• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İkili standartların dünya nizamı və müasir Azərbaycan

  • Nida.az
  • 4 Dekabr 2014 10:00
  • 608 Baxış
İkili standartların dünya nizamı və müasir Azərbaycan

Biz hamımız son 25 ildə dünyanın geosiyasi xəritəsinin necə dəyişməsinin şahidiyik. Şərqi Avropa ölkələrində "məxməri inqilablar” "sosializm düşərgəsi”nin dağılmasının və dünya arenasında qüvvələrin yenidən yerləşməsinin başlanğıc nöqtəsi oldu.

Dünyanın yalnız bir mərkəzdən idarə edilməsinin təməli qoyuldu. SSRİ dağılandan sonra ikiqütblü dünya faktiki olaraq bir qütblü dünya ilə əvəz edildi və belə dünyada mövcud olmağın bütün xüsusiyyətlərini biz artıq öz gündəlik həyatımızda hiss etməyə başlayırıq.

İstər-istəməz bir faktı xatırlayıram. XX əsrin 80-ci illərinin axırlarında Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında müxtəlif, o cümlədən xarici ölkələrdən olan politoloqlarla söhbətlərdə dəfələrlə eşitmişdim ki, SSRİ-nin dağılması praktiki olaraq həll edilib və bunun ardınca Yaxın Şərqin "yenidən formatlanması” dövrü başlanacaq.

İllər keçdi. "Ərəb baharı” hadisələrini müşahidə edərkən bu qənaətə gəldim ki, kütlələrin şüuruna "üsyan etmək hüququ vətəndaşların hakimiyyətin qəsb edilməsinə müqavimət göstərməsi kimi təbii hüququdur” tezisinin yeridilməsi ilə yanaşı, burada, əlbəttə, mükəmməl hazırlanmış texnologiyalar işləyir. Həmin texnologiyaların müəllifləri və bu cür aksiyaların hazırlanma mexanizmləri yaxşı məlumdur. Bu halda, nə qədər qəribə də olsa, demokratik səsvermə və seçki prosedurları nəticəsində hakimiyyətə gəlmiş hökumətlərə qarşı müqavimət göstərilir.

Hələ SSRİ-nin mövcud olduğu dövrdə Baltikyanı ölkələrə gələn məşhur Cin Şarp vaxtilə Cənub-Şərqi Asiya materialı üzərində işlənib hazırlanan metodların müəllifi və onların sınaqdan çıxarılmasının təşəbbüsçüsüdür. Bu gün onu Vladimir Leninin və Mahatma Qandinin bir növ simbiozu adlandırır və faktiki olaraq "ərəb baharı”nın ideya atası hesab edirlər. Doğrudan da, "müsəlman qardaşlar” və onlara yaxın təşkilatlar Şarpın "Diktaturadan demokratiyaya doğru” və "Qeyri-zorakı hərəkətlərin 198 metodu” kimi əsərlərini ərəb dilinə tərcümə edib kütləvi tirajla nəşr etməkdən əlavə onları öz saytlarında da yerləşdiriblər. Lakin Lenini ruhlandıran ayrıca götürülmüş bir ölkədə kommunizm qurmaq ideyası idisə, Qandi isə passiv müqavimət yolu ilə öz vətəninin müstəqilliyinə nail olmaq istəyirdisə, Şarp ilə bağlı halda biz yüksək ideyalar və ideologiyalar görmürük. Əsas məqsəd dağıtmaqdır. Məhz dövlət maşınının sındırılması xarici qüvvələrin "idarə edilən xaos” deyilən vəziyyət yaratmasına imkan verir.

Siyasi ekspertlər hesab edirlər ki, Şarp Qərbin müxtəlif ölkələrinin, xüsusi xidmətlərinin, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişlərini yerinə yetirir. Aşkar görünür ki, onlar həqiqətdən çox uzaqlaşmayıblar. Bununla belə etiraf etmək lazımdır ki, o, həqiqətən dövlət hakimiyyəti ilə mübarizə arsenalına yeni metodlar və yanaşmalar daxil edib. Nümunə kimi məsələn, bunu xatırlatmaq kifayətdir ki, Qahirədəki Beynəlxalq Qeyri-Zorakılıq Münaqişələr Mərkəzi müxtəlif ölkələrdən olan müxalifətçiləri onun ideyaları ilə tanış etmək üçün onları müvafiq treninqlərə cəlb edirdi.

Bu gün politoloqların çoxu qeyd edir ki, "rəngli inqilablar” istənilən regionda təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilir və müstəsna olaraq ABŞ-ı qane etməyən hökumətləri onun nəzarəti altında olan rejimlərlə əvəz etmək məqsədi güdür. Bütün bunlar müxtəlif ölkələrdə, o cümlədən keçmiş SSRİ məkanındakı respublikalarda demokratikləşmə və üzdəniraq "demokratiya proqramları” həyata keçirmək arzusu adı altında baş verir. ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfl riyakarlıqla deyir ki, bu gün ABŞ Prezidenti Barak Obamanın nümayəndələri "rəngli inqilablar”a sponsorluq etmirlər. Bununla belə, o da etiraf edir ki, ABŞ əvvəllər bu işlə məşğul olurdu. O, Yuqoslaviyadakı "bulldozer inqilabı” və sonradan Serbiyada baş verən hadisələrdən bəhs edərək açıq etiraf edir ki, "vəziyyətin sabitliyini pozmaq üçün müxalifətə birbaşa pul verilirdi və bu, öz işini gördü”. Lakin Şarpın texnologiyaları hakimiyyətin iflic olmasını təmin etmək lazım gələndə işə düşürsə, guya Amerikanın siyasi mədəniyyət modelini populyarlaşdıran ictimai təsisatlar şəbəkəsi yaratmaq praktikası bir qədər fərqlidir. Aparılan təhlil göstərir ki, əslində xaricdəki müvafiq strukturlar "Amerika demokratiyası”nın irəlilədilməsi üzrə potensial baxımdan fəal agentə çevrilə biləcək hər kəsin qeyri-hökumət təşkilatları çərçivəsində dəstəklənməsi, öyrədilməsi və təşkil edilməsi ilə məşğul olurlar.

Onlar yaxşı bilirlər ki, yalnız müvafiq sayda QHT-lər olduqda, onlar müntəzəm maliyyələşdirildikdə və təlimatlandırıldıqda bu QHT-lərə kafi sayda şəxs cəlb etmək olar. Yalnız bundan sonra müvafiq instansiyalara raport vermək mümkün olacaq ki, bu və ya digər ölkədə "rəngli inqilab” üçün artıq baza yaradılıb. Bundan sonra artıq sınaqdan çıxarılmış sxemlər işə düşəcək. Bu halda ədalət uğrunda mübarizənin qeyri-zorakı metodlarının nə vaxt öz yerini zorakılığa güzəşt edəcəyi və qarşısıalınmaz faciəli nəticələrə gətirib çıxaracağı həddi müəyyən etmək çətindir.

Kütlələrin şüuruna əvvəlcədən "xalqın üsyan etmək hüququ” kimi müəyyən fikirlər yeridilir. Belə bir tezis də yayılır ki, inqilab guya rasional və kortəbii şəkildə baş verən hadisədir, yaranmış ziddiyyətlər düyünündən çıxış yoludur. Lakin "rəngli inqilablar” dövrünü yaşamış ölkələrin təcrübəsi göstərir ki, bu inqilablar həyata keçiriləndən sonra problemlərin və ziddiyyətlərin həcmi qat-qat artır.

Biz xalqın hüququ barədə danışanda bu problemin hüquqi aspektlərini təfsilatı ilə öyrənmiş mütəfəkkirlərə müraciət etmək yerinə düşərdi. Bu aspektlər hüquq məsələlərində şəksiz nüfuz sahibi olan İmmanuil Kantın əsərlərində yetərincə aydın şərh edilib.

Hüquq prinsipləri və qiyam

İ.Kant 1793-cü ildə yazılmış "Zərb-məsəl haqqında” əsərində üsyanı "cəmiyyət çərçivəsində ən mənfur və ən ciddi cəzalandırılan cinayət” hesab edir, çünki o, cəmiyyətin əsaslarını dağıdır. O, öz fikrini davam etdirərək yazır: "Xalq öz hüququna bu yolla nail olmaqla ən böyük ədalətsizlik edir, çünki hüquq ən azı təsir göstərmir”. {1} Bu halda filosof belə hesab edir ki, qiyamların ədalətli olması barədə bütün mülahizələr ona əsaslanır ki, bu halda təsəvvürəgəlməz nemətlər haqqında bütün vədlərə baxmayaraq, "hüquq prinsipi” özü nəzərə alınmır. Məhz bu hüququn pozulması ona gətirib çıxarır ki, hər bir qiyam anarxiya vəziyyəti ilə başa çatır.

Beləliklə, yüksək ideallar naminə edilən hərəkətlər xalqın bir hissəsi tərəfindən onun digər hissəsinə münasibətdə törədilən ən böyük ədalətsizliyə gətirib çıxarır.

Mütəfəkkirin mülahizələrində iki prinsip qarşı-qarşıya qoyulur: hüquq prinsipi və xoşbəxtlik prinsipi. Paradoks ondan ibarədir ki, məhz bu prinsiplərin saxtalaşdırılması xalqın dövlət hakimiyyətini devirmək hüququ barədə məsələlərdə çaşqınlığa gətirib çıxarır, bu da öz növbəsində xalqın hüququnu kobud şəkildə pozur.

Xalqın istənilən hakimiyyətə, o cümlədən istibdadçı hakimiyyətə müqavimət göstərmək hüququ prinsipini Kantın nəyə görə inkar etməsini təhlil etməyə çalışaq. Kantın arqumentlərini nəzərdən keçirək:

- təbəələr xoşbəxtliyə təbii can atmaq naminə hökmdarı devirmək istəyirlər, lakin "müqavimət hüququnun əsaslandırılması zamanı xoşbəxtliyə istinad etmək prinsipcə yararsızdır, çünki o, təqdim edilən və tələb olunan maddi məqsədlərə aiddir”, onlar isə subyektivdir və deməli, ümumilik çatışmır. Təbəənin vəzifəsi istənilən hakimiyyətə qanuni hakimiyyət kimi tabe olmaqdır;

- dövlət qanunvericiliyində müqavimət göstərmək hüququnun nəzərdə tutulması "dövlətin nüfuzunun ikiləşməsinə” və dövlət hakimiyyətinin vəhdətinin pozulmasına gətirib çıxarardı, çünki o, narazı təbəələrin hakimlərə çevrilməsinə imkan verərdi;

- müqavimət hüququ konstitusiyada ziddiyyət yaradır, çünki müqavimət hüququ mövcud olduqda "qanunverici hakimiyyət başqa bir hakimiyyətə onun qanunvericiliyini, eləcə də onun özünü dağıtmaq hüququ verir. Bu dağıtma dağıdıcı normanın özünün əsasında baş verir, bu isə ziddiyyətlidir”;

- qarşıdurmada istər-istəməz belə bir sual yaranır: hökmdar ilə xalqın mübahisəsində hakim kim olacaq? Hər bir ali hakimə qarşı yeni müqavimət hüququ irəli sürülə bilər, buna görə də biz sonsuzluğa gedib çıxa bilərik;

- xalqın dövlət haqqında mühakimə yürütmək səlahiyyəti yoxdur, çünki o, şəxsi fikirlərlə məhduddur, dövlət təsis edildikdə isə "xalq özünün məcburedici mühakimə səlahiyyətini ona verir”;

- xalqın dövlətə münasibətdə məcburi hakimiyyət hüququ yoxdur, çünki xalq dövlət deyil, amma dövlətin tabeliyindədir;

- müqavimət hüququ yalnız məcburi hakimiyyətə məxsus olmalıdır, o, bütün məcburiyyət hüquqlarını həyata keçirməyə borcludur.

Kanta görə müqavimət yalnız qanuni konstitusiyanı məhv edən müqavimət kimi, bütün mülki-hüquqi münasibətlərin və deməli, istənilən hüququn çevrilişi kimi başa düşülür.

Beləliklə, müqavimət hüququ, ilk növbədə, dövlətin konstitusiyası ilə uzlaşmır. Dövlət hakimiyyətinin mümkün qeyrimükəmməlliklərinə baxmayaraq, onun dəyişdirilməsi üçün müəyyən mexanizmlər mövcuddur. Bu mexanizmlərin hər hansı şəkildə pozulması, ilk növbədə, hüquqi kollapsa gətirib çıxarır.

Kanta bu qədər müfəssəl müraciətdən aydın olur ki, hakimiyyətin dəyişdirilməsinin yeni mexanizmləri əhalinin bir hissəsinin hüquqi savadsızlığından istifadə edərək, onun şüuruna hüquq ideyasına tamamilə yabançı fikirlər yeridir. Kantın irsinə müraciətdən aydın olur ki, "xalqın üsyan etmək hüququ” söz birləşməsinin özü yüksək dərəcədə absurddur.

İkili standartlar siyasəti və "beşinci kolon”

Bu il sentyabrın axırlarından başlayaraq, artıq iki aydır ki, dünya bu dəfə Honkonqda növbəti "rəngli inqilab” cəhdinin şahididir. Bu hadisələr bizə bir daha göstərdi ki, dünyada müəyyən qüvvələr onları qane etməyən hakimiyyətin dəyişdirilməsi üçün "rəngli inqilablar”dan istifadə etmək praktikasından hələ imtina etməyiblər. Hərçənd, bu inqilabların bütün mənfi nəticələri və onların doğurduğu hərc-mərclik göz qabağındadır.

Belə kəskin etirazların təşkil olunmasında əsas rol oynayan üzdəniraq "beşinci kolon”dur. Bəs "beşinci kolon” nədir və onun ilhamvericisi kimlərdir? Müxtəlif ölkələrdə "beşinci kolon” fərqli ola bilər. Təcrübə göstərir ki, müvafiq ekspertlər konkret ölkədəki vəziyyəti hərtərəfli öyrənir və çoxsaylı amillərdən asılı olaraq əhalinin bu və ya digər qruplarından "beşinci kolon” formalaşdırmaq üçün həmin qrupları seçirlər.

Məlumdur ki, bu anlayış ilk dəfə keçən əsrin 30-cu illərinin ortalarında Madridə hücum edən frankistlər tərəfindən işlədilib. Həmin dövrdə general Frankonun ordusu Madrid üzərinə dörd kolonla hücum edirdi, beşinci kolon dedikdə isə, onun arxa cəbhədə işləyən agentlərinin və təxribatçılarının pozucu fəaliyyəti başa düşülürdü. Sonrakı illərdə bu terminin mənası xeyli dəyişib.

Bu gün "beşinci kolon” anlayışının interpretasiyaları çoxdur – ölkə daxilində agentura şəbəkəsindən başlamış, digər dövlətlərin mənafelərini təmin edən, yığcam şəkildə yaşayan etnik və dini qruplara qədər. Tarixçilər bu söz birləşməsindən düşmən ölkələrin pozucu agenturasını göstərmək üçün istifadə edirlər. Çox vaxt bu termin kollaborasionizmə, yəni, düşmənin mənafeyi üçün, öz dövlətinin ziyanına düşmənlə şüurlu, könüllü və bilərəkdən əməkdaşlığa bərabər tutulur. Beləliklə, "beşinci kolon” birbaşa və ya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan qrupları, təşkilatlar və hərəkatlardır. Ən təəccüblüsü budur ki, bəzən hər hansı mühüm proseslərdə özünün iştirak etməsi faktına aludə olan "sütül” gənclər onlardan öz məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edilməsini yaxşı təsəvvür etmirlər.

Bu sahədə spesifik meyil ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə qarşılıqlı asılılığın qloballaşması və güclənməsi, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq arenaya çıxması və insan hüquqları kateqoriyasının transmilliləşməsi nəticəsində "beşinci kolon” müasir şəraitə uyğunlaşaraq yeni forma kəsb edib.

Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkəsini yaradıblar. Yeni tipli "beşinci kolon” rolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən postsovet məkanındakı ölkələrdə göstərilən strukturlar həmin dövlətlərin qanunvericiliyi ilə hesablaşmadan işləyirlər. Bu təşkilatların əksəriyyəti Qərb dövlətlərinin hökumətlərindən birbaşa və ya xüsusi xidmətlərin formalaşdırdığı müxtəlif fondlar vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alır.

XXI əsrdə Qərbin başqa regionlardakı dövlətlərə münasibəti yalnız forma etibarilə dəyişib. İnkişaf etmiş Qərb dövlətləri, o cümlədən ABŞ bu gün də əvvəlki kimi açıq-aydın ikili standartlar siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə dünyanın əksər ölkələrinin daxili işlərinə qarışır.

Onlar məhz bu məqsədlə həmin ölkələrdə yeni tipli "beşinci kolon”lar formalaşdırır və onların köməyi ilə həmin dövlətlərin daxili və xarici siyasətini müəyyən etməyə çalışırlar. Bu praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşması məhz bundan ibarətdir.

Demokratiyanın yayılması ABŞ-ın milli mənafeləri kontekstində

Tədqiqatçıların çoxu bu fikirlə razıdır ki, beynəlxalq münasibətlər sistemi üçün ən təhlükəli amil demokratiya ideyası pərdəsi altında siyasi xarakterli müxtəlif ideyaların təbliğ edilməsidir. Faktiki olaraq birqütblü dünyaya transformasiya etmiş müasir postbipolyar dünyada ABŞ-ın siyasətini məhz bu sözlərlə təsvir etmək olar. Bu, o cümlədən Barak Obamanın baxışlarında aydın təzahür edir. O, "sülh” şüarları altında ABŞ-ın milli maraqlarını fəal təbliğ edir. Obama, məsələn, "Klintonun qlobal təşəbbüsü” adlı illik forumdakı çıxışında bildirib ki, xarici ölkələrdə vətəndaş cəmiyyətinin dəstəklənməsi milli təhlükəsizlik məsələsidir və Vaşinqton həmişə, bütün dünyada müxtəlif QHT-ləri dəstəkləyəcək.

İlk baxışda demokratiyanın yayılması kimi humanist niyyətlərin arxasında ABŞ-ın tamamilə real siyasi məqsədləri dayanır. Barak Obamanın bu bəyanatı əyani şəkildə göstərir ki, ABŞ-ın QHT-lərə, vətəndaş cəmiyyəti təşkilatlarına, insan hüquq və azadlıqlarına diqqəti yalnız və yalnız Amerikanın geosiyasi maraqlarından irəli gəlir. Onların arasında sözəbaxan və ABŞ-ın göstərişlərini yerinə yetirən qrupların hakimiyyətə gəlməsinin dəstəklənməsini, Amerika kapitalının yeni bazarlara nüfuz etməsini və başqa ölkələrin təbii sərvətlərinin istismarının yeni formalarının tətbiq olunmasını, onları özündən daha çox asılı etmək məqsədilə müxtəlif millətlərin milli və mədəni xüsusiyyətlərinin nivelirlənməsini, "istehlakçı demokratiya və mədəniyyət” formalaşmasını və s. qeyd etmək olar. Bəziləri bunu müstəmləkəçiliyin müasir forması adlandırır, bəziləri dünya iqtisadiyyatının yeni bazarlar axtarmağa məhkum olması barədə danışır və s. Lakin məsələnin mahiyyəti bununla dəyişmir.

Digər tərəfdən, Barak Obama bəyan edir ki, demokratiyaya doğru irəliləyən və insan hüquqlarının müdafiəsi təsisatlarını inkişaf etdirən hər bir ölkə bizim dostumuzdur və biz onları həmişə dəstəkləyirik. Bu bəyanatlar da həqiqətdən son dərəcə uzaqdır və yuxarıda göstərilən siyasətin davamıdır. Məsələn, Vaşinqton demokratiyanın yayılması inamını deyil, özünün geosiyasi maraqlarını əsas götürərək İran-İraq müharibəsi dövründə Səddam Hüseynin qeyri-demokratik rejimini silahla təchiz etməklə onu dəstəkləyirdi. Əlbəttə, "düşmənimin düşməni mənim dostumdur” prinsipinə istinad etmək olar, lakin indiki halda bu tezis regionda sülh yaradılmasına kömək etmək istəyindən daha çox, ABŞ-ın siyasi və iqtisadi maraqlarını əks etdirir.

Amerika Administrasiyası onilliklər boyu siyasi realizmin, hələ bu məktəbin banisi Hans Morgentau tərəfindən ifadə edilmiş başlıca prinsiplərini pozur. Biz bütün bu prinsipləri hərtərəfli müzakirə etmək fikrində deyilik. Onlardan yalnız birini göstərək: "Universal mənəvi dəyərlər bu və ya digər dövlətlərin siyasətini qiymətləndirmə vasitəsi ola bilməz. Dövlətlər salamat qalma prinsipini mənəvi dəyərlərdən üstün tutmalıdırlar... Müxtəlif dövlətlərdə mənəvi normalar müxtəlifdir”{2}.

Morgentaunun bu tezislərindən çıxan nəticə belədir: dövlətlərin siyasəti barədə xeyir və şər baxımından mühakimə yürütmək olmaz. Başqa sözlə desək, ABŞ üçün şər hesab edilə biləcək məsələ başqa dövlətlər üçün heç də belə deyildir. Siyasətdə mənəvi normalar ilə manipulyasiya etməkdən çəkindirən "milli maraq” kateqoriyası bu problemi çox səmərəli şəkildə həll edir. Beynəlxalq arenada dövlətlərin milli mənafeləri qarşısında hətta hüquqi öhdəliklər də geri çəkilməlidir və bu, Morgentauya görə "beynəlxalq siyasətin dəmir qanunu”dur.

Digər tərəfdən, Morgentaunun mənəvi normaların heç də universal olmaması barədə fikri onu göstərir ki, beynəlxalq münasibətlər sistemi milli maraqlardan və siyasi məqsədəuyğunluqdan çıxış edərək interpretasiya olunmalıdır. Əks halda, mənəvi normalar dövlətlərin dünya arenasında davranışını qiymətləndirmək üçün sadəcə səmərəsiz olacaq.

Buna baxmayaraq, bugünkü Obama Administrasiyası bu və ya digər dövlətlərin fəaliyyətinə yalnız öz siyasi istəkləri baxımından çıxış edərək qiymət verməyə çalışır. Ağ Ev hətta bununla da hesablaşmaq istəmir ki, dünyada hər bir ölkənin öz maraqları, inkişaf məqsədləri və siyasi mədəniyyət xüsusiyyətləri vardır. Dünyada bütün ölkələrin ABŞ tərəfindən göstərilən qaydalar üzrə yaşayacağını gözləmək olmaz. Bu, apriori qeyri-mümkündür, çünki dünya özü eyni deyil, müxtəlifdir.

Hətta eyni ailədə doğulmuş və eyni tərbiyə almış uşaqlar da müxtəlifdir, nəinki Yer kürəsinin müxtəlif nöqtələrində yerləşən, tarixən formalaşmış sosial, iqtisadi, mənəvi və siyasi struktura, özlərinin milli mənafelərinə malik olan ölkələr. Müxtəlif dövlətlər arasında siyasi münasibətlərin məzmunu müxtəlif olduğu kimi, dünya da rəngarəngdir. Ağ Evin xarici siyasət strateqlərinin bunu başa düşməsinin vaxtıdır. Hərçənd, onların bunu dərk etmədiklərini güman etmək çətindir. Lakin iş burasındadır ki, müxtəlif, o cümlədən ABŞ-ın "milli maraqları” haqqında şüarlarla pərdələnən siyasi məqsədləri bütün gerçəklikləri üstələyir.

Beynəlxalq münasibətlərin regionallaşması ideyasını Kopenhagen Beynəlxalq Təhlükəsizlik Məktəbi də təsdiq edir. Bu məktəbin nümayəndəsi, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru Barri Buzan yazır ki, bipolyar (ikiqütblü) beynəlxalq münasibətlər sisteminin dağılması və Qərb ilə Şərqin ideoloji qarşıdurmasının başa çatması şəraitində müxtəlif regionlarda müstəqil beynəlxalq siyasi prosesin həcmi artır. {3}

Ona görə də bu müəllifin fikrincə, postbipolyar dünyada beynəlxalq münasibətlərin qlobal səviyyəsi prinsiplərinin regiona proyeksiyası imkanları azalır. Regional dövlətlər öz xarici siyasətinin manevr dərəcəsini daha çox gücləndirmək imkanı qazanırlar. Bütün bunlara əsasən güman etmək olardı ki, qlobal qüvvələr müxtəlif regionlarda inkişafın dəyişən məntiqinə uyğunlaşmalıdırlar. Lakin reallıqda belə deyil. ABŞ-ın və onun Qərbdəki müttəfiqlərinin xarici siyasət strategiyası öz hegemonluğunu nümayiş etdirərək hələ də bu və ya digər regional şəraitə uyğunlaşmaq istəmir. Belə hərəkətlər reallığa uyğun gəlmir, dünyanın müxtəlifliyi ilə ziddiyyət təşkil edir. Məsələn, ABŞ-ın yürütdüyü xarici siyasətin effektivliyinin məhdudlaşdırıcısı məhz budur.

Lakin Qərbin ən səmimi politoloqlarından biri olan Zbiqnev Bjezinski bu fikirlə razılaşmır. O, hesab edir ki, lider mövqeyi tutan ABŞ dünyada qaydanı bərpa edən "böyük qardaş” rolunda çıxış edir. Onun fikrincə, "ABŞ əsas sülhməramlı rolunda çıxış edib və bundan sonra da çıxış edəcəkdir”. Lakin təəssüf ki, faktlar hələlik tamam başqa mətləbdən xəbər verir. ABŞ-ın xarici siyasətində ədalətsizlik və subyektivizm üstünlük təşkil edir. Müasir dünyanın inkişaf təcrübəsi göstərir ki, birqütblülük, bir güc mərkəzinin üstünlüyünün artması xalqlar və dövlətlər arasında etimadın azalmasına gətirib çıxarır. Bu qeyri-sabit konstruksiya beynəlxalq münasibətlərin harmonikləşməsinə təsir göstərməyə, dünyada nizam yaradılması, regional və qlobal təhlükəsizliyin təmin edilməsi üçün əsas kimi xidmət etməyə qabil olmamasını sübut edib. Dünyanı öz maraqlarına uyğun olaraq yenidən qurmaq əsla ağlabatan deyildir. Axı, asanlıqla görmək olar ki, demokratik dəyərlər pərdəsi altında gizlədilmiş mənafelərin aqressiv şəkildə irəlilədilməsi Barak Obamanın hesab etdiyi kimi, liberal Amerika ideyalarının lokomotivi deyil, əksinə, bu ideyaların yayılması yolunda əngəl olur. Bunu hətta beynəlxalq münasibətlər sahəsində görkəmli Amerika alimləri, məsələn, Stiven Uolt da vurğulayır. O yazır: "Liberalizmin əsas xüsusiyyətləri olduqca cəlbedicidir və mən taleyimdən çox razıyam ki, demək olar, bütün həyatımı (əsasən) liberal Amerikada yaşamışam. Lakin bu cür baza əhəmiyyətli liberal prinsiplərin mənəvi cəhətdən cəlbediciliyi heç də o demək deyildir ki, bu, xarici siyasətin həyata keçirilməsi üzrə sağlam və məntiqli rəhbər vasitədir. Əslində, son iki onilliyin tarixi onu göstərir ki, əgər böyük dövlət öz xarici siyasətini əsas etibarilə liberal ideallara uyğun olaraq həyata keçirsə, bu, labüd surətdə həmin siyasəti baha başa gələn uğursuzluqlara gətirib çıxaracaqdır.

Təəssüf ki, son 20 ilin təcrübəsi liberalizmin xarici siyasətin həyata keçirilməsində pis məsləhətçi olduğunu göstərir ...” {4}.

Onun fikrincə, liberalizm xarici siyasət məsələlərində dəqiq strategiya verə bilməz. Əgər bu və ya digər dövlət beynəlxalq arenada beynəlxalq siyasətin həyata keçirilməsinin Qərb anlayışlarını və dəyərlərini rəhbər tutmursa, Vaşinqton buna ciddi qəzəb və nifrət bildirməklə reaksiya verir. Bu isə reallıqda yaranmış mürəkkəb vəziyyəti daha da gərginləşdirir.

Belə stereotip onunla şərtlənir ki, liberalizm konsepsiyası amerikalı siyasətçilərin əksəriyyətinə liberal Qərb dəyərlərinin alternativsizliyi ideyasını aşılayır. Buna görə də amerikalı siyasətçilər özlərinə hətta təsəvvür edə bilmirlər ki, onların dünyasından fərqli, öz dəyərləri və əxlaqı olan dünya da var. Bu cür davranış ABŞ-ın xarici siyasətinin manevr imkanlarını xeyli məhdudlaşdırır və çox güman ki, bu siyasətin həyata keçirilməsinə kömək etməkdən daha çox münaqişələrdə "özününkülər və yadlar” qütbləşməsini gücləndirir. ABŞ-ın xarici siyasətinin patriarxlarından biri olan professor Henri Kissincer də "Dünya nizamı: millətlərin xarakteri və tarixin gedişi barədə düşüncələr” adlı yeni kitabında bugünkü dünya nizamının böhranından bəhs edərək yazır: "Birqütblü zaman kəsiyi bu gün özünün şərəfsiz sonluğuna yaxınlaşır. Kiçik Corc Buş dövründə 11 sentyabr (2001-ci il) terror aktlarından sonra Amerika öz üzərinə gücü çatmayan bir vəzifə götürüb, onun birinci prezidentlik müddətində isə xarici siyasətin militaristləşdirilməsi baş verib, bunun nəticəsində ən yaxşı halda Əfqanıstanda işlər düyünə düşüb, İraqda mürəkkəb vəziyyət yaranıb. Nəticə budur: Qərb alyansında parçalanma, Amerika cəmiyyətində məyusluq və teokratik İranın güclənməsi. Barak Obama dövründə Birləşmiş Ştatlar öz fəaliyyət xəttinin təshihində ola bilsin ki, çox uzağa gedib.

Əvvəlcə İraqdakı, sonra isə Əfqanıstandakı Amerika əsgərlərinin evə qaytarılması vurğulanır. Lakin indiki dövrdə Birləşmiş Ştatlar Yaxın Şərqdə yenidən hərbi əməliyyatlara başlamağa hazırdır, habelə Putini dayandırmaq üçün səy göstərir. Ərəblərin oyanmasından sonra yürüdülən siyasəti də ardıcıl siyasət adlandırmaq çətindir...”.

Henri Kissincerin gəldiyi qənaət qlobal geosiyasətin əsas prinsiplərini yeniləşdirməyin zəruri olmasından ibarətdir. Onun "beynəlxalq münasibətlərin mövcud sistemi böhran keçirir” tezisi müasir reallığı əks etdirir. H.Kissincerin fikrincə, bu gün hətta sərt güc tətbiq edilməsi bahasına da olsa, Amerika dəyərlərinin bütün dünyada yayılmasının tərəfdarları ABŞ-ın xarici siyasətində möhkəm mövqe tutur.

Dünya nizamının təmin edilməsi mexanizmlərinin əksəriyyəti yetərincə çoxdan formalaşıb. Beynəlxalq münasibətlərdə müasir böhranın səbəbi onunla bağlıdır ki, bu münasibətləri ağlabatan şəkildə yenidən qurmaq, müasir reallıqlara uyğunlaşdırmaq əvəzinə onları sındırırlar. Heç də təsadüfi deyil ki, "Müasir dünyanın əsasını təşkil edən qayda konsepsiyasının böhran vəziyyətində olmasını” vurğulayan Henri Kissincer bunu iri dövlətlərin qüvvələr tarazlığı yaratmağa deyil, özlərinin maraqlarını maksimum təmin etməyə çalışmaları ilə izah edir. Yeri gəlmişkən, o, dünya nizamının böhranının başqa bir səbəbi barədə də yazır: bütün bunların arxasında Amerika Birləşmiş Ştatlarının dünyada liderliyi təmin etmək üçün yeni üsullar axtarması dayanır.

Lap yaxın vaxtlarda – noyabr ayının ortalarında Avstraliyanın Brisben şəhərində "böyük iyirmiliyin” (G20) sammitində Barak Obama Henri Kissincerin gəldiyi bu nəticələri bir növ təsdiq edərək, ABŞ-ı hər hansı təhdidə davam gətirməyə qabil olan "yeganə dünya dövləti” adlandırıb. Bu, dünya birliyinə yeni xəbərdarlıq siqnalı idi ki, o, "çoxqütblü dünya arzusunda olmasın”.

Həqiqətən də, Ağ Evin "regionda sülhü və həmrəyliyi təmin edirik”, "demokratiyanı yayırıq”, "regiona sabitlik gətirmək istəyirik” kimi bəyanatlarının arxasında bu gün tamam başqa məqsədlər dayanır. Bunu yəqin etmək üçün müasir dünyada dövlətlərarası münaqişələrin və müharibələrin yaranması səbəblərinə obyektiv nəzər salmaq kifayətdir.

Amma hər halda, hətta Henri Kissincer kimi görkəmli alim, beynəlxalq münasibətlər üzrə mütəxəssis və ABŞ-ın xarici siyasətində böyük iş təcrübəsi olan bir adam sistemin böhranından danışırsa, Barak Obama Administrasiyası ABŞ-ın bu cür xarici siyasətinin qüsurlu olması barədə düşünməlidir.

Şübhə yoxdur ki, beynəlxalq münasibətlərdəki müasir böhran ABŞ-ın siyasəti ilə bağlıdır. Bu böhranın kökü amerikalı alim C.Nay tərəfindən neoliberalizm baxımından işlənib hazırlanmış "yumşaq güc” (soft power) nəzəriyyəsinin düzgün implementasiya edilməməsi ilə bağlıdır. "Yumşaq güc” dedikdə, ilk növbədə, qeyri-hərbi vasitələr, iqtisadi, informasiya, mədəni və digər təsir tədbirləri nəzərdə tutulur. Bu nəzəriyyənin inkişafında əsas oyunçular qeyridövlət subyektləridir. C.Naya görə, "yumşaq güc” "sənin ölkənin istədiyini başqa ölkələrin istəməsinə nail olmaq, çəkindirmək və məcbur etmək əvəzinə onları cəlb etmək və onlarla əməkdaşlıq etmək bacarığıdır”{5).

Bəli, dünya birliyi qlobal səviyyədə Amerikanın siyasətinə alternativ təqdim edə bilməyib. Sonuncu alternativ kommunizm idi, lakin bu eksperiment özünü doğrultmadı. Sosialist düşərgəsi parçalanandan sonra ABŞ bütün dünyada vesternləşmə siyasətində nəzərəçarpacaq uğurlar qazandı. Lakin çox vaxt Amerikanın dünyaya gətirdiyi "aydınlıq və demokratiya” ideyaları heç də humanist üsullarla inkişaf etdirilmir. Nümunələr istənilən qədərdir. Amerika demokratik tranzit nəzəriyyəsində bu postulata hətta "gücə əsaslanan demokratik tranzit nəzəriyyəsi” deyilən ayrıca bir istiqamət də həsr edilib. Lakin təcrübə göstərir ki, Yaxın Şərqdə bu cür eksperimentlər tərəqqiyə, sülhə və demokratiyaya deyil, daha çox terrorizmin, ümumi hərc-mərcliyin və gərginliyin görünməmiş dərəcədə artmasına gətirib çıxarır. Bu strategiya kiçik C.Buşun prezidentliyi dövründə çox populyar idi.

Yeri gəlmişkən, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt da bunu etiraf edir. O, 2014-cü il noyabrın 21-də Demokratiyaya Dəstək Milli Fondunda çıxışında qeyd edib ki, demokratiyanı irəlilətmək səyləri onun militaristləşmiş aspekti ilə assosiasiya edilməyə başlayıb. "Amerikanın səsi” radiosu 2014-cü il noyabrın 21-də Olbraytın bu sözlərini sitat gətirib: "Demokratiya əvvəlki administrasiyanın fəaliyyəti nəticəsində, o cümlədən İraqda baş verənlərə görə pis reputasiya qazanıb”.

Dünya ictimaiyyəti Barak Obamanın ABŞ rəhbərliyinə gəlməsi ilə bu təcavüzkar xarici siyasətin dəyişəcəyinə ümid edirdi. Bəs bu gün biz nə görürük? Suriyada və İraqda özlərini "İraq-Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmaya qarşı əməliyyat genişlənir.

Halbuki bu qruplaşmanı ABŞ özü Suriya müxalifətini silahlandırmaqla, bunun nəticələrini proqnozlaşdırmadan yaradıb. Bu gün Amerika generalları hətta hava hücumları ilə kifayətlənmir, İŞİD-in məhv edilməsi üçün təkcə hava hücumlarının səmərəli olmamasına əsaslanaraq, Ağ Evdən quru qoşunlarının buraya yeridilməsini tələb edirlər. Məğrib ölkələri ABŞ tərəfindən öz keçmiş "demokratik” müttəfiqlərinə qarşı çox fəal dəstəklənən "Ərəb baharı”nın dağıtdığı ictimai nizamı hələ də tam bərpa edə bilmirlər.

Bu regionda bütün xalq tərəfindən seçilmiş liderlər hərbi çevrilişlər yolu ilə devrilir, Qərb demokratiyaları isə yalnız "dərin narahatlıq keçirmələri” barədə bəyanatlar dərc edirlər. Demokratiyaya doğru durmadan irəliləyən hər kəsin arxasında ABŞ-ın dayanması barədə Obamanın ideyalarının gerçəkləşməsi bəs harada qaldı? Məgər bu, C.Nayın "yumşaq güc” barədə danışarkən istinad etdiyi cəlbetmə və kooperasiyadırmı? Bombardmanlar, rəngli inqilablar hazırlanması və buna oxşar pozucu ssenarilər vasitəsilə başqa ölkələri də ABŞ-ın istədiklərini istəməyə sövq etməyin mümkün olması ehtimalı azdır.

Bütün bu faktlar onu göstərir ki, Amerika xarici siyasətinin qondarma liberal məzmunu, əslində Hans Morgentaunun dediyi kimi, dəyişməz olan xudbin "milli maraqlar”ın həyata keçirilməsi üçün yalnız pərdədir.

Əgər ABŞ öz milli maraqlarına dönmədən əməl edirsə, onda başqa ölkələr nəyə görə öz maraqlarını inkar etməli və ya anlaşılmaz, dağıntılara gətirib çıxara biləcək güzəştlərə getməlidirlər. ABŞ-da E.Sunouden barəsində qaldırılmış işi nəyə görə cinayət işi (amma siyasi motivləri olmayan iş) hesab edirlər? Halbuki o da guya əsl liberal kimi hərəkət edib – azadlığı təhlükəsizlikdən üstün tutub, bir sıra milli və beynəlxalq qanunların, normaların ABŞ tərəfindən pozulmasını dünyaya açıqlayıb. Eyni zamanda, ABŞ-dakı və Avropadakı beynəlxalq "qeyri-hökumət” təşkilatları nə üçün Leyla Yunus və Arif Yunus, həmçinin "beşinci kolon”un digər nümayəndələri barəsində cinayət işləri üzrə araşdırmaları siyasi motivli araşdırma hesab edirlər? Nəyə görə ABŞ hamıdan transparentlik tələb edir və korrupsiya ilə mübarizəyə çağırır?

Halbuki onun dünyanın müxtəlif guşələrində yaratdığı QHT-lərin fəaliyyəti yetərincə korrupsiyalaşıb və ictimai nəzarət üçün açıq deyildir.

Qeyri-hökumət təşkilatları (QHT) yeni nəsil "beşinci kolon”lar rolunda

Dövlətlərin tarixindən bildiyimiz kimi, xarici dövlətlərin xeyrinə işləyən müxtəlif agentlər, terrorçular və separatçılar əsasən şüurlu şəkildə dövlətçiliyin zəiflədilməsinə çalışır, konstitusiyaya zidd hərəkətlər törədirlər. Bu işdə onlara inam verən o idi ki, onların fəaliyyəti xaricdən güclü dəstəklə təmin olunur və yaxşı haqq ödənilirdi. Xarici dövlətlər üçün ən böyük risk onların "beşinci kolon” yaratmaq planlarının üstünün açılması idi. Onlar ehtiyat edirdilər ki, bu planın iştirakçıları özlərinin xaricdəki himayədarlarını ələ verə, bununla da dövlətlərarası ikitərəfli rəsmi münasibətlərə ziyan vura bilərlər. Sovet İttifaqının dağılması dalğasında ABŞ-da məhz bu cür riskləri minimuma endirmək üçün postsovet dövlətlərində "beşinci kolon”larla iş konsepsiyası hazırlanmışdı.

Əgər əvvəllər "beşinci kolon” üzvlərinin ələ alınması məsələləri ilə əsasən xüsusi xidmətlər məşğul olurdusa, keçən yüzilliyin 90-cı illərinin əvvəlində "beşinci kolon”ların dəstəklənməsi və formalaşması üzrə səlahiyyətlərin və maliyyə vəsaitlərinin xeyli qismi ABŞ Dövlət Departamentinə həvalə edildi. O da öz növbəsində bu işi ona yaxın olan QHT-lər və fondlar vasitəsilə həyata keçirirdi. Bu, artıq Mərkəzi Kəşfiyyat İdarəsinin ictimaiyyətdən gizlədilən qara büdcəsi deyildi. İndi bu mənbə demokratiyanın dəstəklənməsi, insane hüquqlarının müdafiəsi, KİV azadlığının təmin edilməsi və digər yetərincə ümumi bölmələri ilə dünya üçün açıq idi. Bu bölmələrə çox böyük məbləğlər sərf edilirdi, lakin əsas xidmət heç də bu deyildi. ABŞ birbaşa ələalma metodlarından bir növ imtina edərək "beşinci kolon”ların agentləri və rezidentləri arasında bilavasitə əlaqələri xeyli təkmilləşdirdi. İnkişaf etməkdə olan ölkələrdə ABŞ tərəfindən yaradılmış QHTlərin nümayəndələrinin çoxu əksər hallarda heç ağıllarına da gətirmir ki, onlar "beşinci kolon”lar rolunda çıxış edir və onların informasiyasından elə öz ölkələrində sabitliyi pozmaq üçün istifadə edilir. Onlar bilmirlər ki, "demokratiya dəyərlərinin yayılması” anlayışı ilə pərdələnmiş böyük Amerika siyasətinin agentləridirlər. Nəticədə bu cür şəbəkələrin üstü açıldıqda belə, onların nümayəndələri çox söz deyə bilmirlər, çünki hansı konkret planların həyata keçirilməsi üçün işlədiklərindən özlərinin də dəqiq məlumatı olmur. Yeni nəsil "beşinci kolon”ların əsas fərqli xüsusiyyəti, həmçinin ABŞ və onun müttəfiqlərinin bu agentlərlə işinin bugünkü özəlliyi məhz budur.

Dövlət Departamentinə yaxın QHT-lərin qeyri-transparent fəaliyyəti, həmin QHT-lərdə korrupsiya faktları və bu təşkilatların büdcələrində dövlət vəsaitlərinin üstünlük təşkil etməsi daha bir mühüm reallıqdır. Məsələn, Azərbaycanda "beşinci kolon” yaradılması üzrə müxtəlif QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsi sxemi təxminən belədir. Dövlət Departamenti demokratiyanın yayılması üzrə əsas təşkilat olan USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) üçün pul ayırır. USAİD də öz növbəsində rəngli inqilabların NED (Milli Demokratiya Fondu), İRİ (Beynəlxalq Respublika İnstitutu) və NDİ (Milli Demokratiya İnstitutu) kimi təşkilatçılarını maliyyələşdirir. Bundan əlavə, USAİD yerli QHT-ləri və xarici təşkilatların Azərbaycandakı digər nümayəndəliklərini birbaşa maliyyələşdirir. Bununla yanaşı, Milli Demokratiya Fondu (NED) yerli QHT-ləri və xarici təşkilatların ölkəmizdəki nümayəndəliklərini bilavasitə özü maliyyələşdirir.

QHT sektorunun Amerika fondları vasitəsilə maliyyələşdirilməsi sxemi

ABŞ hökuməti

USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi)

NED ("Milli Demokratiya Fondu”)

NDİ (Milli Demokratik İRİ (Beynəlxalq Respublika İnstitut) İnstitutu)

Yerli QHT-lər və xarici təşkilatların nümayəndəlikləri

Maliyyə axınlarının hərəkəti yuxarıdakı sxemdə əyani şəkildə görünür. Bu sxem başlıca məqsədi "beşinci kolon”ları formalaşdırmaq və dəstəkləmək olan bütün qeyri-hökumət fondlarının və təşkilatlarının əslində necə işlədiklərini yalnız qismən anlamağa imkan verir. ABŞ-ın vergi ödəyicilərinin pulları əslində bu və ya digər ölkədə hakimiyyətin dəyişdirilməsinə və ya həmin ölkənin hökumətini Amerika Administrasiyasının tələblərini yerinə yetirməyə məcbur etmək üçün xərclənir. Ağ Ev qeyri-hökumət təşkilatlarının şəxsində bu xəyali vətəndaş sektorunu demokratiyanı yayanlar kimi təqdim etməyə çalışır.

Nyu-Yorkdan olan geosiyasi analitik Erik Drayserin fikrincə, ABŞ və onun müttəfiqləri Azərbaycanda vəziyyətin sabitliyini pozmaq məqsədilə "insan hüquqları”, "vətəndaş cəmiyyətinin azadlığı” və "demokratiya” haqqında standart demoqoqluğa keçiblər. Məsələn, üzdəniraq "siyasi məhbuslar”dan biri Anar Məmmədli seçkilərin monitorinqi və demokratiya üzrə tədris mərkəzinin rəhbəridir. Müəllif yazır: "Təşkilat 2002-ci ildə yaradıldığı andan ABŞ-ın "yumşaq güc”ünün əlavəsi olub. O, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən demokratiyaya dəstək milli fondunun bir qolu olan Milli Demokratiya İnstitutunun (NDİ) maliyyə dəstəyi ilə QHT-nin və vətəndaş cəmiyyəti təşkilatlarının köməyi ilə bütün dünyada "yumşaq güc” yaymaq məqsədilə yaradılıb”.

Erik Drayser hesab edir ki, Anar Məmmədli və onun "siyasi məhbus” həmkarları əslində ABŞ-ın və onun müttəfiqlərinin agentləridir, onların siyasi və ictimai həyatı bütünlüklə Qərb təşkilatlarına borcludur. ABŞ nə üçün vəzifəsi seçkiləri şübhə altına almaq olan agentlər yerləşdirir və bununla da onun qəzəbinə tuş gəlmiş hökumətləri mütiliyə məcbur edir? Cavab üçün uzağa getmək lazım deyil. 2003-cü ildə Gürcüstanda "Qızılgül inqilabı”nı, 2004-cü ildə Ukraynada "Narıncı inqilab”ı xatırlamaq kifayətdir.

E.Drayser mülahizələrini davam etdirərək yazır ki, Vaşinqton və Brüssel tərəfindən təqdim olunmuş qondarma "siyasi məhbus”ların siyahısına nəzər salsaq aşkar görünər ki, bu adamlar Azərbaycanı Amerikanın tələblərinə uyğun çalışmağa məcbur etmək məqsədilə xaricdəki sponsorların adından fəaliyyət göstərirlər. Burada təzə heç nə yoxdur, çünki ABŞ bütün dünyada vətəndaş cəmiyyəti təşkilatlarından və QHT-lərdən öz məqsədlərinə çatmaq, hakimiyyəti dəyişmək və ya onları ABŞ-ın göstərişlərini yerinə yetirməyə məcbur etmək üçün təzyiq aləti kimi istifadə edir. Qısası, "sözə baxmayan”lara təsir tədbirləri yaxşı məlumdur və dəfələrlə sınaqdan çıxarılıb: güc aksiyaları, iqtisadi və təbliğat xarakterli təzyiq, daxili işlərə qarışmaq.

Başqa sözlə desək, vətəndaş cəmiyyəti haqqında hər hansı mülahizələr ABŞ-ın "yumşaq güc” sxeminin reallaşdırılması üçün kodlaşdırılmış dildir. Ona görə dövlətlər tərəfindən bu cür təşkilatlara qarşı hər hansı hərəkətlər Amerikanın maraqlarının zəiflədilməsi cəhdləri hesab edilir. Vaşinqton strateqlərinin fikrincə, Azərbaycan NDİ-nin fəaliyyətini, "World vision” təşkilatının, Amerika Hüquqşünaslar Assosiasiyasının (ABACELLİ), habelə Beynəlxalq Araşdırmalar və Mübadilə Şurasının (İREX) aktivlərini dondurmaqla hüquqazidd hərəkət edib. Onlar hesab edirlər ki, bütün bu qurumlar bilavasitə ABŞ, Avropa dövlətləri və təşkilatları tərəfindən maliyyələşdirildiyinə görə, Azərbaycan dövləti onların fəaliyyətini tənzimləyən tədbirlər görməməli idi.

Bununla yanaşı, aşkardır ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı yeni normativ-hüquqi aktların qəbul edilməsi də bu sahədə qanunçuluğun təmin olunmasına və QHT-lərin müvafiq dövlət strukturları ilə qarşılıqlı fəaliyyətinin asanlaşdırılmasına yönəlib.

Şəffaflığın artırılması Azərbaycanda həyata keçirilən bütün islahatların məzmununun əsasını təşkil edir. Biz bu müddəanı əsas tuturuq ki, şəffaflığın təmin edilməsi tədbirləri həm dövlət sektorunun, həm də vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini əhatə etməlidir və bu, ədalətlidir.

Noyabrın 20-dən etibarən QHT-lərin fəaliyyəti barədə qanunvericilik aktı – "Qrantlar haqqında” Qanun qüvvəyə minib. Həmin Qanuna əsasən qrantları yalnız ölkəmizdə donorlar qismində çıxış etmək hüququna malik olan, filialları və ya nümayəndəlikləri qeydiyyatdan keçmiş xarici təşkilatlar ayıra bilər. Bu, QHT-lər üçün qrantlar ayrılmasının və ən başlıcası, onlardan hansı məqsədlər üçün istifadə olunmasının şəffaflığını təmin edəcəkdir.

Bu, ondan irəli gəlir ki, vətəndaş cəmiyyətinin iştirakçılarının, xüsusən beynəlxalq QHT-lərin Azərbaycanda fəaliyyəti yetərincə şəffaf deyildir. Burada korrupsiya və pulların yuyulması faktları mövcuddur, özü də təkcə Azərbaycanda yox, Qərb ölkələrində də. Nümunə kimi Amerikanın məşhur United Way qeyri-hökumət təşkilatı ilə bağlı əhvalatı xatırlatmaq olar. Bu QHT-nin sədri Uilyam Aramoni bir milyon dollardan artıq vəsaiti mənimsədiyinə görə 7 il azadlıqdan məhrum edilib.

Helsinki Beynəlxalq İnsan Hüquqları Federasiyasının maliyyə meneceri 1,2 milyon avro məbləğində vəsaiti mənimsədiyinə görə Avstriya məhkəməsi tərəfindən 3 il həbs cəzasına məhkum edilib.

Azərbaycanda "Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində 9 qrant sazişi üzrə təqribən 358 min manat alıb. Qanuna görə, bu cür sazişlər qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin bu mərkəz 9 qrant sazişindən yalnız ikisini qeydiyyatdan keçirib.

Daha bir nümunə kimi "Sülh və Demokratiya İnstitutu”nu göstərmək olar. Bu institutun rəhbəri Leyla Yunus "Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-nin təsisçisi olmadığı halda məhz bu təşkilatın hesablarından müxtəlif valyutalarda iri məbləğlər çıxararaq onlardan şəxsi məqsədləri üçün istifadə edib.

Yalnız təəssüflənmək olar ki, xarici QHT-lərin Azərbaycandakı filialları və nümayəndəlikləri çox vaxt milli qanunvericiliyin tələblərini və beynəlxalq hüquq normalarını pozurlar.

Məsələn, son illərdə ABŞ-ın Milli Demokratiya Fondu (National Endowment for Democracy – NED) tərəfindən Azərbaycan QHTlərinə 83 saziş üzrə təqribən 2,8 milyon manat, Amerika Milli Demokratiya İnstitutu (NDİ) tərəfindən 12 saziş üzrə təqribən yarım milyon manat, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX) tərəfindən 35 saziş üzrə təqribən 900 min manat, Avropa Demokratiyaya Dəstək Fondu (EED) tərəfindən 300 min manat, Açıq Cəmiyyətə Dəstək Fondu (Lixtenşteyn) tərəfindən 625 qrant sazişi üzrə 7,6 milyon manat vəsait ayrılıb. Bu qrant sazişlərinin xeyli hissəsi qeydiyyata alınmayıb.

Bəzi donorlar QHT-lərə pulu nağd, yəni, rəsmi sənədləşdirmə olmadan verirlər. Bu, ciddi hüquq pozuntusudur. Bütün bunlar heyrət doğurur, ən azı ona görə ki, nəticədə QHT-lər aldıqları vəsaitlərdən müvafiq vergiləri ödəmirlər.

Bəzi QHT-lər aldıqları qrantları vətəndaş cəmiyyəti strukturlarının inkişafına deyil, ölkədə konstitusion quruluşu zorakılıqla dəyişmək cəhdlərinə yönəldirlər. Xarici donorlar müəyyən təşkilatları maliyyələşdirməklə onları Azərbaycan qanunlarını və ölkədə sabitliyi kobud şəkildə pozmağa məcbur edirlər. Bununla da həmin donorlar faktiki surətdə vətəndaş cəmiyyəti təsisatlarının inkişafı ilə məşğul olmaq əvəzinə, "beşinci kolon”dan olan müəyyən şəxslərə pul verərək onlardan Azərbaycan dövlətinə qarşı istifadə edirlər.

Məsələn, Avropa Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinə qara yaxmaq, Azərbaycanın nüfuzunu azaltmaq olan Meydan TV layihəsinə təqribən 300 min dollar məbləğində qrant ayırıb.

Bu cür fəaliyyət siyasi riyakarlığın sübutu olmaqla bərabər, həm də vətəndaş cəmiyyəti ideyasının özünün əhəmiyyətinə ziyan vurur.

Vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyində prinsip etibarilə heç bir pis cəhət yoxdur. Ölkədə vətəndaş cəmiyyəti quruculuğu yolunda Azərbaycan hökuməti də çox tədbirlər görür. Məsələn, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Bu Şura 2008-ci ildə insan hüquqları və demokratiya sahəsində 20 layihəyə 166 min AZN məbləğində maliyyə ayırmışdısa, artıq 2013-cü ildə belə layihələrin sayı 46-ya, onların büdcəsinin ümumi həcmi isə 543 min AZN-ə çatıb. Məgər, bu, Azərbaycan dövləti tərəfindən vətəndaş sektorunun və demokratiyanın əsaslarının inkişafına diqqət və dəstəyin göstəricisi deyilmi? Elə isə bizim vətəndaş cəmiyyətini inkişaf etdirmək və dəstəkləmək cəhdlərimiz Qərb tərəfindən nə üçün tənqid edilir? Paradoksal vəziyyət yaranır: Nə üçün Qərb ölkələrinə başqa dövlətlərdəki QHT-ləri maliyyələşdirmək olar və bu, "demokratiyanın inkişafına kömək” kimi təqdim edilir, amma dövlətlər özləri bunu edə bilməzlər. Məsələn, bizi ittiham edirlər ki, Azərbaycan öz QHTlərini maliyyələşdirməklə və öz qanunları ilə vətəndaş sektorunun fəaliyyətini guya məhdudlaşdırır. Məgər, hər hansı demokratik dövlətin qanunvericiliyinin tələb etdiyi hesabat verilməsi, maliyyə aşkarlığı və pul köçürmələrinin transparentliyi təzyiq kimi qiymətləndirilə bilərmi? Bəlkə Azərbaycan xarici QHT-lər üçün xüsusi qanunvericilik yaratmalıdır? Bəlkə onlar üçün ümumiyyətlə qanunlar yazılmayıb?

Lakin faktlar bunu deməyə əsas verir ki, xarici donorlar tərəfindən yaradılmış təşkilatlar demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı naminə işləmir, onlar hökumətə təzyiq üçün əsas mexanizmlərdir və qrant verənlərin siyasi məqsədlərinin, iqtisadi maraqlarının reallaşdırılmasına xidmət edirlər. Xaricdən maliyyələşdirilən yerli QHT-lərin böyük əksəriyyəti demokratik ibarələrdən istifadə etməklə "beşinci kolon”lar rolunu yerinə yetirir, onların məqsədi ölkədə qeyri-sabitlik və ya kənardan idarə edilən hərc-mərclik yaratmaqdır.

Yeri gəlmişkən, istintaqla müəyyən edilib ki, saxlanılmış və həbs edilmiş üzdəniraq "insan hüquqları və azadlıqları uğrunda mübarizlər”in fəaliyyəti Qərbdə yaradılmış beynəlxalq strukturlar tərəfindən qeyri-qanuni şəkildə maliyyələşdirilirdi. Bu adamlar siyasi fəaliyyətinə görə deyil, cinayət xarakterli konkret əməllərə görə həbs ediliblər. Xaricdəki müəssisə və idarələr gizlətmirlər ki, üzdəniraq "siyasi məhbuslar” onların yaratdıqları "beşinci kolon”un nümayəndələridir. Buna görə də həmin şəxslərin həbs edilməsinə onların kəskin reaksiya verməsini anlamaq çətin deyil. Ağ Evdə belə bir fikri gizlətməyə heç çalışmırlar ki, Amerikanın xaricdəki QHT-ləri üçün qanun yazılmayıb. Məsələn, Barak Obamanın bu yaxınlarda imzaladığı "Vətəndaş cəmiyyəti haqqında” memorandumda açıq-aşkar deyilir ki, ABŞ xaricdəki vətəndaş cəmiyyəti təsisatlarının inkişafını dəstəkləmək üçün hətta xarici dövlətlərin qanunvericiliyinə qarşı çıxmağa hazır olmalıdır. Sənəddə deyilir: "Əgər yerli qanunlar vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyət imkanlarını məhdudlaşdırırsa və ya yerli qanunlar vətəndaş cəmiyyətinin iştirakçılarının və onların missiyalarının təhlükəsizliyi nəzərə alınmaqla əsas ifadə azadlığı, dinc yığıncaqlar və assosiasiyalar azadlığını məhdudlaşdırırsa, ABŞ hökuməti hətta bu halda da vətəndaş cəmiyyəti təşkilatları ilə işləyir. Xarici siyasət məsələlərinə cəlb edilmiş idarələr müvafiq vəsaitlərin köməyi ilə xarici dövlətlərin hökumətlərinin vətəndaş cəmiyyətinə Amerikanın köməyinin xarakterinə, ABŞ hökumətinin proqramlarının həyata keçirilməsi üçün fiziki və ya hüquqi şəxslərin, yaxud bu proqramların istifadəçilərinin seçiminə təsir göstərmək cəhdlərinə qarşı çıxış edəcəklər...”{6}.

Beləliklə, ABŞ başqa dövlətlərin daxili işlərinə qarışmasını gizlətməyə heç cəhd də göstərmir. Ağ Ev birmənalı bəyan edir ki, bütün dünyada işləyən bu cür təşkilatlara, yəni, "beşinci kolon”lara Amerika dövləti, həmin ölkələrin qanunvericiliyinin pozulmasına baxmayaraq, açıq dəstək verəcək və bunu ABŞ-ın milli maraqlarının irəliləməsi xatirinə edəcəkdir. Memorandumda göstərilən sahədə fəaliyyəti gücləndirmək üçün hətta bu siyasətə cəlb edilmiş dövlət idarələrinin sayı artırılıb.

ABŞ-ın özündə isə xarici agentlərin qeydiyyatı haqqında 1938-ci ildə qəbul edilmiş Akt (FARA) hələ də qüvvədədir. Həmin Akta əsasən xarici şirkət və təşkilatların hökmən qeydiyyata alınması tələb edilir. Bəs, ABŞ-ın başqa ölkələrdən tələb etdiyi bərabər şərait hanı? Barak Obama bu il may ayında Vest-Pointdə çıxışında vurğulayıb ki, ABŞ özü dünyaya nümunə göstərir və bütün başqa ölkələrin riayət etdiyi qaydaların təsirindən özünü kənarlaşdıra bilməz. Onda belə bir sual yaranır: Bəs nə üçün Amerika qanunları xarici şirkətlərin və təşkilatların qeydiyyata alınmasını və hesabat vermələrini tələb edir və bu, ABŞ tərəfindən qanuni hesab edilir, amma başqa ölkələrin (o cümlədən Azərbaycanın) bu cür siyasəti QHT-lərin azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir?

Nəyə görə Amerika QHT-ləri olduqları ölkələrdə qeydiyyatdan keçmək və hesabat vermək istəmir, qanunvericiliyin müvafiq tələblərini vətəndaş cəmiyyətinə və qeyri-hökumət təşkilatlarına təzyiq kimi qiymətləndirirlər, halbuki ABŞ-ın özünün qanunları Birləşmiş Ştatlarda işləyən xarici təşkilatlar üçün bunu tələb edir? Məgər Barak Obama "Mən düşünmürəm ki, Amerikada seçkiqabağı kampaniyalar güclü maraq qrupları və bundan daha betəri, xarici təşkilatlar tərəfindən maliyyələşdirilməlidir” sözlərini məhz "beşinci kolon”un ABŞ siyasətinə təsirindən ehtiyat edərək deməyibmi?

Doğrudan da, qədim yunanlar demişkən, Yupiterə icazə verilən, Öküzə icazə verilməyib. Yenə ikili standartlar və güclünün hüququ. ABŞ-ın bəyan edilmiş siyasətindəki bütün bu uyğunsuzluqlar, onun qərəzliliyi və dövlətlərin ikitərəfli münasibətlərinin ziyanına olaraq xarici ölkələrdəki "beşinci kolon”ların açıq dəstəklənməsi Azərbaycana da, yəqin ki, dünya dövlətlərinin əksəriyyətinə də aşkar görünür. Deməli, bu dövlətlər müvafiq nəticələr çıxarmaqda və öz qanunvericiliklərinə düzəlişlər etməkdə haqlıdırlar.

QHT-lərin fəaliyyəti və onlarla bağlı problemlər Amerikanın başqa ölkələrə demokratiya və vətəndaş cəmiyyəti modelini zorla qəbul etdirməsi məsələsinin bir tərəfidir. Məsələnin digər tərəfi lobbizm və Amerikanın xaricdəki nümayəndələrinin işi üçün onun beyin mərkəzlərində analitik adlandırılan materiallar hazırlanmasıdır. ABŞ-ın bəzi ştatlarının qanunvericilik orqanları tərəfindən sənədlər (məsələn, qondarma "dağlıq qarabağ respublikası”nın müstəqilliyinin tanınması barədə) qəbul edilməsində və Konqres komitələrində lobbiçilik çoxdan məlumdur. Lakin ekspert arayışlarının hazırlanmasında ayrı-ayrı analitik mərkəzlərin və beyin mərkəzlərinin qərəzli mövqeyi Amerikanın öz KİV-ləri tərəfindən ifşa edilib. Onların arasında Brukinqs İnstitutu, Atlantika Şurası, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi kimi nüfuzlu təsisatlar və beyin mərkəzləri var. Norveç, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr bu institutların iri donorlarıdır. Məsələn, Qətər dövləti 4 ildə Brukinqs İnstitutuna təxminən 15 milyon dollar sərmayə qoyub {7}.

Bu və digər ölkələrin sifarişinə əsasən hazırlanan ekspert arayışlarının əksəriyyəti müəyyən şəxslərə (konqresmenlərə, nazirlərə, hətta prezidentə) təqdim olunur və onların əsasında siyasi qərarlar qəbul edilir. Nəticədə ABŞ-da xarici siyasət məsələlərinə dair qərarlar qərəzli və qeyri-obyektiv informasiya əsasında qəbul olunur. Buna görə də Ağ Evin bir sıra regionlarda xarici siyasəti subyektiv xarakter daşıyır və əsasən ABŞ-ın özünün hesab etdiyi kimi, "obyektiv qlobal lider” tərəfindən problemlərin ədalətli həllinə deyil, ilkin korporativ sifarişin icrasına yönəlmiş olur.

Konkret fakta müraciət edək. "Baltimore Jewish Times” qəzetinin sabiq baş redaktoru, tanınmış publisist Maayan Jaffe "Times of İsrael” qəzetində dərc olunmuş "Erməni lobbisinin ABŞ Konqresinin üzvlərinə təsiri haqqında” sərlövhəli məqaləsində qeyd edir ki, ermənilər Konqresdə yaradılmış lobbi qrupuna 88 konqresmen və senator cəlb ediblər. O yazır ki, Amerikadakı erməni lobbisi bir qrupdan yox, bir neçə təşkilatdan ibarət şəbəkədir. O yazır: "Bu qruplar arasında Amerika erməni siyasi fəaliyyət komitəsi, Amerika erməni milli komitəsi və Amerika erməni assambleyası var. Onlar dövlət strukturları tərəfindən tanınır və dəstəklənir”. Müəllif vurğulayır ki, Ermənistanın Konqresdəki dostları bu ölkənin ABŞ-ın düşmənləri ilə sıx əlaqələrini gizlətməyə çalışırlar.

Belə hesab etmək olmaz ki, Dövlət Departamentində bütün bunları bilmirlər. Məsələnin mahiyyəti bunda deyil, Ağ Evin rəhbərliyinin sadiq qaldığı "ikili standartlar” konsepsiyasındadır. Məsələn, ABŞ Ermənistanın 20 ildən artıq müddətdə Azərbaycanın (Amerikanın rəsmi dairələrində hesab edildiyi kimi onun strateji tərəfdaşının) ərazisinin 20 faizini işğal altında saxladığını bildiyi halda, guya "yumşaq güc” prinsipinə əsaslanaraq təcavüzkarın nazı ilə oynayır.

Yaxud başqa misal. ABŞ bu fakta necə göz yuma bilər ki, Ermənistan Azərbaycanın ərazisini işğal edərək burada, özü də qarşıdurma vəziyyətində olan iki qoşunun təmas xəttinin lap yanında 40 mindən çox hərbi qulluqçunun və minlərlə vahid döyüş texnikasının iştirakı ilə hərbi təlimlər keçirir. Üstəlik, ermənilərin Mi-24 döyüş helikopteri Ermənistan və Azərbaycan qoşunlarını ayıran kiçik sahəyə soxularaq təhdidedici uçuşlar keçirir, bizim qoşunların mövqelərinə hücum etməyə cəhd göstərir. Bu, bizim hərbçiləri cavab hərəkətlərinə sövq etmək üçün şüurlu şəkildə törədilən provokasiya idi. Buna görə də tamamilə təbiidir ki, silahlı qarşıdurmanın bütün qaydalarına əsasən həmin helikopter vurulmalı idi və o, vurulub. Bəs nəyə görə ABŞ Ermənistanı bu təhlükəli provokasiyaya görə qınamır, halbuki Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiyanın ünvanına az qala hər gün xəbərdaredici bəyanatlar səslənir.

Ermənistanın ünvanına isə heç nə deyilmir. Məgər bu, ABŞ-ın xarici siyasətində ikili standartların göstəricisi deyilmi? Vaşinqton artıq başa düşməlidir ki, "yumşaq güc” o vaxt səmərəli olur ki, o, ABŞ-ın başqa ölkələrin (məsələn, Azərbaycanın) milli maraqları ilə üst-üstə düşən milli maraqlarının həyata keçirilməsinə əsaslansın. Azərbaycanın milli maraqları ilə hesablaşmadan öz siyasi məqsədlərini həyata keçirmək cəhdləri heç vaxt uğur qazanmayacaq. Məsələn, ABŞ Ukraynanın ərazi bütövlüyünə tərəfdar çıxır və bütün mümkün üsullarla onu qorumağa çalışır. Bəs, nəyə görə ABŞ Azərbaycana münasibətdə müvafiq yanaşma tətbiq etmir, onun ərazi bütövlüyünü açıq müdafiə etmir, təcavüzkarı pisləmir?

Əgər demokratiyanın inkişaf etdirilməsi ABŞ üçün milli təhlükəsizlik məsələsidirsə, onda Azərbaycan üçün də işğal altında olan ərazilər üzərində nəzarətin bərpa edilməsi milli təhlükəsizlik məsələsidir. Başqa sözlə desək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də demokratik dəyərlərin inkişaf etdirilməsi strategiyasının tərkib hissəsi olmalıdır.

Qafqazdakı münaqişələr həll edilmədən bütövlükdə bu regionda səmərəli transmilli əməkdaşlığa nail olmaq mümkün deyil. Səmimi etiraf etmək lazımdır, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədri kimi, bu problemin həllində lazımi maraq göstərmir. Axı, onun həlli, Vaşinqtonun bəyan etdiyi kimi, geniş mənada ABŞ-ın da marağındadır.

Amma bununla belə ABŞ 1992-ci ildən bəri Ermənistana iki milyard dollardan artıq, Dağlıq Qarabağ separatçılarına isə 1998-ci ildən bəri 83 milyon dollardan çox maliyyə yardımı göstərib.

Göründüyü kimi, Amerika əsla gizlətmir ki, o, Ermənistanın yürütdüyü, bu uzanan münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət xəttini dəstəkləyir. Qeyd etməliyəm ki, ABŞ rəsmiləri bu sətirlərin müəllifinə dəfələrlə etiraf ediblər ki, "Amerikada erməni lobbisinin Konqresdə və Senatda mövqeləri güclüdür, bundan əlavə, çoxsaylı erməni diasporu bizim elektoratdır, ona görə biz bu amillə hesablaşmağa məcburuq. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı təzyiq metodları tətbiq edə bilmərik”.

Bax belə: nə az, nə də çox – erməni diasporunun "məclisi idarə etdiyi” regionlarda ədaləti bərpa etməyə qabil olan "yeganə dünya dövlətinin” xarici siyasət strateqlərinin mövqeyi belədir.

Hərçənd, burada təəccüblü heç nə yoxdur. Axı, ABŞ-ın indiki dövlət katibi Con Kerrinin özü senator ikən Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin müəlliflərindən biri olub. Heç kəs üçün sirr deyil ki, o, ABŞ-ın Erməni Milli Konqresi ilə sıx bağlıdır. Lakin ədalət naminə deməliyik ki, əvvəlki dövlət katiblərindən fərqli olaraq o, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə daha çox diqqət yetirir. Lakin nəticə yoxdur. Problemin mahiyyəti ondan ibarətdir ki, ABŞ ikili standartlar siyasəti apardıqca, bəzi ölkələrdə işğalı pislədiyi halda, başqa ölkələrdə buna nəinki göz yumduqca, hətta faktiki olaraq bu vəziyyəti təşviq etdikcə, başqa ölkələrin hökumətləri ilə razılaşdırmadan, onların milli mənafelərinə və qanunvericiliklərinə məhəl qoymadan hərəkət etdikcə onun səmərəli xarici siyasət həyata keçirməsinə heç bir güc - istər "yumşaq güc”, istərsə də "sərt güc” kömək etməyəcək. ABŞ-da bunu nə qədər tez başa düşsələr və regionda öz xarici siyasətini bu reallığa nə qədər tez uyğunlaşdırsalar, bir o qədər səmərəli nəticə əldə edərlər.

"Beşinci kolon”: dağıdıcı fəaliyyətin eskalasiyası cəhdləri

"... Xaricdən ianələr alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur”. İlham Əliyev

Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri tərəfindən radikal müxalifət fəallarının və QHT-lərin dəstəklənməsi, bu təşkilatların qeyri-qanuni maliyyələşdirilməsi, onların köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq cəhdləri ilə bağlıdır. Deməliyik ki, bu, Qərbin "beşinci kolon” ilə iş ssenarisinə üzvi şəkildə daxildir. Bu cür qeyri-qanuni siyasi və maliyyə dəstəyi, müvafiq göstərişlər nəticəsində başlıca nümayəndələri qismində ayrı-ayrı radikallarla yanaşı, Xalq Cəbhəsi və Müsavat partiyalarının çıxış etdiyi "beşinci kolon” öz pozucu hərəkətlərini gücləndirməyə çalışır. Getdikcə daha da radikallaşan Xalq Cəbhəsi Partiyası artıq çoxdan bəri təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilib. Gerçəkliyi şüurlu surətdə dərk edə bilməyən insanlar da burada kök salıblar.

Bunlar öz təfəkkürlərinə görə irrasional adamlardır. Bu partiyaya məxsus olan "Azadlıq” qəzeti yalan və iftira ruporu rolunu yerinə yetirir, onun hər bir səhifəsi intriqalarla, insanların şərəf və ləyaqətini alçaldan materiallar, uydurma və böhtanlarla doludur. Bu partiyanın imici belədir. Bu gün həmin partiya təşkilati böhran və tam deqradasiya həddindədir. Onun fəaliyyəti o dərəcədə abırsız xarakter alıb ki, hətta "Yeni Müsavat” qəzetinin redaktoru da Əli Kərimlinin və onun partiyasının fəaliyyətini kəskin pisləyərək bəyan edir: "Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub. Əli Kərimlinin və partiyasının – siyasi savadı, geridə qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab edirəm”. Bax, belə səmimi etiraf.

Xalq Cəbhəsi Partiyasının daxilində vəziyyəti tam parçalanma, vurnuxma, hərc-mərclik kimi səciyyələndirmək olar. Partiyanın üzvlərinin çoxu Əli Kərimlinin və onun qrupunun qəbuledilməz radikalizmindən və barışmaz mövqeyindən, radikal dini qruplaşmalarla əməkdaşlıqdan narazı olduqlarını bildirirlər. Partiyadaxili repressiyalar, partiyadaxili demokratiyanın olmaması, Əli Kərimlinin avtoritarizmi, partiyalararası münaqişələr buna gətirib çıxarıb ki, KİV-lərdə verilən məlumata görə, AXC-nin Sumqayıt bölməsinin 52 üzvü bu günlərdə onun sıralarından çıxıb. Müsavat Partiyası da oxşar vəziyyətdədir. Bu partiya da tam parçalanma mərhələsindədir.

Ölkədə cərəyan edən ciddi quruculuq dəyişiklikləri kimi, zaman özü də "beşinci kolon”un vəziyyətinə təsir göstərir. Yüksək rütbəli müəyyən şəxslərin Xalq Cəbhəsi və Müsavat partiyaları sıralarından 37 kütləvi şəkildə, qalmaqalla çıxmaları batan gəmidən qaçmağı xatırladır. Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, çoxdan müxalifətdə olan bu adamlar sadəcə çox yorulublar və buna görə özləri kənarlaşmaq istəyirlər. Lakin o, sözünü axıracan demir – onlar özlərini kimdən və nədən kənarlaşdırırlar? Axı, adamlar o partiyaların sıralarını tərk edir ki, həmin partiyalar pozucu fəaliyyəti genişləndirməyə çalışırlar. Məsələ burasındadır ki, "beşinci kolon” zəruri sosial bazadan məhrum olub və buna görə onlara yuxarıdan verilən göstərişləri həyata keçirə bilmir. Bu partiyaların sıralarında qalmağın mənasızlığı bununla izah edilir.

Bu il noyabrın 9-da Bakıda qondarma "Milli Şura”nın, əslində isə Xalq Cəbhəsi Partiyasının azsaylı tərəfdarlarının şəhər hakimiyyəti ilə razılaşdırılmış mitinqi oldu. Mitinqin əsas təşkilatçıları Əli Kərimli və Cəmil Həsənli idi. Mitinqin keçirilməsi faktının özündən göründüyü kimi, radikal müxalifətin səsini heç kəs boğmur. Onlar öz mitinqlərini maneəsiz keçirirlər (bu, müxalifətin xaricdəki donorlarına xatırlamadır. Onların fikrincə, agentlərinin mitinq keçirmələrinə imkan verilmir). Siyasi ekspertlər hesab edirlər ki, bu mitinq əvvəlkilərdən heç nə ilə fərqlənməyib, tam iflas olub və biabırçılıqla başa çatıb: "O, radikal müxalifətin peşəkarlıq baxımından tamamilə yararsız olmasını göstərdi. Yenə az sayda adam, eyni şüarlar, bir-birinə oxşar çıxışlar, çeynənmiş, zəhlətökən sözlər. Mitinq "Milli Şura” üçün növbəti biabırçılıq oldu”. Ekspertlərin fikrincə, bu, radikalların sosial bazasının olmamasının və aqressivliyinin artmasının nəticəsidir.

Eldar Namazovun da missiyası bundan yaxşı olmayıb. O, "beşinci kolon”un ən "parlaq” nümayəndələrindən biridir. Bunu yalnız kor adam görməz. O, bu yaxınlarda David Şahnazaryan ilə birgə verdiyi bəyanatda bunu yerinə yetirilmiş borc hissi ilə təsdiq etdi. Bu bəyanat vətənpərvərliyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə tamamilə ziddir. Bu bəyanat heç də sülhə, problemin mərhələli həllinə çağırış deyil, obyektivliyin, prinsipial mövqeyin olmamasıdır. Axı, Ermənistan bizim torpaqlarımızı işğal edib. Deməli, bu vəziyyətdən çıxış etmək lazımdır. Bir də ki, Namazov Dağlıq Qarabağ münaqişəsi problemləri ilə "məşğul olarkən” kimi təmsil edir? Məlum olduğu kimi, heç kəsi.

Görünür, həyat bu reneqatı gücü çatan işlə məşğul olmağa hələ də öyrətməyib. Aydındır ki, marginal Eldar Namazov "beşinci kolon”maraqlarına o dərəcədə bağlanıb ki, təcavüzkarı ondan zərər çəkmiş ölkəyə bərabər tutur. O, başa düşə bilmir ki, bizə özgəninki lazım deyil, biz yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə çalışırıq. Bizim üçün bu, problemin alfa və omeqasıdır.

Təəssüf ki, Eldar Namazov və həmçinin "beşinci kolon”un önündə gedən radikal müxalifət üçün Dağlıq Qarabağ problemi (son dərəcə vacib problem) onların fəaliyyətində prioritet deyil, onun liderlərinin bu məsələyə dair demaqoqcasına bəyanatlarının arxasında isə şəxsi ambisiyaları və üzdə qalmaq arzusu gizlənir. Onları ən çox narahat edən özlərinin xaricdəki bosslarına daha yaxşı yarınmaq, onların xoş münasibətini qazanmaqdır. Bu məsələdə ən çox irəli gedən "Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayıldır. O, öz "dostları” olan həmkarları ilə birlikdə "ciddcəhdlə” çalışaraq antiazərbaycan verilişləri təşkil edir, cəfəng bəyanatlarla çıxış edir, ictimaiyyətin tanınmış nümayəndələrinə açıq-aşkar düşmən münasibət nümayiş etdirir, təhqiramiz məzmunlu yalanlar yayır. Aydındır ki, cəmiyyətə bu cür meydan oxumaq öz Vətənini sevənlərin deyil, X.İsmayılın xaricdəki himayədarlarının xoşuna gəlir. Üstəlik, onun tutduğu mövqenin jurnalist peşəsinə, ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. İctimaiyyətdə belə bir qəti inam yaranıb ki, "Azadlıq” radiosunun əməkdaşları çox iyrənc bir yol tutublar. Sübuta ehtiyac yoxdur ki, saxtalaşmış informasiya təqdim edilməsi xarici xüsusi xidmətlər üçün işləməyə bərabərdir. Bu, xəyanətdir. Jurnalistlərin və normal düşüncəli adi insanların fikri belədir: "Əgər demokratiyanın rəmzi Xədicə İsmayıldırsa, gələcəkdə cəmiyyəti nələrin gözlədiyini təsəvvür etmək dəhşətdir”.

Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı "beşinci kolon”u pozucu fəaliyyət üçün geniş meydandan məhrum edib. Onun nümayəndələrinin son sığınacağı cəmiyyəti və hətta Prezidentin ətrafını parçalamaq cəhdləridir. Rəhbər işçilər haqqında mütəşəkkil qaydada açıq-aydın yalan məlumatlar yaymaqla hakimiyyəti zəiflətmək üçün gülünc cəhdlər, hakimiyyətdə olan şəxslər arasında guya müharibə qızışması barədə fantaziyalarla onları bir-birinə qarşı qoymaq istəyi onların bəsitliyini və siyasi savadsızlığını bir daha nümayiş etdirir. Onlar İlham Əliyevin ətrafının əvvəlki kimi monolit olmasını, bu ətrafı parçalamaq mümkün olmamasını, Prezidentin ölkə əhalisi arasında və ölkənin hüdudlarından kənarda nüfuzunun və populyarlığının yüksək olmasını başa düşməyərək, dövlətimizin başçısına qarşı birbaşa şəxsi təhqirlərə və çirkin hücumlara keçməyə başlayıblar. Əlbəttə, yaxşısı budur, onlar başa düşsünlər ki, onların aqressiyası özlərinə biabırçılıqdan başqa heç nə gətirməyəcək və nəticədə onlar siyasət səhnəsini tərk etməyə məcbur olacaqlar.

Qərbin rəsmi dairələri öz hərəkətlərini xeyirxah niyyətlərlə izah etmək üçün nə qədər çalışsalar da, fakt faktlığında qalır: müstəqil partiyalardan fərqli olaraq onların maliyyələşdirdiyi və dəstəklədiyi vətəndaş cəmiyyətinin bütün strukturları və radikal partiyalar "beşinci kolon”ların müasir nümunələridir. Əlbəttə, onların pozucu fəaliyyəti kənar qüvvələr tərəfindən dəstəklənir və tənzimlənir.

Qərəzlilik, ikili standartların tətbiq edilməsi Avropa İttifaqının rəhbərlərini də səciyyələndirir. Lap yaxın vaxtlarda, noyabrın 26-da Saxarov adına mükafatın təqdim edilməsi mərasimində Avropa Parlamentinin sədri Martin Şults Azərbaycandakı üzdəniraq "siyasi məhbuslar” barədə də bəyanat verib, Leyla Yunusu xatırlayıb. Əlbəttə, Martin Şults kimi şəxsin dilindən bu cür tənqid səslənməsi nonsens kimi qəbul edilməlidir.

Bu misal onu göstərir ki, keçmiş tarixi dövrlə müqayisədə bu gün dünya arenasında siyasi hadisələrin gedişini müəyyən edən siyasətçilər sırasında tam böhran müşahidə edirik. Təəssüf ki, dünya siyasətinin taleyüklü məsələləri ilə məşğul olan şəxslər regional və qlobal siyasi proseslərin incəliklərini anlamaq kimi zəruri qabiliyyətdən məhrumdurlar və beynəlxalq xarakterli məsələləri həll etmək üçün son dərəcə səriştəsizdirlər. Bir də ki, nə deyəsən, Qərb mətbuatının özündə Martin Şults barədə heç də xoşagələn xarakteristika verilmir: o, sağlam məntiqdən məhrum olan çıxışları və qeyri-adekvat mühakimələri ilə "məşhurdur”, islamofobiya ideyaları ilə "ad çıxarıb”, onun çıxışları və bəyanatları çox vaxt siyasi qalmaqallarla müşayiət olunur. Onun İtaliya barədə və Böyük Britaniyanın Avropa İttifaqında rolu haqda sözləri ciddi beynəlxalq qalmaqala səbəb olur. Britaniyada çıxan "Economist” qəzetinin 11 may 2013-cü il tarixli nömrəsində Martin Şultsun Brüsseldə yüksək vəzifə tutmaq istəyi karikatura formasında təqdim edilir. Azərbaycanda vəziyyətə qiymət vermək istəyən Avropa Parlamentinin sədri belə şəxsdir. Mən qəti əminəm ki, Martin Şults öz istəyi ilə hərəkət etmir: bu gün o, sadəcə olaraq "böyük qardaş” vəzifəsini yerinə yetirir, əks halda o, indi əyləşdiyi kürsünü görə bilməzdi. Axı, məlumdur ki, o, Azərbaycan haqqında, onun Avropa üçün əhəmiyyəti barədə müsbət sözlər söylədiyi hallar da olub.

Qərbdə müəyyən dairələr nahaq yerə Azərbaycan haqqında yalan rəy yaratmağa çalışırlar. Hərçənd bu dairə çox məhduddur. Əksinə, biz məmnunuq ki, bilikləri və nüfuzu korporativ maraqlara xidmət etməyən siyasətçilərin sayı daha çoxdur. Kim bunu istəyirsə görür ki, Azərbaycan demokratik cəmiyyətə xas keyfiyyətlərə malik olan müasir dövlət kimi davamlı inkişaf edir.

Hələ dünən hər bir əhəmiyyətsiz məsələyə görə insanları meydana çağıranların çoxunun şüuru dəyişir. Onlar başa düşürlər ki, bu yolun axırı yoxdur. Transformasiya etməyən yalnız özlərini müxalifətin – konstruktiv müxalifətin yox, "beşinci kolon”un lideri adlandıran əvvəlki radikallardır. Buna görə də onlar getdikcə daha aqressiv olur: özü də təkcə iqtidara qarşı yox, həm də dünənki partiya yoldaşlarına qarşı. Müxalifət nəşrlərini vərəqləsək, bunu asanlıqla yəqin edə bilərik. Liderlik uğrunda mübarizədə qarşılıqlı nifrət, radikallar arasında söyüş və iyrənc təhqirlər həddinə çatan qarşıdurma adi hala çevrilib. Bu gün kənardan maliyyələşdirilən müxalifəti təmsil edənlər və insanları mitinqlərə çıxmağa çağıranlar 1990-cı illərin əvvəlində dövlət çevrilişi edərək hakimiyyəti güclə ələ keçirmişdi. Onlar bu hakimiyyəti heç bir il də əldə saxlaya bilmədilər, ölkəni dərin böhran vəziyyətinə çatdırdılar. Səbəblər məlumdur: dövlət idarəçiliyi haqqında elementar anlayışların olmaması, hakimiyyəti ələ keçirməyin təşkilatçılarının ambisiyaları ilə onların intellect səviyyəsinin uyğunsuzluğu, hakimiyyətdə olarkən yeritdikləri zərərli daxili və xarici siyasət və ən başlıcası, bu insanların siyasi və əxlaqi yararsızlığını başa düşərək onları dəstəkləməyən xalqın mövqeyi.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəli oğlu "Reytinq” qəzetinin müxbirinə müsahibəsində (09.11.2014) etiraf edir: "Biz öz üzərimizə götürdüyümüz işlərin öhdəsindən gələ bilmədik. Hakimiyyəti əldə saxlaya bilmədik... Üstəlik, baş verən proseslərdən nəticə çıxarmayıb, indiki vəziyyətə düşdük”.

Beləliklə, öz üzərinə "beşinci kolon” rolunu götürmüş radikal müxalifətin əsas səciyyəvi cəhətləri ideya–siyasi boşluq, sosial bazanın məhdudluğu və pərakəndəlik, korporativ maraqların dövlət maraqlarından üstün tutulması, qisasçılıq cəhdləri, konstruktiv dialoqdan və siyasi mübarizənin sivil metodlarından çəkinməkdir.

Radikal müxalifət düşərgəsində yaranmış bu vəziyyət ilk növbədə tarixi şəraitlə bağlıdır. İş burasındadır ki, onun sıraları lap əvvəldən əsasən həyatda bəxti gətirməyən, bizim regionda cərəyan edən proseslərin həqiqi mahiyyətini anlamaqdan uzaq olan qeyrisosial, riyakar elementlər hesabına artmışdır. Paradoksdur ki, bu partiyalar ciddi dəyişikliyə məruz qalmayaraq, bu gün də öz dağıdıcı siyasətini davam etdirir.

Bu siyasi qrupların fəaliyyətinin təhlili göstərir ki, onların dövlət quruculuğu, ölkənin daxili və xarici siyasəti, geosiyasi reallıqlar və çağırışlar barədə lazımi təsəvvürləri yoxdur. Radikal müxalifət cəmiyyətə faydalı ideyalar və real proqramlar təklif etmək, vətəndaşların etimadını qazanmaq iqtidarında olmadığından, ölkə hüdudlarından kənarda özünə dayaq axtarmağı üstün tutur. O, öz hakimiyyət ambisiyalarını təmin etmək xatirinə beynəlxalq instansiyalara çirkin insinüasiyalar, böhtanlar göndərir, xaricdəki antiazərbaycan dairələri ilə əməkdaşlıq edir və dövlətimizin müstəqil siyasətinə xaricin təzyiq aləti kimi çıxış edir. İndiki radikal müxalifətin aqressivliyinin və millətə zidd mahiyyətinin səbəbi onun qisasçılıq cəhdləri, özünün acizliyini etiraf etmək istəməməsidir.

Siyasi naşılıq və vətənpərvərliyin, konstruktivizm qabiliyyətinin olmaması, hakimiyyət hərisliyi, hadisələrə dövlətçilik təfəkkürü mövqeyindən qiymət verməyi bacarmamaq və xaricdəki antiazərbaycan qüvvələrindən asılılıq nəticəsində radikal müxalifət hökumətə qarşı mübarizəni dövlətin maraqlarına qarşı mübarizəyə çevirib.

Bugünkü radikal müxalifətin daha bir səciyyəvi antimilli cəhəti cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatında müsbət nə varsa, hamısının tamamilə inkar edilməsində ifadə olunan sosialsiyasi nihilizmdir. O, "nə qədər pis olsa, bir o qədər yaxşıdır” prinsipini rəhbər tutaraq, iqtidarın siyasətini hər vasitə ilə hörmətdən salmağa çalışaraq özünün bütün cüzi resurslarını müstəqillik illəri ərzində ölkəmizdə qazanılmış uğurlara və müsbət dəyişikliklərə qara yaxmağa yönəldir.

Radikal müxalifətin daimi siyasi uğursuzluqları və ambisiyalarının perspektivsizliyini başa düşməsi nəticəsində öz planlarına ümidi itmiş, o, bədbinliyə və marginallaşmaya məruz qalmış, hakimiyyət uğrunda mübarizəsi isə pozucu fəaliyyət səviyyəsinə enmişdir.

Strategiya – postsənaye cəmiyyətinin qurulması

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev güclü iqtisadiyyat yaradılması xəttini əsas götürərək müasir müstəqil Azərbaycanın möhkəm təməlini qoyub. O, çox yaxşı bilirdi ki, üzdəniraq "beşinci kolon” kənar qüvvələr tərəfindən formalaşır və dəstəklənir, bu qüvvələrə güclü Azərbaycan dövləti lazım deyil və onlar həmişə güclü müstəqil Azərbaycan yaradılması prosesinə qarşı çıxacaq, ölkəmizin imicini ləkələməyə çalışacaqlar. Ümummilli lider Heydər Əliyev bu cəhdlərin qarşısını almaq üçün çoxvektorlu xarici siyasət yürütməyə başladı. O, "Əsrin müqaviləsi”ni imzalamaqla əslində müstəqil Azərbaycanı iqtisadi yolla boğmağa çalışanlara tarixi hökm imzaladı.

Heydər Əliyev ABŞ-ın banilərinin və ya demokratik Avropa siyasətçilərinin prinsiplərini tətbiq etməklə bilirdi ki, Azərbaycan Respublikası üçün beynəlxalq birliyə ən yaxşı inteqrasiya yolu sabitlikdən, iqtisadiyyatdan və demokratiyadan keçir. Bu cür dərindən dərk edilmiş və uzaqgörən siyasət qısa müddətdə böyük uğurlar qazanmağa imkan verdi. Ölkəmizin iqtisadiyyatına xarici sərmayələr gəldi, beynəlxalq şirkətlərin ölkəmizdə nümayəndəlikləri açıldı, Azərbaycanın səsi beynəlxalq tribunalardan eşidildi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqət, nəhayət, dünya ictimaiyyətinə çatmağa başladı. "Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə dair bu yaxınlarda imzalanmış yekun investisiya sazişi də çox böyük uğur oldu. "Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi günündə "Cənub” qaz dəhlizinin təməlinin təntənəli şəkildə qoyulması hadisəsi artıq "XXI əsrin müqaviləsi” adlanır. Bu, Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da gücləndirəcək, ölkəmizin enerji tərəfdaşı kimi etibarlılığını və onun geosiyasi mövqeyinin əhəmiyyətini bir daha sübut edəcəkdir. Prezident İlham Əliyev "Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr edilmiş təntənəli mərasimindəki çıxışında xüsusi vurğulayıb ki, bu layihə azı 100 il ərzində təkcə Azərbaycana deyil, tərəfdaş dövlətlərə də dividend gətirəcəkdir.

Heç kəs şübhə etmir ki, Azərbaycan sadəcə neftin və qazın səmərəli təchizatçısına deyil, Avropanın enerji təhlükəsizliyinin qarantlarından birinə çevrilir. Bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş böyük strategiyanın – Azərbaycanı müasir özünəyetərli dövlətə çevirmək strategiyasının yalnız bir hissəsidir. Prezident İlham Əliyev Heydər Əliyevin siyasi irsini yeni ideyalarla zənginləşdirərək son on ildə Azərbaycanı dünya birliyinin uğurlu ölkələri sırasına çıxarıb. Bu gün Azərbaycan Cənubi Qafqazda liderdir və regionda heç bir iri beynəlxalq layihə bizim milli maraqlarımız nəzərə alınmadan uğurla həyata keçirilə bilməz. Bakı-Tbilisi-Qars, Astara-Rəşt-Qəzvin dəmir yolu layihələri və onların tezliklə, uğurla başa çatdırılması nəticəsində Bakı Qərb ilə Şərq, Şimal ilə Cənub arasında münasibətlərin əsas mərkəzinə çevriləcək.

Bu gün Azərbaycan postsənaye (informasiya) cəmiyyəti quruculuğu yolundadır. Postsənaye cəmiyyətinə keçid ideyası son on ildə Azərbaycanın inkişaf məntiqinə uyğundur. Bizim üçün postsənaye cəmiyyəti elə bir cəmiyyətdir ki, onun iqtisadiyyatında innovasiya sektoru, ona xas olan yüksək məhsuldarlıqlı sənaye, sosial-iqtisadi fəaliyyətin bütün formalarında zəruri biliklər bazası, ümumi daxili məhsulda yüksək keyfiyyətli innovasiya xidmətlərinin payının yüksək olması, bütün fəaliyyət növlərində rəqabət qabiliyyəti üstünlük təşkil edir.

Əlbəttə, Azərbaycan üçün postsənaye cəmiyyəti gələcəyin iqtisadi sistemidir. Lakin artıq bu gün həmin gələcəyin ciddi təməli yaradılır: milli innovasiya sistemi formalaşır, istehsalın texnolojiləşməsi tədricən artır. İnnovasiya sisteminin əsas məqsədi əhalinin həyat səviyyəsinin və həyatın keyfiyyətinin artırılması üçün dinamik iqtisadi inkişafın obyektiv ilkin şərtlərini yaratmaqdır.

Hökumət "insan kapitalı”nın təkrar istehsalı probleminə böyük diqqət yetirir, bu kapital investisiya resursu və istehsalın əsas amili hesab edilir. Yəni, insan kapitalı quruculuq prosesinin getdikcə daha əhəmiyyətli resursuna çevrilir.

Hökumət başa düşür ki, ölkənin sosial-iqtisadi inkişafının səmərəliliyini yalnız innovasiyalı iqtisadiyyatın təşəkkülü və inkişafı əsasında artırmaq mümkündür. Bu məqsədə nail olmaq üçün respublikada güclü innovasiya fəaliyyəti vüsət alıb. Bu, istehsalatda yüksək iqtisadi səmərəyə nail olmağa imkan verəcək. Bu baxımdan ölkədə bir neçə il bundan əvvəl yaradılmış texnoloji parklar həmin sistemin mühüm elementidir. Tezliklə texnoloji biznes inkubatorları, habelə sənaye müəssisələri klasterləri, yəni, birgə məqsədlərə nail olmaq və ya ümumi problemləri həll etmək üçün birləşən sənaye müəssisələrinin məcmusu yaradılacaq. Prezidentin Fərmanı ilə (noyabr 2012-ci il) Pirallahı qəsəbəsində informasiya texnologiyaları sahəsində biznes-inkubator üçün 50 hektar sahə ayrılıb, burada ofis mərkəzinin, elmi tədqiqat institutlarının, inkubasiya mərkəzinin, istehsalat obyektlərinin yaradılması üzrə intensiv iş aparılır. Bütün bunlar bizim iqtisadiyyatda yeni istiqamətlərdir. Bu proseslər texniki, texnoloji və sosial yeniləşmənin, yəni, yeni, kreativ sinfin formalaşmasının təsiri altında baş verəcək. Bu, təbiidir, çünki postsənaye cəmiyyəti quruculuğu bu yeni sosial elementin formalaşması ilə müşayiət olunur. İstehsalın postsənaye mərhələsinin həlledici amili, onun mahiyyəti cəmiyyətin sosialiqtisadi inkişafının ən vacib və mühüm resursları olan informasiya və biliklərin müstəqil formalaşması olacaq. Elmdə bu mərhələyə informasiya cəmiyyəti və informasiya iqtisadiyyatı kimi tərif verilir.

Qeyd etmək lazımdır ki, informasiya cəmiyyətinə keçid strategiyasını 2003-cü ildə təsdiq etmiş Azərbaycan bu sahədə dünyada ilk dövlətlərdən biri və Cənubi Qafqazda yeganə dövlətdir. Azərbaycan kreativ iqtisadiyyatın yaradılması ilə paralel olaraq başqa dövlətlərin daxili işlərinə qarışmamağa əsaslanan "yumşaq güc” konsepsiyasını da formalaşdırmağa başlayıb. Bizim "yumşaq güc” konsepsiyamız Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, tolerantlığının, onun potensialının hərtərəfli nümayiş etdirilməsi yolu ilə milli maraqların təbliği ideyasına əsaslanır, bununla da beynəlxalq arenada dövlətimizə etimad artırır. Başqa amillərlə yanaşı, ölkənin imicini inkişaf etdirən turizm, mədəniyyət və idman kimi spesifik sahələrin maddi bazasının sürətli inkişafı bu konsepsiyanın tərkib hissələridir. Azərbaycanda Beynəlxalq Humanitar Forumun, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun, Davos İqtisadi Forumunun, "Eurovision-2012” mahnı müsabiqəsinin, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə "Formula-1” avtoyürüşlərinin və 2020-ci ildə futbol üzrə Avropa çempionatı matçlarının keçirilməsi – bütün bunlar Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələrində qazandığı böyük nailiyyətlərin beynəlxalq strukturlar tərəfindən etiraf edilməsi və qiymətləndirilməsi deməkdir.

Azərbaycanın qarşıya qoyduğu hədəflərə nail olması yolunda tərəqqisi nüfuzlu nəşrlərin və təsisatların dünya reytinqləri ilə də təsdiqlənir. Məsələn, Davos İqtisadi Forumunun ("The Vorld Economic Forum”) bu yaxınlarda dərc edilmiş reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyəti göstəricisi üzrə 38-ci yeri tutub. Dünya Bankının araşdırmalarının nəticələrinə görə, "Doing Business 2014” beynəlxalq reytinqində Azərbaycanın mövqeləri xeyli yaxşılaşıb.

Dünya standartları baxımından Azərbaycan iqtisadiyyatı ÜDMin həcminə görə də yüksəlib. Ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir. İşsizlik göstəricisi 5 faiz səviyyəsindədir. Ölkənin xarici borcu ÜDM-in təxminən 8 faizinə bərabərdir. Azərbaycan internetdən pulsuz istifadənin təmin edildiyi azsaylı ölkələrdən biridir. BMT-nin insan potensialının inkişafı göstəricisinə görə Azərbaycan 2013-cü ildə region ölkələrinin çoxunu qabaqlayaraq dünyada 76-cı yeri tutub və insane potensialının inkişaf göstəricisi yüksək olan dövlətlər sırasındadır. 2014-cü ildə ölkəmiz əldə edilən gəlirin illik artımına görə lider ölkələr sırasına daxildir. Bu barədə Euromonitor İnternational şirkətinin araşdırmasında qeyd edilir. 2014-cü ildə əldə edilən real gəlirin artımının 11,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Həmin araşdırmada deyilir: "Qeyri-neft sektoru ölkədə gəlirlərin artmasını təmin etməklə Azərbaycanda məşğulluğun artmasının əsas mənbəyinə və generatoruna çevrilib”. Bu göstərici üzrə lider ölkələr sırasına Azərbaycandan başqa Səudiyyə Ərəbistanı, Çin və Qazaxıstan da daxildir.

Artıq 20 ildir ki, Azərbaycan balanslaşdırılmış xarici siyasəti uğurla davam və inkişaf etdirir. Bu strategiya postsovet məkanında 2008-ci ilin avqustunda Gürcüstanda müharibə və 2014-cü ildə Ukrayna böhranı kimi hadisələrdə uğurla sınaqdan çıxarılıb.

Azərbaycan bəzi dövlətlərdən fərqli olaraq ayrı-ayrı fövqəldövlətlərin maraqlarının icraçısı olmadığını dünyaya ardıcıl surətdə nümayiş etdirməklə hadisələrin qiymətləndirilməsində və beynəlxalq problemlərin həllində müstəqil yanaşma tərəfdarıdır, həmişə beynəlxalq hüququn normalarından və ölkənin maraqlarından çıxış edir.

Məsələn, Gürcüstan üçün ağır dövrdə Azərbaycan onu qazla təchiz etməklə dəstəkləyib, İranın nüvə proqramı məsələlərinin dinc yolla həlli üçün ardıcıl olaraq çıxış edir. Ukrayna böhranında biz BMT-nin Baş Məclisində səs verməklə Ukraynanın ərazi bütövlüyünü dəstəklədik, eyni zamanda, bu ölkənin daxili işlərinə qarışmağı, ölkədə hərc-mərcliyə səbəb olmuş siyasəti pislədik. Bizim fikrimizcə, bu cür hərəkətlər, yalnız odun üstünə yağ tökür, nəticədə heç bir təqsiri olmayan dinc insanlar zərər çəkir. Bizim dövlətimiz hər hansı ölkəyə qarşı hər hansı sanksiyalar tətbiq edilməsinin perspektivsiz olmasına əmindir. Ədalətlilik, beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə riayət edilməsi, onların daxili işlərinə qarışmamaq və dialoq ən mürəkkəb dövlətlərarası problemlərin həllinin açarıdır. Tam ədalətli söhbət gedirsə, onda Maydan tribunasından iğtişaşlara və hakimiyyəti ələ keçirməyə çağıranlara, yaxud 20 ildən artıq müddətdə Azərbaycan ərazisinin 20 faizini ilhaq etmiş, zəbt olunmuş torpaqların azad edilməsi barədə BMTnin 4 qətnaməsini yerinə yetirməyən Ermənistana qarşı sanksiyalar tətbiq etmək lazımdır.

2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyridaimi üzvü seçilməsi bizə uğurlu xarici siyasət strategiyamızın 50 qlobal səviyyədə həyata keçirilməsini davam etdirməyə imkan verdi. Dünya nizamı və onun yaxşılaşdırılması imkanları barədə danışarkən 2014-cü ilin oktyabr ayında Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda Prezident İlham Əliyevin çıxışından aşağıdakı sözləri qeyd etmək yerinə düşər: "Hesab edirəm ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır - həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə…”. Prezidentin bu sözləri Neovestfal beynəlxalq münasibətlər sisteminin möhkəmləndirilməsi zərurətinə diqqəti artırmağa çağırışdır. Həmin sistemdə dövlətlərin qərarlar qəbul etməkdə real suverenliyi qlobal sabitlik üçün bazis olmalıdır.

Biz çoxqütblü dünya anlayışını adi ritorika kimi deyil, strateji zərurət kimi qavrayırıq. Bir "qüvvə mərkəzi”nin hegemonluğu özünü doğrultmadı. O, qlobal xarakterli problemlər yaradır, dünya nizamını və beynəlxalq münasibətlərdə tarazlığı pozur, dövlətlər arasında etimada əsaslanan münasibətlər yaranmasına mane olur. Qlobal təhlükəsizliyin təmin edilməsi, terrorizmin və separatizmin, dini fanatizmin aradan qaldırılması dövlətlərarası münasibətlərdə dövlətlərin daxili işlərinə qarışmamaq, habelə hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə riayət edilmədən mümkün deyil.

Bizim üçün dövlət suverenliyinin dəstəklənməsi məsələsi ölkədə sabitliyin saxlanması üçün əsasdır. Lakin özünütəcrid siyasəti bizə yaddır. Azərbaycan heç vaxt özünü dünyadan "Çin səddi” ilə ayırmağa çalışmayıb. Biz ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu, bizim üçün prioritetdir. Sivilizasiyalı dövlət olan Azərbaycan bütün dövlətlərlə, Avropa Şurası ilə, digər beynəlxalq təşkilatlarla ikitərəfli münasibətləri inkişaf etdirmək arzusundadır.

Biz ən yaxşı dünya təşkilatı praktikasını əks etdirən, öz üzvlərini dəstəkləyən Avropa İttifaqına daha yaxın olmağa çalışırıq. Biz istəyirik ki, bu siyasi qurumla münasibətlərimiz praqmatik yanaşmaya əsaslansın, qarşılıqlı maraqları əks etdirsin. Biz dünya xalqlarının maraqlarımıza cavab verən, mentalitetimizə uyğun olan və inkişafımızın sürətlənməsini təmin edən təcrübəsini əxz etməyə çalışırıq və bu niyyətlər konkret əməli addımlarla dəstəklənir.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinə hücum xarakteri verib. Lakin bu kursla yanaşı, biz həm də müdafiə qabiliyyətimizi möhkəmlədirik. Ərazisinin beşdəbir hissəsi Ermənistan tərəfindən işğal edilmiş ölkə realizmin "Sülh istəyirsənsə, müharibəyə hazırlaş” prinsipinə riayət etmədən mövcud ola bilməz. Bu gün bizim təkcə hərbi büdcəmiz Ermənistanın bütün büdcəsindən xeyli artıqdır, Azərbaycanın modernləşdirilmiş hərbi sənaye kompleksinin (HSK) məhsullarına isə artıq xarici bazarda tələbat var. Əlbəttə, biz münaqişənin dinc yolla həll edilməsinin tərəfdarıyıq. Lakin əgər beynəlxalq birlik fəaliyyətsizlik göstərsə və problemin həllini sonsuz uzatsa, bizim başqa variantımız – bu məsələnin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində həlli variantı da var. Güclənən iqtisadiyyat, uğurlu xarici siyasət strategiyası və möhkəmlənən hərbi potensial Azərbaycanın uğur qazandığı yeganə sahələr deyil. Vətəndaş cəmiyyətinin inkişafı da bizim hökumətin prioritetləri siyahısındadır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən keçən iyirmi beş ilə yaxın müddətdə demokratiyanın inkişafı, insan hüquqları, dövlət orqanlarının açıqlığı və onların vətəndaş cəmiyyətinə hesabat verməsi, dövlət orqanları tərəfindən ölkə vətəndaşlarına təqdim olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması sahələrində mühüm islahatlar aparılıb. Azərbaycan əsla inkar etmir ki, vətəndaş cəmiyyətinin inkişafı və demokratiya təsisatlarının möhkəmlənməsi sahəsində hələ çox işlər görülməlidir. Biz başa düşürük ki, demokratik inkişaf siyasi mədəniyyətin, sosial psixologiyanın və vətəndaşların davranışının mürəkkəb və uzun təkamül, transformasiya prosesidir.

Bu problemlər yuxarıdan, xüsusən kənardan zorla qəbul etdirilmə yolu ilə dərhal həll oluna bilməz. Bu cür eksperimentlər bizə yaxşı məlumdur və onların necə hərc-mərcliyə və qanunsuzluğa gətirib çıxarmasını əyani şəkildə görürük. 2013-cü il prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsi ölkə əhalisinin əksəriyyəti tərəfindən onun Azərbaycanı inkişaf etdirmək kursunun dəstəklənməsini göstərən bariz nümunədir. Ölkəmizin hər bir vətəndaşı Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının artan tempini öz nümunəsində hiss edir.

Azərbaycan hökuməti tərəfindən həyata keçirilən uzunmüddətli islahatlar bütün bunların səmərəli bazasıdır. Həmin islahatlar arasında qeyri-neft sektorunun, insan kapitalının, informasiya texnologiyalarının, vətəndaş cəmiyyətinin inkişafını, dövlətin öz vətəndaşlarına hesabat verməsini və aşkarlığı qeyd etmək olar. Aşkarlığın və vətəndaşlara göstərilən xidmətlərin səmərəliliyinin artırılması sahəsində son uğurlu islahatlardan biri Prezidentin ideyası əsasında yaradılmış "ASAN xidmət”dir. Avropa Şurasının baş katibi Turbyörn Yaqland ölkəmizdə səfərdə olarkən ASAN sosial infrastrukturunu nadir, innovasiyalı və korrupsiyadan uzaq sistem adlandıraraq Qərbi Avropa ölkələrini Azərbaycandan nümunə götürməyə çağırıb. Bu gün məhz "ASAN xidmət” korrupsiyaya qarşı mübarizə və dövlət orqanlarının transparentliyinin təmin edilməsi sahəsində uğurlu islahat nümunəsidir. BMT İnkişaf Proqramının rəhbəri Helen Klark bu yaxınlarda Azərbaycanda səfərdə olarkən məhz bu təcrübəni qeyd edib, başqa ölkələri Azərbaycandan nümunə götürməyi tövsiyə edib.

Transparency İnternational təşkilatı tərəfindən aparılmış sorğunun nəticələrinə görə vətəndaşların 68 faizi korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatlardan razıdır. Təbii ki, bu işdə ölkənin regionlarında yaradılmış ASAN mərkəzləri mühüm rol oynayır. Həmin mərkəzlər sayəsində bu gün ölkəmizin vətəndaşları "bir pəncərə” prinsipi üzrə işləyən 10 dövlət orqanının xidmətlərindən istifadə edə bilirlər. Vətəndaşlar bu mərkəzi tərk etmədən operativ, açıq, keyfiyyətlə və bürokratik əngəllərsiz öz məsələlərini həll edirlər. Əgər Qərb və onun yaratdığı beynəlxalq vətəndaş cəmiyyəti təsisatları Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqları və transparentlik barədə belə narahatlıq keçirirlərsə, onda bu sahədə bizim uğurlarımızı niyə qeyd etmirlər? Azərbaycan vətəndaş cəmiyyətinin inkişafının bəzi aspektlərində hətta Avropanın da bacarmadığı sahələrdə uğur qazanıb. Məsələn, multikulturalizm və tolerantlıq sahəsində. Azərbaycan özünün hər bir vətəndaşının konstitusion hüquq və azadlıqlarına təminat verməklə müxtəlif konfessiyalara və millətlərə məxsus insanların onun ərazisində dinc yanaşı yaşamasını təmin edib. Bununla bərabər, əhalinin əksəriyyətinin İslam dininə etiqad etməsinə baxmayaraq, Azərbaycan dünyəvi dövlət kimi qalıb. Bu il oktyabrın 2-3-də keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunda Prezident İlham Əliyev deyib: "Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir... Multikulturalizm Azərbaycanda həyat tərzidir...”. Prezidentin bu sözləri ölkəmizdə müxtəlif etnik və dini qrupların dinc yanaşı yaşamasının və kooperasiyasının bütün mahiyyətini və reallığını əks etdirir. Bu, Avropa ölkələrində eyni qəbildən problemlərin həlli üçün uğurlu nümunə ola bilər.

Bunlar, necə deyərlər, "aysberqin yalnız görünən hissəsidir”, yəni, ölkəmizin qazandığı nailiyyətlərdən yalnız bir neçəsidir. Fundamental demokratik prinsiplərə möhkəm sədaqətini qoruyub saxlayan müstəqil respublikamız müxtəlif sahələrdə öz potensialını günbəgün artırır. Azərbaycan müasir müstəqil dövlət kimi hələ gənc olmasına baxmayaraq, böyük siyasətin iştirakçısına çevrilib. Heydər Əliyevin təbirincə desək, bu siyasəti cılız hisslərə və maraqlara tabe etmək olmaz. Hərçənd, "beşinci kolon”un nümayəndələri xaricdən aldıqları göstərişləri rəhbər tutaraq bunu etməyə uğursuz cəhdlər göstərirlər.

Sevindirici haldır ki, dünyada dostlarımızın sayı daim artır. Lakin britaniyalı yazıçı Kolin Qrinlendin dediyi kimi, "Uğurlu olmaq paxıllıq üçün münbit mühitdir”. Buna görə də təəssüf ki, elə opponentlər və bədxahlar var ki, güclü Azərbaycan onlar üçün sanki boğazda qalan sümükdür. Ölkəmizin mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, müstəqil siyasət yeritməsi də heç də hamının xoşuna gəlmir.

Bizim uğurlarımıza sevinənlərlə yanaşı, Azərbaycanın əleyhdarları da var. Belələri arasında erməni lobbisi və onun təsiri altında olan riyakar və korrupsiyaya qurşanmış, o cümlədən amerikalı siyasətçilər xüsusi yer tutur. Belələri erməni lobbisinin pulu hesabına yaşadıqlarına görə həqiqəti israrla görməzliyə vurur və daim Azərbaycanı hörmətdən salmağa çalışırlar. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1998-ci ildə "The New-York Tayms” qəzetinin jurnalistinin ABŞ-da korrupsiyaya onun münasibəti barədə sualının cavabında çox nəzakətlə demişdi: "Mən konqresmenlərdən soruşdum ki, onların Ermənistanla əlaqələri nə üçün bu dərəcədə sıxdır? Dedilər ki, erməni diasporu onlara çoxlu pul verir. Mən də sizdən soruşuram – məgər bu, korrupsiya deyilmi?”. "Qara qızıl”ın insan kapitalına çevrilməsini, qeyri-neft sektorunun inkişafını nəzərdə tutan uzaqgörən milli neft-qaz strategiyası, siyasi və iqtisadi islahatlar, vətəndaş cəmiyyətinin tərəqqisi və Azərbaycan xalqının milli maraqlarının müdafiəsi – bütün bunlar bizim dövlətimizə dünyanın 100-dən çox ölkəsi ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər yaratmağa, 155 ölkənin dəstəyini qazanmağa imkan verib. Hər bir qlobal məsələyə dair Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanaraq bəyan etdiyi prinsipial və birmənalı mövqeyi bu işdə az rol oynamayıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi bu cür düşünülmüş və müdrik xarici siyasət sayəsində Azərbaycan qısa müddətdə dünyada böyük etimad və hörmət qazanıb. Bu, şüurlu şəkildə demokratiya və tərəqqi yolu seçmiş bütün Azərbaycan xalqının xidmətidir. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, demokratiya yolunu biz kiminsə təzyiqi altında deyil, özümüz seçmişik. Bizim prioritetlər demokratik, sivil, hüquqi dövlət qurulması, özünəyetərli iqtisadiyyat yaradılması, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, ənənəvi dəyərlər və Vətənə məhəbbət əsasında milli həmrəylikdir. Bütün bunlar postsənaye (informasiya) cəmiyyəti quruculuğu məcrasında həyata keçirilir. Bu yol böyük dövlət və siyasət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin reallaşdırdığı strateji seçimdir.

Bir daha vurğulamaq istərdik ki, bugünkü Azərbaycan sürətlə inkişaf edən, Qafqazda regional gündəliyi formalaşdıran dövlətdir. Bizimlə beynəlxalq hüquq normalarına uyğun münasibətlər qurmağa meyil edən ölkələr və beynəlxalq münasibətlər sisteminin digər iştirakçıları Azərbaycanda həmişə hörmət və dəstək görəcəklər. Bizim dövlət beynəlxalq münasibətlərdə nəsihətçi tonunu, xüsusən "müəllimlər” öz dövlətlərindəki ciddi problemlərə göz yumanda, qəbul etmir. Biz bəyanatları və sözləri ilə əməlləri üst-üstə düşən ölkələrə həmişə hörmət göstərmişik. Dildə bir söz deyən, əməllərində isə Azərbaycana tamam başqa münasibət nümayiş etdirən dövlətlər bizim etimadımızı qazana bilməzlər.

Dövləti idarə etmək məharəti

Məşhur amerikalı filosof Frensis Fukuyamanın fikrincə, "güclü dövlət qurulması dünya birliyinin ən mühüm problemlərindən biridir. Çünki dövlətlərin zəifliyi və dağılması dünyanın çoxsaylı ən ciddi problemlərinin mənbəyidir” {8}.

Onunla razılaşmalıyıq. Dövlətin funksiyasını heç vaxt zəiflətmək olmaz, hərçənd müasir liberalizmin tərəfdarları cəmiyyətə bunu təlqin etməyə çalışırlar ki, vətəndaş cəmiyyəti təşkilatları dövlətin vəzifələrinin çoxunu öz üzərinə götürə bilərlər. Zənnimcə, onlar ciddi yanılırlar. Liberalizmin adeptləri və idealistlər nə deyirlər desinlər, onlar öz baxışlarını əsaslandırmaq üçün nə qədər çalışsalar da, bizim güclü dövlətə və müxtəlif növ anarxistlərin "qırmızı xətti” keçmələrinə imkan verməyən güclü hakimiyyətə ehtiyacımız var. Cəmiyyətdə sabitliyin təmin edilməsində dövlətin rolu o qədər böyükdür ki, onu heç bir ictimai təşkilat əvəz edə bilməz. Yaxın keçmişdə Franklin Ruzvelt, Uinston Çörçill, general Şarl de Qoll, İosif Stalin, sonrakı illərdə isə Konrad Adenauer, Fransua Mitteran, Mao Tszedun kimi görkəmli dövlət xadimləri bunu öz fəaliyyətləri ilə übut ediblər. Bunu tarixin gedişi də sübut edib. Təbii ki, hər bir siyasətçi, ilk növbədə, öz dövlətinin maraqlarını qoruyur. Lakin bununla bərabər, müharibədən sonrakı dövrdə dünya nizamının, qlobal və regional təhlükəsizliyin prinsipləri məhz bu cür parlaq siyasətçilər tərəfindən, onların səyləri ilə müəyyən edilib. Bu gün dünya siyasi səhnəsində belə güclü şəxsiyyətlər və dövlət xadimləri yoxdur. Onların yerlərini bu cür lider keyfiyyətlərinə, fitri xarizmaya və yüksək nüfuza malik olmayan adamlar tutub. Məhz bu səbəbdən, onlar dəyişmiş dünyada ümumbəşəri həmrəyliyi təmin etmək iqtidarında deyildir. Bu gün bir sıra ölkələrdə siyasətçilər öz hərəkətlərində ikili mövqe tuturlar: onlar bir tərəfdən diqqətlərini daxili problemlər üzərində cəmləşdiriblər, çünki dünya siyasət səhnəsinə çıxmaq üçün əvvəlcə müxtəlif vədlərlə seçicilərin dəstəyini qazanmalı olurlar. Digər tərəfdən - əsrlər boyu dövlət xadimlərinin düşüncəsinə hakim kəsilən regional və qlobal təhlükəsizlik məsələləri bu gün yenidən onların diqqət mərkəzində olmalı və hətta əvvəlkindən daha artıq əhəmiyyət kəsb etməlidir. Çünki müharibə çox baha başa gəlir.

Lakin Qərbin aparıcı dövlətlərinin müasir liderləri zəruri şəxsi keyfiyyətlərə malik olmadığına və dövləti idarə etmək məharətinə yiyələnmədiyinə görə öz sələflərindən xeyli geri qalırlar.

Xarici siyasət və ölkənin təhlükəsizliyinin təmin edilməsi çox geniş əhatəli məsələlərin həlli ilə bağlıdır. Uzaqgörən dövlət xadimi risklərin və imkanların bütöv spektrini nəzərə almalı və qiymətləndirməlidir. İndiki şəraitdə xarici siyasət və təhlükəsizliyin təmin edilməsi, ilk növbədə, qüvvələr balansı və etibarlı müdafiə sistemi yaratmaq milli mənafeləri qorumaq deməkdir.

Bu mürəkkəb məsələnin həlli üçün milli lider dövlətin idarə edilməsi sənətinin bütün nüanslarına yiyələnməlidir. Azərbaycan xalqının iki dəfə bəxti gətirib – bu, 1993-cü və 2003-cü illərin prezident seçkiləri ilə bağlıdır. Ağılı dövlət xadimi həmişə yadda saxlayır ki, dövləti vəzifə, ilk növbədə, xalqın etimadı deməkdir. Buna görə dövlət xadiminin ali vəzifəsi öz xalqına, dövlətin firavanlığına xidmət etməkdir.

Bu baxımdan, tale Azərbaycan xalqı üçün gözəl gələcək hazırlayıb. Bu gələcəyi bütün varlığı ilə öz xalqına xidmət edən Prezident İlham Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. 2003-cü ilin payızında ölkənin ən birinci vəzifəsində Heydər Əliyevi əvəz edən İlham Əliyev hərtərəfli düşünülmüş fəaliyyət strategiyasını daha da zənginləşdirib. Onun fəaliyyəti inqilabi fəaliyyət oldu, çünki bir onillik ərzində böyük ümidlərin həyata keçməsinə gətirib çıxardı. Əslində məhz bu, əhalinin iqtidara münasibətini, ictimai qüvvələrlə dialoqun taleyini müəyyənləşdirir.

Prezident İlham Əliyevin öz qurucu fəaliyyətində əsaslandığı innovasiyalı inkişaf konsepsiyası ölkənin modernləşməsi, postsənaye cəmiyyəti quruculuğu proqramında müstəsna rol oynayır.

Dövlətimizin başçısı sosial-iqtisadi xarakterli mühüm təşəbbüsləri bir-birinin ardınca həyata keçirməklə öz müasirlərində fəaliyyət əzmini coşdurmağa, layiqli gələcəyin möhkəm əsaslarını qurmaq üçün həmfikirlərini arxasınca aparmağa nail oldu.

O, xalqa verdiyi sözünün üstündə durdu. Quruculuq sərhədlərini ilbəil genişləndirən nəhəng islahatlar proqramının xalqa faydası göz qabağındadır. Bu proqram Azərbaycanın beynəlxalq birlikdə mövqelərini möhkəmlətməyə imkan verir. Azərbaycanın regionda lider imicinin möhkəmlənməsi bir daha təsdiq edir ki, Prezident sosial-iqtisadi inkişafda sarsıntılarsız və itkilərsiz böyük sıçrayış etməyə imkan vermiş universal uğur formulu tapıb. Azərbaycanda "cazibə mərkəzi” var. Onun mahiyyəti Prezident İlham Əliyevin irəli sürdüyü "milli ideya”dır. Milli həmrəylik bu ideya ətrafında cərəyan edir. O, ölkənin inkişafı üçün əsas mənəvi özəyə çevrilib. Bu ideya postsənaye, informasiya cəmiyyətinin yolunu işıqlandırır, böyük vəzifələrin həllinə hədəflənmiş insanları ruhlandırır və birləşdirir. Prezident Azərbaycan xalqının dəstəyinə arxalanaraq, milli mənafeləri müdafiə edərək firavan dövlət qurmağa yönəlmiş siyasət yürüdür. Ölkəmizin hər bir vətənpərvər vətəndaşı əmindir ki, qarşıya qoyulmuş vəzifələrin həlli yalnız güclü president hakimiyyəti və cəmiyyətdə sabitlik olduğu halda mümkündür.

Güclü hakimiyyətin vəzifəsi zamanı şəraitə və özünə tabe etməkdən, onlardan ölkə üçün maksimum səmərə əldə etməkdən ibarətdir. Bu istək həmişə və hər yerdə özünü doğruldur, ölkə vətəndaşlarının inamını möhkəmləndirir. Qeyri-ordinar qərarların müəllifi olan, orijinal fikirləri məharətlə böyük işlərə çevirən İlham Əliyev yeni siyasi dəbin yaradıcısı obrazını təcəssüm etdirir.

O, zamanın və məkanın şəraiti və vəziyyətini ustalıqla idarə edərək öz komandası ilə birlikdə ölkənin resurs bazasını genişləndirməkdə, yeni niyyətlər və uğurlarla dünyanı təəccübləndirməkdə davam edir.

Prezident İlham Əliyevin son on ildəki fəaliyyəti sübut edir ki, tarixdə şəxsiyyətin rolu böyük və danılmazdır. İlham Əliyevin islahatlar proqramının əsl mahiyyəti hazırkı şəraitdə milli sənayenin, sosial infrastrukturun, indiki nəsillərin maddi rifahını və zəngin mənəvi həyat tərzini təmin edə bilən bütün sahələrin yenilənməsinin cəsarətli və geniş əhatəli layihələrinə tələbatın nə dərəcədə böyük olmasını nümayiş etdirdi.

Xatırladaq ki, İlham Əliyev dövlət başçısı olan zaman Azərbaycanda görkəmli siyasi xadim və milli lider Heydər Əliyevin səyləri ilə iqtisadi və siyasi sabitlik təmin edilmişdi. Ölkə artıq o vaxt özünü dünya birliyinə özünəyetərli və müstəqil subyekt kimi təqdim edə bilmişdi. Lakin varis özünün yüksək intellekti və təşkilatçılıq istedadı sayəsində böyük sələfinin kölgəsindən çıxmağa və ölkənin nailiyyətlərini artırmağa, səmərəli iqtisadiyyat yaratmağa nail oldu.

Hazırda bu iqtisadiyyat inkişaf indekslərinə görə dünyada ən dinamik iqtisadiyyatlardan biridir. Bu, yeni beynəlxalq koordinatlar sistemində gənc müstəqil dövlətin əhəmiyyətinin və yerinin müəyyən edilməsində mühüm amil rolu oynadı. Təsadüfi deyil ki, son illərdə Azərbaycan dünyanın aparıcı ölkələri ilə strateji tərəfdaşlıq qurmağa və inkişaf etdirməyə, qlobal inteqrasiya proqramına töhfəsini davamlı şəkildə artırmağa qabil olan subyektə çevrilib.

İndi Azərbaycan təkcə Avropanın enerji təhlükəsizliyinin deyil, həm də böyük Avrasiya məkanında ümumi təhlükəsizliyin qarantıdır. Bu, daxili sabitlik, iqtisadi inkişaf, davamlı ictimai-siyasi nizam, cəmiyyətin həyatının demokratikləşməsi sayəsində mümkün olub.

Bu, qüvvələri və imkanları genişmiqyaslı modernləşmə proqramlarının həyata keçirilməsi üzərində cəmləşdirməyə imkan verir.

İlham Əliyevin söylədiyi fikirlərin və həyata keçirdiyi işlərin mahiyyətinə diqqətlə varsaq asanlıqla başa düşmək olar ki, bu fikirlər və əməli işlər dərindən dərk edilmiş milli ideyadır. Dövlətimizin başçısı məhz bu ideyadan çıxış edərək ölkəni postsənaye cəmiyyəti relsləri üzərinə - yüksək səviyyəli orbitə çıxarmaq kimi möhtəşəm bir planı həyata keçirir. Belə cəsarətli fəaliyyət xəttini həyata keçirməyi yalnız enerjili, uzaqgörən və istedadlı lider özünə rəva görə bilər.

Ulu əcdadlarımız deyiblər: "Dövlətin müdrikliklə idarə edilməsi təhlükəni azaltmaq və onu xalqdan uzaqlaşdırmaq deməkdir”.

Dövlətin idarə edilməsi sənətinin mahiyyəti də bundadur. İndiki mürəkkəb şəraitdə İlham Əliyev həm dövlət maşınını enişli-yoxuşlu yollardan keçirərək nəzərdə tutulan məqsədə yönəltməyə, həm də gələcək üçün etibarlı möhkəm təməl yaratmağa nail olub. Daim fəaliyyətdə olan, beynəlxalq əhəmiyyətli problemlərin həllində ədalətlilik prinsiplərini müdafiə edən Prezident təkcə öz həmvətənləri arasında deyil, həm də beynəlxalq dairələrdə yüksək hörmət və nüfuz qazanıb. O, özünün qeyri-adi qabiliyyətləri, beynəlxalq təhlükəsizlik problemlərinin, regional və qlobal məsələlərin həllinə, onun təşəbbüsü ilə başlanmış beynəlxalq layihələrə töhfəsi sayəsində dünyada sayılıb seçilən siyasi xadim kimi qəbul edilir. Bu, inkarolunmaz faktdır. Bu cür diqqətə və ehtirama, bir qayda olaraq, xarizmatik, istedadlı, qeyri-ordinar təfəkkürə və siyasi intuisiyaya malik olan siyasətçilər layiq görülürlər.

Bu gün Prezident İlham Əliyevin təşəbbüsləri ölkənin və regionun iqtisadi landşaftını dəyişir, öz liderini inamla dəstəkləyən xalqın mənəvi dirçəlişi üçün güclü stimula çevrilir. Məhz bu səbəbdən, Prezident bütün həmvətənlərinin güclü dəstəyini hiss etdiyindən, Dövlət Bayrağı Meydanındakı nitqini bu sözlərlə bitirib: "Əminəm ki, biz qarşıya qoyulmuş bütün məqsədlərimizə çatacağıq”.

Bütün bunlar Azərbaycan xalqını böyük işlərə ruhlandırır.

1. Кант, Иммануил. Сочинения в шести томах. М., "Мысль", 1965. Т.4. Ч.2., с..59-105.5

2. Hans Morgenthau, 1948. Politics Among Nations, (New York: Knopf) Chapters 1 and 2. ttp://www.people.fas.harvard.edu/~plam/irnotes07/Morgenthau1948.pdf12

3. Security: A New Framework for Analysis Barry Buzan, Ole Wæver, Jaap de Wilde 1997 http://www.uni-erfurt.de/fileadmin/publicdocs/Internationale_Beziehungen/BA_Einfuehrung_in_die_IB/BUZAN%20+%20W AEVER+%20WILDE_%201998_Security_CH%201+2.pdf13

4. Democracy, Freedom, and Apple Pie Aren't a Foreign Policy. Stephen M. Walt http://www.foreignpolicy.com/articles/2014/07/01/american_values_are_to_blame_for_the_worlds_chaos_democracy_human_rights_ukraine_iraqhttp://inosmi.ru/world/20140703/221401996.html

5. Nye, Joseph. Bound to Lead: The Changing Nature of American Power (New York: Basic Books, 1990)

6. Президентский меморандум о гражданском обществе 23 сентября 2014 года, раздел 2 30

7. Иностранные державы покупают себе влияние в аналитических центрах http://www.inopressa.ru/article/08sep2014/nytimes/influence.html32

8. Фрэнсис Фукуяма. Сильное государство. М.2006, стр.5.57

Ramiz Mehdiyev,

Azərbaycan Respublikası Prezident

Administrasiyasının rəhbəri

Xəbər lenti

DAHA ÇOX XƏBƏR