Tomas de Vall: “Rus-türk kəməri TANAP-a zərbədir, lakin Bakı narahat deyil”
Bizi izləyin

Nida.az

Tomas de Vall: “Rus-türk kəməri TANAP-a zərbədir, lakin Bakı narahat deyil”

“Nabukko” və “Cənub axını” duelində hər iki layihə məğlub oldu.

Rusiya 7 il ərzində 10 milyard avroya qədər pul yatırdığı layihədən imtina etdi. Çünki Moskva bu maliyyələşməni başa çatdıra bilmirdi. “Cənub axını”nın rəqibi “Nabukko” eyni taleyi ondan əvvəl yaşamaşdı. Halbuki bu layihə daha böyük geostrateji əhəmiyyət daşıyırdı. Beləliklə, birinci boru kəməri müharibəsi qalibsiz nəticələndi.


Publika.az xəbər verir ki, bu barədə Karnegi fondunun Cənubi Qafqaz üzrə eksperti, Böyük Britaniyadan olan jurnalist Tomas de Vall öz məqaləsində bildirib.


Onun sözlərinə görə, Ankara səfərində “Cənub axını”ndan imtina edən Putin eyni vaxtda Türkiyə ərazisindən yeni kəmərin çəkilişinin anonsunu verdi: “Ekspertlərin fikrincə, bu, Yaxın Şərqdə enerji siyasətində bütün kartları qarışdırır. Putin bu qərarı ilə məğlub olduğunu göstərdi. Bu qərardan sonra yüz milyonlarla avroya göz dikmiş Bolqarıstan və Serbiyanın da ümidləri puça çıxdı. Avropa İttifaqı “Cənub axını”nın “qətlə” yetirilməsi ilə öz siyasi uğurunu bayram edə bilər. Başqa cəbhələrdə mövcud olan problemlərə baxmayaraq, Ukraynada da müəyyən qalibliyyətlər var. Burdan Türkiyə əsas qalib kimi çıxır. O, Azərbaycan, İran və Şimali İraqda qazın tranziti rolunu oynamaqla yanaşı, Rusiya qazını da Avropaya çıxaracaq”.


T. Valla görə, rus-türk ittifaqından Azərbaycanın zərər görməsi ehtimalı var.


“Qazla yanaşı neft istehsal edən Azərbaycanda “qara qızılın” ixracı azalır. Bakı 5 il sonra TANAP və TAP layihəsi ilə qazını Avropa bazarlarına çıxarmaqla yeni imkanlar əldə etməyi düşünür. Lakin Rusiya-Türkiyə kəməri reallaşacağı təqdirdə, bu, əsas rəqib ola bilər və Avropa istiqamətində qaz ixracında Azərbaycanın gəlirləri azala bilər”, - deyə britaniyalı jurnalist vurğulayıb.


Lakin de-Vall bir mühüm məqama da toxunur. O, Azərbaycanda adının çəkilməsini istəməyən mənbəyə istinadən rəsmi Bakının rus-türk birliyindən narahat olmadığını yazır: “Əksinə, Bakı bundan əlavə qazanc götürəcək. Çünki Rusiya-Türkiyə layihəsi olduqca böyükdür və bunun uğurla tamamlanması sual altındadır. Əvəzində Rusiya qazı TANAP-ın Türkiyədəki davamı olan boru kəmərinə ehtiyac duyacaq və bundan istifadə etməli olacaq. Bu layihədə də ən böyük pay SOCAR-a məxsusdur”.


Ekspert Rusiya və Azərbaycanın bu il daha geniş iqtisadi əməkdaşlığa başladığını xatırladır. Onun sözlərinə görə, Azərbaycan Qərb sanksiyalarının “vurduğu” Rusiya bazarlarını öz malları ilə təmin edəcək.



“Beləliklə, Ankara və Moskva arasında saziş öz növbəsində Rusiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa səbəb ola bilər. Bu, Moskvanın Bakının energetika rəqibi ola biləcəyi fikrini təkzib edir”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm