Pol Qobl: “Əminəm ki, Minsk qrupu münaqişəni həll edə bilməyəcək”
Bizi izləyin

Nida.az

Pol Qobl: “Əminəm ki, Minsk qrupu münaqişəni həll edə bilməyəcək”

“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri təkcə Azərbaycan və Ermənistan deyil. Burda əsas tərəf Rusiya Federasiyasıdır və ötən 25 ildə Moskva münaqişənin nizama salınması üzrə heç bir öhdəliyinin olmadığını sübut etdi”.


Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məşhur amerikalı politoloq Pol Qobl deyib.


Amerikalı ekspert Minsk qrupunun münaqişənin həlli prosesində səhv yolda olduğunu düşünür. Onun sözlərinə görə, həmsədrlər bir-birinə zidd iki prinsip arasında uzlaşma axtarır: “Bir tərəfdən ərazi bütövlüyü, digər tərəfdən öz müqəddəratını təyin etmə prinsipi əsas götürülür və tərəflər bu iki prinsip arasında uzlaşmaya dəvət olunur. Bu da münaqişənin nizama salınmasını qeyri-mümkün edir. Mən həmişə bir şeyə əmin olmuşam: Minsk qrupu münaqişəni həll edə bilməyəcək, sadəcə olaraq donduracaq. Fikrimcə, ən unikal çıxış yolu tərəflərin öz aralarında razılığa gəlməsi və soyuq başla düşünüb ortaq xətti tapmasıdır”.


Pol Qobla görə, bütün münaqişələrdə kimlərsə daha çox qazanır: “Dağlıq Qarabağ münaqişəsində də belədir. Bütün tərəflər və vasitəçilər həll variantını dəstəkləyir. Lakin kimlərsə münaqişənin fasiləsiz davam etməsindən qazanc əldə edir. Münaqişə tərəfləri bunun davam etməsindən vətənpərvərliyin yüksəldilməsi üçün istifadə edə biləcəyi halda, silah satanların da burda marağı var. Çünki münaqişə tərəfləri ölkənin xarici təhlükəsizliyini qorumaq üçün mütləq şəkildə silahlanmaya üstünlük verirlər. Lakin tərəflər bir şeyin əhəmiyyətini anlamalıdır: Nə Ermənistan, nə də Azərbaycan münaqişə nizama salınmadan qalib olmayacaq. Bu həll olunarsa, ticarət və nəqliyyat əlaqələri genişlənə bilər. Həmçinin Ermənistan təcriddən qurtula bilər. Bununla yanaşı, münaqişə nizama salınacağı təqdirdə bir çox məsələlər özlüyündə həll olunacaq, o cümlədən Rusiyanın regiona təsiri azalacaq. Ən azından bu faktora görə Qərb münaqişənin Minsk qrupu çərçivəsində həllində maraqlıdır. Bu həm də Şərq-Qərb arasında boru kəmərlərinin daha asan formada çəkilməsidir. Ermənistan da öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bu yolu dəstəkləməlidir. Bu sadə ermənilər üçün də sərfəlidir və əminəm ki, onlar da mənim istədiyimi arzulayırlar. Lakin soruşmaq lazımdır ki, kim bu münaqişənin həllinə mane olur. Bundan Azərbaycan və Ermənistan əhalisi heç nə əldə etmir, deməli, kənar əl var. Bu da Rusiyadır. Çünki bölgədə Moskva öz rolunu saxlamaq üçün münaqişənin olmasında maraqlıdır”.


Amerikalı ekspert Ermənistanı müstəqil siyasət aparmağa və münaqişəni həll etməyə çağırıb. Onun sözlərinə görə, İrəvan keçmiş fobiyalardan qurtulmalıdır.


“Ermənistan ilk növbədə hər şeyi tənqid etmək yolundan əl çəkməlidir. Əgər müasir dövlət olmaq istəyirsə, keçmiş fobiyalarının öhdəsindən gəlməlidir. Vaxtilə Almaniya və Fransa tarixi problemlərini anladı və səhvlərini etiraf etdilər. İkinci tərəfdən, Ermənistan geniş əraziyə nəzarət etməyin nə qədər milli maraqlarına zərər olduğunu anlamalıdır. Bunun yerinə, tranzit ölkə olmaq və regiondakı layihələrə qoşulmaq daha xeyirlidir. Digər tərəfdən, Ermənistan ümumi sərhədlərə malik olmadığı Rusiyanın Avrasiya İttifaqına qoşulmasının nələrlə nəticələnəcəyini anlamalıdır. Belə olacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həllində də fərqli yanaşmalar ortaya çıxacaq. Ermənistan tutduğu yoldan kifayət qədər əziyyət çəkib və gördüyü zərərlər ortadadır”, - deyə ekspert vurğulayıb.


P. Qobl Qarabağ münaqişəsinin Cənubi Qafqazda ikinci “Ukrayna böhranı”na səbəb olacağına dair səslənən fikirlərə də münasibət bildirib. Onun fikrincə, Ukrayna ssenarisini Cənubi Qafqazda təkrarlamaq çətin məsələdir: “Hər münaqişə unikal elementlərə sahibdir. Məsələn, Rusiya Qarabağı öz qanadının altına götürsə, bunun tərəflərdən heç birinə xeyir gətirməyəcəyini hər kəs yaxşı bilirlər. Bu yalnız Moskvaya divident gətirə bilər. Bu ssenari regionda bütün vəziyyəti qarışdıra bilər”.


P. Qobl tərəfləri daha sıx təmaslar qurmağa çağırıb. Onun sözlərinə görə, danışıqların intensivliyini saxlamaq lazımdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm