YAP-dan seçicilərə ÇAĞIRIŞ
Bizi izləyin

Nida.az

YAP-dan seçicilərə ÇAĞIRIŞ

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının nəzdində yaradılan Seçki Qərargahının təbliğat qrupu rayonun Şağan qəsəbəsində seçicilərlə görüş keçirib.

Publika.az-ın məlumatına görə, görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev və qəsəbə sakinləri iştirak ediblər.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov seçiciləri salamlayaraq qeyd edib ki, bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar rayonda ümumi seçki əhval-ruhiyyəsi yüksəkdir: “Ötən beş il ərzində qəsəbədə bir sıra işlər görülüb ki, bu da əhalinin yaşayış səviyyəsinə müsbət təsirini göstərib. Belə ki, bir neçə bağça yenidən təmir edilib, qəsəbə yollarına asfalt çəkilib, əhali içməli su ilə təmin edilib, mədəniyyət evinin tikilməsinə başlanılıb. Görülən işlər və həyata keçirilən abadlıq və quruculuq tədbirləri qəsəbənin simasını tamamilə dəyişib. Ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərilərində hiss edən Şağan əhalisinin, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklərinə inanırıq”.

Namiq Əhmədov həmçinin, seçiciləri Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı tərəfindən namizədlikləri irəli sürülən nümayəndələrə səs verməyə çağırıb.

Görüşdə millət vəkili Rauf Əliyev seçiciləri maraqlandıran bir neçə məsələyə toxunaraq qeyd edib ki, Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf müşahidə edilməklə bərabər, insanların yaşayış səviyyəsi də gündən-günə yüksəlir: “Bütün sahələrdə inkişafın olduğu danılmazdır. O cümlədən, Xəzər rayonunun kənd və qəsəbələri öz simasını son illər ərzində sürətlə dəyişməyə başlayıb. Yarandığı gündən xalqa xidmət prinsipini özünə əsas istiqamət seçən Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq həyata keçirdiyi tədbirlərlə ümumxalq partiyasına çevrildiyini sübut edib və bununla da xalqın etimadını qazanmağa nail olub. Bu baxımdan, Şağan qəsəbəsinin sakinlərinin YAP-ın namizədlərinə səs verəcəklərinə inanıram”.

Hər zaman dövlətçiliyə bağlılıqları ilə seçilən Şağan qəsəbə sakinləri mövqelərinin dəyişməz olacağını və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini söyləyiblər.

Görüşdə sakinləri maraqlandıran suallar səlahiyyətli nümayəndələr tərəfindən cavablandırılıb. Seçki prosesində fəallıqları ilə seçilən qəsəbə sakinləri YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov tərəfindən fəxri diplomlarla təltif edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm