Qars görüşünün pərdəarxası: İkinci cəbhə açılmayacaq - TƏHLİL
Bizi izləyin

Nida.az

Qars görüşünün pərdəarxası: İkinci cəbhə açılmayacaq - TƏHLİL

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin bu gün Qars şəhərində üçtərəfli görüşü keçirildi. Rəsmi məlumata görə, baş tutan görüşdə üçtərəfli münasibətlər, qarşılıqlı əməkdaşlıq müzakirə olundu. Nazirlərin görüşü artıq son iki ildə ənənəvi xarakter alıb və tərəflər regional, eləcə də dünyada baş verən proseslərlə bağlı bir növ qarşılıqlı məsləhətləşmələr aparır.


Görüşdə ilk diqqət çəkən məqam Bakı və Ankaranın müəllifi olduğu, Tiflisin isə tranzit rolunda çıxış etdiyi Transanadolu qaz boru kəmərinin əhəmiyyəti haqda müzakirələrdir. Moskvanın “Cənub axını”ndan imtinası fonunda bu məqam kifayət qədər diqqəti cəlb edir. Belə ki, Vladimir Putin Ankara səfərində Avropanı qorxuya salan “Cənub axınından” imtina etdi, əvəzində bu kəmərlə daşınacaq 63 milyard kubmetrlik qazın Türkiyə ərazisindən aparılacağını bildirdi. Bu səfərdən sonra bəzi ekspertlər Ankaranın Bakıya xəyanət etdiyinə dair iddialar səsləndirdi. Çünki bu, Azərbaycan qazının əhəmiyyətini ikinci plana keçirdir. Lakin rəsmi mövqelər bunun əksinədir. Nazirlərin görüşündə bunun vurğulanması da məsələnin belə olmadığını göstərdi. Çavuşoğlu rəsmi “Twitter” səhifəsində tərəflərin enerji və nəqliyyat layihələrini birgə davam etdirməklə bağlı qərara gəldiklərini açıqlaması da bunu göstərdi.


Türkiyə KİV-i bağlı qapılar arxasındakı görüşlə bağlı maraqlı iddia irəli sürüb. Bu iddiaya görə, tərəflər regionda dəyişmiş geosiyasi mənzərəyə uyğun necə davranmağı müzakirə ediblər. Xüsusilə, Rusiyanın öz qazını Türkiyə vasitəsilə daşımaq niyyətində olması proseslərə yenidən baxmağı aktuallaşdırır.


Görünür, tərəflər Rusiyaya yanaşmada müəyyən güzəştlər haqda qərara gəliblər. Çünki bundan öncəki görüşlərdə üçtərəfli hərbi ittifaq haqda məlumatlar yayılmışdı. Bu ehtimallar bu ilin avqustunda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşündən sonra güclənmişdi. Söhbət NATO-nun dəstəyi ilə Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasından gedir. Bu birliyin ilkin təməllərinin ilin əvvəlində üç ölkənin prezidentlərinin Tiflis görüşündə atıldığına dair iddialar var idi. İddialara görə, Türkiyə bölgədə yeni hərbi birlik məsələsini təklif edib.


İddiaların forması aşağıdakı səpkidə idi: “Regionda Rusiya təhlükəsinin artması Qərbi belə bir layihəni reallaşdırmağa sövq edir. Əsas narahatçılıq Azərbaycan və Gürcüstanda Rusiyanın eyni ssenarini davam etdirməsidir. Rusiyanın başı Ukraynaya qarışıb. Belə bir məqamda Kremlə qarşı digər cəbhənin açılması gündəmdədir. Faktiki olaraq hər iki ölkə, xüsusilə də Bakı Kremlin təzyiqini hiss edir. Qərb Rusiyanın başı açılmamış regionda yeni cəbhənin açılmasını istəyir. Bu iş məhz Ankaraya tapşırılıb”.

Lakin sonrakı proseslər Bakı və Ankaranın, eləcə də bu güclərin fonunda arxa planda qalan Tiflisin daha çox üçtərəfli maraqlardan çıxış etdiyini göstərdi. Maraqlıdır ki, Moskva bu üçlüyə yaxınlaşmağın yollarını axtarırdı. Xüsusilə, Ankara ilə münasibətləri yoluna qoymaq Kreml üçün Qərbin təzyiqləri qarşısında əsas məsələ idi. Lakin Türkiyə NATO-nun üzvü olduğu üçün birbaşa ikitərəfli əlaqələr mümkün deyildi. Rusiyalı ekspertlərin fikrincə, Moskva Ankaraya Bakının üzərindən yaxınlaşır. Çünki Bakı və Ankara yaxın müttəfiqdirlər. Vladimir Putinin Ankara səfəri Bakının təmsilçiliyinin uğurlu olduğunu göstərdi və regionda kartlar tamamilə qarışdı.


Gürcüstanda Qlobal Tədqiqatlar Mərkəzinin rəhbəri Nana Devdariani nazirlərin görüşünü son hadisələr kontekstində qiymətləndirməyin tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, “Cənub axını”ndan imtina və Rusiya qazının Türkiyə vasitəsilə daşınması haqda qərar regionda əməkdaşlığın bütün mənzərəsini dəyişir: “Əks cəbhədəki Rusiyanın Krımı ilhaq etməsi yeni çağırışlar yaradıb. Buna paralel olaraq, Rusiyaya qarşı elan olunmuş sanksiya müharibəsi regiondakı əməkdaşlığa zərər vurur. Güman ki, qarşıdakı dönəmdə Qərb və Rusiya münasibətləri yoluna qoyacaq. Çünki başqa yol tərəflərin heç birinə sərf etmir. Ankara, Bakı və Tiflis məhz bu fonda necə hərəkət etməli olduqlarını və atacaqları addımların kövrək əməkdaşlıq mühitinə zərər verməməsini müzakirə etməyə ehtiyac duyurlar”.



Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında nazirlərin görüşünü daha çox dostluq kontekstində şərh edib. Onun sözlərinə görə, dünyada yaranmış yeni geosiyasi mənzərə və bunun regiona təsirləri üç ölkənin əməkdaşlığına heç bir zərər vurmayıb.


“Bu üç ölkənin bir-biri ilə dostluq etməkdən başqa seçimləri yoxdur. Bunu üç ölkənin rəhbərliyi də, cəmiyyəti də yaxşı anlayır. Bu illər ərzində üçtərəfli əməkdaşlıq möhkəmlənib. Ümumi diplomatik münasibətlərdən, birgə hərbi təlimlərə qədər bir çox addımlar uğurla atılır. Qarşıdakı zamanda Bakı-Tiflis-Qars dəmiryolunun istismara veriləcəyi gözlənilir və bu regionda bir sıra mənzərəni dəyişdirəcək. Hazırda üç ölkə arasında münasibətlər nümunəvidir və biz bu münasibətlərin qorunmasında maraqlıyıq”, - deyə millət vəkili vurğulayıb.


Qars görüşünü şərh edən politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında yeni gəlişmələrin olduğunu bildirib: “Dünyada və regionda yeni proseslər baş verib. Artıq hər an partlayış, yaxud əksinə, problemlərin həlli mümkündür. Belə bir məqamda üçtərəfli görüşlərin keçirilməsi vacibdir. Bu üç ölkəni birgə hərəkəti regiona və özlərinə xeyir gətirə bilər. Digər tərəfdən, Rusiyanın Türkiyəyə böyük jesti münasibətlərə yenidən baxmaq və bir növ əvvəldən razılaşdırılmış addımları yenidən gözdən keçirmək ehtiyacını yaratdı”.


Politoloq hesab edir ki, üçtərəfli müzakirələrdə Rusiya ilə münasibətlər də müzakirə olunub: “Bunun baş verməsi ehtimalı yüksəkdir. Çünki Rusiya Qərblə nə qədər qarşıdurma vəziyyətində olsa da, region ölkələri burda ehtiyatla davranmalıdır. Sabah Qərb Rusiya ilə münasibətləri düzəldəndə, pis vəziyyətdə qalmamaq üçün bütün körpüləri yandırmaq olmaz”.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm