“İqtidarın müxalifətdə ciddi mövqeləri var”- “Kənar əl” kimlərdir?
Bizi izləyin

Nida.az

“İqtidarın müxalifətdə ciddi mövqeləri var”- “Kənar əl” kimlərdir?

Mövcud iqtidar 20 ildir hakimiyyətdədir və bu müddət ərzində müxalifətdə olan qüvvələr arasında ciddi iş apara bilib. Təbii ki, iqtidarın müxalifətin içində ciddi mövqeləri var və kritik məqamlarda bu mövqelərdən istifadə edilir.


Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Publika.Az –a müsahibəsində yeni koalisiyalar, düşərgədəki vəziyyət və prosesləri idarə edən “kənar əl” ehtimalını şərh edib.

-Müxalifətin yeni siyasi koalisiyaya ehtiyacı olduğu haqqında fikirlər səsləndirlir. Bu barədə siz necə düşünürsünüz?

-
Seçkidə iştirak etmək istəyən siyasi qüvvələr buna ehtiyac hiss edəcəklər və bu arayışlar normaldır. Çünki ilin sonunda bələdiyyə, gələn il də parlament seçkiləri var. Bu baxımdan həm mövcud koalisiyaların inkişafı, onlar arasında əməkdaşlıq, eyni zamanda yeni koalisiyaların yaradılması da normal siyasi inkişafın diktəsidir.

-Bu günə qədər yaradılmış koalisiyalarda, birliklərdə hansısa yanlışlıqlar olur və nəticə göz qabağındadır. Yeni koalisiyalar yaradılarsa, bu necə olmalıdır?

-Burda iki böyük problem var. Birincisi, hamı anlayır ki, ölkədə azad və ədalətli seçkilər yoxdur, lakin buna baxmayaraq hamı seçkiyə hazırlaşır. Bu, paradoksdur. İkincisi də bəzən bunu anlayırlar, lakin bu prosesi sona qədər aparmağa siyasi ambisiyalar buna imkan vermir.

Azərbaycanda bu gün seçki koalisiyalarından daha çox ölkədə demokratik şəraitin yaradılmasının hədəfini qoyan uzunmüddətli koalisiyalara ehtiyac var. Çünki hər kəs anlamalıdır ki, ölkədə azad və ədalətli seçki mühiti olmasa, konkret olaraq Seçki Məcəlləsi dəyişməsə, sərbəst toplaşmaq azadlığı, siyasi azadlıq tam təmin olunmasa azad və ədalətli seçkilər olmayacaq. Bu olmadıqda hansı siyasi partiya nə plan qurur-qursun, heç bir nəticə verməyəcək.

Mənim şəxsi fikrim budur ki, xalq hərəkatı yaradılsın. 2005-ci ildən bildirirəm ki, Azərbaycanda demokratiyaya keçid üçün xalq hərəkatına ehtiyac var. Bunun üçün da siyasi platformaya, geniş, əsaslı, ölkənin bütün regionlarını əhatə edən, sizin termininizlə desək, siyasi-ictimai koalisiyaya ehtiyac var.

- Amma Milli Şurada belə yaranmışdı, hər-halda belə olacağı deyilirdi.

- Milli Şura ötən il bunun yaradılması istiqamətində atılan tələsik addım oldu. Düzdür, vaxt az idi. İstədiyimiz formatı əldə edə bilmədik. Amma belə bir format əldə olunmayana qədər çətin olacaq. Çünki Azərbaycanda mövcud siyasi şərait onu göstərir ki, vəziyyəti təkbaşına, yaxud qrup halında dəyişə biləcək ciddi qüvvə yoxdur. Hətta deyərdim ki, bütün siyasi qüvvələr bir araya yığışsa belə, bu da vəziyyəti dəyişməyə imkan verməyəcək. Sadəcə olaraq, ölkədə kütləvi hərəkatın başlaması üçün belə bir ictimai-siyasi platforma təkan rolunu oynaya bilər. Yəni “nədən başlamalı” suallının cavabı budur.

-Belə təəssürat yaranır ki, sanki kənar bir əl müxalifətin içində prosesləri idarə edir. Sizə də elə gəlmirmi?

-Heç şübhəsiz. Mövcud iqtidar 20 ildir hakimiyyətdədir və bu müddət ərzində müxalifətdə olan qüvvələr arasında ciddi iş apara bilib. Təbii ki, iqtidarın müxalifətin içində ciddi mövqeləri var və kritik məqamlarda bu mövqelərdən istifadə edilir.Lakin vəziyyəti təkcə bununla izah etmək də düzgün deyil. Əslində Azərbaycan müxalifəti vəziyyəti strateji dərinliyi ilə qiymətləndirə, düzgün xətt seçə bilsə, hakimiyyət cəhdlər etsə də gücü yetməz. Çünki Xalq Cəbhəsi yarananda bunun təcrübəsini görmüşük. Əsas odur ki, ciddi bir nüvə olsun və düzgün siyasət qurulsun. Ciddi nüvə və düzgün siyasət qurulsa, kütləvi hərəkat başlayandan sonra bu qüvvələr, istər xarici ölkənin xüsusi xidmətinə işləyənlər olsun, istərsə Azərbaycan iqtidara, onların gücü prosesləri nəzarətdə saxlamağa yetməyəcək. Əsas kritik məqam bunu başlamaqdır. Məhz buna imkan verilmir.

- Yeni partiya qurursunuz, seçkiyə qədər yeni koalisiyalarda təmsil olunmaq fikriniz varmı?

-Son toplantıdan öncə bu məsələ müzakirə olunub və biz qərar vermişik ki, hələlik partiya kimi formalaşmadan, siyasi güc olmadan belə qərarların veriləsi düzgün deyil. Digər tərəfdən qərar vermək üçün legitim orqanlarımız da yoxdur. Partiya qurulmadan, təsis qurultayı keçirilmədən biz belə qərarlar vermək imkanında deyilik. Təşkilat komitəsinin belə bir səlahiyyəti yoxdur.

-Bu il ərzində bu proses başa çatacaqmı?

-Çalışacağıq. Hədəfimiz odur ki, mayın sonuna qurultayımızı keçirək. Hər şeyi zaman göstərəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm