Vəfa Quluzadə: “Rusiya çökməyənə qədər Qarabağ problemi həll olunmayacaq” – Müsahibə
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə: “Rusiya çökməyənə qədər Qarabağ problemi həll olunmayacaq” – Müsahibə

Sabiq dövlət katibi, politoloq Vəfa Quluzadə Publika.az-a müsahibəsində Böyük Sülh Sazişi, eləcə də Ki-Uset danışıqları haqda bəzi detalları açıqlayıb.


- Həmsədrlər tərəflərə Böyük Sülh Sazişini təklif edirlər. Bu, münaqişənin həllində müsbət rol oynaya bilərmi?


- Böyük Sülh Sazişini Kazimirov hazırlayıb. Əgər tərəflər həqiqətən də razılıq versələr, bu saziş üzərində işləmək müsbət olardı. Lakin bu sazişin hazırlanması münaqişəni heç də həll etmir. Çünki vaxtilə Böyük Sülh Sazişində bir çox məsələlər nəzəri baxımından razılaşdırılımışdı. Məsələn, qoşunları hara çəkmək lazımdır, texnika harada cəmlənməlidir və s. Kazimirov təklif edirdi ki, işğal olunmuş ərazilərdə tərəflərin qrupu yaradılmalıdır. Bu qrupda da Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ və Rusiya olmalı idi. Fikir verin, burda Ermənistan, Dağlıq Qarabağ və Rusiya birlikdə, Azərbaycan isə təklikdə qalırdı. Bu isə qeyri-real idi. Bir çox məsələ razılaşdırılsa da, əsas məsələ açıq qalırdı. Əsas məsələ də Qarabağın statusu ilə bağlı idi. Buna ermənilər razılıq vermirdilər. Azərbaycan Qarabağa yüksək muxtariyyat verə bilərdi, onlarsa müstəqillik tələb edirdilər. Halbuki onlara heç kim müstəqillik verməyəcək. O vaxtdan da məsələ beləcə açıq qalır.


- O zaman həmsədrlər nə üçün Böyük Sülh Sazişinə yenidən qayıdırlar?


- Həmsədrlər öz fəaliyyətsizliklərinin, uğursuzluqlarının üstünü pərdələmək üçün tərəflərin oturub danışmasını istəyirlər. Bunu da müsbət nəticə hesab etmək olar. Lakin bu da baş tutmayacaq. Çünki Ermənistan Moskvadan asılıdır və asılı olduğu mərkəz istəməyincə bu baş vermir. Azərbaycan bu məsələdə maraqlıdır. Amma Ermənistan olmadan özümüz təklikdə Böyük Sülh Sazişi hazırlaya bilmərik.


- Həmsədrlər sanki siyasi ritorika ilə məşğul olurlar.


- Bəs nə etsinlər? Heç olmasa, siyasi ritorika ilə məşğul olmaq lazımdır. Bunun özü camaatı ümidlə yaşadır. Ermənistanda da, Azərbaycanda da Minsk qrupunun fəaliyyəti nəticəsində münaqişəni həll etməyin mümkünlüyünə ümidlər yaranır.


- Necə düşünürsünüz, yenidən Böyük Sülh Sazişi hazırlanarsa, bu, Azərbaycanın xeyrinə olarmı?


- Bunların hamısı boş şeylərdir. Çünki əsas məsələ həll olunmayıb. Bu gün Ermənistanda xalqla hakimiyyət arasında uçurum var. Xalq sülh istəyir. Zillətdən çıxmağı, sərhədlər açılmasını, investisiyaların gəlməsini istəyir. Azərbaycan və Türkiyə ilə düşmən olmaq istəmirlər. Lakin hakimiyyət Moskvanın dediyi ilə oturub durur və bizə qarşı düşmənçilik sərgiləyir. Əsas məsələ budur. Ermənistan normal dövlət kimi beynəlxalq hüquqa tabedirsə, BMT-nin Təhlükəsizlik Şurasını sayırsa, dörd qətnaməyə əməl edib işğal etdiyi torpaqları azad edər. Lakin bunu etmir. Dağlıq Qarabağa müstəqillik istəyirlər. Bu qeyri-qanunidir və bütün dünya tərəfindən bu ərazilər Azərbaycan torpaqları olaraq tanınır. Bu vəziyyət Rusiya çökməyənə qədər də həll olunmayacaq. Bunun 6 ay, yaxud 6 il sonra və ya dəqiq nə vaxt baş verəcəyini deyə bilmərik. Mən çökmə deyəndə pozitiv dəyişiklikləri nəzərdə tuturam. Yəni bu dövlət genişlənmək iddialarından, başqa ölkələrin ərazilərini işğal etməkdən, özünün yaratdığı etnik münaqişələrdən istifadə edərək idarəetmə üsulundan istifadə etməkdən əl çəkməlidir. Rusiya xüsusiyyətini dəyişməlidir. Bu dəqiqə Rusiya çar dövründə olduğu kimi imperiyadır. Çar devrildi, lakin sadəcə ağlar qırmızılarla əvəzləndi və bolşeviklər gəldi. Onlardan sonra da Federasiya olaraq imperiya yarandı. Hazırda yenə genişlənmək, keçmiş SSRİ məkanının onlara aid olduğunu qəbul etdirmək istəyirlər. Belə olan vəziyyətdə Qarabağ üçün heç bir həll şəraiti yoxdur.


- Bu yaxınlarda, amerikalı siyasətçi Pol-Qobl Ki-Uest danışıqlarından bəhs etdi. O danışıqların detallarında nələr olmuşdu?


- Detalları açmağın mənası yoxdur. İstəmirəm detallı olaraq bu haqda danışım. Nəticə olmadı və əsas olan da budur. Pol Qobl da prosesə Moskvanın mane olduğunu bildirir. Ki-Uest birinci dəfə deyildi. Ondan öncə İstanbulda tərəflər razılığa gəlirdilər. Lakin Moskva mane oldu və Ermənistan parlamenti güllələndi. Bundan başqa, Levon Ter-Petrosyan yaxşı bəyanat vermişdi. O, münaqişənin mərhələli həllinə razı idi. Çünki özü etiraf edirdi ki, münaqişə həll olunmasa, Ermənistan məhv olacaq. Onu da hakimiyyətdən devirdilər. Nəticə yoxdur və belə bir vəziyyətdə detalları açmağın da mənası yoxdur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm