PA rəsmisi: "Azərbaycan informasiya təxribatlarına məruz qalır"
Bizi izləyin

Nida.az

PA rəsmisi: "Azərbaycan informasiya təxribatlarına məruz qalır"

Cəbhə bölgəsində müşahidə edilən gərginlik cəmiyyətin informasiya təhlükəsizliyi məsələsini aktuallaşdırdı.

Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusunda keçirilən tədbirdə bildirib.


V.Əliyev deyib ki, regionun aparıcı ölkəsi olan Azərbaycan həm müxtəlif xarici dairələr, həm Ermənistan tərəfindən informasiya təxribatlarına məruz qalır: "Azərbaycanın demokratik vəziyyətinin təhrif olunmuş formada çatdırılmasına cəhdlər, erməni lobbisi ilə işbirliyi Azərbaycanın milli maraqlarına zərbə vurur. Xüsusən də cari ilin iyul-avqust aylarında cəbhə xəttində düşmən təxribatları, eləcə də noyabrda Ermənistana məxsus hərbi helikopterin vurulması göstərdi ki, erməni informasiya resursları Azərbaycana qarşı informasiya diversiyası həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, müharibə davam edir və erməni təxribatlarının da davam edəcəyi ehtimal olunur. Bundan əlavə, ermənilər saxta "erməni soyqırımı"nın 100 illiyinə hazırlaşırlar və bununla bağlı da işlər görəcəklər".


PA rəsmisi qeyd edib ki, bəzi internet resursları qeyri-peşəkar, xüsusən ermənilərin fəaliyyətinə uyğun işləyirlər: "Azərbaycan mediası xüsusən Ermənistan mediası tərəfindən yayılan məlumatlara diqqətlə yanaşmalıdır. Biz informasiya axınının ardınca getməli deyilik. Gündəmi özümüz yaratmalıyıq".


V.Əliyev bildirib ki, artıq dünyanın aparıcı media orqanlarında Azərbaycan KİV-nə istinad edilir. Jurnalistlər dünyanın aparıcı KİV-də məsələlərin şərh edilməsinə cəlb olunur: "Bu dəqiqə Azərbaycan mediası öz nüfuz dairəsi və inkişaf səviyyəsinə görə həm Ermənistan, həm Gürcüstan mediasını geridə qoyur".


Onun sözlərinə görə, avqustda cəbhədə baş verən hadisələrlə müqayisədə helikopterin vurulması zamanı mediamız məsələlərə kifayət qədər peşəkar yanaşdı və erməni təxribatına layiqli cavab verildi: "Lakin bunlar heç də problemlərin aradan qaldırılması demək deyil. Yalan, həqiqətə uyğun olmayan məlumatlar yayılır, təəssüf ki, internet resurları bu məsələyə peşəkar yanaşmır, dəqiqləşdirmirlər".


V.Əliyev hesab edir ki, jurnalistlərin akkreditasiya olunması vacib şərtlərdən biridir. Hərbi məlumatlar yayıldıqda Müdafiə Nazirliyi ilə əlaqələndirilməlidir.


PA rəsmisi çıxışında xatırladıb ki, sentyabrın 24-də Azərbaycan Prezidenti tərəfindən sərəncam imzalandı: "Sərəncamda cəbhə bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də dövlət sirrini təşkil edən hərbi məlumatların açıq formada yayılmasının qarşısını almaq üçün tədbirlər müəyyənləşdirilib. Artıq bu istiqamətdə tədbirlər həyata keçirilir. Bununla bağlı Prezident Administrasiyasının şöbəsi müvafiq tədbirlər planı hazırlayıb və həyata keçirilməkdədir. Bunlar mediada informasiyanın yayılmasına məsul olan şəxslərin peşəkarlığının artmasına şərait yaradacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm