlə görüşüb, onlarla ABŞ və qondarma rejim arasında əlaqələrin genişləndirilməsi, eləcə də bir sıra sosial-iqtisadi layihələrin həyata keçirilməsi məsələsini müzakirə edib. Bundan əlavə, ABŞ Konqresində qondarma rejimin “müstəqilliyinin 23-cü ildönümü”nə həsr olunmuş təntənəli tədbir təşkil edilib. Tədbirdə konqresmenlər, separatçı rejimin və erməni diasporunun nümayəndələri iştirak ediblər.

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan buna qəti şəkildə etiraz edir: “Çünki ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Həmsədr kimi isə onun mandatına daxil olan vəzifələr var. Üstəlik, çox böyük və bütün dünyada bir çox məsələləri özünün səlahiyyət dairəsinə aid edən dövlət kimi belə bir addım atması heç cür təqdir oluna bilməz. Tanınmamış separatçı rejimin “rəhbərləri”nin ABŞ parlamentində yüksək səviyyədə qəbul edilməsi, Minsk qrupunun həmsədri Ceyms Uorliklə və ayrı-ayrı konqresmenlərlə görüşlərin keçirilməsinə şərait yaradılması ABŞ-ın Minsk qrupunun həmsədri kimi mövqeyini çox ciddi şübhə altına alır”.

Vitse-spikerin fikrincə, separatçı rejimlərə belə "selektiv" münasibət sərgilənməsi ABŞ-ın və onun müvafiq qurumlarının mövqeyinin heç də birmənalı olmadığını göstərir: “Eyni problemə beynəlxalq aləmdə "selektiv" münasibət göstərilməsi digər oxşar hərəkətlərə rəvac verilməsinin mümkünlüyünə işarə kimi qəbul edilə bilər. Şəxsən mən Azərbaycan parlamentarisi olaraq buna öz ciddi etirazımı bildirir və hesab edirəm ki, ABŞ Koqresinin rəsmiləri, müvafiq qurumları, xarici siyasət idarəsinə rəhbərlik edən şəxslər bu məsələ ilə bağlı təcili açıqlama verməlidirlər. Belə bir addım hansı səbəbdən atılır? Bu hərəkətə bir izah verilməlidir!”

B.Muradova qeyd edib ki, bununla bağlı yəqin ki, Azərbaycan dövlətinin etirazı rəsmi mövqe ilə ifadə olunacaq, lakin daha maraq doğuran məsələ ABŞ-ın hansı mövqe bildirəcəyidir: “Əminəm ki, bizim rəsmi mövqeyimiz bu hərəkətləri heç zaman müsbət qarşılaya bilməz və öz kəskin etirazını açıq şəkildə bildirəcək. Ümumilikdə, bizim mövqeyimiz aydındır. Bizim bütün cəmiyyətimiz, siyasi partiyalar, parlamentimiz bu məsələyə öz münasibətini bildərəcək. Maraqlı olan ABŞ-ın mövqeyi, onun gündəlik mövqeyini bəyan edən sözçülərinin açıqlayacağı məsələlərdir. Onlar buna necə izahat verirlər? Nəyə görə belə bir addım atılır? Ukrayna ərazisində baş verən hadisələrə, oradakı separatçı rejimlərə qarşı bir mövqe tutulur, lakin Dağlıq Qarabağ məsələsində tamamilə başqa bir mövqe sərgilənir. Bu, ikili standartdan xəbər vermirmi? Fövqəlbəşər bir dövlətin dünyanı narahat edən, ölkələrin ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq hüququn prinsiplərini ayaq altına alan məsələlərə bu şəkildə münasibət bildirməsi ermənilərin beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-ın "ərköyün uşağı" qismində olmasını göstərmirmi? Mənim üçün çox maraqlıdır ki, ABŞ-ın rəsmi dairələri bu məsələyə necə izahat verəcəklər? Ümumilikdə, beynəlxalq aləmdə bir çox məsələlərə viza rejimi, iqtisadi və başqa yönümlü sanksiyalarla münasibət bildirən ABŞ nədən separatçı rejimin "rəhbərləri"nə qucaq açır, onları ən yüksək səviyyədə dövlət orqanlarında qəbul edir, üstəlik, Konqresdə separatçı rejimin yaradılmasının ildönümünün bayram edilməsinə icazə verir? Göz yumur yox, məhz icazə verir, onlara şərait yaradır. Biz buna qəti şəkildə etirazımızı bildiririk!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm