• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirlər Qarsdan bəyanat verdi

  • Nida.az
  • 11 Dekabr 2014 08:13
  • 317 Baxış
Nazirlər Qarsdan bəyanat verdi

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri bu gün keçirdikləri dördüncü üçtərəfli görüşlə bağlı Qars Bəyanatı imzalayıblar.

Publika.az APA-ya istinadən xəbər verir ki, nazirlər bəyanatda ölkələr arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişafının regionda sabitliyin güclənməsi, hər üç ölkənin rifahının yüksəlməsi, regional layihələr və investisiyalar üçün daha əlverişli mühitin yaradılması, xalqlararası münasibətlərin inkişafı kimi ümumi məqsədlərə xidmət etdiyini vurğulayıblar.

Sənəddə 8 iyun 2012-ci ildə imzalanmış Trabzon Deklarasiyası, 28 mart 2013-cü il tarixli Batumi birgə Kommunikesi, 19 fevral 2014-cü il tarixli Gəncə Bəyanatı ilə əsası qoyulmuş üçtərəfli regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb, eləcə də bu əməkdaşlıq mexanizmlərinin, siyasi dialoq və üçtərəfli səciyyəvi layihələrin icra edilməsində effektli vasitə kimi öz əksini tapdığı qeyd olunub.

Nazirlər ölkələr arasında iki və üçtərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər. Onlar bir daha strateji tərəfdaşlığa, mehriban qonşuluq, qarşılıqlı hörmət və üç ölkə arasında inama söykənən əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi istiqamətində qəti öhdəliklərini təsdiq ediblər.

Nazirlər həll edilməmiş münaqişələrin regionda sülhü, sabitliyi və iqtisadi inkişafı sarsıtdığını, buna görə də suverenliyə və beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində ərazi bütövlüyünə əsaslanan təcili həllə ehtiyac olduğunu vurğulayıblar.

Onlar regiondakı son vəziyyət haqqında fikir mübadiləsi aparıb, ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təkrarlayıb və bu istiqamətdə Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarında, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionlarında münaqişələrin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığına əsaslanan təcili nizamlanması barədə çağırışlarını yeniləyiblər.

Nazirlər həmçinin əməkdaşlığın inkişafı və birgə fəaliyyətdə yeni imkanların qazanılması istiqamətində ortaq marağa uyğun regional və qlobal əhəmiyyətli üçtərəfli müntəzəm konsultasiyaların keçirilməsi barədə öhdəliklərini yenidən təsdiqləyiblər.

Nazirlər üçtərəfli görüşlərin çərçivəsinin genişlənməsindən məmnunluq ifadə edib, xüsusilə də üç tərəfli əməkdaşlığı ən yüksək siyasi səviyyəyə qaldıran və bundan sonrakı üçtərəfli görüşlərin inkişafı üçün güclü birgə öhdəliyi təsdiqləyən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin 6 may, 2014-cü il tarixli Tiflis görüşünü alqışlayıblar.

Onlar həmçinin üç ölkənin müdafiə nazirlərinin Azərbaycanın Naxçıvan şəhərində baş tutan görüşündən məmnunluq ifadə ediblər və iqtisadiyyat nazirlərinin dördüncü görüşünün və üçtərəfli Biznes Forumun keçirilməsinin əhəmiyyətini qeyd ediblər: “Ölkələr arasında yeni yüksək gərginlikli elektrik ötürücü xətlərinin tamamlanması ilə yeni impuls almış enerji sektorunda böyüyən üçtərəfli əməkdaşlığı alqışlayıblar və Cənub Qaz Dəhlizi üçün əsas magistral rolunu oynayan və cəlb olunmuş bütün ölkələr üçün enerji təhlükəsizliyinin zəmanəti olan TANAP layihəsinin reallaşmasına tam dəstəklərini ifadə ediblər”.

Nazirlər həmçinin Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Asiya və Avropa arasında bağlantı yaradaraq ticarət dövriyyəsi və regionda iqtisadi inkişafa verəcəyi töhfənin əhəmiyyətini bildirib və aidiyyatı qurumları layihəni vaxtında tamamlamaq üçün əllərindən gələn səyi göstərməyə təşviq ediblər: “Azərbaycan, Gürcüstan və Türkiyənin şərq və qərb, eləcə də şimal və cənub arasında mərkəzi mövqeyini qeyd edib, Böyük İpək Yolunun yenidən həyata qaytarılmasına töhfə verəcək Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının, Anakliyadakı Qara Dəniz Limanının və Mərmərə Layihəsi çərçivəsində İstanbul boğazındakı sualtı tunel layihələrini alqışlayıb və bu kontekstdə ölkələr arasında gömrük proseduralarının asanlaşdırılması və infrastrukturun təkmilləşdirilməsi ilə multimodal nəqliyyatın təşkil edilməsində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər”.

Nazirlər müntəzəm olaraq üçtərəfli görüşlərin davam etdirilməsi, bu görüşləri digər sahələrdə də inkişaf etdirərək ölkələr, eləcə də beynəlxalq təşkilatlar arasında mövcud dialoqun və əməkdaşlığın şaxələndirilməsi və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Onlar növbəti üçtərəfli görüşü 2015-ci ildə Gürcüstanda keçirməyə razılıq veriblər.

Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Tamar Beruçaşvilinin dördüncü üçtərəfli görüşü keçirilib. Görüş Türkiyənin Qars şəhərində olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR