Sərdar Cəlaloğlunun qardaşı: “Əli Kərimlinin şərəfini qorumaq Nurəddinə qalıb?” – Müsahibə
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlunun qardaşı: “Əli Kərimlinin şərəfini qorumaq Nurəddinə qalıb?” – Müsahibə

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı, Qarabağ əlili Əbdül Məmmədli Publika.az-a müsahibəsində AXCP sədri Əli Kərimli və tərəfdarlarının qardaşına qarşı hücumları haqda danışıb.


- Əbdül bəy, son günlər cəbhəçilər Sərdar Cəlaloğluna qarşı sosial şəbəkələrdə nalayiq ifadələr işlədir, onu Qurani-Kərimi təhrif etməkdə, savadsızlıqda ittiham edirlər. Əli Kərimlinin müavini Nurəddin Məmmədli də iki gün öncə Sərdar bəyi ittiham etmişdi.


- Sözü deyənə baxmaq lazımdır. Bunu müstəqil fikir sahibi demiş olsaydı, mən bu işə qarışmazdım. Amma kiminsə göstərişini yerinə yetirən adamların sözü mənim üçün heç nə ifadə etmir. Sərdarın Qurani-Kərimi təkzib etdiyini qəsdən deməklə onun haqqında mənfi rəy yaradırlar. Halbuki Sərdarın yazdıqlarını oxusalar, onun Qurani-Kərimi təfsir eləməyə heç bir alimin gücünün çatmadığını dediyini görərlər. Ayədə Allah buyurub ki, mənim ayətlərimi təfsir edə bilməzsiniz. Bunlar təfsirlə təkzibi bir birindən ayıra bilmirsə, bunda Sərdarın günahı nədir? Bir də Nurəddin Məmmədli Sərdarın müavini olanda Əli Kərimliyə şərəfsiz deyildi. İndi Əlinin şərəfini qorumaq ona qalıb? Nurəddin “facebook”da bir yazı yaydı, sonra da kimliyi bəlli olmayan adamlara Sərdarı söyüb təhqir eləmək göstərişi verdilər. Öz adlarını belə yazmağa qorxan adamlar “Sərdar alçaqlıq etdi” “Sərdar daha yoxdur” nə bilim daha nələr yazdılar. İndi mən bir kəlmə cavab verdim deyə pis oldu? Bunların Sərdarla bir masa arxasında oturub danışmağa heç birinin savadı çatmaz. Kənardan rəy yaratmaqla nəsə əldə bilməzlər. Bunlar bilməlidirlər ki, xalqa ziyan vururlar.


- Vaxtilə Nurəddin Məmmədli Sərdar bəyin müavini idi. Onun Əli Kərimlinin yanına getdikdən sonra belə mövqe sərgiləməsi maraqlıdır.


- Nurəddin Sərdarın yanından Əli Kərimlinin yanına Rəsul Quliyev ADP-dən çıxardılandan sonra gedib. Sərdar onun istədiyi pulu verə bilmirdi, o isə yaxşı pul almaq istəyirdi. İndi də aldığı pulun haqqını verir. Əlinin özünün cəsarəti çatmır kiməsə cavab versin. Bir vaxtlar Hafiz Hacıyev onu hər cür təhqir edirdi, o da bəzi partiyadaşlarının dili ilə onu söyürdü. İndi də Sərdarı söyürlər.


- Məlumatlar var idi ki, Əli Kərimli ona 500 manat əmək haqqı verəcəyini deyib. O da buna görə gedib.


- Mən heç bir partiyanın üzvü deyiləm, olmamışam da. Bilmədiyim şey haqda nəsə deyə bilmərəm. O vaxt Nurəddin partiyadan gedəndə mən maraqlandım. Sərdar dedi ki, oğlu oxuyur, ev şəraiti yaxşı deyil, pula, yaxşı maaşa ehtiyacı var. Məsləhətləşdik, dedim gedirsən get. Əslində Nurəddin partiyadan Sərdar həbsdə olanda getmişdi. Müavinlərdən Taliyyət bəy həbsə alınmışdı. Nurəddin guya Əli Kərimli ilə məsləhətləşməyə gedib. Əli də deyib ki, gəl mənim yanıma. O da çıxıb gedib. Xatırlayırsınızsa, rəhmətlik Elçibəyi devirəndə bu adam onu, elə hökumət üzvü olan Əlini də söyüb biabır eləyirdi. İndi nə oldu ki, Əli belə dadlı oldu?


- Sizcə, Əli Kərimli Sərdar bəyi nə üçün təhqir etdirir?


- Əli Kərimli Müsavatla bir blokda olanda İsa bəyi tərifləyirdi. İndi onlar ayrılıblar, Sərdar da Müsavatla məhbusların hüquqlarını müdafiə üçün piketə qoşulur. Yazırlar ki, Sərdar qoşulub, satqındır. Bunların ancaq şəxsi maraqları var. Ən acınacaqlısı odur ki, hamısı birlikdə Əli Kərimlinin mənafelərini kor-koranə müdafiə edirlər.

Digər tərəfdən, Sərdar piketdə iştirak etmək istədiyinə görə ona satqın deyirlər. Mitinq piketdən qat-qat güclü tədbirdir. Onda mitinqə gedənlərə niyə satqın demirlər? Sərdar onların heç birinə cavab vermir, nə də başqasına cavab vermək üçün tapşırıq vermir. Mən bir qardaş kimi savadına, mübarizliyinə görə onunla fəxr edirəm. İndi Nurəddin onu söysün və ya söydürsün, mən də sakit dayanıb baxım? Düşünürəm, mənim onlara cavab verməyimi heç kim qınamaz.


- Əbdül bəy, müxalifət, adətən, bir-birini təhqir etməklə, söyüş söyməklə gündəmə gəlir. Sizcə, çıxış yolu nədir, söyüş söyənlər siyasətdən getməlidir, yoxsa?


- Məncə, siyasətdə qalmaq üçün kimlərisə söymək heç də etik deyil. Hətta iqtidarı belə söymək acizlikdir. Deyim var: zəiflər kənardan söyüş söyərlər. Əgər bunların savadı, cəsarəti çatırsa, bir masa arxasına əyləşməli və millətə bir gün ağlamalıdırlar. Amma bunlar gündə bir birini söymək və ya söydürməklə məşğul olurlar.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm