Siyavuş Novruzov: “Müsavat çay içilən dərnəyə çevrilib” – Müsahibə
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Müsavat çay içilən dərnəyə çevrilib” – Müsahibə

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Publika.az-a müsahibəsində Müsavatda baş verən prosesləri şərh edib.


- Siyavuş müəllim, Müsavatda narazılar yeni hərəkat yaratdı. Siz qurultaydan sonra bu partiyanın parçalanacağını deyirdiniz. Sizcə, bu artıq parçalanma deyil?

- Mən əvvəldən qurultayın yenidən keçirilməsini demişdim. Çünki bu qurultay ədalətsiz, qeyri-demokratik və saxtakarlıqla keçirilmişdi. Bu da partiyanın rayon-şəhər təşkilatları, partiya üzvlərinin maraqlarını özündə əks etdirmirdi. 20 ildən artıq bir müddətdə partiyanın inkişafına mane olan, seçkilərdə məğlub duruma salan, dialoqdan imtina edən və digər məsələlərə əngəl törədənlər saxta yolla rəhbərliyə seçildi. Bu adamlar partiyanı nüfuzdan salır, daxildə qruplaşma yaradır, ümumi işi bir neçə nəfərin əlində cəmləşdirərək, daxil olan maliyyəni mənimsəyiblər. Qurultayı çağırmaqda məqsəd isə sadəcə yeniliyin olması idi. Lakin 10 ildən artıq nizamnamə pozuntusuna yol verilməsinə baxmayaraq, yenilik olmadı. Qurultayda saxtakarlıqla seçilən bu qrup Müsavatı monopoliyada saxlamaqda davam etdilər. Bütün bu proseslər Müsavat üzvlərinin gözü qarşısında baş verdi. Nəticə etibarilə, rayon təşkilatları, eləcə də Müsavatı yaradan bir çox insan etiraz olaraq istefa verdilər. Onlar yeni qurultay tələb edirlər. Mən bunu normal qarşılayıram. Dünya təcrübəsi, xüsusilə qonşu Türkiyə təcrübəsi göstərir ki, hansısa məsələdə razılıq yoxdursa, partiya bütövlüyü naminə yenidən qurultay keçirilir. Özünə arxayın olan siyasi təşkilat və onun lideri bundan çəkinməməlidir. Əgər çoxluq yenidən qurultay tələb edirsə, buna qarşı çıxmaq nizamnamə pozuntusudur. Lakin Müsavatı monopoliyaya alanlar yenidən qurultay olacağı təqdirdə seçilməyəcəklərini yaxşı anlayırlar. Buna görə də qurultaydan imtina edir və etiraz edənləri repressiv üsullarla cəzalandırır, partiyadan uzaqlaşdırırlar. İndiyə qədər ictimai-siyasi proseslərdə aktiv iştirak edənlər, partiya daxili siyasi sistemi yaradanlar kənarda qalıb. Onlar hansısa formada öz ideyalarını cəmiyyətə çatdırmağa məcburdurlar. Buna görə də yeni hərəkatın yaranması tam zərurətdən ortaya çıxan məsələdir.

- Maraqlıdır, İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər də baş verənlərlə razı deyil və yeni partiyanın anonsunu verir.

- O, qurultayda çıxış etmək istədiyini, lakin imkan yaradılmadığını özü deyib. Onun 2009-cu ildə partiya sıralarından çıxarıldığı bəhanəsini gətiriblər. Amma özü 2013-cü ildə yaxşı işlədiyi üçün Müsavatın fəxri fərmanı ilə təltif olunduğunu deyir. Deməli, təkcə seçkilərdə yox, bir çox sahədə saxtakarlığa yol verirlər və bunlar yavaş-yavaş üzə çıxır. Bu baxımdan baş verənlərin yeni siyasi təşkilatın meydana çıxması ilə nəticələnəcəyini düşünürəm. Faktiki olaraq Müsavatda nizamnamə kobud şəkildə pozulub. Rəhbər vəzifələrində təmsil olunanların bəziləri ümumiyyətlə partiya üzvü deyil. Sadəcə olaraq, Qərbin dəstəklədiyi, maliyyə verdiyi hansısa QHT rəhbərləridir. Düşünürlər ki, gələcəkdə bu tipli insanlar vasitəsilə Qərbdən maliyyə ala bilərlər. Belələrini rəhbərliyə gətirəndə, illərdir Müsavatda fəaliyyət göstərənlər qıcıqlanır. Buna görə də təbii olaraq hazırkı proseslər yaşanır.

- Yeni hərəkatı hazırki rəhbərlik iqtidarın layihəsi hesab edir. Lakin hərəkatda təmsil olunan Adil Qeybulla ictimai-siyasi proseslərdə mühüm iştirakı olmayan partiyanın iqtidar üçün maraqlı olmadığını bildirib. Siz necə düşünürsünüz?
- Həqiqətən də belədir. Rəhbərliyi Müsavatı çox pis vəziyyətə salıb. Bu partiyanın hazırda Azərbaycanın ictimai-siyasi proseslərə təsir etmək gücü sıfıra bərabərdir. Ölkədə qəzet üzərində fəaliyyət göstərən partiyalar var. Müsavat da yavaş-yavaş belə partiyaya çevrildi. Bələdiyyə seçkilərinə qatılmır, ictimai-siyasi həyatda heç bir dəstəyə malik deyil. Yeni ideyalar, alternativ təkliflər verə bilmirlər. Partiyada kadr dəyişikliyi, islahatlar yoxdur. Müsavat beş-altı nəfərin toplaşıb çay içdiyi dərnəyə çevrilib.


- Siyavuş müəllim, Sərdar Cəlaloğlu Əli Kərimlini müxalifətin “primadonnası” adlandırdı. Bu haqda nə deyə bilərsiniz?
- Mən siyasətdə həmişə proqnoz vermişəm, təhlillər aparmışam. Amma kimliyindən asılı olmayaraq heç kimi təhqir etməmişəm. Hətta düşmən mövqeyində dayandığım adamları da. Ona görə də bu məsələ haqda heç nə demək istəmirəm. Kim kimə nə deyir, özləri bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm