“Rusiya Qafqazı itirmək üzrədir“ - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Rusiya Qafqazı itirmək üzrədir“ - MÜSAHİBƏ

Politoloq Zərdüşt Əlizadə bölgədəki mövcud vəziyyət, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Gündəlik Teleqraf"ın suallarını cavablandırıb. Öncə münaqişənin hazırkı dürmü ilə bağlı fikirlərini bölüşən politoloq Rusiya və Ermənistan hakimiyyətlərinin öz aralarında münaqişəni donmuş vəziyyətdə saxlamaq barədə razılığa gəldiklərini bildirdi:

Münaqişənin donmuş vəziyyətdə saxlanması Rusiyanın marağındadır. Qarşı tərəflər isə biri-birinə hədə-qorxu gəlir. Azərbaycan tərəfi müdafiə xərclərini artırır, Ermənistan isə diaspordan dəstək alır. Amma 20 ildir ki problem olduğu kimi qalır. Onun real həlli üçün işlərin heç 10 faizi də görülmür.

- Son vaxtlar ABŞ münaqişənin həlli ilə bağlı səylərini artırır. Bu nə ilə bağlıdır?

- Çünki bu münaqişə faydalı layihədir. Hər bir dövlət orada öz xeyrini görür. İndiyə qədər bu xeyri Rusiya götürürdü. İndi Amerika təşəbbüsü ələ almağa çalışır. Vəssalam.

- ABŞ-ın bu məslədə marağı nədən ibarətdir?

- ABŞ-ın xeyri ondan ibarətdir ki, daha bir bölgənin ağası olacaq. ABŞ indi də Zaqafqaziyanın ağası olmaq istəyir. Ondan sonra da Mərkəzi Asiyanı ağası olmağa çalışacaq.

- Son vaxtlar cəbhə bölgəsində vəziyyətin gərginləşməsini necə izah edirsiz?

- Bunlar hamısı siyasi oyundur. Cəbhədə atəşkəsin pozulması intensiv hal alıb, vəziyyət gərginləşib. Ancaq bu siyasi oyunlardan irəli gəlir.

- Sizcə bu oyunun arxasında hansı qüvvələr dayanır?

- Bunun arxasında əlbəttə ki, Məhəmmədhəsən əmi və Novruzəli kişi dayanmır. Bu, Rusiya və münaqişə tərəflərinin işidir. Geosiyasi oyunlar gedir. Bu oyunlarda da Qarabağ bir alətə çevrilib.

-İran ətrafında vəziyyətin gərginləşməsi Cənubi Qafqazdakı hazırkı duruma, eyni zamanda Dağlıq Qarabağ məsələsinə nə dərəcədə təsir göstərir?

-Bu təsir var. Amma o qədər də güclü deyil. İran ətrafında gərginliyin artmasının bir səbəbi var. İran nə ABŞ, nə də ki, Avropa üçün hərbi təhdid yaratmır. Lakin, Qərbin maraqları baxımından İrana zərbə endirmək zərurəti yaradan bir sıra amillər var. Bu, İranda nəhəng neft və qaz ehtiyatlarının olması, ölkənin coğrafi baxımdan mühüm strateji mövqedə tutmasıdır. Bundan əlavə, həmin amillər sırasına İranın Qərbə tabe olmayan dövlətlərə aid olmasını da daxil etmək olar. Ona görə, Qərb informasiya müharibəsi şəkilində güclü silahı işə salır, İran şərin mərkəzi, demokratiya, ümumilikdə isə sülhə və xalqlara təhlükə yaradan dövlət kimi təqdim olunur.

Həmçinin İran terrorçuluğu dəstəkləyən dövlət kimi də təqdim olunur.

Bununla əlaqədar olaraq, İrana qarşı hərbi aksiyalara başlanması məsələsi dərhal aktuallaşır. Bunun üçün isə Qərb ölkələri öz niyyətlərini hüquqi baxımdan əsaslandırmağa çalışırlar. Və bununla bağlı olaraq, İranın nüvə proqramı ilə bağlı məsələlər BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınır. Bir müddət əvvəl Qərb ölkələri tərəfindən Liviyaya qarşı tətbiq olunan metodologiya hazırda Suriyaya qarşı istifadə olunur və yəqin ki, İrana qarşı da həmçinin tətbiq olunacaq.

Hərbi yanaşmada Qərb ölkələrinin gücü İranın imkanlarını dəfələrlə üstələyir. Qərb uzaq məsafədən, hətta İran ərazisinə daxil olmadan belə onun hərbi, mülki, ümumilikdə strateji obyektlərini dağıtmaq, onun iqtisadiyyatına zərbə vurmaq iqtidarındadır. ABŞ üçün maraq kəsb edən obyektlərə cavab zərbəsi vuracağına baxmayaraq İran tərəfinin belə imkanları yoxdur. Lakin, sözsüz ki, hərbi üstünlük Qərbin tərəfindəndir.

Qərb, xüsusilə də ABŞ, "qlobal Allahlığ"ını təmin etmək üzrə planlarını həyata keçirir. Biz Liviyada baş verən hadisələrin Suriyada təkrarlandığını görə bilərik. Hesab edirəm ki, Suriyadan sonra İranın, daha sonra isə digər ölkələrin növbəsi çatacaq. Hər halda İrandan sonra, Rusiya və Mərkəzi Asiya ölkələrinin növbəsi gələcək.

- Baş verə biləcək müharibə Cənubi Qafqaz regionu üçün hansı təhlükəni yarada bilər?

-İranda müharibə başlayacağı təqdirdə, hadisələr bir neçə variantda inkişaf edə bilər: birincisi, Azərbaycan Qərb ölkələrinin tərəfindən çıxış edir. Bu halda İran Azərbaycana bir neçə zərbə endirəcək, hər şeydən əvvəl ölkənin strateji neft infrastrukturu obyektlərini vuracaq; ikincisi, Azərbaycan İran müharibəsinə qarışmır. Bu halda isə əlbəttə ki, Azərbaycanla İran arasında heç bir fikir ayrılığı yaranmayacaq; üçüncüsü, Azərbaycan İran tərəfindən çıxış edir. Əlbəttə ki, hadisələrin belə inkişafı istisna olunur. Lakin əgər bu variantın gerçəkləşdiyini fərz etsək, Qərb həm də Azərbaycana zərbə endirəcək. Buna görə də, Azərbaycanın İran ətrafında baş verən hadisələrə qarışmamasını nəzərdə tutan ikinci variantı daha mümkün və həqiqətəuyğun hesab etmək olar.

Amerika istəyir ki, İranda ya elə bir hakimiyyət olsun ki, onun əmri ilə otursun-dursun, ya da istəyir ki, hazırkı hakimiyyəti devirib nefti və qazı nəzarətə götürsün. Əsas məqsəd budur. Ona görə də müəyyən bir təbliğat kampaniyası gedir. Yalandan deyirlər ki, İranın nüvə silahı var.

- Sizcə hərbi əməliyyatlar nə vaxt başaya bilər?

- Hərbi əməliyyatlara başlamaq istəyirlər. Ancaq noyabra qədər heç nə olmayacaq. Çünki noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək.

- Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü oldu. Bu görüşdən hansısa nəticə gözləmək olarmı?

- Bu görüşlər bir mərasim şəklini alıb. Belə görüşlərin təşkili ilə görüntü yratmaq istəyirlər ki, guya danışıq gedir, guya bunlar Dağlıq Qarabağ münaqişəsini dinc yolla həllinə çalşırlar. Bu, sadəcə bir mərasimdir.

- Həmsədr dövlətlədən biri - ABŞ bu görüşdə münaqişənin həlli ilə bağlı yeni təkliflər irəli sürəcəyini açıqlayıb. Sizcə, bu təkliflər nədən ibarət ola bilər?

- Çox təklif olub. Ki Uest, Paris, Praqa təklifləri olub. Sonra da Madrid prinsipləri, Sankt Peterbur təklifləri irəli sürüldü. Dünyanın bütün şəhərlərinin adına təkliflər verirlər. Amma əsas məsələ ondan ibarətdir ki, bu münaqişənin real şəkildə, qanun çərçivəsində həllində heç kəs maraqlı deyil.

- Yeri gəlmişkən, bu görüş ərəfəsində "Qaçqınkom"un sədri Əli Həsənov bildirib ki, Qarabağ münaqişəsinin açarı Rusiyadadır. Bununla bağlı nə deyə bilərsiniz?

- Rusiyanın bu münaqişədə rolu hər kəsə bəllidir. Ancaq "Problemin açarı Rusiyanın əlindədir" kimi fikirlər bəzən də məsuliyyətdən boyun qaçırmaq üçün ortaya atılır. Qarabağ Azərbaycan dövlətinin ərazisidir. Bu dövlətin Konstitusiyası var. Bu Konstitusiyaya görə bütün məsuliyyəti Prezident, parlament, Nazirlər Kabineti daşıyır. Rusiya əlbətə ki, güclü amildir.

Amma hamımız başa düşürük ki, Rusiyanın məqsədi pislik etməkdir. Azərbaycanın vəzifəsi isə bu pisliyin qarşısını almaqdır.

- Münaqişənin həllini necə görürsüz?

-Münaqişənin həlli üçün bütün dünyada sınaqdan keçmiş modellər var. Birincisi odur ki, sən müharibəyə hazırlaşırsansa, gərək dövlətin səhmanlı olsun. Yəni səmərəli işləyən bir Nazirlər Kabineti olmalıdır. Bundan sonra sülh potensialına diqqət etmək lazımdır. Əgər sən deyirsən ki, Qarabağ məsələsini sülh yolu ilə həll edəcəyəm, onda bunu mənası nədir? Demək orada ermənilər də yaşayacaq, onlar sənin vətəndaşlarındır və sən onların hüquqlarının tanıyacaqsan. Demək bu halda həm Azərbaycan daxilində, həm də Qarabağda vətəndaşların hüquqlarını tanımalısan, onlara zəmanəıt verməlisən. Amma bu gün "erməni" sözü ana söyüşündən də ağır qəbul olunur. Sonra da deyirik ki, gəlin barışaq. Bu oyun kimə lazımdır? Demək bu siyasət dəyişməlidir. Ermənilərin inanacağı konkret muxtariyyat modeli ortaya qoyulmalıdır. Konkret erməni tərəfə şərtlərini açıqlayırsan ki, bu işləri siz görəcəksiz, filan işlər də bizim tərəfimizdən görüləcək. Ancaq bu istiqamətdə iş görülmür.

Nəhayət, Azərbaycan ordusunda vəziyyət dəyişməlidir. Bu işləri görmək lazımdır.

Ancaq ermənilər heç bir muxtariyyatla razılaşmır. Onlar artıq qondarma Dağlıq Qarabağ Respublikasında növbəti prezident seçkilərinə hazırlaşırlar. Sizcə bu qurumun müstəqilliyi heç bir dövlət tərəfindən tanınmadığı halda niyə separatçılar təkrar-təkrar belə seçki oyunları həyata keçirirlər?

Bu, ermənilərin guya Qarabağda dövlət qurmaq oyunudur. Onlar parlament, bələdiyyə, prezident seçkiləri kemçirirlər. Ancaq hamı bilir ki, bu qondarma bir "dövlətdir". Guya 50-70 min əhalisi var. Büdcəsi Ermənistan büdcəsindn gəlir. Ermənistanın da pulu Rusiya və ABŞ-dakı diaspordan gəlir. Bu oyunu hamı bilir. Amma heç kim üzə vurmur.

- Son vaxtlar Rusiya ilə Azərbaycanla Ermənistan arasında Qəbələ RLS-lə bağlı narazılıqlar yaranıb. Sizcə, rəsmi Bakı RLS-si icarəyə verməkdən imtina edə bilrəmi?

- Orada əsas fikir ayrılıqları qiymətlə bağlıdır. Hazırda Azərbaycan tərəfi 300 milyon tələb edir. Bu tələblə Azərbaycan həm də Qərbə mesaj verir ki, Rusiyanın itaətindən çıxıram. Eyni zamanda Rusiyaya mesaj verilir ki, Ermənistan məsələsində güzəştə get və s. Əslində həmin stansiya Rusiyaya lazım da deyil. Çünki RLS raket hücumundan xəbərdarlıq üçündür. Rusiyanın isə raket əleyhinə müdafiə sistemi yoxdur. Heç kim də Rusiaya kömək etmək fikrində deyil. Nə də Rusiyaya xaricdən heç kim müdaxilə etmək fikrində deyil. Ona görə ki Rusiya özü yavaş-yavaş içəridən dağılır.

-Bu proses necə müşahidə olunur?

-Birinci əlamət odur ki Rusiyanın əhalisi azalır. İkincisi, Rusiya cəmiyyəti çox xəstədir. Hazırkı rus cəmiyyətində narkomanların, fahişələrin, "bomj"ların, evsiz uşaqların, xəstələrin sayı sürətlə artır. Rus ordusuna çağırmaq üçün sağlam gənc tapmırlar. Bunadan başqa Rusiayanın elmi-texniki potensialı mütəmadi olaraq aşınır, dağılır. Sənayesi rəqabətə davamlı məhsul buraxa bilmir. Zəka potensialı azalır, güclü şəkildə xaricə beyin axını var. Cəmiyyət daxilində hakimiyyətə inam yoxdur. Hakimiyyət dəhşətli dərəcədə korrupsiya batağlığına batıb. Bunlar hamısı faktdır. Mən bunları düşmənçilikdən demirəm. General-polkovnik Leonia İvaşov hydepark.ru saytındakı yazılarında bu məsələlərən bəhs edir. O, orada Rusiya cəmiyyətinin vəziyyətini çox gözəl, aydın təsvir edir.

Amma bu günlərdə Amerika mətbuatında Rusiyanın Azərbaycana hərbi müdaxiləsi barədə yazılar dərc olundu. Orada bildirilirdi ki, Rusiya Ermənistandakı bazasına hərbi uçuşlarının sayını 20 faiz artırıb. Bu günlərdə isə Rusiya Xəzərə ballistik raketlərlə təchiz olunmuş gəmi çıxarıb.

Mənim fikrimcə, Rusiyaya Qarabağda müharibə lazım deyil. Rusiyaya status-kvonun qorunması, münaqişənin donmuş vəziyyətdə qalması əl verir. Belə olan halda Rusiya həm Ermənistanı, həm də Azərbaycanı təsir altında saxlaya bilir. Eyni zamanda münaqişə vasitəsilə bölgəyə nəzarət edir. Demək Rusiya Qarabağda vəziyyətin dəyişməz qalmasında maraqlıdır.

İkincisi, əgər birdən Azərbaycan Qarabağı azad etmək fikrinə düşsə, onda Rusiyanın erməniləri xətircəm etmək üçün (yeri gəlmişkən, indi ermənilər təşviş içindədirlər, qorxurlar) müxtəlif təlimlər keçirir, Rusiyanın ikinci dərəcəli adamları səlahiyyətlərinə aid olmayan məsələlər barədə bəyanatlar verirlər. Məsələn, Bordyuja Azərbaycanı hədələyən bəyanatlar verir. Qaldı Ermənistandakı MİQ təyyarələrinin uşuçlarının artırılmasına, Rusiyada ümumiyyətlə təyyarəçilər az uçurlar. Çünki bunun üçün yanacaq, pilotlara yüksək maaş verilməlidir. Ancaq Rusya hakimiyyətinin başi neft, qaz oğurlamağa, korrupsiyaya qarışıb. Ona görə də rus ordusu bərbad vəziyyətdədir. İndisə erməniləri sakitləşdirmək üçün göstəriş veriblər ki, qoy təyyarəçilər təlim keçsinlər. ABŞ təyyarəçiləri ruslardan 5 dəfə çox uçurlar. Ruslar bu geriliyi 5 faiz aradan qaldırıblar. Qaldı Xəzər dənizinə ballistik raket çıxarılmasına, bu, gülünc məsələdir. Ballistik trayektoriyaya çıxan raketlərə qitələrarası raketlər deyirlər. Onlar kosmosa uşur, oradan lazım olan hədəfə yönəlirlər. Xəzər dənizi isə şəkililər demişkən, ağzımızın içidir. Orada ballistik raket nəyə lazımıdr? İndi istənilən müasir katerdə "Dəniz-dəniz", "Yer-yer", "Yer-hava" tipli zenit və ya taktiki raketlərlə silahlandırılır. Bundan qorxmaq lazım deyil.

Sadəcə olaraq Qafqazda vəziyyət çox gərgindir, ona görə də Rusiya bu istiqamətdə hərbi texnika cəlb edir. Dağıstan, Çeçenistan, İnquşetiya və s. yerlədə müqavimət güclənir, mucahidlər partlayışlar törədir. Rusiya tədricən Qafqazı itirmək üzrədir. Ona görə də öz qoşun hissələrini gücləndirir.

Zahid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm