“Sərdarın Əli Kərimli kimi maşını, cangüdəni, villası varmı?” – ADP-AXCP davası böyüyür
Bizi izləyin

Nida.az

“Sərdarın Əli Kərimli kimi maşını, cangüdəni, villası varmı?” – ADP-AXCP davası böyüyür

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun AXCP sədri Əli Kərimlini müxalifətin “primadonnası” adlandırandan sonra cəbhəçilər ADP-yə qarşı sərt reaksiya göstərməkdə davam edirlər.

Publika.az xəbər verir ki, Əli Kərimlinin müavini Nurəddin Məmmədli Sərdar Cəlaloğlunu Hafiz Hacıyevlə müqayisə edib: “Əvvəllər Sərdar Cəlaloğlunun dedikləri mötəbər məzmun daşıyırdı. Bu gün Sərdar Cəlaloğlu Hafiz Hacıyevin savadlı variantıdır. Daim təriflənən, hər yerdə hörmətli insan kimi qəbul edilən bu adam indi qınaq obyektidir. Ona görə də ciddi kompleksləri formalaşıb. Hamıya düşmən kimi yanaşır. Qurani-Kərimdə səhv axtarır, Füzulini, Babəki, Səməd Vurğunu düşmən elan edir.

Tərk etdiyi camiədə ləyaqət hissini qoruyub saxlayan, getdiyi yola sadiq olanlara qənim kəsilib, satqınlığı təbliğ edir. Vaxtı ilə YAP-in zirvəsində oturanları təhqir edən bu adam, indi YAP-ın süpürgəçisi ilə bir yerdə oturub Azərbaycanın problemlərini müzakirə etmək üçün dəridən-qabıqdan çıxır. Bir sözlə, Sərdar Cəlaloğlu Azərbaycan xalqı üçün itirilmiş adamdır. Onun dedikləri vicdanlı insanların ürəyini bulandıra bilər, vəssalam. Amma nəyisə dəyişdirə bilməz. Ona görə də ciddiyə alıb baş qoşmağa ehtiyac görmürəm”.


Əli Kərimlinin müavinin fikirləri S. Cəlaloğlunun böyük qardaşı, Qarabağ əlili Əbdül Məmmədlinin qəzəbinə tuş gəlib. O, Nurəddin Məmmədliyə vaxtilə S. Cəlaloğlunun müavini olduğunu xatırladıb: “Məndə bir vaxtlar Sərdardan ağıllı lider görməyən Nurəddin Məmmədlinin müavini olduğu partiyanı tərk edərək daim söydüyü Əli Kərimliyə hansı səbəbdən müavin getdi sualı yaranır. Siz özünüz də bilirsiniz ki, Sərdarı başa düşmək üçün burada rəy yazanların heç birinin nə ağlı, nə savadı, nə dünya görüşü çatmaz. Əgər doğrudan da içi siz qarışıq partiyanızın sədri başda olmaqla ağıllı insan varsa, masa arxasında oturub müzakirə edin və Sərdarın ağılının olmadığını sübut edin. Onun dediyi bir kəlmənin belə mənasını anlamayan, yazdıqlarını oxumadan, sizin yazdıqlarınıza “ləbbeyk” deyən nadan insanların vasitəsilə təhqirlərə düçar qoymaq istədiyiniz adamın kimliyini ağıl və təfəkkürünü siz daha yaxşı bilirsiniz. Hansı ağıl və zəka ilə Sərdar Cəlaloğlunu hansısa ağıldankəmlərə söydürürsünüz? Sərdarın da Əli Kərimli kimi bir neçə maşını, cangüdənləri, villası varmı? Sizlər onun səviyyəsinə çatmadan aşağıdan yuxarı daş atmaqla heç nə əldə edə bilməzsiniz”.


S. Cəlaloğlunun qardaşı cəbhəçilərə xəbərdarlıq edib. O, qardaşını təhqir edəcəkləri təqdirdə bildiyi çox mətləbləri açacağını deyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm