Deputat AŞPA-nın konfransında səsləndi: “Azərbaycanda jurnalistlərə qarşı diskriminasiyaya yol verilmir”
Bizi izləyin

Nida.az

Deputat AŞPA-nın konfransında səsləndi: “Azərbaycanda jurnalistlərə qarşı diskriminasiyaya yol verilmir”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, Elm, Təhsil və Media Komitəsinin təşkilatçılığı ilə Parisdə “Mətbuat azadlığı və jurnalistləri təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə bir sıra ölkələrdə media azadlıqları ilə bağlı problemlər, jurnalistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər müzakirə olunub.

Mövzu ilə əlaqədar çıxış edən Azərbaycan Milli Məclisinin üzvü, AŞPA-nın gender bərabərliyi alt komitəsinin sədri Sahibə Qafarova ölkəmizdə medianın azad fəaliyyəti və inkişafı üçün görülən tədbirlər barədə məlumat verib.

Millət vəkili qeyd edib ki, zəngin mətbuat ənənələri olan Azərbaycan bu gün demokratik inteqrasiyanı, Qərb institutları ilə səmərəli əməkdaşlığı özünün prioritetləri kimi elan edib: “Ölkəmizdə həyata keçirilən demokratik islahatlar söz və mətbuat azadlığının möhkəmlənməsinə, medianın ictimai təsir gücünün və nüfuzunun artmasına imkan verib. Azərbaycanda söz və mətbuat azadlığı çox möhkəm hüquqi baza ilə təminat altına alınıb, jurnalistlərə qarşı diskriminasiya hallarına yol verilmir. Dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan medianın formalaşması və inkişafıdır. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı Fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Yaradılan əlverişli mühitin nəticəsidir ki, bu gün ölkədə yüzlərlə mətbu orqanı dövlət qeydiyyatına götürülüb, 4800-ə qədər KİV mövcuddur”.

S.Qafarova vurğulayıb ki, bütün bunlar bir daha Azərbaycanın öz demokratik yolla inkişaf məqsədinə sadiqliyini və atılan addımların, o cumlədən, azad, müstəqil və güclü medianın formalaşmasına xidmət edən tədbirlərin məhz bu məqsədə xidmət etdiyini deməyə əsas verir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm